Gənc usta
Muradov Fərrux buraya 1944-cü ildə, küləkli bir yaz günündə gəlmişdi. Abdullayev adlı ucaboy, qırmızısifət bir mühəndis maşınların qabağına çıxdı, komsomol səfərbərliyi ilə gələnləri mehriban qarşıladı. Cavanlar o gün vaxtlarını tikinti idarəsinin kadr şöbəsində keçirtdilər: mənzillərdə yerbəyer oldular, hesaba alındılar, briqadalara bölündülər. İkinci gün onların əlinə bel, külüng verib, qum təpələrinə oxşayan bir yerə gətirdilər. Fərrux burada tikinti başlandığını güman edirdi. Mühəndis onun zənnini duyubmuş kimi, irəli yeridi:
– Burada heç nə tikilməyəcək. Vaxtilə tikilmiş mənzilləri qum altından çıxarmaq lazımdır!
Sən demə, bu təpələr altında evlər, binalar varmış!
Mühəndis təpənin üstünə çıxıb qumu bir xeyli kiırəklədi, əvvəlcə binanın künc divan, bir az sonra pəncərələrin başı göründü.
Gənclər işə girişdilər, itirilmiş qiymətli bir şeyi yer altından tapıb çıxarmaq həvəsi ilə hamı sakitcə işləyirdi. Hələ müharibədən əvvəl tikilmiş, sonra tərk edildiyindən qum basmış evlər sıralanmış təpə kimi görünürdü.
Fərrux həmin yerdə öz əli ilə qumdan xilas etdiyi binalarda mənzil elədi. Bir müddət torpaq və palçıq işi ilə məşğul oldusa da, ancaq bunu özünə sənət seçmədi.
Mühəndis yeddiillik məktəb bitirdiyini və riyaziyyata maraq göstərdiyini bilib, onu model sexinə gətirdi. Sex ustası Obruçev ortaboylu, itibaxışlı, cəld bir gənc idi. Özü cavan olsa da, çox cavanlar öyrədib sənət sahibi etmişdi. Obruçev ixtisaslı işçi azlığından şikayət edənlərə acıqlanar və həmişə belə deyərdi: "M ütəxəssis göydən düşməz, neçəsini öyrətmişsən."
Obruçevin yanında çalışan doqquz nəfər mütəxəssisin yeddisini özü hazırlamışdı. Hərəsinə də iki il əmək sərf etmişdi. Obruçevdə ustalıqdan başqa bir müəllim qabiliyyəti var idi. Öz şagirdlərinin zəif tərəflərini seçib oradan başlamağı, onların gələcəyini görüb göstərməyi, hünər üçün ruhlandırmağı, get-gedə mürəkkəb işlərə alışdırmağı bacarırdı. Fərruxu bir müddət dülgər kimi sadə taxta işində çalışdırdı. "Əlin yatsın", dedi. Alətləri, onlarla rəftar etməyi öyrənəndən sonra onu poladəridən sexə gətirdi.
Böyük və uca binada ağır və nəhəng maşınların, motorların səsindən qulaq tutulur, hər tərəf yanıq metal iyi verir, adamın üzünə hərarət vururdu. İnsanın öz əli ilə hərəkətə gələn mexanizm arasında insan nə qədər kiçik görünürdü. Obruçev tökülüb hazırlanmış və kənardakı taxçaya düzülmüş maşın hissələrindən birini alıb Fərruxa göstərdi:
– Bundan hazırlaya bilərsənmi?
Fərrux təəccüb elədi:
– Mən ki taxta işində çalışıram.
– Bu da taxtadan hazırlanır.
– Necə yəni.
Usta onu başa saldı ki, ağır maşınları təşkil edən hər bir hissənin ustası Fərrux kimi cavanlar model sexində çalışanlardır.
Əvvəl bu fikir Fərruxa qəribə gəlmişdi. Ağacdan hazırlanan bir təkərciyin maşına yaradığını necə güman etmək olardı. Bu qədər hissəni taxtadan yonmaqla qurtarmaq, öhdəsindən gəlmək olardımı?
Ustası onu model işi ilə tanış edəndən sonra Fərruxun nəzərində tamam başqa bir aləm açıldı. O, modelçilər əlindən çıxan xırda bir qəlibin böyük maşınlara hərəkət verən bir hissə olduğunu və tökmə sexində istənilən qədər töküldüyünü biləndən sonra əlindəki sadə işə həvəs və marağı artdı. Modelin əhəmiyyəti onun gözündə çox böyüdü. O, indi özünü sadə bir taxtayonan, kürsü və ya güldan hazırlayan yox, bir maşın ustası, bir metalçı kimi duyub, iftixar hissi ilə dəzgahmın başına dolanır, keşiyində dayanırdı.
Fərrux modelin bu qədər mühüm olduğunu, modelçilərin az qala, mühəndislər qədər ixtisas sahibi olduğunu biləndən sonra, axşamlar da rahat olmurdu. İşdən evə apardığı müxtəlif biçimli çertyojları diqqətlə öyrənir, səhərlər isə onları taxtadan yaradırdı. Fərrux çətinliyə düşəndə, ustasından qabaq kitablara müraciət edirdi. Obruçev onun işlərində ancaq xırda təshihlər edir, şagirdinin həvəs və diqqətinə sevinirdi.
– Fərrux, – deyirdi, – sən yaxşı usta olacaqsan! Çertyojun xətlərinə diqqət elə! Unutma ki, bu xətlərdə buraxılan xırda səhv qəliblərdə böyüyür, qəlibdəki səhv isə metala keçəndə düzəlməz olur, zəhmət hədər gedir.
Fərrux müstəqil sifariş qəbul edib, yaratdığı modelləri təhvil verməmiş ustasına bir-bir göstərib yoxladırdı. Bir səhv tapılmayanda sevincdən yerə-göyə sığmırdı.
Müşavirələrin birində Obruçev sexin yarımillik fəaliyyətindən hesabat verirdi. O, hazırlanmış modellərin saymdan-sanbalından, planın necə və nə dərəcədə ödənildiyindən danışdı. Maşın və material ehtiyaclarından dedi. Sonra üzünü direktora tutdu:
– Yoldaş direktor, bir şeyi də deyib, sizi sevindirmək istəyirəm. Yarım ildə mənim şagirdlərimin dörd nəfəri öz sənətini lazımınca öyrənibdir. Onların eləsi var ki, indi nə model desən, müstəqil hazırlar, çertyojun nöqtəsi nöqtəsinə düz gələr...
Ustanın məlumatı direktora xoş gəldi.
– Bu, – dedi, – istehsalat müvəffəqiyyətindən az əhəmiyyətli deyil!
Obruçev üzünü iclasın sağ tərəfinə çevirib, Fərruxu utandırdı:
– Odur, orada qazaxlı bir oğlan oturub, Fərrux Muradov. Qabiliyvətli, həvəsli bir cavandır. Onun ustalığına indi mən dördəlli qol çəkərəm. Özünə də demişəm, daha müstəqil işləyəcəkdir.
İstehsalatda usta sözü kəsərli sözdür. Bir azdan Fərruxu irəli çəkib, sex ustasının müavini təyin etdilər. Ona özü yaşda, özündən də yaşlı adamlar verdilər və dedilər: "Bunları da sən öyrət!"
Fərruxun fəaliyyət dairəsi yalnız sex deyildir. O, zavod komsomol təşkilatının büro üzvü, divar qəzetinin redaktorudur. İstirahət vaxtlarında Fərruxu komsomol otağında qəzet üstündə çalışan, şəkil çəkən yazı yazan görərsiniz.
Günorta tənəffüsünə çıxan işçilər, bir də görürsən aşxanaya yox lövhə qabağına, təzə asılmış qəzetə tərəf yüyürüşdülər. Fərruxun qəzeti həmişə yığcam, aydın və gözəl olur. Oxuyanlar elektrik ustası Yəhyanı səsləyirlər:
– Yoldaş Yəhya, sizi qəzetdə çağırırlar!
Yəhya yanaşıb baxanda gözü bərəlir. Doğrudan da, qəzetdə iri xətlərlə ona müraciət olunur: "Dünən işıq xəttinin pozulmasından axşam işi bir saat dayanmışdır. Dirəklərdən sallanan məftil parçalarını külək oynadır. Görəsən, elektrik ustası Yəhya Kərimov haradadır və başı nəyə qarışıb?"
Adamlar qəzeti ucadan oxuduqca, Yəhya birtəhər olur, pozulur, rəngdən-rəngə düşür. O, Fərruxa ağır bir söz demək istəyir. Ona danışırlar ki, Fərrux elə gecə komsomolçuları çağırıb xətti təmir etdirmiş, işləyənlərə işıq vermişdir.
