Məzmun
  1. 1
  2. 2
  3. 3

Səhifə 2 / 3 · 33%

2

Hətəm kişi kəndin o kişilərindən idi ki, müstəqil sözünün mənasım bilməzdi, amma müstəqil adam idi. İradə sözünü anlamazdı. Amma poladdan möhkəm bir inadı vardı. Qüdrətgildən qayıdanda, ürəyində demişdi: "Sən fikirləş, mən bildiyimi edəcəyəm. Ağıllı fikirləşincə, dəli vurar çayı keçər."

Sübh yerindən qalxan kimi, dülgər Qafarın yanına cumdu. Yüz limon tutan bir yeşik sifariş elədi. Qayıdanda qonşusu Müseyibin oğlunu gördü. Kağız yazmaq üçün xahiş etdi.

Hətəmin fikrini arvadı da bəyənmişdi. Onlar özlərinin son illərdə bəsləyib yetirdikləri ağacların məhsulundan rəhbərə kiçik bir töhfə göndərmək fikrində idilər. İndi bu töhfə çox əziz yerə getdiyindən ləyaqətli iş görmək istəyirdilər. Hətəm limonları özü seçəcək, elə düzməyə çalışacaqdı ki, hər birinin üstündə yarpaq da olsun. Düzmək üçün bağban Allahyarı çağıracaqdı. Şıx-şıx kağız tapacaq, yeşiyin üstünü iki dildə, səliqəli yazdıracaqdı. Kişi ayrı cür əl-ayaqda idi.

Bütün bunlar ailənin istəklisi, doqquz yaşlı Tamaşanın gözünün önündə olurdu.

Tamaşa könlü-gözü tox uşaq idi. Nə limon, nə töhfə onu maraqlandırırdı. Stalinin adını eşidəndə, atasının rəhbərə məktub yazdırmaq istədiyini biləndə maraq onu götürdü. Qız hər şeydən əl çəkdi:

– Ata, qoy rəhbərə mən də yazım.

Atam gülmək tutdu:

– Qızım, sən iki kəlmə danışmağı bacarmırsan, rəhbərə nə yaza bilərsən? Sən hələ uşaqsan. Otur yerində.

Tamaşa bir söz demədi. Çəkilib bir kənarda durdu.

Uşaq qəlbi qapalı bir aləmdir. Yol tapıb bu aləmi seyr etmək çox çətindir.

Tamaşa, doğrudur, atasına inanır, onun sözünə qulaq asırdı. Amma ürəyində özünün uşaq olmağına çox təəssüf edirdi. Hara tərpəşirsə, uşaq deyirlər. O, havaxt böyüyəcəkdi. Havaxt rəhbərə məktub yazmağa izin verəcəkdilər, havaxt o da adamlara qarışacaqdı... Tamaşaya elə gəlirdi ki, o indinin özündə rəhbərə kağız yazmağı bacarar. Ürəyinin sözünü Stalin babaya yazar. "Amma böyüklər qoyur ki... adama uşaq deyirlər. Gör nə boydayam. (Tamaşa bədənnüma güzgünün qabağında dayanıb dabanlarını qaldırır). Uşaq olanda nə olar! Məktəbdə oxuyuram ki, yazmaq bilirəm ki..."

Tamaşa bir qədər bu fikirlərlə məşğul oldu, sonra çarpayısına girib yatdı.

Səhərisi gün İlyas müəllim sinfə balaca, qırmızı bir kitab gətirdi.

– Uşaqlar, - dedi, - qulaq asın, pionerin Voroşilov yoldaşa məktubunu oxuyaq.

İlyas müəllim bir qəribə şeir oxudu. Pioner Murad Voroşilova yazmışdı ki: "Qardaşım əsgər getdi, yoldaş komissar, məni də yaz. Yadında saxla, böyüyəndə gələcəyəm". Bu şeiri eşidəndən sonra Tamaşa yerində otura bilmirdi. O, dirsəyini skamyaya dayayıb barmaq qaldırdı:

– Müəllim...

Müəllimin başı qarışıq idi. Gah kitaba baxır, gah yeriyib taxtada yazır, gah danışırdı.

– Müəllim! İlyas müəllim!

İlyas müəllim izin verdi:

– Tamaşa, nə soruşursan?

Tamaşa cəld ayağa qalxdı, skamyanın taxtasını qatladı, kəsmə-kəsmə sözlər ilə dedi:

– Müəllim. Murad Voroşilov yoldaşa yazıb. Bəs uşaq rəhbərə kağız yazar, yaza bilər?

Müəllim başa saldı:

– Yazar, vacib məsələ barəsində yaza bilər.

Tamaşa oturdu. Oturdu, ancaq rahatlığı tutmurdu. Ürəyi darıxırdı, zəngi gözləyirdi. Dərsdən çıxan kimi atasının yanına cumacaq, xəbər verəcəkdi:

– Ata, müəllim deyir rəhbərə məktub yazmaq olar. Uşaq da yazsa olar.

Atasını inandırmaq üçün "Pionerin məktubu" kitabını almağı da lazım bilirdi. Fikirləşdiyi bütün işlərinin "düzəldiyinə" sevinən qız çantasını qoltuğuna vurub yüyürərək evlərinə gəldi.

Ancaq müəllimin cavabından onun qabağına yeni bir sual çıxmışdı. Bu sual əvvəlkindən asan deyildi. Müəllim deyirdi ki, uşaq rəhbərə məktub yaza bilər, amma gərək vacib məsələ olsun. İndi kim bilsin, vacib məsələ nədir? "Muradın qardaşı əsgər gedib. Buna vacib deyirlər. Mənim qardaşım yoxdur ha! Bəs bu necə? Mənim vacib deyiləsi işim nə olsun?" Bunları düşünəndə Tamaşanın çiçək kimi ağ və girdə sifətinə sərin məyusluq kölgəsi enirdi. "Heç mənim vacib məsələm yoxdur ki? Mən təyyarə modeli düzəltmişəm. Rəhbərə göndərsəm, görəsən, nə olar. Görəsən, bu vacibdi, ya yox?.."

Tamaşa həmin kitabı aldı, anasına, atasına da göstərdi. Amma nə atasına bir "xəbər" dedi, nə də danışdı. Ayrı şey soruşdu.

– Ata, vacib məsələ nədir?

Hətəm kişi əlində nə isə təlis kimi bir şeyin kəndirini sökürdü, qızının üzünə bir tərs baxdı:

– Bu qızdan elə atmaca söz çıxır ki! Vacib məsələ. Vacib məsələdi də. Vacibdi, yəni, fərzdi, gərəklidi!

Anası kişinin hirsli cavabını, qızının pozulduğunu görüb sözə qarışdı:

– Qızım, vacib məsəli də bilmirsən? Adam adama deyər, "orucnamazdan vacib". İndi də deyirlər, söz məsəli, iş vacib, məktəb vacib. Bir də var ki, belə ha, olmasa da...

Tamaşa bu söhbətlərdən öz işinə münasib bir şey öyrənə bilmədi.

Uroyində dedi:

"Qalsın, İlyas müəllimdən soruşaram."

– Müəllim, vacib nədir?

Tamaşa bunu soruşanda, İlyas müəllim taxtada yaza-yaza cavab vermişdi:

– Qızım, dərsə qulaq asmaqdan vacib şey yoxdur, səs salma!

Deyəsən, bu gün Tamaşanınkı gətirmirdi. Müəllimin acıqlı olduğunu görüb dinmədi. Tənəffüsdə pioner rəhbərinin yanına qaçıb soruşdu:

– Yoldaş rəhbər, mən təyyarə modeli düzəltmişəm ha. Bu vacibdi, ya yox?

Pioner rəhbəri Tamaşanın düzəltdiyi modeli ikincilərin sərgisində görmüşdü. Onun sualına da belə məna verirdi ki, "uşaqdır, maraqlanır, istəyir ki, işdən deyib-danışsınlar".

– Həlbət ki, - dedi, - vacibdir. Bacım, sənin işin çox maraqlıdır. Hələ bizə çoxlu qonaqlar gələcək, sənin əl işinə baxacaqlar.

Tamaşa məktəbdən çox sevincək qayıtdı. Yetirən kimi, atasından izin istədi:

– Ata, deyirlər, olar. Qoy Stalin babama mən də məktub yazım da, nə olar!

Hətəm mülayimliklə qızını sakit etmək istədi:

– Qızım, müəllim elə deyir ki, sənin ürəyin sınmasın. Əl boyda uşaqsan, sənin nə yazın var!..

– Axı modelimi də göndərmək istəyirəm.

– Model rəhbərin nəyinə lazımdır? Gündə yüzlərlə polad təyyarələr gəlir rəhbərin hüzuruna.

– Bəs rəhbər məni tanımasın?

Ata qızının başını sığalladı:

– Sağlıq olsun, qızım, böyüyəndə təyyarəçidən, injenerdən-zaddan olarsan, rəhbərin hüzuruna bir ləyaqətlə gedərsən.

Tamaşa soruşdu:

– Sən də mənnən gedərsən, ha?

– Məni neynirsən, qızım, daha?

– Rəhbər məni tanımaz axı!

– Onda səni mənnən tanımayacaqlar. Məni sənnən tanıyacaqlar. Sənə "Hətəmin qızı" deməyəcəklər, mənə "Tamaşanın" atası deyəcəklər, bildinmi?

Tamaşa sözü hayana çevirdi, nə bəhanə gətirmək istədisə olmadı.

Rəhbərə hədiyyə üçün hazırlanmış limon yeşiyi pəncərəyə qoyulmuşdu, hələ ağzı mıxlanmamışdı. Tamaşanın gözü ona sataşanda ürəyi daha bərk döyünür, könlü uçmaq istəyirdi.

Qız, bir limon olmaq, yeşiyin bir küncündə gedib Moskvaya- Stalin babanın yanına çatmaq istəyirdi. "Heç olmasa, məktubsa da yazıb göndərməyə nə var. Uşaq olanda nə olar. Bəs Murad niyə göndərir?"

Bu fikir Tamaşanın başından çıxmırdı. Necə də çıxsın ki, pəncərəyə qoyulan limonlar günü sabah maşınlarda Moskvaya gedəcəkdir. Onun əl boyda məktubu niyə getməsin?

Hətəm kişi gecə qonşuya söhbətə getmişdi. Tamaşa anasının da işlə məşğul olduğunu görüb dəftər-qələmini stol üstünə tökdü. Dərs öyrənmək bəhanəsilə səliqəli bir məktub başladı. O, əvvəldən nə yazacağını fikirləşmişdi. Elə bilirdi ki, oturan kimi, yazıb qurtaracaqdır. "Sən demə, rəhbərə məktub yazmaq çətin imiş, ürəyinə sözlər gəlir. Çox söz gəlir. Amma yaza bilmir." Tamaşanı karıxdıran, məktubun çətinliyi deyil, sevincdən ürək döyüntüsü idi. Sözlər onun qələmindən çətinliklə çıxırdı. Çünki, o bu sözlərin rəhbərə, bütün məktəblilərin atasına, bütün dünyanın böyük rəhbərinə deyildiyini bilirdi.

O yazdıqca, hərdən iri və qara gözlərinin ucu ilə pəncərəyə baxırdı. Xəyalına gəlirdi ki, uşaqlar bilsələr, xəbər tutsalar, tökülüşüb yalvararlar: "Mənim adımdan da yaz, mənim dilimdən də yaz".

Belə məsul bir məktubu necə bitirmək olar! Tamaşa quraşdırıb yazdığı hər sətrə baxdıqca sevinir, sevindikcə yazırdı:

– "Əziz rəhbərimiz Stalin! Çox-çox salam göndərirəm sənə. Yoldaş Stalin, sən bizim babamızsan. Mən səni çox sevirəm. Ürəyimdən çıxartmıram. Mən ikincidəyəm. Özüm də əlaçıyam. Təyyarə modeli düzəltmişəm. Sərgiyə qoymuşam. Böyüyəndə təyyarəçi olmaq istəyirəm. Uçub Moskvaya gələcəyəm. Yoldaş rəhbər, səni görəcəyəm. Əziz olan babam Stalin, mənim adım da Tamaşadır. Atam, anam kolxozda çalışır..."

O, məktubu bitirib paketə qoyanda hələ atası qayıtmamışdı. Tamaşa dili ilə paketin ağzını yaşladı və yapışdırdı. Görən olmasın deyə köynəyinin yaxasını açdı, məktubu döşünə qoyub balkona çıxdı. Anası ona acıqlandı:

– Niyə yıxılıb yatmırsan? Axı sabah dərsə gedəcəksən.

– Dərs öyrənirdim.

Tamaşa anasının gözündən yayınıb pəncərəyə tərəf gəldi. Yavaşca limonların üst cərgəsini götürdü. Məktubu alta qoyub ağ kağız ilə örtdü. Üstdən yenə limonları düzdü. Ancaq uzun fikir-xəyal və çətinlikdən sonra bitirə bildiyi böyük bir işin sevincindən, pişik kimi yerə hoppanıb çarpayısına qaçdı. Şadlıqdanmı, intizardanmı, nədənsə yenə Tamaşanın gözünə yuxu getmirdi. Yeşik mıxlanıb poçta verilməyincə, yəqin ki, qızın intizarı sönməyəcəkdi. Evdə addım səsi eşidən kimi, Tamaşa güman edirdi ki, limonların yanına gedən var. Anası pəncərəyə yaxınlaşanda qızın ürəyi qopurdu: "Aha, bu saat məktubu çəkib yeşikdən çıxardacaq."

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri