Kəndin geniş, sərbəst mühiti, azad, əngin-zəngin təbiəti, şimşək çaxması, çayların şaqqıltı ilə axması, quşların cəh-cəhi bir aləm, şəhərin izdihamlı həyatı, asfaltlı küçələri, bir-birini çağıran maşın səsi başqa bir aləm!

Kənddən ilk dəfə gətirilən "uşaqlar" bir müddət burada qəriblik, biganəlik duyub heyrətlə ətrafa baxınır, ora-bura boylanır, uca daş hasarları aşmağa qol-qanad atırlar...

Mərhum Ağamirzə Əhmədovun nə səy və zəhmətlə gətirdiyi bu "uşaqlar" ilk illərdə çətinlik, sıxıntı, alışmadıqları sudan, torpaqdan korluq çəkdilər, amma sonra təzə yerə alışdılar.

Sərin Şollar suyunu dadandan, qızmar Bakı günəşinin kəsərli şüalarını əməndən, daş-divara qol-qanad atıb yüksəklərə dırmaşandan sonra özlərinə yer elədilər.

Şəhərin elə sıx küçəsi, abad məhləsi yoxdur ki, orada bu "kənd uşaqlarını" gümrah görməyəsən.

Bilmirəm, sizin yolunuz Neftçilər prospektinə, gəmi vağzalına düşüb, ya yox. Vağzalın balkonu, qapı-pəncərələri yamyaşıl meynə yarpağı ilə örtülmüşdür. May, iyun ayları belədir. Avqust, sentyabr aylarında isə başınızı qaldırıb çardağa baxsanız, səmanı görə bilməzsiniz, pəncəsini geniş açmış meynə yarpaqları arasında parlaq kəhrəba boyunbağı kimi döş-döşə yatan kişmiş salxımları sizi valeh edəcəkdir. Gurultulu şəhərdə, sənaye tikintisində, addımbaşı izdiham, cərəyan, məftil keçən bu yerlərdə pudlarla üzüm salxımları olarmış!

Qaralı-ağlı bu əlvan salxımlara tamahı düşməyən adam olmur. Ancaq bu yaraşıqlı, səliqəli tamaşa çardağa bir dənə də haram əl uzanmır. Mavi Xəzərin sahilində qonaqların zövqünü, marağını oxşayan, ləyaqətlə oxşayan bu mənzərəyə toxunmaq günahdır, qəbahətdir.

Belə yerlərdə əlvan sərgilər düzəldir, vətənin nemətlərini yorulmadan nümayiş etdirirlər. Şərqdən, Qərbdən Bakıya gələn xarici qonaqların çoxu neftə baxır, balıq ovu, kürü bərniləri, təyyarə benzini, maşın yağları ilə maraqlanırlar. Təbiət, səbziyyat, meyvə, üzüm, əncirdən söz düşəndə arxaya dönür, Təbrizi, Səmərqəndi, Şirazı arzulayırlar. Bakı sahillərində, həm də böyük bir vağzalın bina boyu çardağında məskən salan kişmiş salxımlarının qoyun-quzu kimi baş-başa yatdıqlarını, elektrik işığında kəhrəba kimi bərq vurduqlarını görəndə tamaşadan doymur, bəhriyyələrin üzünə sual nəzərləri ilə baxıb gülümsəyir, gülümsəyib baxırlar:

– Cənablar, nə gözəl mənzərə!

Bəhriyyəlilər üçün bu suallar gözlənilməz deyil, təbii və xoşdur. Onlar əl atıb kişmiş salxımlarından bir neçəsini üzür, boşqabda qonağa təqdim edib, danışırlar:

– Cənab səyyah, bu meyvələri özümüz becərib-bəsləyirik. Bakı şanısı dünyada adınandır. Qızmar günəş altında, dəniz havasında bəslənən bu üzümün giləsinə diş vurdunmu, şaqqıldayıb şirəsini qana buraxır. Bu üzümün müalicə qüdrətinə bütün həkimlər bələddir. Bir xasiyyəti də var ki, onu kənara aparmaq, əmtəəyə çevirmək olmur. Vətən məhsuludur, vətəndaşların özünündür, öz neməti, öz qismətidir.

– Bunu haçan yığırlar?

– Payızın ilk ayında.

– Sifariş vermək olarmı?

– Bu üzüm satılmır, əziz qonaqlarımız isə buradaca yeyə bilərlər.

Bizim qocaman dənizçi üzünü pəncərəyə tutub səslədi:

– Zeynal əmi, Zeynal əmi!

İçəridən səs gəldi.

Bəhriyyəli xahiş elədi:

– Zeynal əmi, qonaqlar sizin üzümlərə baxırlar. Zəhmət çəkin, sorğularına cavab verin.

Zeynal əmi dənizçi libasında, səliqə ilə geyinmiş, yaxası düyməli, paqonlu pencəkdə görünür, irəli çıxıb qonaqlarla görüşür, boya-boy platformanı örtən meynənin hər budağındakı salxımlara iftixar hissilə baxır, əməyinin bəhrəsini görüb sevinən səxavətli bağbanlar kimi turistlərin qabağına düşüb izah edirdi. Yalnız dəniz vağzalının, tikintinin, gəmilərin yox, həm də diqqət, qayğı, zövq, səliqə ilə becərilmiş gümrah meynələrin, bərəkətli üzüm bəhərinin keçmişindən, indisindən, gələcəyindən danışır, danışdıqca fərəhlənib vəcdə gəlirdi:

– Biz, – deyirdi, – dənizçi olsaq da, Bakı mühitində, bağlarında böyümüşük. Bu torpağın şanı üzümünə, sabahi əncirinə, bidanə tutuna səyyahlar, həkimlər, loğmanlar əhsən deyib.

Bakı meyvəsinin şirəsi dərmandır, müalicədir. Bakı günəşi, iyul, avqustun otuz beş-qırx dərəcədə torpağa şaquli tökülən şüaları bu meyvələri təbii-ilahi laboratoriyalarda qüdrət əlləri ilə hazırlayıb budaqlara verir.

Buranın tutunda, üzümündə, əncirində böyük hikmət var! Ayrı bir hikmət var, bəli!

İndi bizim sovet biologiya alimləri bu hikməti öyrənməyə başlamışlar. Abşeron sahillərində bağların, yaylaqların, istirahət evlərinin, sanatoriyaların, uşaq düşərgələrinin, müalicəxanaların sayını qat-qat artırmaq, hər kənddə meyvə bolluğu yaratmaq üçün bütün tədbirləri görməyə, hər qarış torpağın insanlara xidmətini təminə diqqət yetirməyə başlamışlar.

Sovet hökuməti havanın, suyun, günəşin bütün potensial qüvvələrinin insana xidmətə cəlb edilməsinə hər şəraiti yaratmışdır.

Yer üzündə yeni aləm, kommunizm həyatı quran insanın qüdrət əlində bu mümkündür, özü də lap tez. İçərisində olduğumuz beşillikdə mümkündür.

Bizim əlimizdəki maddi-texniki əsas, bəşəriyyətin xidmətinə səfərbər olan elm, müsəlləh məhsuldar əmək buna qadirdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Yamanlığa yaxşılıq

Ön cəbhədə, Kerç rayonunda yaralanıb xəstəxanaya düşmüşdüm. 72 günlük müalicədən sonra təzəcə həyata, gün işığına çıxmışdım ki, Mərkəzi Komitəyə çağırdılar. Respublikanın ən böyük institutlarında birinə rəhbər işə təyin etdilər.Mən əvvəldən də ali məktəbdə, alimlər arasında işləmişdim, bu mühitə bələd idim. Burada çalışmaq da ürəyimdən idi. Amma indi, müharibə şəraitində, ölkənin bu ağır vəziyyətində ali məktəbin özü cəbhənin bir qanadı, məktəb işçiləri də döyüşən ordunun sıra nəfərləri kimi idilər.

19659 dəq
Mənim utancaq tələbəm

– Əmikişiyevin məsələsinə baxmaq istəyirik, – dedi, – zəhmət olmasa, siz də iştirak eləyəsiniz.Partkom katibi xahiş ədası ilə mənim üzümə baxdı, cavab gözlədi. Hər bir institutda cari ictimai işlərdən başqa, tələbənin təqaüd, mükafat, məzuniyyət, dərsə davam məsələsi təşkilatı çox məşğul edir. Həftə olmur ki, belə müzakirələrə vaxt sərf edilməsin.

19655 dəq
Qanadlı qızlar

Dünən bir ziyalı yoldaşım ilə heç nə üstündə qızğın deyinm əli, hətta əsəbiləşməli olmuşam.– Qardaş, – deyir, qıza-qız deyiblər, oğlana-oğlan! Mən heç vaxt razı olmaram ki, qız uşağı qollarını çirməyib maşın, əkin, tikin işinə gedə, sabah da qolu-qıçı şikəst qayıda.

19658 dəq
Ad günü

Deyirlər, nəvə şirin olur. Mən inanmazdım. İndi görürəm ki, bu sözdə bir həqiqət var. Nəvə ilə oturub-durmaq cavanlıq günlərini xatırladır. Güman edirsən ki, o, balanın balası yox, öz balandır. Günlər də pardaxlanan gəlinlik günlərindir. Canına həvəs, gözünə işıq, dizinə taqət gəlir.Mənim iki nəvəm var, bir-birindən dəcəl.

19663 dəq

Başqa şairlərin şeirləri