Getmək istəyirdim ki, bir ağpaltar qadın içəri girdi:

– Barxudarın evi buradırmı?

– Bəli!

Qadının üzü güldü:

– Muştuluğumu verin, Barxudar yaralı gəlib, 4-cü xəstəxanadadır.

– Havaxt gəlib, necə gəlib? Yaralı bəs nə dedi?..

Bilmirəm, qadından daha nələr soruşdum-soruşmadım. Bir də özümü həyət qapısında, ayağımda sürütmə yüyürən gördüm.

Qonşum dərzi Əhmədin arvadı məni pəncərədən səsləyirdi:

– Ay filankəs, dayan, biz də gedirik, dayan almadan, armuddan tapaq...

Mən qulaq asmadım:

– Sonra, – dedim, – gələrsiz.

Xəstəxanada mənim qabağımı kəsdilər.

– Barxudarın yanına icazə yoxdur, – dedilər.

Mən haray saldım: "Bu nə deməkdir, illər ayrısı sevgilimi görməvə nə icazə lazım imiş..."

Həkim gəldi:

– Bacı, – dedi, – Barxudar sinəsindən yuxarı pambıq içərisindədir. Vücudunu alov elə yandırmışdır ki, tanımaq miimkün deyildir. Onu dindirmək, yanında səs salmaq ziyandır.

Mən çox israr etdim, xəstənin yanına buraxdılar.

Budur, taxta çarpayının yanında dayanmışam. Xəstə halsızdır. Geniş sinəsi qalxıb-enir. Baş-gözü cuna ilə sarıqlıdır. Sir-sifəti görünmür.

– Barxudar! Dərdin mənə gəlsin, Barxudar!

Mən onun ayaqlarını qucaqlayıb ağlayırdım. Həkim məni güclə xəstədən ayırdı.

Üç gün belə intizar və həyəcan içində xəstəxanaya gedib-gəldim. Dördüncü gün Barxudar bizi qəmlər, matəmlər içində buraxıb həyatı tərk etdi. Mənim isti və xoşbəxt xanimanım dağıldı, ocağım söndü. Mərhumu dəfn edib qayıdandan sonra evə girdim. Ev başıma dolandı, divardan asılmış tarın simləri səslənib: "Barxudar!" deyirdi. Yazı masası sahibini çağırırdı.

Mənim məyus, kədərli həyatım bütün ağırlığı ilə davam edir, günüm il kimi keçirdi. Gözümə yuxu getməyən gecələrin birində qapımız döyüldü.

Mən, əlliyə qədər mənzili olan üç qatlı böyük bir mülkdə yaşayıram. Küçə tərəfdən qapım vardır. Ancaq dava düşəndən mən bu qapını bağlamışam. Həyətdən gedib-gəlirəm. İndi küçə tərəfdən qapını döyürdülər.

Gecənin qaranlığı, təklik və küçə.

– Kimdir?

– Aç!

Bu cavab elə qəti və arxayın deyildi ki, mən təəccüb elədim. Nədənsə məni bir titrəyiş və həyəcan qapladı. Bir də soruşdum:

– Kimsən qapıdakı?

Daha arxayın səs gəldi:

– Evin sahibi.

Ürəyimə gəldi ki, məni aldatmaq, soymaq istəyirlər. Yəqin evi qarətə gəliblər. Ara divarı dövüb qonşumu səslədim:

– Əhməd qardaş, gəl, evə girmək istəyirlər.

Əhməd tələsik geyinib həyət tərəfdən bizə gəldi, qapıya yanaşdı:

– Kimdir, nə istəyirsən?

Qapıdakı dilləndi:

– Mənəm, ev sahibi! İçəridəki Əhməddirmi, Əhməd, niyə açmırsınız qapını, yoxsa evdə...

Bu səs və ifadə dərhal mənə Barxudarı xatırlatdı. Əhməd də mənim kimi özünü itirdi. Küçədəki bizim susduğumuzu görüb bərkdən danışdı. O, mənim adımı çəkdi:

– Açın qapını, nə olub-olub, qorxmayın açın!

Əhməd təkrar soruşdu:

– Siz kimi istəyirsiniz?

– Mən evimi, arvadımı istəyirəm. Əhməd, nə tez məni unutdun. Barxudarı tanımırsanmı, ordudan qayıdıram!

Əhməd dedi:

– Barxudar çoxdan Allah rəhmətinə gedib, öz əlimizlə də dəfn etmişik. Siz, bu evin sahibsiz olduğunu bilib qarətə gəlibsinizsə, çox eyib olsun, gəldiyiniz yolla qayıdın.

Qapıdakı bir qədər susdu.

– Əhməd, – dedi – Barxudar mənəm, şükür Allaha, sağ-salamatam, qolum da yüngül yaralıdır. Siz açın qapını, bir danışaq, görək nə əhvalatdır.

