Kartoşka məsələsi
Səhifə 2 / 2 · 50%
Qurban, Abbas da söz istədilər. Mehdiqulu Yolçuya qışqırdı:
– Yetimliyinə hörmət qoyduqca çıxdın başımıza? Qnişkanı əlindən alıb , qovlayaram, onda ağlın gələr başına!
Üzünü əməli katibə çevirib:
– Danış! - dedi.
Əməli katib ağır-ağır başladı:
– Qoy Yolçunu salım başa: əvvəla budur ki, anbar, kooperativ... düz deyirsən, oğurlayırlar, biz komsomollar hələ nə qədər ki, sosializm qurmamışıq, oğurlayacaqlar. Amma sən başa düşmürsən ki, milisoner ayrı, komsomol ayrı. Oğruları biz tutası olsaydıq, daha yekə milis naçalnikinə nə hacət var idi? Bir ətək donluq alır, (üzünü Mehdiquluya çevirərək) belədir, ya qeyri-belədir? Pis danışıramsa, rəhbərimsən, çal ağzıma, deyinən filan-filan şüdə...
Mehdiqulu başı ilə işarə etdi:
– Doğrudur!
Əməli katib davam etdi:
– Xub... Komsomolun işi burada ictimai bir təşkilat olmaqdır. Qabağında durur gözdə-qulaqda olmaq ki, o yan-bu yan danışan olmasın. Komsomol gedib kartoşka gözətləməyəcək, kooperativ qaraulu olmayacaq?.. Yolçu, başa düşdün, ya yox? Qaldı, yetişdi ki, heyətin qərarına prot getmək məsələsi çox böyük işdir: heyətə prot getdin, demək, ona iş tapşıran Rayon qomitetinə prot getdin. İşin dibinə gedəndə yoldaşlara yaxşı bəllidir ki, Yolçunun fikri. O barədə yerində danışarıq...
Mehdiqulu əməli katibin sözünə qüvvət vermək istədi. Məsələnin "canını" danışdı.
– Gəl, gör ittifaq üzvündə nə qədər qramot yoxdur ki, mühüm bir işi qartoşka, pomidor məsələsinə qatır. Znaçit, kartoşka anbarına qaraul çəkmək. Başına kül, belə cinel! Ay... hay!
Bunlardan bir şey çıxmadı. Etiraz edənlər barmağını salmırdı ki, salmırdı. Mehdiqulu onları eşiyə çıxarmaq istədi. İclasda qarğaşalıq daha da şiddətləndi. Hamı yerindən danışır, ağız deyəni qulaq eşitmir. Kimi qalxır, kimi oturur, kimisi də durub stol başına keçirdi. Mehdiqulu karandaşı yerə çırpıb, sədrlikdən boyun qaçırdı. Əməli katib adamların qolundan tutub, bir-bir nəsihət verirdi:
– Qurban, sən mənim başım, bir toxda, bir otur! Məni qəbrə qoyasan ki, birinci sözü sənə verməyə söz verirəm. Bir toxta! Abbas, sən vicdanın, pəl vurma! Komsomol vəzifəm bir yana, yaşda səndən böyüyəm axı, bir eşit...
Bu da fayda vermədi.
Əməli katib durduğu yerdə qışqırdı:
– Yoldaşlar!
Heç kəs eşitmirdi. Əməli katib stol üzərinə çıxdı, ağır batinkalarını taqqıldadaraq, gücü çatdıqca bağırdı:
– Komsomollar! Ay komsomollar, hey!"
Onun gülünc hərəkəti hamının diqqətini cəlb etdi. Kimi güldü, kimisi də yeni bir şey danışacağını güman edib kiridi. Əməli katib sözə başladı.
– Təklif var! Təklif var! Mən təklif eyləyirəm ki, pişikdən soruşdular: kişidən razısan, arvaddan? Dedi: "Nə o, nə o" (əməli katib bu son sözündə pişik kimi miyoldadı). İndi toxda, mən davam kəsim, nə şiş yansın, nə kabab. Qurban demir ki, gərək qartoşka qaraulu çəkək? Demir ki, qulaqlar kartoşkanı çırpışdırırlar...
Burada ifadəsini dəyişdi, bir haşiyə çıxdı:
– Gəlin, öz aramızdır, əyri oturaq, düz danışaq. Qulaqm yadına indi kartoşka düşür? Bir dənə axmaq qulaq tapılar ki, on min manatlıq traktoru qoysun, min manatlıq camışı buraxsın, atı, öküzü, evlərdəki xəlçəni aparmasın, çirmənsin ki, nə var, nə var - gedirəm kartoşka oğurlamağa? Bunlar yerində, keçək mətləb üstünə. Hə, zad, nə deyəcəkdim? Demir ki, özəyin qərarma qartoşka da, pomidor da yazılsın? Hökumətimizin qərarında olmayanları danışmır? Prot gedir? Yaxşısı budur, gəlin qoyaq səsə. Əvvəlinci təklif heyətinkidir. Sədr ilə katibin hərəsinin iki səsi var. Kim istəyir ki...
Abbas onun sözünü kəsdi...
Bayır bərk qaranlıqdı, sakitlikdi. Dumandan sonra başlayan xəfif payız yağışı kəsilmək üzrə idi. Göyün bir yerinə sanki top dəyib sökülmüşdü, ulduzlar görükürdü. Yarpaqlarda birikmiş damlalar ağırlaşıb, yerə düşdükcə, "şib-şib" səsi gəlirdi. Bütün kənd yatmışdı. Yalnız qoşa kəhrizin böyründən gələn araba yolu ilə bir avtomobil sürətlə axıb gəlirdi. O, böyük, dəyirmi və işıqlı gözlərilə yollara şüa səpərək irəliləyirdi.
Bir qaraltı yarasa kimi işıqdan yayındı. Sürüşüb qaranlığa qovuşdu. Qəşəng şübhələndi. Maşını dayandırıb düşdü. Qaraltı sürüşə-sürüşə qaçırdı. Şofer maşını döndərdi, qaraltını işığa saldı. Qaraltı - dalında ağır bir meşok aparan gödək bir adam idi.
– Tərpənmə!
Qəşəngin zəhmi, qaraltını çoxdan almışdı. O, meşoku buraxıb, darvazam açdı. Tappıltı ilə həyətə düşəndə bir qadın "vay, nənə" deyə qışqırdı. İtlər hürüşdü. Gödək adam özünü itirdi. Qəşəng macal vermədən onu yaxaladı, adamlar tökülüşdü, qorxan arvadın oğlu kibrit yandırıb, gödək adamın üzünə baxdı.
– Tfu sənə, həyasız tülkü! - deyə bir sillə şartıldatdı. Qəşəng ona acıqlandı. Gödək adamı kartoşka ilə bərabər maşına basdı.
Arvadın oğlu məsələni anlamışdı:
– Yoldaş Qəşəng, bunlar anbarı dağıdırlar. Mən bilirəm, kartoşka anbarına gedib bu saat yoxlasan, lap yaxşı olar.
O pencəyini geydi, gödəkçəni çiyninə salıb Qəşəngə qoşuldu.
Onlar gəlib anbara çatanda hələ iclas qurtarmamışdı. Qəşəng soruşdu:
– Bura nədir? Nə hay-küydür?
– Anbarın üstü klubdur. Komsomollar burada olurlar. Yəqin iclasdır.
Anbarı yoxladılar. Açılmışdı. Qapıda bir qaloş tayı, içəridə isə üç meşok, bir səngər lapatkası tapdılar. Kartoşkalar doğram-doğram idi. Qəşəng oğlanı yola saldı, özü iclasa girdi.
Hamıda bir dəyişiklik əmələ gəldi. Komsomollar özlərini yığışdırdılar. Mehdiqulu son dərəcə sevindi. "Nə yerində gəlib, fələk! Rayonda birinci özəkdir ki, gecə saat on ikiyə qədər iclas eləyib, belə iş görür. Hələ yoldaş Qəşəng bizim qərarımızı görsə, gözü bərələr. Rayon komitetinə əlli maddəlik bir raport da hazırlasaq, bəsimizdir".
Bu fikir ilə o, Qəşəngə yanaşdı:
– Danışıq el malı barəsində gedir. Yoldaşlar yaman aktiv olublar. Çox iti gedirik. Qərarımızı istəyirsən, bir oxuyaq.
Qəşəng etiraz etmədi.
Mehdiqulu "sss" deyib, diqqəti topladı.
– Yoldaşlar, iclasımızın qərarını oxuyuruq. Yoldaş Həsənova da qulaq asacaq. Söz verilir yoldaş əməli katibə.
Qəşəngin gəlməsindən Mehdiqulu nə qədər sevinmişdisə, əməli katib bir o qədər kədərlənmişdi. Nədənsə, başını aşağı sallamışdı. Şapqanın kölgəliyini gözünün üstünə basıb, qısılmışdı. Sanki stula yapışmaq istəyirdi.
Mehdiqulu sözü ona verəndə işin üstü açılmağından çox qorxurdu. Bir istədi, "ağır xörək yemişəm, sancılanmışam" deyə yaxasını qurtarsın, bir də özünə toxtaqlıq verdi: "Dörd il keçir, əşi, nə tanıyacaq...".
Qalxdı, qiraət ilə qərarı oxudu...
Mehdiqulu Qəşəngdən göz-göz eləyib, əməli katibi bizləyir, qulağına pıçıldayırdı:
– Axırında - "yaşasın Qəşəng, de!" Yaşasın, əbizətni ha!
Əməli katib belə şeylərə ayıq idi. O saat anladı. Son sözlərində gözlərini kağızdan ayıraraq, dəyirmançı kimi ucadan qışqırdı:
– Yaşasın gənc rəhbərimiz Qəşəng, sayəsi başımızdan əskik olmasın!
Şarphaşarp əl çalındı. Mehdiqulunun gözü bir az da işıqlandı. Gülə-gülə Qəşəngin üzünə baxdı. Sözü Qəşəngə verəndə Mehdiqulu sədrlik stolunda möhkəm və arxayın oturdu. "Belə bir fədakarlıqdan, belə bir qərardan sonra da fikir çəkəcəyəm? Bəs haçan fikir çəkməyəcəyəm?" Birdən diksindi, damağına salmaq üçün hazırladığı papiros əlindən düşdü. Kürəyini stulun söykənəcəyindən götürüb, ağzını açdı, gözünü Qəşəngin ağzına zillədi. Yanılmırdı. Qəşəngdən gözləmədiyi şeylər eşidirdi.
– Yaxşı qərardır. Özək katibinə can köynəyi tikməyə yarar. Qoy katibi isti saxlasın ki, canına yel keçməsin. Komsomollar da pis deyil. Gecə səhərə qədər el malı haqqında zərbəli surətdə çənə döyüblər ki, el malını oğurlayanlar arxayın işləsinlər...
Qəşəng özünü saxlaya bilmədi. Əlindəki qərarı ovcunda əzib yerə çırpdı.
Mehdiquludan qeyri-iradi bir "hiy!" səsi çıxdı.
O çox təəccüb edirdi ki, səhv harasındadın "Bu zəhrimarı oxumuşam, nöqtəsinə kimi nəzər yetirmişəm axı..."
Qəşəng sözünü belə bitirdi:
– İndi bildim ki, Çirdəxanda bizim komsomollarımız çox pis işləyirmiş! Vətəndaş əməli katib, yox, səsiniz bitdili imamındakı kimi yaralı çıxmır, yox! Sizin lənət oxumaqdakı fəsahətiniz, qiraətiniz, bəlağətiniz hara, bugünkü hara! Görünür, imam lütfünü sizdən əsirgəmişdir. Yox, biz sənin imamdan ayrılmağına razı ola bilmərik.
Hamını heyrət basmışdı. Üstlərinə su ələnmiş kimi, məyus, dinməz dururdular. Yalnız Qurban, Abbas və Şirzad kimi ayıq üzvlər, Mehdiqulunun bəyənmədiyi, "intriqant" adlandırdığı üzvlər sevinir, həqiqətin açılmağından fərəhlənirdilər.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-kartoska-meselesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yırtılmış meşokdan taxılmı tökülür, qar üstündə ip sürünür, ya fırfıra səsidirmi?Xışıltını yaxşı seçə bilmədim. Dayanıb dinlədim, deyəsən, heç bir şey yoxdur. Sanki, bayaqdan bəri məni məşğul edən səs, quru bir vahimə imiş.
Axşam səfəriIÜç yoldaş idik, düşmən arxasına kəşfiyyata getmişdik. Hava çox bürkü, göy tutqun idi. Ağaclar altında özümüzü otlar, yarpaqlarla örtərək, ehtiyatla yeriyir, düşmən qüvvələri haqqında bir şey bilmək istəyirdik. Qaranlıqda xeyli getdik. Deyəsən, yol kənarı idi. Motor səsi eşitdik. Ardınca təkər səsləndi, təkər dayandı, yenə motor səsləndi. Sonra sanki, külək dağıdan və ancaq qırıq-qırıq eşidilən danışıq səsi... yenə motor, yenə təkər səsləri, yenə danışıq...
Xəbər ətərsizYarım saatdan artıq idi ki, Səkinə hərbi komissarın qapısında növbə gözləyirdi. Darıxır, tələsir, intizar çəkirdi. Ancaq qapı açılanda, üzlü adamlar növbəsiz irəli yeriyəndə Səkinə daha da geri çəkilir, sanki komissarın gözünə görünməməyə çalışırdı. Ehtimal ki, gözləyənlər hamısı güzəştə gedib, onu qabağa salsaydılar, Səkinə yenə içəri getməzdi. Çünki komissara deyəcəklərini hələ də ölçüb-biçməmiş, hələ də şikayətinə müəyyən ifadə verməmişdi. Şikayətçilərdə belə ehtiyat, çox vaxt sözün azlığından, yaxud mətləbin yüngüllüyündən olur. Səkinənin isə deməyə bir kitab sözü var idi. Ancaq haradan başlamağı, harada dayanmağı aydın etməmişdi. Düşünür, düşündükcə düşünürdü. Ona elə gəlirdi ki, sevgilisinin - 8 aydan bəri ayrıldığı, üç aydan bəri kağız almadığı Fətullanın taleyi, qucağında mışıl-mışıl yatan, dünyanın əzab və iztirablarından xəbərsiz olan körpəsinin taleyi, yenicə birləşib qurduqları, məhəbbətlə qızdırdıqları, səadətlə işıq verdikləri, ümidlə parlatdıqları ailənin, cavan xanimanın taleyi bu gündən, komissarın bu cavabından asılıdır.Birdən qapı taybatay açıldı. Sanki adamları qucaqlamaq üçün qollarını yana açmış komissar çıxdı, əllərini qapıya çataqlayıb, şikayətçiləri süzdü. Duruşundan aydın idi ki, komissar yorulmuşdur, ancaq şikayətçilərin hamısını qəbul etməmiş getmək istəmir. Onun gözü uşaqlı qadına, kənarda dayanan Səkinəyə düşən kimi çağırdı:
MuştuluqBir ay olar ki, Əşrəf burada, şəhərdən bir az kənarda düşərgədədir. Birinci dəfədir ki, anası ona icazə verib, yola salmışdır. Birinci dəfədir ki, Əşrəf öz evlərində yatmır.Bura "El bağı" deyilən gözəl bir yerdir. Ağaclar baş-başa verib, hər tərəfə ətir səpilib, arxlarda sular pıçıldaşır, ağaclarda quşlar səslənir. Günəş - göylər sultanı güclü günəş sanki, aşağı enib, lap yaxına gəlmişdir. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər.
Başqa şairlərin şeirləri
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,