Yəhyanın deməyə sözü qalmır. Fərruxun yanına gəlib dinməz-söyləməz əl uzadır:
– Ver, qardaş, əlini sıxım! Sən mənim işimə can yandırıbsan, boynuma haqq qoyubsan.
Fərrux Yəhyanın minnətdarlığını qəbul etmək istəməyib gülümsəyir:
– A qardaş, o mənim borcumdur, kom som ol komitəsi tapşırıb. Minnətdarlıq lazımdırsa, gəl ikimiz də təşkilata eləyək!..
Fərrux bunu ürəkdən deyir, səmimi deyir. O özünün təhsilində, inkişafında və fəaliyyətində həmişə komsomola arxalanınış, onunla fəxr etmişdir.
Komsomolun 30 illik yubileyində rayon komsomol komitəsinin mükafatlandırdığı komsomolçular içərisində Fərrux da var idi. Qabaqcıl komsomolçular haqqında Mərkəzi Komsomol Komitəsinin qərarı oxunanda, yüzlərlə fəhlə və mühəndisin toplandığı böyük klubda səhnəyə çıxıb alqışlananda da, Fərrux həmin sözü demişdi:
– Mən komsomolun oğluyam. Məni həyata, istehsalata, partiya sıralarına hazırlayan odur. Müvəffəqiyyətim varsa, onun sayəsindədir.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-genc-usta
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hörmətli həkimlərimizə:*H.Veysova və B.Abbasovu*
Şapalaqİndi evdə, şəhər yerində, televizorun xarab olmağı çırağın sönməyindən pisdir. Çünki çıraq sönəndə adam şam yandırır, ya sobanın qabağına keçir, ya da özü, birtəhər, lampoçkaları, xətləri qurdalayıb düzəldir.Amma televizor elə deyil. Bu təzə, yaraşıqlı bir cihazdır ki, ustası ola gərək, hər adam baş çıxara bilmir. Çırağın başma az adam yığılır. Külfətin çoxu o yanda-bu yanda olur. Televizorun başma bütün külfət yığılır, hətta qonum-qonşudan da gələn olur. Hamı tamaşa görmək, təzə bir xəbər eşitmək istəyir.
Dil və əməlHərzə xanım çox zabitəli qadındır, evində hər şeyi istədiyi qaydada şaxlar, uşaqlarına da özü kimi ədəb-ərkan öyrətməyi bir gün də unutmaz. Balaca qızı Fizzənin beş yaşı hələ tamam olmayıb. Amma Hərzə xanım elə gün olmaz ki, onu qabağına qoyub danlamasın, başını daramasın, dırnaq tutmağı, əl-üzünü yuyanda suyu sıçratmamağı, stəkan-nəlbəkini dəsmal ilə silməyi, böyüklərin sözünə baxmağı, telefonda hər nə soruşsalar "bilmirəm, yoxdur" - deməyi ona öyrətməsin.Bir dəfə qonşulardan kim idisə, qapını açıb Hərzə xanımdan ət maşını xahiş elədi. Hərzə xanım heç qonşu tərəfə dönüb baxmadı da:
Mənim "səmimi dostum"Bu adamı çoxmu, azmı görürəm, onu deyə bilmərəm... Demək də çətindir. Çünki bunu müəyyən etməyə bir ölçü yoxdur. Vaxt olur ki, dostum günaşırı evimə gəlir, hətta süfrəmdə əyləşir. Elə vaxt da olur ki, aylarla onu görmürəm. Əlbəttə ki, bu vaxtlar ovqatım təlx, işlərim qarışıq olur, heç nə yadıma düşmür. Bilmirəm, işlərimin qarışıq olduğunu dostum haradan bilir və mənə yaxın gəlmir, başağrısı vermək istəmir.Dostum gələndə bilirəm ki, işlərim sahmandadır. Hərif gələndə də dil-dodağını, boğazını yağlamış kimi çox şirin danışır:
Başqa şairlərin şeirləri
Nəyinə güvənim mən bu dünyanın,Getdi san - söhrətim, daha nə deyim!?
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
ƏslimizƏslimiz olmuş əhli-Hövsandan,Gəmi zəhmətkeşi olubdur atam.