Çoxdanın, qırx ilə yaxın bir zamanın söhbətidir ki, sizə danışıram: onda mən cavan, gümrah, çevik bir tələbə idim. Yay tətilini vətən yaylaqlarında keçirməyi, fürsətdən istifadə edib qoca, təcrübəli kişilərin xatirələrini dinləməyi, vəzifəm ilə bağlı bir iş olan xalq ədəbiyyatı nümunələrini toplamağı sevərdim.

Yayın isti günlərindən birində yerli tələbə yoldaşlarımdan biri məni müdrik bir kişinin, qoca bağbanın yanına, Dilican yaylağının mənzərəli bir dağ döşünə gətirdi.

Yaşıl məxmər kimi, yan-yana yatmış bağ, bostan, tarlalar, sanki həsrətini çəkdiyi qızmar günəş altında bərq vurur, yüngül küləklərdən dalğalandıqca gümüş rəngə çalır, al-əlvan naxışlı xalça kimi çalxalanırdı.

Müsahibim də kənd adamı idi. Mənim bahar mənzərələrinə valeh olduğumu gördükcə qolumdan tutub irəliyə çəkirdi.

– Bəri gəlin, sizi maraqlı bir sima ilə, bu yerlərin ustası, təbiət aşiqi ilə tanış edəcəyəm.

Yaxşı bəslənmiş, təzəcə bəhər tökmüş abad bostanın mərzindən keçdik, alçaq çəpər dalında ağaclı-kölgəli bir həyətə girdik.

Göy maykalı, çalbaş bir kişi əlindəki nacaq ilə taxta yonurdu. Bizi görən kimi, belini düzəltdi, alnının tərini sildi. Nacağını yerə qoydu, bizə üz tutub salam verdi.

Müsahibim qocanı mənə təqdim etdi, daha doğrusu, məni qocaya təqdim etdi:

– Ərşad dayı, sənin bağ-bostanma tamaşaya gəliblər. Bizim tələbə voldaşdır, tanış olun. Şəhərdən gəlib!

Ərşad kişi dostunu görmüş adam kimi, cəld və fərəhlə gülümsündü, irəliyə yeriyib əl verdi:

– Xoş gəlibsiniz, bağ-bostan sizə qurbandı!

Ərşad dayı çirməkli qollarını uzadıb bizə əl verdi, əyləşməyə yer göstərdi.

Bostan məhsulunun təzə yetişən vaxtı idi. Sanki qoca öz əməyinin bəhrəsini nümayiş etdirmək üçün tağlarda yan-yana yatışıb dağ günəşinin feyzli şüalarını əmən boz qartmaqlı yemişlərdən ikisini üzüb gətirdi, boşqaba qoyub cib bıçağı ilə kəsdi, doğradı, dilimlədi:

– Varını verən utanmaz. Siz şəhər camaatı şirnidən, konfet, şokoladdan varlısınız. Biz kəndli babayıq, varımız öz əmək məhsulumuzdur, dadına baxın, heç olmasa, dağ yemişi!..

Qoca bağban üzünü evdəkilərə tutdu:

– Qızım, çörək də, pendir də gətir yoldaşlara.

Mən Ərşad kişini qonaqlığına, sadəliyinə, səmimiliyinə görə, yarım əsrə yaxın bir müddətdə unutmamışam.

Bu dəfə yolum oralara düşəndə həmin güney tarlalara, bağçalara sarı döndüm, çoxdan görmədiyim qocanın xanimanını görüb yoxlamaq istədim.

Cavan bir aqronom ilə görüşdüm, ilk sözümdə soruşdum:

– Ərşad dayını tanıyırsınızmı, bacıoğlu?

– Xeyr, tanımıram. Mən buralarda təzəyəm.

– Ərşad kişi bu bağ-bostanın binasını qoyandır, çoxdan görməmişəm onu... Qabaqdakı ev, gərək ki onunkudur.

Aqronom, başı ilə yox işarəsi verdi:

– Bu ev, uşaq bağçasıdır.

Mən dimədim, evin çəpərinə, abı rəngə boyanmış təzə qapısına yanaşdım.

– Bağçanın qapısı deyəsən, buradır?

– Bəli, buradır!

Mən icazə və təklif gözləmədən güllü-çiçəkli həyətə girdim. Geniş eyvanda uşaqlara yemək süfrəsi hazırlayan bir qadına salam verdim:

– Bacı, qonaq istərsinizmi?

Döşlüklü xanım qabağa yeriyib, ədəblə salam verdi, bizi gülərüzlə qarşıladı:

– Xoş gəlibsiniz, qardaşlar, bizim bağçaya!

– Burada Ərşad dayının evini axtarıram.

– Kimin?

– Ərşad dayının, qoca bağbanın!

Ərşad dayının adını çəkən kimi, qadın yerində dondu.

– Siz onu hardan tanıyırsınız, əmi?

– Çoxdan biz dostuq, hələ siz anadan olmamış, 30 il bundan qabaq, mən onun bağında qonaq olmuşam!

Qadın hər şeydən xəbər tutmuş kimi, içəri girib döşlüyünü açdı, məni otaqlara çağırdı:

– Deməli, siz də bu bağda qonaq olubsunuz?

– Bəli, lap çoxdan, mən Ərşad kişinin dostu kimi, bu bağı gəzmişəm. Onda balaca otaq idi. Ağaclar da cavan id i... Deyəsən, bu yerlər təzələnib, mən görənə oxşamır.

Mənim ətrafa diqqətlə nəzər saldığımı, binanın yaraşığında, ağacların yaşındakı fərqi sezdiyimi görən qadın işin nə yerdə olduğunu başa düşüb, bir qədər məyusluqla mənə cavab verdi:

– Sizə yaxşı xəbər olmasa da, deməliyəm ki, yazıq Ərşad dayı on il olar ki, rəhmətə gedib.

– Rəhmətə gedib?

– Bəli, onda mən bu kəndə təzə gəlmişdim. Bağça müdirəsi göndərilmişdim.

Ərşad dayının vəfatı məni çox məyus etdi. Mənə elə gəldi ki, bu torpağın vəfalı oğlu ruhən səslənib mənə salam deyir. Mürəbbiyədən soruşdum:

– Bacı, onun övladından-zadından qalan varmı?

– Xeyr, yoxdur. Yazıq sonsuz idi.

Qadın kədərli bir xəbər deyən kimi, utana-utana qoca bağbanın son günlərindən mənə məlumat verməyə başladı:

– Ərşad dayı bu mahalda adlı-sanlı bağban idi, aqronomlara məsləhət verərdi. Onun əməyilə kəndin çox yeri abad olub, bu gördüyünüz nəhəng ağaclar: ərik, tut, armud, qoz, badam ağacları yəqin ki, o rəhmətliyin öz əlilə əkilib bəslənib.

Arvadı özündən neçə il qabaq rəhmətə getmişdi. Özünün vəsiyyətinə görə, ev-eşiyini qohumlarına yox, kəndin uşaq bağçasına verdilər. İspalkom da evləri, balkonu təmir elədi, böyütdü. Kişinin qəbri də bağın o başında, dik bir yerdədir.

– Qoy, dedilər, qoca bağban öz zəhməti ilə böyütdüyü bağ-bostana həmişə baxsın, buraya gəlib-gedənləri görsün, ruhu şad olsun. Bağbanın varisi yox idi, ancaq bağçada tərbiyə alıb böyüyən uşaqlar onun yaxşı varisləridir. Hamısı onu xatırlayır, kimi şəkil çəkir, kimi nağıl qoşur, kimi ağac basdırır. Ərşad kişi uşaqların sevimlisi idi.

Qadın qalxıb balaca sərgi otağına keçdi. Bizi də çağırdı.

– Buyurun, orada Ərşad dayını xatırladan çox lövhələr var.

Doğrudan da, bu yaraşıqlı otaqda bağbanın mən gördüyüm günlərə aid şəkli, tarlada aqronom ilə söhbəti, məktəb uşaqlarının çəkdiyi lövhə, mənzərələr, rayon, şəhər təşkilatlarının vaxtilə qoca bağbana verdiyi nişanlar, tərifnamələr...

Bağça mürəbbiyəsi Ərşad dayının həyatından, əməyindən, məktəblilərə, balalara nə qədər mehriban, şirin nağıllarından danışdı.

Mən onun bu səmimi, şirin, həm də kədərli söhbətlərini sanki tək yox, qoca bağbanla birlikdə dinləyirdim. Hərdən Ərşad dayı gülə-gülə müsahibinin izahına təsdiq verirdi ki:

– Qızım, o tut ağacı məndən qabaq əkilmişdi. Mən onu calaq eləmişəm, bir budaq ağ, biri qara tutdur. Kənardakı budağı çəkil qalıb. Saxlamışam ki, balalar görsünlər, necə ağacları cinsləşdirmək olur. Görsünlər ki, ağac necə təzələnir!

– Qızım, bu hovuz da məndən sonrakıların işidir. Onu, sağ olsun ispalkom Əşrəf tikdirib, fantanı da o qoyub. Balaların bu fantan ətrafında halay vurub oynamağı mənim də ürəyimdəndir, səsim gəlməsə də, hər səhər-axşam baxıram, şad oluram.

Mürəbbiyənin söhbətləri Ərşad dayım gözümdə yenidən diriltdi, canlandırdı. Mən qoca bağban haqqındakı xatirə kitabçamı onun sərgisinə bağışladım. Bağça uşaqları ilə birlikdə xatirə şəkli çəkdirdim. Ərşad dayının qoca, şərəfli bağçasilə kədərli halda vidalaşdım. Vidalaşdım, ancaq o zəhmət, təbiət aşiqi qoca bağbandan mənən ayrıla bilmədim. Onun həyat, fərəh, həvəs dolu gözləri hər an mənim üzümə baxırdı.

Baxırdı, gülər üzlə baxır, susurdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri