Düzəlmədi
Utancaqlıq!
Kimdən soruşsan deyər ki, utancaqlıq yaxşı xasiyyətdir. İnsanın qanacağını, mərifətini, abır-həyasını göstərir. Beləsinin hər yerdə hörməti, izzəti var. Adı yaxşılığa çəkilir, ünvanına bir irad tutan olmur.
Zahirən belədir. İlk baxışda mənzərəni bu cür görürsən. Amma əslinə baxsan, utancaqlıq o qədər də yaxşı xasiyyət deyil. Adamın özünə də, başqalarına da görürsən, ziyan gətirir.
Eşidənlər deyəcək, boş danışırsan. Halbuki, mən bunu həyatda təcrübəmdə görmüşəm, inanmışam. Dostun, ya tanışın səndən bir xahiş eləyir, sənin də buna imkanın olmur. Açıqca deyə bilmirsən, imtina edə bilmirsən, hərifin sözünü nə tutursan, nə atırsan. Ürəyində nisgil olur, qalırsan kəsilə-kəsilə.
Mənim, sizdən yaxın olmasın, yaxın bir tanışım var, görüşəndə salaməleyk, xoş-beş eləyirik. Özü aşpazdır, pis də aşpaz deyil. Əvvəl iş yerini göstərmişdi, indi bilmirəm harada çalışır. Amma arabir görürəm. Bir gün üzünü mənə tutdu, ərkyana gileyləndi, xahiş eləyib dedi:
– Filankəs, Allah daha da artıq eləsin, görürəm, əli qələm tutanların hamısı bərk ayaqda sənə müraciət eləyirlər. Yazılarını sənə oxuyub məsləhət soruşur, rəy alırlar. Nə olar, çıraq olub işığı öz dibinə də salsana, bizim kimi kimsəsizlərə də bir nəzər yetirsənə!
– Dostum, – dedim, – mən bir adi qəzet yazan, sən də, şükür, mahir aşpaz! Peşəniz səliqəli, hörmətli peşədir. Ancaq mənim sizin sənətdən nə başım çıxır ki, bir məsləhət də verim?
– A kişi, aşpazlığı demirəm. O barədən korluğum yoxdur. İndi xörək bişirməyi bir yana qoymuşam. Yazı-pozu ilə məşğulam, çoxdan qələm işlədirəm.
Mən quruyub qaldım:
– Belə de! Sağ olmuş, mən nə bilim?
– Bəli, indi mən də yazıram. Hələ ki, bir povest yazmışam, evdə uşaqlara oxumuşam, sağlığına bəyəniblər.
– Mübarək olsun, niyə çapa vermirsən?
– Hələ tezdir.
– Dəmiri isti-isti döyərlər!
– Yox, canım, uşaqların rəyi ilə yazı yetirmək çətindir.
– Bəs nə fikirdəsən?
– O fikirdəyəm ki, sizin kimi bir qələm sahibinə oxuyum, lazım bilsəniz, balaca rəydən-zaddan alam, sonrası da görək nə olar?
– Təqaüdə, dincəlməyə çıxan adamın təzədən qalmaqala düşməyi nə əcəb?
– Xeyr, qalmaqal olmaz. Mənim povestimdə qalmaqal nə gəzir! Tamam dinclik, salamatlıqdır.
– Təki olmasın.
– O barədə arxayın ol, ancaq qalmaqalı odur ki, gərək hörmətli adamlardan birinə oxuyam, məsləhət alam.
– Təzə yazanlara məsləhət verən xüsusi dərnəklər, idarələr var. Müraciət eləsəniz!
– Eləmişəm. Bəziləri, görürsən, baxmırlar, açığını deyim, gözləri götürmür.
– Baxarlar, vəzifələridir.
– Elə demə, vermişdim birinə, iki ay stolunun yeşiyində saxlayandan sonra qaytardı.
– Nə dedi?
– Bir şey demədi.
– Oxumamışdı?
– Oxumuşdu.
– Oxusa, bir söz deyər.
– Demədi. Görünür, xoşuna gəlməyib.
– Onda ikinci bir yoldaşa ver, oxusun!
Dostum, deyəsən, belə bir fürsət axtarırdı. Diqqətlə gözlərimin içinə baxıb dedi:
– İkinci yoldaş, lap sən! Özümüzün də şükür uzaqdan salam-əleykimiz var. Budur, neçə dəfədir deyirəm, xahiş eləyim oxuyasan, üzüm gəlmir, utanıram, doğrusu!
– Povestin neçə səhifədir?
– Çox deyil, cəmi dörd-beş yüz səhifə ola, ya olmaya!
– Onu arxayın adama oxutmaq lazımdır.
– Arxayın adam, lap sənin özün!
– A kişi, mən külfət sahibiyəm, səhərdən axşama qədər idarədə çalışıram, başımı qaşımağa macalım olmur. Əcəb arxayın tapmısan! Dostum tez sözümü kəsdi:
– Canım, mən o cür sırtıqlardan deyiləm ki, iki ayağımı bir başmağa dirəyib deyəm: lap elə bu gün, ya sabah oxu! Haçan münasib oldu, götür oxu, sonra fikrini deyərsən, ya lap yazarsan, mənim də əlimdə bir dəstavüz olar.
Mən gördüm ki, söhbətimiz uzandıqca tanışımın iştahası artır, povestini mənim boynuma yükləməyə fürsət axtarır.
– A filankəs, – dedim, – elə uzun yazıları indi, yayın bu istisində oxumaq nə sənə xeyirdir, nə mənə! Elə yazını sərində, dinclikdə gərək oxuyasan ki, səni tər basmasın!
– Orada istidən də, sərinlikdən də söhbət gedir.
– Nə münasibətlə?
– O babətdən ki, adam darıxmasın. İstidə sərinləşin, soyuqda qızınsın! Povesti elə yazmışam şirin oxuyacaqsan, inşallah!
Tanışımın, görünür, yazı-pozu haqqındakı mülahizələri aşpazxana çərçivəsində müəyyənləşmişdi.
– Eybi yoxdur, – dedim, – qoy havalar sərinləşin, gətirərsən, birlikdə oxuyarıq.
– Çox sağ ol, – dedi, – mənim sizə o qədər zəhmətim dəyməz. Özüm ucadan oxuyaram, siz də cücə çığırtmasından sonra məxməri çay qabağınızda, aramla qulaq asarsınız.
– Əlbət ki, mümkündür.
"Mümkündür" deyən kimi, tanışımın gözlərində elə bil ümid çırağı yandı. Tez qabağa keçdi, yaxamdan yapışıb povestinin əhvalatını danışmağa başladı:
– Əsərdə, – dedi, – qabaq-qabağa bir arvad, iki kişi götürmüşəm, bu kişilər başlayırlar bir-birini burunlamağa, biri də...
Gördüm ki, hərif fürsətdən faydalanıb məni əhvalatla tanış eləmək, sonra da ayaqüstü fikir soruşmaq niyyətindədir. Cümləbaşı nağılını kəsib sual verirdi:
– Necədir, mən ölüm? Belə demək olar, ya yox? Niyə operalarda yazırlar, biz bəyəm, səhnədəkilərdən ibrət götürə bilmərik? Necə sözdür? Tənqidçilər özləri yazır ki...
– Əlbət ki, sağlıq olsun, havalar sərinləyəndən sonra oturub oxuyarıq.
Tanışımın gözlərində qığılcım parladı:
– Bilirəm, – dedi, – oxusan xoşun gələcək, mən elə şey yazmaram ki, müştərinin iştahını küsdürsün.
– Elədir!
– Əsəri də səliqə ilə süfrə kimi ağ kağızda çap elətmişəm, görəcəksən, inşallah! Dadı-duzu yerində, ürəyinə yatacaq!
– inşallah.
– Sərinlərə də bir şey qalmayıb, bu gün avqustun iyirmisidir, bir aydan sonra payız küləyi bizi kabab kimi yelləyəcək!
– inşallah!
Bu halda məni telefona çağırdılar, tanışımdan üzr istəyib aralandım. Aralandım, o ayrılmaq oldu, bir də hərifi görə bilmədim. Hərdən zəng eləyib hal-əhval soruşur, yadıma salırdı ki, havaların soyumasına az qalıb, inşallah!..
Havalar soyudu, lap soyuqlar düşdü də, ancaq tanışım məni münasib yerdə tuta, məqsədinə nail ola bilmədi. Qarlı yanvar günlərində müalicəxanaların birində hərif qabağımı kəsdi:
– Sağ olmuş, hardasan, sərin düşəndə, eyvanda süfrə açıb neçə dəfə səni arzulamışam.
– Nə olub, bəyəm?
– Əsər böyrü üstdə yatıb qalıb, dəmlənib.
– Eybi yoxdur, qoy dəm alsın.
– Bəs sonra necə olsun?
– Bu soyuqda, əlbət ki, uzun şeylər oxumaq... Sağlıq olsun havalar yumşalanda, yazbaşı!
– Nə qalıb, sabah-birigün Novruz bayramıdır.
Novruz da gəldi, aprel, may da düşdü. Tanışım hər macala məndən xəbər tutub deyirdi: "Əsərin ora-burasını təzədən yağlamışam, nə deyirsən? Qiraət məclisi düzəltməklə halın necədir?"
– Tələsik iş tərsə düşər. Qoy istilər düşsün, arxayınlıqla oturub oxuyarıq.
Təkrar istilər gəldi. Povest bizdən əl çəkmədi:
– Ay filankəs, havalar yenə qızışıb, ha!
– Havalar öz yolu ilə, bizim özümüzün də qızışmağımız lazımdır.
– Araqla aran necədir? Döymə kabab yanında? Təzə ətdən deyirəm, ey!
– Araq məsələsi yox də, iki-üç aydır müalicədəyəm, qəzetə baxmağa da icazə vermirlər.
– Bizim əsər qəzetdən maraqlıdır.
– Təki olsun, həkimlər oxumağa izin vermir.
