Əziz kitabım
Əziz dost, əziz qohum, qardaş, yoldaş, əziz sirdaş, məsləkdaş olar. Ancaq mən əziz kitab haqqında demək istəyirəm. Belə kitab bəlkə sizin hər birinizin varıdır.
Əziz kitab!
Belə kitabın qədir-qiymətini adam sonralar bilir. Orada oxunan, dərk olunan unudulmaz sözlər, həmişə adamın zehnində canlanır, dillənir, danışır, adamı danışdırır.
Əziz kitabımı mən həmişə müəllimim, dostum, sirdaşım kimi dindirirəm.
Ay mənim əziz və unudulmaz kitabım!
On dörd, ya on beş yaşım olardı. Beşinci şöbənin vəsiqəsini gah qoltuq cibimə, gah da kitab arasına, gah mücrüyə qoyar, üstündə əsərdim. Güman edərdim ki, vəsiqəmi itirsəm, müəllimlər məni məktəbə qoymazlar.
Axı mənim ən çox istədiyim, ən çox əzizlədiyim kitab əlimdən düşməzdi, vəsiqəni isə bu kitabın arasına qoymurdum. Niyə?
Ona görə ki, düşüb itməsin. Bu kitabı mən çox oxuyurdum. Əlimdən heç yerə qoymurdum.
Nadirin də "Hophopnamə"si var idi. Varaqları düşmüşdü. Mənimki səliqəli, təzə idi. Mən kitabımı çox qoruyur, heç kəsə vermirdim. Nadir axşamlar pəncərə qabağında "Hophopnamə"ni ucadan oxuyanda mən xəlvətcə qulaq asırdım.
Ax, necə kef çəkməli əyyam idi,
Onda kı övladi-vətən xam idi.
Bizlər idik xalqm inandıqları,
Piri hidayət deyə qandıqları.
Nur görürlərdi qaranlıqları,
Bizdə idi, cümlə qazandıqları.
Kim bizə pul verməsə, bədnam idi,
Ax, necə k ef çəkməli əyyam idi!
Nadir şeir oxuyanda sağa-sola addımlayırdı. Addımlayırdı, gəlib-gedənə, küçəyə baxırdı. Molla Rəsul əlində təsbeh gəlib pəncərə qabağından ötür, səs gələn tərəfə əyri-əyri baxırdı. Öskürürdü:
– Tfu, lənətullah!
Nadir dəcəl uşaq idi. Molla Rəsulu görəndə səsini daha da ucaldır, var-gəl eliyərək sanki əzbərlədiyini məhz axunda eşitdirirdi:
Mahi ramazandır, meydan da bizimdir,
Meydan da bizim, ərseyi cövlan da bizimdir.
Molla Rəsul üzünü göylərə tutub şikayətini ucadan deyirdi:
– Bu məlunların səsini kəsən bir Əli şiyəsi yoxdur, ilahi!
Nadir ona "Hophop"un şeirilə cavab verirdi.
...İndi adamlar, deyəsən, cindilər,
Cin nədi, şeytan nədi, bidindilər.
Lap bizi ovsarladılar, mindilər,
Ay keçən əyyam, olasan indilər.
Onda ki övladı vətən xam idi,
Ax, necə k ef çəkməli əyyam idi.
Mən sonralar başa düşdüm ki, bu sözlər Molla Rəsulun acığına gəlirmiş. Nadir ayrı dərslərini oxuyanda mən mollaların dediklərini təkrar oxumağa başlayırdım.
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can,
Xalqın üzü qurtardı töhmətdən, ay can, ay can.
Oxuyurdum, amma utanırdım. Nadir kimi ucadan, avaz ilə yox, yavaşdan, astaca əzbərləyirdim.
Sonralar bizim məktəbi ayrı binaya köçürdülər, uşaqların çoxu rabfaka, texnikuma getdi. Mən öz məktəbimizdə qalmışdım. "Hophopnamə" də həmişə qoltuğumda idi.
Ancaq Nadiri görmürdüm. Dediyinə görə, onu komsomol komitəsində işə götürmüşdülər. Cavanlar yığıncağında "Hophop"dan danışır, Sabirin şeirlərini öyrədirdi. Gəncənin xoş yaz günlərindən birində müəllimimiz Qənbəroğlu məni çağırıb "Hophopnamə"ni istədi.
Deyəsən, Sabirin vəfat gününü məktəblərdə yada salırdılar. Məktəbdə məclis qurdular. "Hophopnamə"dən şəkillər, divar qəzeti asdılar.
– Bu şeiri əzbərlə, deklamasiya deyəcəksən.
Ey dərbədər gəzib ürəyi qan olan cocuq!
Bir loğma nan üçün gözü giryan olan cocuq...
Qonaqların, valideynlərin qabağında sıxıla-sıxıla əzbər dediyim şeiri, görünür, bəyənmişdilər. Müəllimimiz qızılgül dəstələrindən birini də mənə verdi.
– Apar evinizə, anana de ki, yaxşı oxuyan uşaqlara gül verirlər.
Mən gül dəstəsini də, "Hophopnamə"ni də evə gətirdim. "Cocuq" şeirini bir də təkrar, evdəkilərə avaz ilə oxudum.
Yengəm soruşdu:
– Hanı uşaq?
– Hansı uşaq?
– Səni çağıran uşaq, cocuq!
– Cocuq Şamaxıda qalıb.
Mənim məktəbdə şeir oxumağım çoxlarının xoşuna gəlmişdi. Məndən dübarə oxumağı xahiş edirdilər. Mən nə deklomasiyanı, nə özümü, nə də məktəb yığıncağını unudur, qoltuğumdakı kitabı vacib bilir, hamıya göstərirdim. Güman edirdim ki, bu kitab kimdə olsa, onun sözü, avazı, dərsi-kamalı hamıdan artıq olacaq!
Kitabın şeirlərindən başqa çox əlvan şəkilləri var idi. Mollaların, mövhumatçı kişilərin şəkli, portreti çəkilmişdi. Çadralı arvadlar ilə kişilər ağac götürüb dalaşır, məktəbə gedən uşaqları döyüb qovalayırdılar.
Hara gedir bu uşaqlar bu boı/da-bu boyda!
Dindar kişilər məktəb uşaqlarını görüb vahiməyə düşürdülər, hər kəs öz uşağını tutub məktəbdən uzaqlaşdırırdı.
Dur, qaçaq oğlum, baş-ayaq qandı bu!
Sabir köhnə dünyanı lağa qoyub gülür, oxucuları da güldürürdü. Adamlar "Hophopnamə"nin sözlərini teatrdan çox bəyənib gülürdülər:
Vah, bu imiş dərsi-üsuli-cədid,
Yox, yox, oğul, məktəbi üsyandı bu.
Molla deyil bundakı təlim edən,
Əlhəzər et, bir yeni şey tandı bu,
Dərs deyil, hərzəvii-hədyandı bu.
"Hophopnamə"ni hər görən bir də baxmaq istəyirdi. Qonşu, yoldaş, valideyn qalmadı ki, Sabirin kitabına baxmasın, maraqlanmasın.
Mən də gündüzlər kitabı səhifə-səhifə öyrənir, hər dəfə bir yeni şeir əzbərləyirdim, gecələr yatanda balışımın yanına qoyub, sanki, kimdənsə qoruyurdum.
Qonum-qonşu Quranı məxmərə büküb əzizləyirdi, mən də şeir kitabını!
Həmin kitabı mən uzun zaman əzizləyib səliqə ilə saxladım. Köhnələndə üstünə təzə cild çəkdirdim. Təzə cildlənəni də təkrar hər yetənə göstərdim. Qonşularımız kitabı oxumağa aparanda darıxırdım. Tez gedib gətirirdim. İndi də "Hophopnamə"nin cocuq şeiri, Nadirin mollalara dediyi şeiri yox, bütün şeirləri mənə təzə, xoş gəlirdi. Onlara bir-bir işarə qoyub əzbərləməyi, müəllimə oxumağı vacib dərs bilirdim.
Qənbəroğlu müəllim Sabirin şeirlərinə, deyəsən, çox həris imiş. Məni görən kimi, "Hophopnamə"ni soruşurdu:
– Səni, – deyirdi, – imtahanlarda çağıracağam, yaxşı oxuyursan, oxu, qoy yoldaşların öyrənsinlər!
Adətən tələbəlik, təhsil vaxtında adam dərs kitablarını hər il sinifdən-sinfə keçdikcə dəyişir, köhnə kitablara, ötüb-keçilmiş pillələrə daha qayıtmağa ehtiyac hiss etmir.
Mənim sevdiyim kitaba münasibətim ayrı cür olmuşdur.
Göy cildli kitabı mən bütün dərsliklərimdən üstün, vacib bilirdim. Mən orada yalnız şeiri, ədəbiyyatı yox, ayrı bilikləri də axtarır və görürdüm. Tarixi də, dili, coğrafiyanı, hüququ, təbabəti də duyur, oxuyurdum. Güman edirdim ki, orada hər gün mənə yeni sözlər deyən kamil müəllimlər var.
"Bir məclisdə on iki kişinin söhbəti"ndə neçə peşə sahiblərini, şəhərimizin adamlarını, müasir cəmiyyəti, ictimai münasibətləri duyurdum. Güman edirdim ki, bu kitabı həm böyüklər, həm uşaqlar üçün yazıblar. O səhifələrdə gördüyüm simalara təsadüf etdikcə xatırlayırdım: yoldaşlarımın hamısına məsləhət görürdüm. Burada hər şey yazılıb. "Hophopnamə"ni hamı oxumalıdır.
– Hərdən oxuyuram.
– Mən həmişə oxuyuram!
– Məktəbdə mənə də oxudublar.
– Mənə oxudan olmayıb, özüm oxumuşam. Mən onu hər gün oxumasam, yatammaram.
– Quran ayəsidir!
– Dünyanın şirin sözləridir.
– Yasindən də şirindir.
– Yasin mövhumatdır.
– Mollalar eşidər, az danış!
– Qoy eşitsinlər. Sabir onların cavabını verər!
– Onlar Sabiri nə tanıyır?
– Sabiri tanımayan yoxdur.
Molla Nəsrəddin hara gedirsə, Sabir onun həmrahı, silahdaşıdır. "Hophop" Şərqin qartalıdır. Qoca Şərqin!
– Qoca Şərqin yox, yeni Şərqin!
– Cavan Şərqin.
– Oyanan Şərqin.
– Döyüşən Şərqin!..
– Mənəvi silahı! Top-topxanasıdır!
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-eziz-kitabim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xarici naxoşluq deyəndə zahirdə, üzdə olan naxoşluğu demirəm. Bu sözü mən coğrafi mənada işlədirəm, sərhəd xaricindəki naxoşluqlardan söhbət gedir...Mən deyərdim bizim şəhərdə hakimlik sənətindən çox növbətçiliyi olan sənət yoxdur. Özüm həkiməm, günaşırı, bəlkə də daha çox növbətçi oluram. Xəstələrimə müttəsil nəzarət eləmək, gecə-gündüz müalicə prosesini izləmək nəticəsini vərəqlərə köçürmək, ən güclü bir arzu kimi heç vaxt məni tərk etmir.
EhtiramAğsu yoxuşu şoferlərin gözünə durur. Ancaq aşandan, gədiyin başına çıxandan, üfüq boyu əlvan xalça kimi açılan Şirvan düzünə tamaşa edəndən sonra bütün zəhmət və çətinlikləri unudursan, quş kimi yüngül və yeyin gedirsən.Həyat da belədir. Yüksəlmək çətin və zəhmətli, ancaq səfalı, fərəhli olur; enmək isə asan, ani və qüssəli olur.
Heykəl uçulandaMənəm-mənəm deyənlərin inanma çox da qovluna!*M.Ə.Sabir*
Ay İsmayıl, başa sal!Deyirlər rüşvətlə bərk mübarizə aparılır. Bu doğrudur. Amma mən bilmək istəyirəm ki, rüşvət nəyə deyirlər? Rüşvət ona deyirlər ki, mənim bir vəzifəli şəxsə işim düşür. Qanun buna ziddir. Amma vəzifəliyə filan qədər pul verirəm, o da qanunu ayaqlayır, mənim işimi düzəldir. Buna deyirlər rüşvət!Bir də var ki, mənim nazir rəisi filankəsə hörmətim, məhəbbətim var. Plov bişirəndə onsuz boğazıma getmir. Çağırıb dəsgah düzəldirəm. Bəzi alimlər güman edir ki, bu da bir növ natəmizlikdir. Ancaq burada nağd pul məsələsi yox, natura ilə ifadə olunan rüşvət var, amma bu işlərin eləsi var ki, nə rüşvət, nə də hörmət adlandırmaq olar. Bunun adını mən özüm də bilmirəm. Soruşanda deyirlər, yox, bu ayrı şeydir. Mən bilmək istəyirəm ki, ayrı şey, yəni nə?
Başqa şairlərin şeirləri
Qəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
Sufiyə səf ol bu gün çün rəh-i ərkan səndədirSufiyə səf ol bu gün çün rəh-i ərkan səndədir,Çünki tövhid əhlisən, din ilə iman səndədir.
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
Şah qaçır a!Biriya, qoymagilən, bəndəri kəs, şah qaçır a!Daha düşməz əlinə durma, tələs, şah qaçır a!