Qapıdakı evin adresini, davaya getdiyi günü dedi, məktublarını saydı, özünü tanıtmaq üçün ailəmizin lap gizli sirlərini saymağa başladı.

– Allahü-Əkbər. İlahi, bu necə işdir! – Əhməd də mat-məəttəl dayanmışdı.

Artıq bunlara inanmamaq olmazdı. Məni dəhşət götürdü. Barxudar dirilmişdir. Bu nə işdir bizim başımıza gəlir. Birdən-birə qapıdakı qaraltı yox oldu. Biz ha səslədik, heç bir cavab gəlmədi. Bir də gördük, həyətdən səs gəlir. Sən demə, qapıdakı adam həyət tərəfdən gəlib ev idarəsinin müdirini oyadıb, yamna salıb gətirir.

– Mənim arvadım başqa ərə getmişsə, açıq deyin, ailəmin başına gələni danışın, yaralı olsam da, təkrar cəbhəyə qayıtmağa hazıram.

Çıraqlar yandı, qonşular töküldü. Barxudarın, həqiqətən sevgilim Barxudarın uca boyu, əsəbi sifəti ilə qarşımda durduğunu gördüm. O mənim üzümə baxıb əsəbi və məyus bir səslə soruşdu:

– Yoxsa məni qəbul etmək istəmirsiniz?

Sanki, bu müraciətlə bütün şübhə və vahimələr üzərimdən qalxdı:

– Barxudar! – deyib boynuna sarıldım.

Əhvalatı ona danışan kimi barmağını dişlədi:

– Bəli, – dedi, – siz mənim cəbhə yoldaşımı dəfn etmisiniz. Ağır döyüşlərin birində düşmən onu atəş saçan tüfənglə ağır yaralamışdı. Mən onun vücudunu soyuqdan qorumaq üçün şinelimi çıxarıb üstünə atdım. Həmin şinel ilə arxaya gəlmişdi. Ünvanım da şinelin cibində imiş, onu mənim familiyam ilə müalicə etmişlər.

Hər şey mənə aydın oldu. Sanki dünyaya yenidən gəldim. Evimiz, ailəmiz yenidən öz rövnəqini aldı. Mən xoşbəxtəm, bütün müntəzirlərin axırını xeyir, xoşbəxt istərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

O yana baxan

Mənim mənzilim şəhərin mərkəzində, gurultulu küçələrdən birindədir. İki həyət sağımda bir heykəltəraşın emalatxanası var. Hərdən karton, brezent üstündə çəkdiyi şəkilləri, palçıqdan düzəltdiyi şeyləri çıxarıb qapısına qoyur, divarına vurur ki, gəlib-gedən baxsın.Məndən gileylənməsin deyə, qonşumun emalatxanasına baxmağa getdim. Sağ olsun, yaxşı qarşıladı. Dəzgahmdan qalxıb məni salamladı, fırçasını yerə qoydu, ağacını götürdü, döşlüyünü çıxardı, çeşməyini taxdı. Bir-bir çəkdiyi şəkilləri, düzəltmək istədiyi heykəlləri mənə göstərdi:

4 dəq
Pillələr

(Oğrunun düşüncələri)*Dünyada hər şey tədriclə olur. Böyük şəhərlər də birdən-birə tikilməyib, yavaş-yavaş, pillə-pillə. Hər iş belədir.

19623 dəq
Məni görmürsünüz?

Konserv zavodunun kiçik klubunda, müdir stolunun ətrafında yeddi-səkkiz nəfər oturmuşdu. Deyəsən, məşvərət keçirirdilər. Biri danışır, başqaları qulaq asırdı, sonra başqası danışırdı.Danışıqlar sakit, mülayim keçirdi. Zavodun onilliyini qeyd etmək, buraxılan məhsul, qazanc, yetişən kadrlar haqqında, gələcək tədbirlər haqqında rəqəmlər, planlar göstərilirdi. Yerli komitə sədri Özüyarov isə çox narahat idi. Gah durur, gah oturur, gah danışanlara su töküb verir, gah nəsə protokola yazırdı.

19631 dəq
Bacı-qardaş

Şekaem deyilən kəndli gənclər məktəbində müəllim idim. Seminariyanı təzəcə qurtaran cavan mütəxəssislər onda çox az idi. Hər rayona bir nəfər düşür, ya düşmürdü.O zaman kənd məktəbində xidmət eləməyin hörmət və izzətinə münasib güclü də maaşı var idi. Böyük Leninin vəsiyyətinə görə, müəllim haqqında Sovet dövlətinin xüsusi qayğısı, tapşırığı!

196313 dəq

Başqa şairlərin şeirləri