Məzmun
  1. 1
  2. 2
  3. 3

Səhifə 1 / 3

1

Hətəm dayı astanada dayanıb aşağılara, küləşli taxıl yerlərinə, sürülmüş zəmilərə, yeni salınmış üzüm bağlarına, dərələri örtən ağaclıqlara, böyrünü yerə verib payız günəşində isinən təpələrə, təpələr arasında iplik kimi dolaşıq düşən cığırlara baxırdı. Rəngli üfüq bir cild xətti kimi əlvan yeri, aydın göyü birləşdirir, ayırırdı. Doğrudan da böyük bir kitab açılmışdı.

Hətəm kişi gülər gözlərini bu kitabın səhifələrindən ayıra bilmirdi. Qarış-qarış bələd olduğu bu ana torpağımn min bir məna deyən hüsnü, gözəllikləri, sanki onu məftun etmişdi. Sanki bir səsin, bir nidanın yüksələcəyinə müntəzir idi. Sanki bu tarlalar, bu bağ-bağat sükutla ifadə olunan məhəbbət dili ilə onu, o torpağın oğlunu, həm də atasını çağırırdı. Hətəm Qabil oğlu gözü önündə canlanan aləmdə özünü, qırxillik ömrünü, həyatını görürdü. Balıq sudan kənarda nəsə, Hətəm də bu torpaqdan ayrı odur, kişinin gözünə köyşənlər, gah sürülmüş şum, gah gö yərmiş taxıl görünürdü. Sütül sünbüllər ağır başlarını əyib sanki biçinçini gözləyirlər. Budur... tayalarla dolu xırman, sovruq, tığlanmış kəhrəba buğda!

Hətəm dayının tamaşaya həvəsli nəzərləri uzaqları gəzib qayıtdı, gəlib çardaq altında böyür-böyürə vermiş dolu çuvallarda dayandı. Kişi cəld və bərk əllərini gözünün qabağına gətirdi. Enli ovcuna, qısa və düz barmaqlarına, budaq atan qabarıq damarlarına baxdı. Nə fikirləşdisə irəli yeridi, çuvaldakı buğdadan bir ovuc götürdü. Cavahir kimi təmiz dənələri barmağı ilə aralayıb baxdı, baxdı. Oxuduğu həyat kitabının məzmunu burada idi: torpaq, əmək, çörək.

Yox, gərək o kişi gələydi. Gərək o kişi görəydi. Bunu deyib Qüdrətin evinə yollanan Hətəm ürəyindəkini deməyə, kolxoz sədrinin rəyini bilməyə tələsdi.

Qüdrət bilirdi ki, bu vaxt - şər qarışan zaman Hətəm boş yerə gəlməz.

– Nə əcəb, Hətəm dayı?

Hətəm dinmədi. Pilləkənləri çıxa-çıxa yavaşca dedi:

– Başıma bir söz gəlib!

Qüdrət içəridən kürsü gətirdi. Hətəm kürsünü kənara itələyib balkonun məhəccərinə söykəndi.

– Gedəcəyəm, zəhmət çəkmə, söz budur ki, Qüdrət, biz məhsul bayramı keçirdik, gəliri-zadı böldük. Hamı da bol-bol apardı. Ancaq bir iş var, axı. Atalar məsəlidir, mərd igid çörək itirməsin gərək.

Qüdrət, Hətəm kişinin söhbəti hara gətirəcəyini bilmirdi:

– Həlbət ki, kişi gərək haqq-sayı itirməsin.

– Deyəsən, biz itiririk axı!

– Biz, yəni kim?

– Yəni belə lap sən Qüdrət Məlik oğlu, mən Hətəm Qabil oğlu. Sən kolxoz, mən kolxozçu, ümumən "Bənövşə" kolxozu.

Qüdrət bir şey başa düşmədi. Əvvəl zənn edirdi ki, Hətəmin sözü şəxsən ona aiddir. Kolxoza işarə vurduğunu görəndə gümanı dəyişdi.

– Kimin haqqını itirmişik biz?

Hətəm özünəməxsus suallı, eyhamlı bir dil ilə danışdı:

– Lap az aparan neçə tağar taxıl götürüb?

– Tağar yarım!

– Pul necə?

– Pul da o nisbət!

– Hamının anbarında üzümü, narına-heyvasınatan qış zurnan. Bu yandan da ki, məktəbimiz, klubumuz.

Qüdrət dözmədi:

– Var, ey var, bu məlum şeyləri saymaqdan nə olsun? Ancaq gəl mətləb üstünə.

Hətəm ahəngini pozmadı:

– Bəs bayaq niyə ac idik?

– Bayaq, yəni keçmişəmi deyirsən?

– Bəli, bəs keçmişdə niyə əlimiz boşda qalırdı?

Qüdrət acıqlandı:

– Bəllidir də niyə! Mən sənə burada ictimaiyyat dərsi deməyəcəyəm ki.

Hətəm də səsini dəyişdi:

– Mənə sənin dərsin-mərsin lazım deyil, sözümün canına qulaq as, bizim bu çörəyimizə bir bais var axı!

– Əlbət ki, var. Sağ olsun atadan mehriban rəhbərimiz...

Hətəm Qüdrətin sözünü kəsdi. Şəhadət barmağı ilə şimala işarə edib, qaşlarını çatdı. Səsini ucaltdı:

– O kişi gərək bizim məhsul bayramımızda olaydı. Gərək qonaq çağıraydıq. Buna sən nə deyirsən?

Hətəmin sözü Qüdrətə qəribə gəldi. Kim istəməz ki, dünyanın ən böyük adamı, əsrin Lenini ona qonaq gəlməsin. Kim istəməz ki, xalqın xilaskarına məclis qurub qulluq etməsin. O gün qoca Qafqaz qoşa qollarını açıb yerlərin günəşini gözlər. Xəzər, təbəssümlü dodaqlarında min illərin salamını gətirər. Ceyran düzü əlvan süfrəsini açar. Barlı ağaclar ağır başlarını yollara əyər, çiçəklər günə baxar, bulaqlardan şərbət qaynar. Səhərini açmış xalq günəşini qarşılamağa çıxar.

Böyük rəhbər saray kimi yüksələn qızıl Azərbaycanı, bu qaynar həyatı görər, əlinin əməyindən ləzzət alan bağban kimi gülümsər və deyər.

– Əcəb, əcəb!

Amma rəhbərin qonaq gəlməyə vaxtı hanı? Onun hər nəfəsi milyonlara can verən bir həyatı var. Kim bilir, biz burada, məhsul bayramında çalıb çağıranda, o kişi hansı xalqın azadlığına, hansı elin səadətinə tədbir tökür.

Qüdrət bunları fikirləşir, Hətəm kişiyə haqq verirdi: "Biz, bu ağ günümüzə bais olan o böyük rəhbərə təşəkkürümüzü bildirməliyik". Lakin bu işin necə, nə şəkildə təşkil edilməsini hələ kəsdirə bilmirdi:

– Düzünü axtarsan, Hətəm dayı, - dedi, - müəyyən cavab deyə bilməyəcəyəm, bir az fikirləşmək lazımdır. Məsləhətləşmək gərək.

Qüdrət qonağını bu cavabla yola saldı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri