Göylər adamı
Səhifə 2 / 2 · 50%
Ana oğlunu təyyarə məktəbinə verəndən sonra bir müddət dalınca gəzdi. Müəllimi tapdı, müdirlə tanış oldu. Oğlunun yoldaşlarını tapdı. Bu yeni aləmdə gördüyü, tanış olduğu hər kəs ona ümid verirdi.
Günün birində Mehrinin özünü təyyarəyə əyləşdirib gəzdirən Əşrəf anasındakı əmniyyətə çox sevindi. Bundan sonra sənətində daha da qol-qanad açdı. Ana da oğlunun sənətinə alışdı. Hər yerdə söhbət düşəndə sinə dolu iftixarla deyirdi:
– Əşrəf təyyarədə kağız aparıb-gətirir. Təyyarə poçtu onun ixtiyarındadır.
Göydə motor səsi eşidən kimi eyvana çıxır, gümüş qanadlı təyyarələri gördükcə həyəcanlanırdı. Əşrəf də anasının bu hissini anlayırdı, beşdə-üçdə evə baş vurur, məktub yazırdı.
Vətən müharibəsi başlanandan sonra Mehri oğlundan bir məktub aldı. Əşrəf, hitlerçi quldurlara olan qəzəbini ifadə edərək məktubunu belə bitirdi:
"...Sülh günlərində şəhərdən-şəhərə məktub, sovqat aparıb, anaları, balaları sevindirirdik. İndi vətənin qorxulu dəqiqələrində isə silah götürməliyik. Ana, düşmənin başına od tökürük. Çalışırıq ki, evlərimiz faşizm bəlasından uzaq olsun. Ana, məktub daşıyanda sənə xidmət edirəm. Sənin mehriban, xeyirxah, şəfqətli hisslərinə xidmət edirəm. İndi vətən göylərində düşmənlə üz-üzə gələndə, faşist quldurlarını qıranda da sənə xidmət edirəm. Ana, indi mən motor gurultusundan başqa, cəbhə gurultuları içinə də düşürəm. Burada nə cür şiddətli, müdhiş səs desən var. Burada hərb adamlarının icad edə bildiyi hər cür silah işlənir. Ancaq bu vurhavurun içində mənim ürəyim evimizdəki qədər sakitdir. Mən özümü polad bir zirehlə örtülmüş bilirəm. Sənin təmsil etdiyin vətən həmişə mənim nəzərimdə, xatirimdədir. Məni saxlayan, döyüşə aparan da budur."
Əşrəf axırda əlavə edirdi ki: "Ayın 25-də şəhərimizdən ötəcəyəm, bəlkə, görüşə bildik."
Mehri intizar içində idi. Az qalırdı quş olub cəbhələrə uçsun. Əlacı, imkanı olsa özü də bir təyyarəyə minər, düşmənlərlə vuruşmaq üçün silah götürər, Əşrəfə köməyə gedərdi.
Ananın yeganə təsəllisi oğlunun görüş vədəsi idi. O, min fikir-xəyalla, min bir həvəslə ayın 25-ni gözləyirdi. Gündə neçə dəfə təqvimin qabağına gəlir, sabahkı vərəqini də bu gün cırır və hər dəfə də vərəqləri sayırdı. Təqvimdən qopardığı hər vərəq, sanki, ömründən bir gün əskiltmir, əksinə, bir gün əlavə edirdi. Ötüb-gedən hər gün oğlu ilə görüşə, həsrətini çəkdiyi günə yaxınlaşdırırdı. Ana bu günə böyük hazırlıq görürdü. Düşmən üstünə, davaya gedən oğlunu bir günlüyə də olsa, öz evində əzizləyəcək, boyunu oxşayacaq, dualayacaq, sonra yola salacaqdı.
Gözlənilən gün xoşbəxt bir tale kimi gəlib çatdı. Təsadüfdənmi, yaxud qəsdənmi, ana ilə oğulun xatirinəmi, bu gün göylər buluddan təmizlənmişdi. Zümrüd göyün ortasında yanan günəş aləmi gümüş kimi parıldatmışdı. Sanki, o, uzun yollar gələn Əşrəfin ayaqlarına qızıl-gümüş səpirdi. Sanki, o, oğlunun gələcək uğurlu günlərindən xəbər verirdi. Sanki, ana ilə oğulun görüşü onun da ürəyindən idi. O da dünyada hər xeyir və xoş arzunun başa çatmasına sevinir, gülümsəyirdi.
Ana dostlarını, tanışlarını, yaxın adamlarını çağırdı, səsi ilə ev-eşiyə şənlik gətirən samovarı ayrı bir həvəslə hazırladı. Süfrəni açdı, özü isə qaçıb eyvanda dayandı. Gözünü göylərdən ayırmadı. Onun ürəyi motor səsinə müntəzir idi. Nədənsə o, Əşrəfin təyyarə meydanında yerə enəcəyini güman etmirdi. O gözləyirdi ki, bu günəşli göy səslənsin, iifüqdən-üfüqə gedən ulduzlu təyyarə şəhərin tam ortasında, Mehrinin evinin yanında dayansın.
Ana bu ümid, bu xəyal ilə eyvana, qapıya çıxıb qayıdır, dəqiqədə bir saata baxırdı. Göydə isə nə təyyarə görünür, nə motor səsi eşidilirdi.
Düzdür, Mehri oğlunun hansı saatda gəlməli olduğunu bilmirdi – Əşrəf bu barədə yazmamışdı. Ancaq nədənsə Mehri onu səhər tezdən, yay günəşi dənizdə çimib mənzilindən qalxanda gözləyirdi.
İndi daha səhər deyildi. Gün iki cida boyu qalxmışdı. Gündüz günortaya doğru gedirdi. Mehrinin oğlu Əşrəfdən isə xəbər yox idi.
Mehrinin qəlbi döyünür, qəfəs quşu kimi çırpınırdı. Ürəyinə gəldi ki, Əşrəfin vədə verdiyi vaxt ötür: "Əşrəf bəlkə də ayrı yerə düşüb... Bəlkə də yerə enəndən sonra yoldaşları yaxasından əl götürməyiblər, çoxdan bəri görüşmədiklərindən, başına yığılıb söhbətə tutublar... Yox, belə deyil. Əşrəfin indi söhbətə halı yoxdur. Yəqin, iş üçün gəlib. Tapşırığı var. O yalnız görüşməyə gəlmir, vəzifəsinə gəlir. Ancaq gəlişindən istifadə edir, anası ilə də görüşür."
Mehri bu son gümanına inandı: "Elə isə, - dedi, - özüm gedim. Onu işdə çox ləngidərlər, gedim böyüklərinə yalvarım ki, balamdır, onu bir saat da evə buraxsınlar."
Mehri xəyalında bunu edəndən sonra əlinə yemək şeyləri ilə dolu bir sovqat bağlaması aldı. Tramvaya tərəf yollandı. Mehrini heç kəs yolundan saxlaya bilmədi. Qardaşı arvadı nə qədər "Balam, sən gedib heç kəsi tapa bilməzsən, icazə vərəqi istəyəcəklər, buraxmayacaqlar, nahaq yerə özünə zəhmət vermə, hələ gün yarı olmayıb, Əşrəf özü gələcək!"- dedisə, fayda vermədi. Mehri tramvaya oturub vağzala gəldi.
Səhərdən bəri tramvayda da evdəki kimi pəncərədən boylanıb göyə baxır. Qulağını şəkləyib motor səsi eşitmək istəyirdi. Mehri ömründə gözünə və qulağına bu qədər möhtac olmamışdı. Göydə gördüyü hər quşu təyyarə, eşitdiyi hər səsi motor gurultusu sayırdı. Həqiqətini dərk etdikdə isə məyus olur, yenə axtarmağa başlayırdı.
Tramvay Mehrini gətirib vağzala, böyük bir izdiham qaynayan yerə çıxartdı. Qadın, yerə enib camaat içində adam itirmiş nabələdlər kimi, o yan-bu yana boylanmağa başladı. Camaat içində vurnuxan, ona-buna yanaşan, gah göyə baxan, gah gəlib-gedəndən soraqlaşan qadın günortadan sonra görünməz oldu. O axtardığını tapdımı? Yox! Ümidsiz olub evinəmi qayıtdı? Yox! O, maşın yollarına çıxdı. Bildi ki, oğlu təyyarədən ensə, piyada gəlməyəcək. Şəhərə gələn yolda oturub, keşikçi kimi ötən maşınların qabağını kəsdi. Bir də görürdün ki, maşın düz, gümüş kimi asfaltla süzüb gedəndə kənardan ucaboy, başına şal örtmüş bir qadın yola hoppandı. Əlindəki bağlamanı yerə qoyub qollarını açdı, elə bil maşını qucaqlamaq istədi.
Şoferlər qorxuya düşürdülər. "Bəlkə yolda bir təhlükə, ya fəlakət var!" Dərhal yerə enir, qadından soruşurdular. Qadın heç nə cavab vermir, əvvəlcə maşına yanaşıb oturanları bir-bir diqqətlə nəzərdən keçirir, Əşrəfi onların içində görmədikdə xəbər alırdı:
– Ağayev, Ağayev Əşrəfi görəniniz, ola, bəlkə? Təyyarə sürür. Bu gün evə gələsi idi.
Adamlar Mehrinin hərəkətlərini və həyəcanını duyur, heç bir ağır söz demədən Ağayevi tanımadıqlarını söyləyir, yollarına davam edirdilər. Mehri də öz "yoxlamasında" davam edirdi.
Əgər bu dəqiqə uca dirəyin başında oturub tutuquşu kimi dil-dil ötən, gəlib-gedənə uzaq yerlərin xəbərini söyləyən radio insafa gəlib bircə bunu desə idi ki: "Ay Mehri arvad, buralarda nahaq özünü və özgəni incidirsən, oğlun oturub evdə səni gözləyir", bunu də əlavə etsə idi ki: "Əşrəfin vaxtı yoxdur, iki saatdan sonra yolda olmalıdır", Mehri təpəsi üstə evə qaçardı. Ancaq bunu nə radio, nə ötüb-keçən maşınlar, nə də üfüqdən-üfüqə uzanan teleqraf simləri dedi. Yenə də ananın xəyalı köməyə gəldi. Deyəsən, Mehrinin qulağına pıçıldadılar: "Ey qafil, bəlkə, Əşrəf gəlib."
Mehri, maşın yolunu tərk etdi. O, qabağına gələn hər evə, hər idarəyə girib soruşur, telefon axtarırdı. Birini tapdı. Evin nömrəsini deyib idarədə işləyənlərdən xahiş etdi ki, zəng eləsinlər.
Mehrinin dəstəyi qulağına almağı ilə "Can, qadan ürəyimə!" deyib qaçması bir oldu. Hansı yol ilə, nə sürətləsə on dəqiqənin içində Mehri özünü evə saldı. Bu zaman Əşrəf yaxası və başı açıq, rahatca oturub çay içirdi. Anasını görcək zarafatla dedi:
– Ana, evə qonaq gəldiyini bilib, deyəsən, əkilmisən?
Mehri, az qala, yarım saat oğlunu qucağından buraxmadı. Onu, boya-başa çatdırdığı igid balasını bağrına basmaqla bütün intizar və nigarançılıqları, ömrü boyu çəkdiyi bütün əzab və əziyyətləri, qocalıq, qayğı və xiffəti, hər şeyi, ürəksıxan hər şeyi unutdu, əbədi bir səadətə qovuşmuş kimi, qəlbi, vücudu, əsəbləri mum kimi yumşalıb rahat oldu.
Əşrəfin görüşü də uzun çəkmədi. O, həmin axşam yola çıxırdı. Əşrəf nə qədər elədisə, anası oturmadı, oğlunu yola salmaq üçün lap maşın ayağına getdi. Axşam çıraqlar yandı. Göyün ulduzları bir-bir görünəndə Əşrəf anası ilə vidalaşır, üzünü göyə tutub deyirdi:
– Ana, sən məni yerlərdə böyüdüb yetirmisən, vətən məni göyə pərvaz etdirmişdir. Məndən heç nigaran olma! Yadıma düşsəm, eyvanımıza çıx, bax, bu göyün ulduzlarına bax! Bizləri - məni, Fərmanı, Nüsrəti - bütün sovet təyyarəçilərini ulduzların arasında axtar. Biz də onlar qədər çoxuq. Onlar qədər mehriban, onlar qədər işıq sahibiyik. Məni onların içində ara!
Əşrəf getdi.
O gedən gündən Mehrinin gözü göydə, göyün saysız-hesabsız ulduzlarındadır. Ona elə gəlir ki, Əşrəf yer aləmindən, adi insanlardan yüksəlmişdir. Müqəddəs vətən fədailəri kimi, gecəsi də, gündüzü də, fikri də, xəyalı da, işi də, qayğısı da vətənidir! Mehri baxdıqca baxır, ulduzlarla ünsiyyət bağlayır. Ona elə gəlir ki, bu ulduzların hər birinin Əşrəf kimi həyatı, macərası var. Ucsuz-bucaqsız sovet torpaqlarından saysız-hesabsız ana gözləri, saysız-hesabsız ulduzlara dikilmişdir. Bu parlaq göy adamlarının hər biri bir aləm, bir kainatdır. Bunları doğub-böyüdənlər xoşbəxt analardır.
Mehri ulduzlara baxdıqca, ürəyini dolduran iftixar hissi ilə səsini təyyarəçi anaların səsinə qataraq, sanki, hamı eşitsin deyə, təkrar deyir:
– Mənim oğlum göylər adamıdır! Əşrəf vətən göylərinə qulluq edir!
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-goyler-adami
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
"İşləməyən dişləməz" - demişlər. Lakin revolyusiyadan qabaqkı həyatın səhifəsinə baxın, işləyənlərin dişləmədiyini, işləməyənlərin dişlədiyini, hətta didişdirib, cırmaqladığı və söküb-dağıtdığını görəcəksiniz.Fransızlar bu misalı ayrı cür qoyublar. "İşləməyən, dişləməməlidir", lakin məsələnin qoyuluşu həlli demək deyil. Ancaq proletar revolyusiyası isbat etdi ki, işləməyən dişləməməlidir.
Molotovçular– Sən aparsan, üzüyünün qaşımı düşər?– Tülkü-tülküyə buyurur, tülkü də quyruğuna... Öz vəzifəni necə xalqın boynuna yıxırsan.
Bayrağı bərk saxla"Komsomol" məktəbi keçici bayrağı asanlıqla almadı. Rəhbərlik dəyişdi, məktəb kökündən silkələndi, komsomolçu Rəşid müdirliyə keçdi. Müəllimlər heyəti özünü topladı, atalar tərpəndi, uşaqlar dərs ətrafında arı kimi uyuşdu.Budur, iki ay yay tətilində uşaqların becərdiyi bağça! Ataların köməyilə qurulan radio aparatı, səhərlər ağzını aləmə tutaraq deyir:
Volqanın qucağındaBu gecə səhər bir saat az yatdı. Tramvaylar əsrin aktiv oğullarını götürmək üçün bir saat tez tərpəndi.Müxtəlif yerlərdə eyni hədəfə, eyni cəbhəyə hücum başlandı. Qoca Volqa diksindi, qorxdu, sahil ləpələrlə doldu.
Başqa şairlərin şeirləri
Gözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
Könlüm vurulub bir güli-reyhanə LerikdəKönlüm vurulub bir güli-reyhanə Lerikdə,Bülbül kimi gəldim yenə əfğanə Lerikdə.
SəniBir gecə mən sənə mehman olanda,Sən məni istədin, ha mən də səni,
SevdiyimBurada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim