Hörmətli həkimlərimizə:

H.Veysova və B.Abbasovu

Bəli, bütün şəhər yatmışdır. Küçələrdən, həyətlərdən, otaqlardan səs-səmir kəsilib. Nə fit, nə təkər, nə zəng, nə maşın səsi! Ondördgecə-lik Ay fəzanın dərinliklərindən sakit-sakit baxır, sanki ayaz göylər sərinliyini yerə, yatanların sinəsinə tökmək istəyir. Mənim otağımda da hər şey hərəkətsiz, sükut içindədir. Təkcə o mənim əziz və vəfalı maşınım fəaliyyətində, saat kimi ahəngdar vurğuları ilə məni aparmaqdadır.

Bu maşın məni əlli ildən çoxdur ən çətin, dolaşıq yollarla aparır, anadan olandan, çağalığımdan, qoca vaxtıma qədər gəzdirir. Yorulmadan gəzdirir, heç bir dəqiqə də dayanmır. Bu maşın ömrüm boyu mənimlə həmrəy olub, məndən nə təkər, nə yağ, nə benzin, nə təmir istəyib. İşini də həmişə saat kimi müntəzəm aparıb. Mən ondan bəzən incimişəm, gileylənmişəm, deyinmişəm. Amma o, müti bir xadim, əziz bir dost kimi həmişə susmuş, işinə davam etmişdir.

İndi mən onun qarşısında nə qədər minnətdar olduğumu düşünürəm, xitab edib ondan üzr istəyirəm:

– Əzizim, güman eləmə ki, mən qaba və qalın bir məxluqam. Sənin kimi etibarlı bir dostumu yaddan çıxarıram. Yox! Sən mənim həmişə vücudumun mərkəzində, sinəmdəsən, zehnimdəsən! Mən çox yaxşı başa düşürəm ki, sən mənim ən etibarlı, ən vəfalı, ən fədakar, ən təmənnasız və yeganə bir dostumsan.

İş demir, istirahət, əyləncə, səyahət, söhbət, yuxu demirsən, sən həmişə fəaliyyətdəsən. Soyuq, isti, tufan, bürkü demirsən, həmişə çalışırsan! Bircə arzun, bircə əməlin, istəyin var ki, mənim vücudum möhkəm, dizim taqətli, zehnim açıq, kefim saz olsun. Bunun üçün əlindən gələni edirsən. Mənim vücudumun sağlam və saz olması sənin yeganə və müqəddəs amalındır! Amma mən sənin yanında xəcalətliyəm, çox xəcalətliyəm. Mən sənə bir yaxşılıq edə bilməmişəm.

Sən mənim vücuduma təmiz qan dağıdır, yad maddələri - zəhərləri ən gözəl laboratoriya kimi filtrlərdən keçirib təmizləyir, duruldursan.

Bəs mən nə edirəm?

Mən sənin yükünü artırıram. Sənin incə, zərif kasanı bəzən fikir, qayğı, qüssə ilə doldururam.

Mən yalnız öz həyatımdakıları yox, başqalarında gördüyümü də yığıb sənin kasana doldururam. Bəzən sənin ağır əmək altında fəryad kimi həyəcanlı döyüntülərini eşitməz olur, içki məclislərinin, hissiyyat səhnələrinin, mübahisə, münaqişələrin, arzu və məhrumiyyətlərin bütün ağrılarını yığıb sənə, sanki sovqat gətirirəm. Sən gərək mənim bu daimi qüsurlarımı bağışlayasan.

Gərək nəzərə alasan ki, mən belə tərbiyə olunmuşam, xeyir-şərimi bilən olmamışam, səndəki müqəddəs amal və vəzifəyə bağlılıq, təəssüf ki, məndə yoxdur. Sənin qədər gələcəyi görən və sənin kimi vəzifəmdə sabitqədəm olsaydım, yəqin, iki yüz il yaşar, övladıma, vətənimə, xalqıma faydalı miras qoyub gedərdim. Yoxsa indiki kimi əl-liillik ömrümün də yarısını həkim, dava-dərman, müalicə, sanatoriya dalınca qaçmalı olmazdım.

Çox sağ ol ki, mən qayğı və ağrılarımın azalmasına ən böyük köməyi səndən görürəm. Sən sağ ol ki, nə qədər səhv, pis, qüsurlu tədbir və hərəkətlərim olursa, cəfasını çəkir, sinirir, tab gətirirsən!

Ey mənim əziz, sədaqətli, vəfalı maşınım! On il, heç olmasa, beş il mənə möhlət ver! Mənim dostlarıma, oxucularıma, vətəndaşlarıma, vətənimə deməyə sözüm var. Qoy bu sözlərimi də arxayın deyim, vəsiyyətimi eləyim, varlığımla bağlandığım övladım, tələbələrim, məktəblilərim, dostlarım, yoldaşlarım, oxucularım, kitablarım ilə axırıncı dəfə vidalaşım.

Sonra səninlə ikimiz sakit bir gecədə, həkimlərin hüzurunda oturaraq, deyə-gülə xatirələrimizi danışaq və öpüşüb əbədi vidalaşaq!

Mən səndən çox razıyam, tale səndən razı olsun, ey mənim vəfalı, sədaqətli maşınım!

Ey mənim ömrü boyu məhəbbət, sədaqətlə dolu, çox işləyən, az danışan, həmişə hərarətli maşınım!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mənim utancaq tələbəm

– Əmikişiyevin məsələsinə baxmaq istəyirik, – dedi, – zəhmət olmasa, siz də iştirak eləyəsiniz.Partkom katibi xahiş ədası ilə mənim üzümə baxdı, cavab gözlədi. Hər bir institutda cari ictimai işlərdən başqa, tələbənin təqaüd, mükafat, məzuniyyət, dərsə davam məsələsi təşkilatı çox məşğul edir. Həftə olmur ki, belə müzakirələrə vaxt sərf edilməsin.

19655 dəq
Qanadlı qızlar

Dünən bir ziyalı yoldaşım ilə heç nə üstündə qızğın deyinm əli, hətta əsəbiləşməli olmuşam.– Qardaş, – deyir, qıza-qız deyiblər, oğlana-oğlan! Mən heç vaxt razı olmaram ki, qız uşağı qollarını çirməyib maşın, əkin, tikin işinə gedə, sabah da qolu-qıçı şikəst qayıda.

19658 dəq
Ad günü

Deyirlər, nəvə şirin olur. Mən inanmazdım. İndi görürəm ki, bu sözdə bir həqiqət var. Nəvə ilə oturub-durmaq cavanlıq günlərini xatırladır. Güman edirsən ki, o, balanın balası yox, öz balandır. Günlər də pardaxlanan gəlinlik günlərindir. Canına həvəs, gözünə işıq, dizinə taqət gəlir.Mənim iki nəvəm var, bir-birindən dəcəl.

19663 dəq
Fərəh məclisi

Dostlarımın əhatəsində olduğum zaman özümü xoşbəxt sayıram. Müsahiblər şikayətlənir ki, yaxşı dost azdır. Mən belə bir şikayətdən uzağam. Çünki mehriban dostum çoxdur. Müsahiblər dostlar ilə az və çətin görüşmələrindən gileylənirdi. Burada da mən seçilirəm. Mən dostlarım ilə istədiyim zaman görüşürəm.Deyəcəksiniz, nə üzüyola dostlarınız var.

19666 dəq

Başqa şairlərin şeirləri