Xalça taciri Fərzixanov evə girən kimi arvadını səslədi:

– Səltənət xanım , yığışdır ev-eşiyi, gedirik.

– Hara gedirik?

Fərzixanov səsini bir az da ucaltdı:

– Yebropalara, nə çoxdu dünyada əmin-aman yerlər.

Səltənət xanım donmuş kimi dayanıb ərinə baxırdı. Əri də onu inandırırdı:

– Dünənəcən bolşeviklər fabrik-zavodu alırdılar, indi də evləri gəzirlər, gözə dəyəni əldən qoymurlar... Ömrüm uzunu çalışıb qazandığımı öz əlimlə tavarişlərə verə bilmərəm. Cəld ol, bu saat mənzili qiymət eləməyə adam gələcək. Cəld ol, sahmana sal, satıb-sovub gedək!

Səltənət xanım ərinin niyyətlərindən xəbərdar idisə də, quruyub qalmışdı:

– Ay kişi, deyirsən, amma mənim heç ürəyim gəlmir. Yenə vətən yaxşıdır.

– A qız, vətəni atmırıq ha! Hardansa bu od, yalovdu gəlib, biz də düşmüşük. Dünya belə getməyəcək ki! Bir müddət kənar yerlərdə daldalanarıq, ara sakitləşər, qayıdıb ev-eşiyimizə gələrik. Cəld ol!

Fərzixanov var-yoxunu satıb əskinas elədi, Batum yolu ilə "Yebropalara" – Sovet İttifaqı ilə həmsərhəd şəhərlərin birinə getdi. Səltənət xanım xahiş etdi ki, qürbət qiirbətdi, gedək Firəngistana, Parisə-filana!

Fərzixanov razı olmadı:

– Çox uzaq getmək nəyə lazımdır? Beş günlüyə gəlmişik də, qonaq kimi. Sabah-birigün bolşeviklər tərk olandan sonra qayıdacaqsan. Bir ətək pul niyə tökəsən!

Bu niyyətlə də Fərzixanov sandıq dolusu yığdığı əskinası üfürə-üfürə səliqə ilə saxlayırdı. Hərdən bir göygöz yüzlük çıxarıb sərraf yanma aparır, xırdalamaq istəyirdi. Sərraflar yarı qiymətinə istəyəndə Fərzixanov məzəmmətə başlayırdı:

– A filankəs, insaf yaxşı şeydir. Əlahəzrət imperatorun əskinasını belə gözdən salmaq tacirə yaraşmaz axı! Şükür, biz bolşevik deyilik, fəhlə devilik, soldat deyilik. Biz öz pulumuzun, valyutamızın qədrini bilək gərək. Dünya belə getməz! Düzdür, imperatoru öldürüblər, ancaq ölkə durur, onun sahibi işləri belə qoymaz!..

Fərzixanovun mövizəsinə baxan kim idi! Sərrafların biri o birindən insafsız görünürdü. Çar dövrünün bank kağızları gündən yanan xəzəl kimi, günü-gündən heçə dönürdü.

İngilis hökuməti lord Kerzonun əli ilə Sovet hökumətinə nota verəndə Fərzixanovun sevincdən çiçəyi çırtlayırdı:

– Elə olar ha, dünya başına deyil! Tavarişlərin axır-uxurudu! Daha keçmiş ola! Sabah yarımdünya gəmilər gəlib Odesdə, Batumda dayananda, uzaqvuran toplar guruldayanda görüm bolşeviklərin harayına kim gələcək!

Həmin günlər Fərzixanov əskinaslarını sandıqdan çıxarıb ipək kimi ütüləyir, çin-çin büküb bağlayırdı: "Nikolayın puluna söz yoxdur. Üç yüz illik padşahlıq eləyən bir imperatorun pulu da batarm ı?"

Ancaq həmişə olduğu kimi bu bayram da uzun sürmədi. Kerzondan bir şey çıxmadığını görəndə Fərzixanov yenə sərrafların qapısını döyməli oldu.

– A filankəs, bir az əskinasım qalıb, gərəyin ola bəlkə?

– Manata bir qəpik!

– Nə deyirsən, əşi, zarafat eləyirsən, nədi?

– Bir qəpik!

– A kişi, bu nə sözdü, bəyəm, imperator hökuməti öz möhründən əl çəkib? Bəyəm banklarda bu pulun da etibarı batıb?

– Soruşmamışam. İmperator hökumətini özün tap soruş, əgər tapa bilsən, soruş!

Fərzixanov müsahibinin,üzünə nifrətlə baxıb, düz qayıtdı: "B əyəm, dünya başınadı, Kerenski odur, Parisdə gur-gur guruldamır? Yaranallar sərhəddə qoşun yığmır? Dünya başlı -başınadı bəyəm? O boyda ölkə lütqomlara qalacaq?.."

Hitler Sovet ölkəsinə hücum edəndə Fərzixanov yenə bayram libası geydi. Əskinaslarını bir də sayıb yoxladıqdan sonra arvadına dedi:

– Yox, daha vətənə getməyimizin vaxtı çatıb. Səltənət xanım, sən darıxırdın, amma mən gələcəyi görən adamam. Nə yaxşı ki, sənin sözünə baxıb bunları dəyər-dəyməzinə xırdalamadım. İndi lap Bakının özündə mən Nikolay kağızını qızıla dəyişim, sən tamaşa elə!

– A kişi, Bakı hara, bura hara!

– Uşaq olma, Hitler, odu, basa-basa yeriyir, biz də onun dalınca intiqam almağa gedirik. Kefini kök elə!

1945-ci ildə müharibə Sovetlərin qələbəsi ilə qurtaranda Fərzixanov yorğan-döşəyə düşmüşdü. Səltənət xanım dava-dərman alsa da, kişisinin müalicəsini ayrı şeydə görürdü:

– A kişi, səni azara salan bu əskinaslardı, nahaq yerə bunları saxlayırsan!

– Saxlamayım, bəs nə eləyim?

– Yandır!

– Dilin qurusun, ay arvad, necə də ürəyin gəlir o sözü deyirsən! Ondansa deynən biryolluq özünü dənizə at da!

– Özünü niyə atırsan! Əskinasları atsan, canın dincələr!

– Nə elə canı istəyirəm, nə də elə dincəlməyi!

Bu dəfə Fərzixanov sərraf yanına əskinas aparanda gözləmədiyini gördü:

– Kişi, başına hava gəlib, nədi! Camaat bu kağızları süpürüb küllüyə tökəndə, sən ipək dəsmala bükürsən?

Fərzixanov gördü ki, adamlar onu hoydu-hoyduya götürəcək, dinməz-söyləməz evinə qayıtdı. Səltənət xanım işin aqibətindən xəbərdar idi. Ərindən bir şey soruşmurdu. Söz isə Fərzixanovun ürəyini dəlirdi:

– Səltənət, ay Səltənət!

– Nə deyirsən?

– Deyirəm, bəs nə təhər eləyək! Burda qalaq – necə qalaq, qalmayaq – necə qalmayaq!

– Zəhrimarları rədd elədin, ya eləmədin?

– Bəyəm, sahib duran var!

– Sənə demədim, at çaya getsin!

– Atmağına atım. Bəs dalısı necə olsun?

– Mən deyirəm, bir ərizə yaz, Sovet konsulxanasına apar!

– A qız, bizi heç qapıdan içəri buraxmazlar.

– Deginən, qələt eləmişəm, anlamamışam.

– İnanmazlar.

– İnanmasalar da, səni yeməyəcəklər ki! Deginən, vətənə getməyə rüsxət istəyirəm.

– Deyəcəklər, casusluğa gedirsən.

– O acı dil ki, səndə var, nə desələr yaraşar. Mən ərizə vermişəm, rüsxət alacağam.

Fərzixanov bu xəbərdən dik atıldı, arvadında bu şücaəti xəyalına gətirməzdi:

– Qız, bəyəm mənsiz getmək istəyirsən?

– Sən sonra gələrsən. Atamın qəbri yadıma düşüb, bu günlərdə, icazəm çıxan kimi, gedəcəyəm.

– Ay Səltənət, ay qız, bəs məni qoyub gedirsən?

– Sən də gələrsən. Bəsdir, mən sənin ucundan ömrümü qürbətdə çürütdüm. Daha bəsdir!

Fərzixanov qulaqlarına inanmadı. Səltənətə diqqətlə baxırdı ki, görsün, bu həmişə onun sözünə qulaq asan Səməd qızı Səltənətdir, ya ayrı adamdır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xəbər ətərsiz

Yarım saatdan artıq idi ki, Səkinə hərbi komissarın qapısında növbə gözləyirdi. Darıxır, tələsir, intizar çəkirdi. Ancaq qapı açılanda, üzlü adamlar növbəsiz irəli yeriyəndə Səkinə daha da geri çəkilir, sanki komissarın gözünə görünməməyə çalışırdı. Ehtimal ki, gözləyənlər hamısı güzəştə gedib, onu qabağa salsaydılar, Səkinə yenə içəri getməzdi. Çünki komissara deyəcəklərini hələ də ölçüb-biçməmiş, hələ də şikayətinə müəyyən ifadə verməmişdi. Şikayətçilərdə belə ehtiyat, çox vaxt sözün azlığından, yaxud mətləbin yüngüllüyündən olur. Səkinənin isə deməyə bir kitab sözü var idi. Ancaq haradan başlamağı, harada dayanmağı aydın etməmişdi. Düşünür, düşündükcə düşünürdü. Ona elə gəlirdi ki, sevgilisinin - 8 aydan bəri ayrıldığı, üç aydan bəri kağız almadığı Fətullanın taleyi, qucağında mışıl-mışıl yatan, dünyanın əzab və iztirablarından xəbərsiz olan körpəsinin taleyi, yenicə birləşib qurduqları, məhəbbətlə qızdırdıqları, səadətlə işıq verdikləri, ümidlə parlatdıqları ailənin, cavan xanimanın taleyi bu gündən, komissarın bu cavabından asılıdır.Birdən qapı taybatay açıldı. Sanki adamları qucaqlamaq üçün qollarını yana açmış komissar çıxdı, əllərini qapıya çataqlayıb, şikayətçiləri süzdü. Duruşundan aydın idi ki, komissar yorulmuşdur, ancaq şikayətçilərin hamısını qəbul etməmiş getmək istəmir. Onun gözü uşaqlı qadına, kənarda dayanan Səkinəyə düşən kimi çağırdı:

194310 dəq
Muştuluq

Bir ay olar ki, Əşrəf burada, şəhərdən bir az kənarda düşərgədədir. Birinci dəfədir ki, anası ona icazə verib, yola salmışdır. Birinci dəfədir ki, Əşrəf öz evlərində yatmır.Bura "El bağı" deyilən gözəl bir yerdir. Ağaclar baş-başa verib, hər tərəfə ətir səpilib, arxlarda sular pıçıldaşır, ağaclarda quşlar səslənir. Günəş - göylər sultanı güclü günəş sanki, aşağı enib, lap yaxına gəlmişdir. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər.

19434 dəq
Titrək bir səs

Ev idarəsindən bizə bir uşaq gətirdilər:– Buna da siz atalıq edin. Qərb vilayətlərindən çıxarılmış yetimlərdəndir. Valideyni müharibədə həlak olmuşdur.

19442 dəq
Barxudar

Getmək istəyirdim ki, bir ağpaltar qadın içəri girdi:– Barxudarın evi buradırmı?

19444 dəq

Başqa şairlərin şeirləri