Yamanlığa yaxşılıq
Ön cəbhədə, Kerç rayonunda yaralanıb xəstəxanaya düşmüşdüm. 72 günlük müalicədən sonra təzəcə həyata, gün işığına çıxmışdım ki, Mərkəzi Komitəyə çağırdılar. Respublikanın ən böyük institutlarında birinə rəhbər işə təyin etdilər.
Mən əvvəldən də ali məktəbdə, alimlər arasında işləmişdim, bu mühitə bələd idim. Burada çalışmaq da ürəyimdən idi. Amma indi, müharibə şəraitində, ölkənin bu ağır vəziyyətində ali məktəbin özü cəbhənin bir qanadı, məktəb işçiləri də döyüşən ordunun sıra nəfərləri kimi idilər.
Adətən, məktəb rəhbərliyi dərs ilə, proqram, dərslik, mühazirə, lektoriya ilə məşğul olar. Amma indi bizim iş üsulumuz tamam dəyişmişdi. Partiyanın məşhur, müqəddəs bir şüarı hər yerdə olduğu kimi, ali məktəbdə də hamının – tələbənin, müəllimin, laborantın, professorun da iş proqramı olmuşdu:
"Hər şey cəbhə üçün, hər şey qələbəmiz üçün!"
Düşmən göydən bomba tökdüyü bir zamanda daha sinif jurnalını diqqətlə oxumaq, tələbə konspektlərini yoxlamaq, dəftərlərdə nöqtə, vergül saymaq vaxtı deyildi. Gün olmurdu ki, bizim institut səngər qazmağa, təyyarə hücumu saatlarında damlarda növbə çəkməyə, atəş xəttindən arxaya köçüb gələnləri qarşılamağa, qospitallarda, ev idarələrində, vağzallar, vaqonlar, aeroportlar, təyyarələr və tərsanələrdə siyasi iş aparmağa getməsin. Axşamlar isə bütün müəllimlər xalq ordusu sıralarına hazırlıq üçün hərbi təlim keçirdilər.
Küçədə köhnə dostlarımdan biri mənə rast gəldi:
– A filankəs, kefin necədir? İnstitutda nə var, nə yox?
– Kefimiz elə səninki kimidir. İnstitutda da ki, son üç ay ərzində neçə müəllim dəfn etmişik, hesabını bundan götür.
Dostum başını aşağı salıb sükut elədi.
Ərzaq çətinliyi elə bir dərəcəyə gəlib çatmışdı ki, çörək kitabçasını itirmək faciəli bir hadisə idi. İşləyənlər beş yüz, işləməyənlər isə üç yüz qram norma çörəyi alırdılar. Alan kimi də çay ilə yeyib qurtarır, səbirsizliklə sabahkı normanı gözləməli olurdular.
Belə dəhşətli günlərdən birində səhər institut rektoruna rast gəldim, salamlaşdıq və əhval soruşdum:
– Şad xəbər var, – dedi, – şokolad yeyəcəyik!
Bunu dedi, Müdafiə Komitəsinin yeni tapşırığını mənə danışdı. Elmi işçilər üçün əlavə ərzaq norması təyin olunmaq barəsində xüsusi qərar verilmişdi. Bu qərar haqqında xəbər ziyalılar arasında böyük və təbii sevincə səbəb olmuşdu. Bizi cəbhəçilər kimi təchiz etmək qərara alınmışdı. Ali məktəb işçilərini Mərkəzi Komitəyə yığıb ciddi tapşırıq verdilər:
"Ölkənin bu ağır vaxtında partiyanın qayğısı həqiqi alimlər, xalq və Vətən xadimləri üçündür. Diqqətli olun, adamların sənədlərini bir-bir yoxlayın. Bu qərardan təsadüfi adamların faydalanmasına yol verməyin. Bir nəfər də ləyaqətsiz adam bu böyük imtiyazdan istifadəyə yol tapmamalıdır. Alimlərin fərdi siyahıları, institut rəhbərlərinin şəxsi məsuliyyəti altında təqdim edilməlidir: professor, dosent, assistent rəsmi sənədlər əsasında yoxlanıb siyahıya salınmalıdır. Siz bu işdə kommunist kimi, partiya bileti ilə məsuliyyət daşıyırsınız..."
Elm adamları və ailələri üçün həddən artıq fərəhli olan bu hadisə məndə sevinc ilə yanaşı, böyük bir təlaş da doğurmuşdu. Təyin olunan limitin bölgüsündə zərrə qədər buraxılan səhv bəzi adamları, xüsusən, mənim kimi idarə rəhbərlərini hərbi tribunala apara bilərdi.
Həmin axşam işçilərin şəxsi işlərini qaldırıb bir-bir yoxlamalı, siyahı tutmalı olduq. İnstitut işçilərini-professorundan tutmuş laborantma qədər, az-çox tanıyırdıq. Partiya komitəsi katibi Alışan cavan olsa da, mən bu idarənin lap yarandığı gündən işləyirdim. Bəziləri mənim müəllimim, bir çoxları isə tələbəm olmuşdu.
Ancaq o günlərin iş üsulunda, xüsusən, bəzi idarə rəhbərlərində belə bir vərdiş var idi ki, canlı adamdan çox sənədlərə, anket, vəsiqə, diplom və xasiyyətnaməyə daha çox diqqət yetirir, məna verirdilər.
"Filankəs necə adamdır?"
Bu adi, təbii suala bəziləri belə cavab verirdi:
"Anketini yoxlayıb deyərəm!"
Həyatda, aşkarda yaxşı tanıdığın, hörmət qoyduğun adama, anket məlumatından sonra münasibətini dəyişməli olurdun. Sənəd, vəsiqə fetişizmi o yerə çatmışdı ki, canlı adamın sözü, işi, hərəkəti yox, kağızları əsas götürülürdü... Buna görə də bəzi idarələrdə, dəmir sandıqların, açar-qıfıllı, qaşqabaqlı dəftərdarların, kargüzarların, katiblərin, xüsusi şöbə işçilərinin sayı və hörməti gündən-günə artırdı.
Bu şəraitdə biz yüzlərlə toz basmış qovluqları, saralmış anketləri qabağımıza töküb, ərzaq limitlərinə ləyaqətli adamların siyahısını tərtib edirdik.
Professor Şəkibəylinin şəxsi işinə baxanda partkom katibi Alışanı heyrət götürdü:
– Bəs bu kişinin sənədləri hanı? Burada quru tərcümeyi-haldan, bir də təyinat əmrindən başqa heç nə yoxdur!
– Necə yoxdur?
– H eç nə yoxdur!
– Olmamış olmaz!
– Bəlkə qarışığa düşüb?
Kargüzarı, katibəni çağırdıq. Heç nə tapılmadı. Professorun özündən soruşduq:
– Məndə, – dedi, – heç bir vəsiqə yoxdur. Voronejdən qayıdanda bircə öz kitablarımı götürmüşəm, sənəd dalınca düşməmişəm!
Alışan təəccüblə mənim üzümə baxıb soruşdu:
– Nə diplomu, nə xasiyyətnaməsi, nə staj kağızı olan bir adamı biz belə məsul siyahıya necə salaq, sala bilərikmi?
– Şəkibəylini mən yaxşı tanıyıram, on beş ildən çoxdur burada işləyir, özü də görkəmli mütəxəssisdir!
– Yoldaş rektor, bu sözlər yaxşı sözlərdir, ancaq sənəd lazımdır.
– Şəxsən tanıdığımız adamı gərək saxlayaq da!
Alışan başı ilə rədd işarəsi verdi, məni sayıq salmağa çalışdı. İfadəsinə bir az da istehza ahəngi verdi:
– Mən istəmirəm ki, bir tanışlıq ucundan partiya biletimizi itirək. Görkəmli mütəxəssis! Görkəmli ona deyərlər ki, əlində, ya cibində daşdan keçən kağızı olsun. Yoldaş rektor, mən belə risqə gedən deyiləm, sizi bilmirəm. Şəkibəyliyə hər nə qədər hörmətim olsa da, rəsmi kağız, vəsiqə gətirməyincə mən onun haqqında heç bir şey deyə bilməyəcəyəm.
– Əşi, qocaman professorumuzdur, onu aləm tanıyır.
– Y old aş rektor, tanımağıma, quruca tanışlığa indi bir qəpik verməzlər! Sənəd olmayandan sonra lap hamı tanısın, kim gəlib şahid duracaq? Mən bu tanışları ki, işə tikməyəcəm. Sənəd lazımdır! Möhürlü, ştamplı, imzalı sənəd lazımdır! Bizdən sənəd istəyirlər, məsul bir yerdə iki saat leksiya oxuyub tapşırıq verdilər.
Alışan bunları dedi, Şəkibəylinin adı üstündən yavaşca qələm çəkib ötdü.
– Y ox, qardaş, mənim tribunala düşməyə taqətim yoxdur!
Bu yerdə daha mənim xahişim faydasız idi. Professorun şəxsi vərəqəsini alıb kağız-kuğazını bir də vərəqlədim, sanki bu saralmış vərəqlər içərisində sədaqət, xidmət, məhəbbət axtarırdım. Özüm də görürdüm ki, sənəd, əyani dəlil, sübut olmayan yerdə bu sözlərin məzmunu yoxdur, əfvayıdır. Möhür, imza, rəsmiyyət lazımdır!
– Sən deyirsən, dağ boyda kişini kənara qoyaq?
– B iz qoymuruq, özünün işləri qoyur. Biz ona vəsiqə düzəldə bilmərik ki!?
– C am aat bizə nə deyər?
– C am aat deyər, həmin bu boş qovluğu gətirib göstərərik: şəxsi işi bu halda olan adamı, ali məktəb nədir, heç su butkasına da yaxın qoymazlar.
– O kişi məhşur adamdır, axı.
– Bizə məşhurluq lazım deyil, yoldaş rektor. Bizə sənəd lazımdır. Möhürlü sənəd! Vəsiqə! Bunlar olmayandan sonra professorun bir qəpik qiyməti yoxdur!
Alışanın qəti hökm kimi dediyi sözlər məni düşünməyə məcbur eləmişdi. Bilmirdim nə çarə qılım.
Verilən tapşırığa görə, Alışan doğru hərəkət eləyirdi. Şəkibəylinin taleyini düşünəndə isə məni dəhşət götürürdü; necə ola bilər ki, həqiqi alimlər üçün hökümətin verdiyi imtiyazı ona-buna paylayasan, böyük bir mütəxəssisi kənara qoyasan?
Alışanın sözünə daha cavabım yox idi. Şəkibəylinin özündən də bir kömək gözləməli deyildi. Yəqin onun özü də bilmir ki, biz necə çətinlik qarşısında dayanmışıq; onun rahat güzəranı, ərzaqdan təmin olunması üçün çarə axtarırıq. Xeyli düşünəndən sonra partkom katibinə müraciət elədim:
– Alışan, gəlsənə bir məsləhət eləyək?
– N ə məsləhət?
– Yuxarıya, Ali Məktəb Nazirliyinə yazaq?
– Nazirlik bizə təlimat göndərib, orada hər şey aydındır!
– Yox, şəxsən bu kişinin işini, vəziyyətini yazıb soruşaq, görək belə təsadüflərdə necə hərəkət etmək olar? Hər qanunda bir müstəsnalıq olur, axı!
Alışan əlindəki kağızları yerə qoydu. Qabağındakı papkanı bükdü, şəhadət barmağını gicgahına söykəyib gözünü mənə zillədi.
Güman edirdik ki, düşünür, daşınır, yəqin vacib söz deyəcək. Amma xeyli sükut ilə dayanıb baxdı, heç nə demədi.
Mən bir də soruşdum:
– Pis olmaz, gəlin məsləhət eləyək!
Partkom katibi sanki çıxış yolu tapıldığına sevinərək, birdən dik ayağa qalxdı:
– N ə deyirəm, yaxşı fikirdir, yazaq soruşaq. Soruşaq, görək onlar nə deyirlər.
Alışanın yumşaldığına sevinsəm də, başqa bir mətləb mənim yadıma düşdü. Elə bir mətləb ki, daha onu nə partkoma, nə də başqa bir adama bildirmək olardı.
İndi məni daha çox düşündürən də bu mətləb idi:
– İşin birindən qurtarıb, o birisinə, daha çətininə düşmüşdüm.
Məsələ belə idi.
Şəkibəyli keçmişdə Voronejdə Tibb İnstitutunda rəhbər işdə olmuşdu. Oradakı işi zamanında da bəzi mütəxəssislər ilə ixtilafı olmuş, mübahisəsi düşmüşdü. Öz əleyhdarlarından birini-professor Xudakovu işdən uzaqlaşdırmışdı. Mətbuatda da məqalə yazıb, bərk tənqid eləmişdi.
İş elə gətirmişdi ki, professor Xudakov indi ali məktəb naziri işləyirdi. Özü də Şəkibəylini lap yaxşı tanıyırdı. Yəqin ki, bu qocanın işi haqqında yoxlama xahişini görəndə intiqam hissi cuşa gələcək, bildiyini eləyəcək, bəlkə də amanını kəsəcək idi. Onun bir işarəsi ilə Şəkibəyli işdən də qovula bilərdi...
"Bəlkə heç bu söhbəti qaldırmayaq, belə bir kağızı Moskvaya, nazirliyə yazmayaq?.."
Mən qalmışdım od ilə su arasında. Bilmirdim, bu qocanın işini harada, kim ilə, necə həll eləyim. Necə həll eləyim ki, heç tərəfə xətası dəyməsin? Məsələnin həlli üçün yaxşı çıxış yolunu axtarıb tapa bilmirdim. Əlləşə-əlləşə qalmışdıq. Yəqin ki, bu saat Şəkibəyli öz kefində idi. Heç xəyalına da gətirmirdi ki, onun şəxsi işi bizi bu qədər məşğul edir...
Necə olsa, yazmaq, məsləhət eləmək yüngüllük gətirərdi. Katibəni çağırıb tapşırıq verdim, Şəkibəyli haqqında təcili rəy istədim.
Nazirliyə yazdığımızdan bilmirəm on, ya on beş giin keçmişdi ki, mənə qalın, möhürlü, surğuclu bir paket gətirdilər. Üstünə baxanda gözlərim bərəldi.
Nazirlik o zaman Moskvada deyildi, faşist bombardmanı təhlükəsi olanda Sibir şəhərlərindən birinə köçmüşdü. Yazışmamız, sual-cavabımız da həmin şəhər ilə olurdu.
Paketi açanda gözlərimə inanmadım. Əvvəl başdan institutun adına bir təşəkkürnamə gördüm:
"Sağ olun, yoldaşlar. Qocaman professor Şəkibəylinin salamat olduğunu, ünvanını bizə bildirdiyiniz üçün çox sağ olun. Sizdən çox xahiş edirik ki, ondan müğayat olasınız. Onun Vətən qarşısında, elm qarşısında xidmətləri çoxdur. Sovet dövlətinin bütün imtiyaz və qayğıları ona ana südü kimi halaldır."
Professor Xudakovun imzası ilə yazılan belə geniş, xeyir-xah bir xasiyyətnamədən sonra Şəkibəylinin diplomunu da təzələyib göndərmişdilər. Partkom katibini çağırıb nazirin məktubunu göstərdim və əlavə etdim:
– Görürsən, professor Xudakov şəxsi düşmənindən necə intiqam alır?
Alışanın çöhrəsində xoş bir təbəssüm oynadı:
– Dünya xali deyil, – dedi, – dünyada yaxşı adamlar çoxdur. Belə nəcib, alicənab adamlar vicdanlarını şəxsi ədavət hisslərinə qurban verməzlər. Böyük qəlbin imkanları da böyük olur.
Mən də sevincimi gizlətmədim:
– Şəkibəylini bu əhvalatdan agah eləmək lazımdır. Qoy o, dostunu-düşmənini yaxşı tanısın.
– Professordan əvvəl biz, institut rəhbərliyi nazirliyə təşəkkür etməliyik ki, bizim adamlar haqqında belə xoş mülahizələr yazıblar.
Elə də elədik. Şəkibəylinin şəxsi iş əhvalatı o zaman ali məktəb işçiləri arasında sevincli bir söhbətə çevrilmişdi...
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-yamanliga-yaxsiliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– İlk dəfə məni rayonumuzun Dımıs kəndində orta məktəbə müəllim təyin etdilər. İllərdən bəri arzusunda olduğum bu şərəfli və müqəddəs peşəyə alovlu bir həvəslə gedirdim.İndi mənim qəlbim bütün istəklərinə çatmış bir adamın hədsiz sevinci ilə dolmuşdu: "Deməli, mən dərs verəcəyəm. Mən də əlimə jurnal alıb sinfə girəcəyəm. Uşaqlar məni də diqqətlə eşidəcək, sözlərimi dəftərə yazıb oxuyacaqlar. Analar, atalar mənim də yanıma gəlib övladları haqqında soruşacaq, məsləhətləşəcəklər. Sovet pedaqojisinin bütün tələblərini onların hər birinə danışacağam, başa salacağam, elə edəcəyəm ki, məndən narazı getməsinlər, mənim işimə kömək etsinlər. Yox, onlar məndən razı qalacaqlar. Ancaq bir söz deyə bilərlər ki, "bu müəllim nə cavandır!" Bilirəm ki, bunu deyəcəklər. Qoy desinlər, heç eybi yoxdur!..."
Tarla mənzərələriMən rəssam olsaydım, elə həmin bu yerdə, Alıuşağı kəndinin üzüm bağları qurtaran, pambıq tarlaları başlayan yerdə dayanar, bir yuxarıya - Kəpəzə, Qoşqara gedən yollara, bir də aşağıya - qələmə, palıd, qarağacların arxasında görünən, Reməyə ətəklənən geniş düzlərə baxar və fırçamı işə salardım. Burada gözəl bir lövhəni əmək qəhrəmanlarının əlləri yaratmışdır. Deyəsən, fikrimdən keçəni "Azərbaycan" kolxozunun qocaman sədri, sovet kəndinin məşhur adamlarından biri - Allahverdi əmi hiss etmişdi:– Gedək, - dedi, - tarlada gözləyirlər.
Qızıl oktyabrÖlkəmizi xandan, bəydən qurtaran,Nurlu işıq ziyasını verən sən.
Dənizin cinayətiGörməyə gəldik səni biz uzaq ölkələrdən,Aman, ey Qara dəniz! Bu tatlı görkəmlə sən
Başqa şairlərin şeirləri
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
UrmuYurdumu bürüyüb cəlalın, Urmu,Bundan artıq nədir xəyalın, Urmu?