– Allah şəfa versin, bəs haçan?
– Havalar sərinlənsin.
– Havalar qızışsın...
– Havalar sərinlənsin...
Neçə ildir, neçə fəsildir tanışım məni harada görürsə, havaların vəziyyətindən mənə dəqiq məlumat danışıb vədə verməyimi gözləyir. Mən də utancaqlıqdan ona müəyyən bir cavab deyə bilmirəm:
– Hələ bir oxuyan olmayıb?
– Olub. Dərnəklərdə götür-qoy eləyiblər, tələsik məsləhət də deyiblər. Amma əqlim bir şey kəsmir.
– Tələsmək, deyirəm, işə ziyandır. Gözləyək, görək bir macal taparıq. Sizin əsər də gərək münasib vaxtına, yerinə düşsün ki, peşmançılıq olmasın.
– Bəli, mən tələsən deyiləm, yetmiş ildən bəri sinəmə yığdıqlarınu yazmışam.
– Yaxşı eləmisən.
– Mən elə sizi gözləyirəm.
– Gözləmək yaxşıdır, inşallah, havalar düzələr!
– Düzələndə sizə zəng vurmaq olarmı?
– Olar, olar, niyə olmur!
Bir belə, iki belə, nə isə təzə yazıçı tanışımın əsərini oxumaq mənə qismət olmadı.
Hərdən rast gələndə kinayə ilə mənə işarə vururdu:
– A filankəs, deyəsən, havalar düzəlmədi?
– Darıxma, düzələr, ümidsiz şeytandır!
– Yox, deyəsən, düzəlmədi.
Görürdüm ki, tanışım yazıçılıq hissi ilə olmasa da, aşpazlıq təcrübəsi ilə işinin aqibətini hiss etmişdir:
– Yəni, deyirsən, düzəlməyəcək?
– Yox, düzələnə oxşamır, səndən naxoş, iştahım qaçıb!
– Qaçmaz, inşallah, aşpazlığa baxma, yazıçılıq hövsələ istəyir. Səbir elə!
– Haçanacan? Yazıq povest dəmdə qaldı, dəmdən də düşdü, soyudu da!
– Yaxşı əsər soyumaz, dözümün olsun!
– Deyirsən də!..
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-duzelmedi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qayıdanda iki gün Tbilisidə qaldı, o gözəl, səfalı şəhəri yaxşıca gəzdi.Botanika bağından qayıdanda körpüdə dayanıb Kürə baxırdı. Yaz idi. İlkindi günəşinin altında sular tunc rəngi çalırdı. Bu böyük, sakit, lal axar çaya baxdıqca İlyasın gözü axırdı. Xəyalı qırlanqıç kimi Kür üstündə qanad salıb süzürdü. Azad və məğrur Qafqazın uca dağlarını, yalçın, qartallı və müdhiş qayalıqlarını, geniş və ceyranlı düzlərini, güllü-bülbüllü bağlarını, məhsullu tarlalarını, şənlikli yollarını, təzə kəndlərini, böyük şəhərlərini, yollarını, körpülərini seyr edirdi.
Tamaşa1Hətəm dayı astanada dayanıb aşağılara, küləşli taxıl yerlərinə, sürülmüş zəmilərə, yeni salınmış üzüm bağlarına, dərələri örtən ağaclıqlara, böyrünü yerə verib payız günəşində isinən təpələrə, təpələr arasında iplik kimi dolaşıq düşən cığırlara baxırdı. Rəngli üfüq bir cild xətti kimi əlvan yeri, aydın göyü birləşdirir, ayırırdı. Doğrudan da böyük bir kitab açılmışdı.
İlhamın anası1Bu gün Səltənət uşağını konsultasiyaya aparmışdı. Həkim məsləhətini dinləmişdi, süd, qatıq alıb qayıdırdı. Köhnə məktəb yoldaşlarından birisinə - Ceyrana rast gəldi. Ceyran tərtəmiz geyinib-kecinmişdi, bəzənib-düzənmişdi. Bir oğlanın qoltuğuna yaşlanıb gedirdi. Səltənəti görəndə istehza ilə güldü:
Anaların üsyanıAvqustun axşam bürküsündə qəsəbədən çölə, meşələrə doğru yollanan dəstədə Mariya da var idi. Qırmızılar çəkiləndən sonra bir bəla kimi şəhərə dolan faşist soldatları ələ keçən hər kəsi öldürür, haraya isə, nə üçünsə aparırdılar.Mariya uzaq, qaranlıq meşələrə gedə bilməyəcək, getməyəcəkdi. Onu nə güllə, nə süngü, nə də dar ağacı qorxudurdu. Düşdüyü vəziyyət hər hanki ölümdən müdhiş idi: biryaşlı körpəsini evdə nənənin yanında qoyub çıxmışdı. Mariya balasını şəhərdə, düşmən əlində qoymaq istəmirdi.
Başqa şairlərin şeirləri
Kim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Aşıq Qənbərlə aşıq Valehin deyişməsiAşıq QənbərDeyirlər sənəti tövbə etmisən,