Bilmirəm, Şamlıcada olmuşsunuz, ya yox. Bu kənd Gəncə dağlarının səfalı guşələrindən biridir. Yazın gözü açılandan ta payız şaxtalarına qədər bura yaylaqçıların həvəslə axışdığı yer olur. Təkcə Gəncədən yox, lap uzaq yerlərdən bura köçüb gələnlərin, təkər-təkərə verən maşınların, istirahət evində, uşaq bağçalarında, pioner düşərgəsində qaynaşanların sayı-hesabı bilinmir.

Kənd iki hissədir: Çaybaşı, bir də Aşağı küçə. Çaybaşı kəndin abad, əslində mərkəz hissəsidir. Dağın döşündə, qayalıqların altında, dərənin ilk şırımında yerləşib. Sərin bulaqlar, meşə idarəsi, istirahət evi buradadır. Qayalıqlardan enib köç yolunu ötəndə, düzənliyə keçəndə böyük tikintilər əvəzinə yamaclar, cığırlar içində alçaqca damlar, tikanlı çəpərlər, ot tayaları görürsən.

Mən burada nə yaylaqçı, nə də qonaq idim. Daimi dövlət xidmətində idim. Onillik məktəbdə müəllim işləyirdim.

İki il tamama yetirdi ki, ailəmi dağa köçürmüşdüm. Məktəb həyətində ikigözlü mənzildə yaşayırdım...

Bir axşam dərsdən qayıdanda məktəbli qız Səltənəti evdə oturub məni gözləyən gördüm. Səltənət səkkizinci sinfin yaxşı şagirdlərindəndi. Əlaçılığı, rəssamlıq qabiliyyəti, ədəbi, mərifəti, zirəkliyi ilə hamının hörmətini qazanmışdı. Ancaq bizim evə ilk dəfə idi gəlirdi və yəqin ki, vacib bir iş üçün gəlmişdi. Səltənəti görəndə ürəyimə nə isə damdı. Məktəbdə söhbət gedirdi ki, Səltənəti nişanlayırlar, buna görə də bəzən dərslərə gəlmir. Evlərində həmişə qeylü-qal var.

Məlumdur ki, evlənmək cavanların həyatında mühüm, məsul, sevincli bir mərhələdir. Qızılgül yaz günəşində pardaqlanan kimi, gənclər də inkişafın bu mərhələsində qanadlanıb uçur, böyük arzular, şirin xəyallar aləmində yaşayırlar.

Səltənətin simasında isə bu əlamətləri görmək mümkün deyildi. Əksinə, görkəmindən – baxışından, duruşundan dərd və ələm yağırdı.

Evdə mənə danışdılar ki, Səltənət bizə sığınmağa gəlib. Atası onu nişanlamaq, məktəbdən ayırmaq qəsdindədir. O da evlərində bir söz deyə bilmir, müəllimindən kömək umur.

Məsələ aydın idi. Səltənəti danışdırmağa ehtiyac qalmırdı. Axşam müəllimlərdən də birini götürüb Qələndərin – qızın atasının yanına getdim.

Qələndər Qədirov dairəittifaqın rayon şöbəsində şofer işləyirdi. Qızını da öz həmkarlarından birinə vermək niyyətində idi.

Bizi görən kimi evdə təşvişə düşdülər. Ata da, ana da bir-birinə macal vermədən xeyir işdən danışmağa başladılar.

– Qələndər, – dedim, – mübarək olsun. Sənin qızının xeyir işi, elə bil, mənim öz övladımın xeyir işidir. Bu barədə sənə heç bir sözüm yoxdur. Ancaq biz sənin qapına bir elçi kimi gəlmişik.

Qələndər cavab vermədən, suallı nəzəri ilə mənim üzümə baxmaqda davam elədi:

– Necə yəni?

– Bəli, bir elçi kimi sənin qapına gəlmişik.

Qələndər güman edirdi ki, biz Səltənəti ayrı adama istəyirik. Heç bir kəsin adını çəkmədiyimizi görüb təəccüb edir, müəllim yoldaşıma arabir nəzər yetirirdi: "Bəlkə bu mənə kürəkən olmaq istəyir?" Mən atanın intizarını anlayırdım, mətləbi açdım:

– Səltənət təkcə sənin yox, mənim də qızım, övladımdır. Sən əsl atasansa, mən onun mənəvi atasıyam, onun taleyini düşünmək mənim borcumdur.

Qələndər anladı ki, "elçi" sözünü biz məcazi mənada işlədirik. Qaş-qabağı açıldı:

– Əlbət ki, əlbət ki, yoldaş müəllim, sizin boynumuzda haqqınız çoxdur.

– Səltənəti, onun qabiliyyətini, arzu və niyyətlərini, inkişaf meyillərini, bağışlayın, biz məktəb işçiləri bilən qədər siz bilə bilməzsiniz. Səltənət indi hazırca bir rəssamdır, özü də bacarıqlı rəssam! Bu yolda inkişafını davam etdirmək üçün bizdən kömək istəyir.

Mən bunu deyib cibimdən məktəbli jurnalının bir nömrəsini çıxardım. Səltənətin çəkdiyi şəkilləri Qələndərə göstərdim:

– Bizim kəndimiz Şamlıca əsrlərdir yaşayır. Haqqında danışıblar, deyiblər, amma heç bir kitabda, albomda bu kəndi görməzsən. Şamlıcanın gözəl mənzərələrini heç kəs Səltənət kimi çəkə bilməmişdir. Bu lövhələr tezliklə mərkəzi mətbuatda veriləcək.

– Çox sağ olun ki, şagirdlərə yaxşı səy edirsiniz.

– Deməli, elçilik eləməyə haqqımız var?!

Qələndər yenə dayandı, bilmədi nə cavab versin.

– Sən, – dedim, – razı olma ki, Səltənətin istedadı qapalı, təhsili yarımçıq, arzuları gözündə, əli qoltuğunda qalsın.

– Qız gedəndən sonra, yəqindir, ailə sahibi olacaq.

– Qıza gərək imkan verək məktəbi bitirsin, sonra da xoşbəxtliklə toyunu da eləsin, ailəsini də qursun.

– Qızın həsini vermişəm, müəllim.

– Səltənət nə deyir, məktəbi buraxırmı?.. Özü razı olmasa necə?

Bu sual, görünür, Qələndərə çətin gəlirdi. Əvvəlcə qulağının dibini qaşıdı, sonra:

– Qızı öz xoşuna qoysan, ay müəllim, – dedi, – ya halvaçıya gedər, ya zurnaçıya!

Mən bir dəqiqə susdum. Müəllim yoldaşım da başını tovladı.

– Qələndər yoldaş, gərək bu köhnə sözü sənin dilindən eşitməyəydik.

– Köhnə deyil, ataların misalıdır.

– Yaxşı misal deyil! Kiflənmiş fikirdir!

– T əcrü bəli kişilərin misalıdır.

– İndiki həyatımız üçün zərərli misaldır, yoldaş Qələndər!

Qələndərin rəngi və səsinin ahəngi dəyişdi:

– Siz deyirsiniz Səltənət hələ iki il də gözləsin, eləmi?

– Bunu təkcə biz demirik, Səltənət özü tələb edir.

– Səltənət qələt eləyir, qız uşağıdır. Böyükləri nə deyir, qulaq assın!

– Qələndər yoldaş, biz də sənin kimi qızımızın xoşbəxtliyini istəyirik. O, təbiətən rəssamdır, sənətkar bir gəncdir. İndi əl-qolunu bağlayıb mətbəx küncünə atsaq bədbəxt olar.

– Qız mənimdirsə, təvəqqe eləyirəm, xeyir işimizə mane olmayın, müəllim.

– Toy hər zaman mümkündür. Amma sənət yoluna düşmək hər zaman olmur, hər kəsə müyəssər olmur.

– Mənə sənətkar lazım deyil.

– Sənə yox, bizə lazımdır.

Yoldaşım əlavə etdi:

– Vətənə lazımdır!

Qələndər hirsləndi:

– Səltənətnən mən özüm danışaram, başqaları qarışmasın.

Mən də özümü saxlaya bilmədim. Səbrim tükənmiş kimi ayağa qalxdım:

– Mən başqaları deyiləm, Səltənətin müəllimiyəm! Onun sənət yoluna düşməsi mənə də, məktəbə də, dövlətə də lazımdır!

– Atası mənəm, mənə lazım deyil!

İstədim deyəm ki, "Sən yaxşı ata deyilsən!" – özümü saxladım, sözü dəyişdim:

– Səltənət özü ixtiyar sahibidir. Söz də onunkudur.

– Xahiş edirəm, siz onun saqqızını oğurlamayasınız, müəllim olanda nə olar!

Otaqda əsəbi bir şərait yarandı. Deyişmənin faydasız olduğunu bilmək çətin deyildi.

Biz vidalaşmadan evdən çıxdıq. Arxamızca Qələndər qışqırırdı:

– Xahiş edirəm, qızı saxlamayın, göndərin gəlsin evə!

Mən ancaq indi bildim ki, Qələndər qızın bizdə olmasından xəbərdardır. Yəqin ki, buna görə də bizi evində soyuq qarşılamışdı.

Axırıncı cavabımı bir qədər bərkdən dedim:

– İstəmədiyi yerə getməyəcək!

Səhərisi məni rayon İcraiyyə Komitəsinə çağırdılar.

Sədrin otağına girəndə Qələndəri orada gördüm. Maarif şöbəsi müdiri də oturmuşdu. Anladım ki, bu, Səltənətin məsələsi olacaq.

İcrakom sədri Salman əmi yaşlı, təcrübəli və bir qədər də müdrik adam idi. Üzünü maarif müdirinə tutub soruşdu:

– İlyas müəllim, hara adam göndərmək istəyirdin? Bir də de, yoldaşlar eşitsinlər.

İlyas müəllim qalxıb izahat verdi:

– Şəhərdən rəssamlıq məktəbinə iki adam istəyirlər. Maarif şöbəsində də hamımız razılaşmışıq ki, Səltənət Qələndər qızı bu işə ən ləyaqətli namizəddir. Ancaq eşidirəm atası razı deyil.

Salman əmi İlyas müəllimin sözünü kəsdi:

– Qələndər niyə razı olmasın? İxtisas məktəbi, hər xərci də dövlətdən, qız da həvəskar!..

Qələndərdən qabaq mən dilləndim:

– Deyəsən, Səltənəti ərə verməyi daha vacib bilənlər var.

Salman əmi Qələndərin üzünə baxmaqda davam edirdi. Qələndər dedi:

– Ayrı şəhərdə oxumağına evdə razı olmurlar.

– Kim razı olmur?

Qələndər dinmədi. Salman əmi cavab gözləmədən sözünə davam etdi:

– Ər qaçmır ki! Vaxtı gələndə ərə də getsin, amma bu, gərək təhsilə mane olmasın.

Maarif müdiri dedi:

– Məsələ elə odur ki, mane olur! Valideyn belə istəyir!

Salman kişi üzünü mənə tutub soruşdu:

– Ay müəllim, sən nə fikirdəsən?

– Siz mənim fikrimi ifadə elədiniz!

Qələndər pörtmüş halda sözə qarışdı:

– Bəlkə, qız getmək istəmir?

Mən cavab verdim:

– Qız təhsilə getmək üçün evdən qaçıb!

Salman əmi maarif şöbəsinə tapşırıq verdi:

– Yaxşı xasiyyətnamə-zad yazın, şəkillərindən də nümunələr göndərin. Mən o qızın parlaq gələcəyinə tamam əminəm.

Salman əmi əvvəl məni, sonra da Qələndəri təbrik edib əlimizi sıxdı:

– Ay müəllim, ləyaqətli şagird yetirdiyiniz üçün sizi təbrik edirəm. Qələndər, sən də qızın atasısan, başın daha da uca olsun ki, belə övlad böyütmüsən. Di gedin, uşağı yola salın. Mən özüm birigün şəhərdə olacağam...

Mən gözləyirdim ki, Qələndər etiraz edəcək, ya küsüb gedəcək. Amma o, nədənsə bir şey demədi, daha doğrusu, deyə bilmədi. Kəsilə-kəsilə qaldı.

Güman etmək olardı ki, Qələndər niyyətini gizli saxlayır, qıza mane olmaq üçün tədbirlər düşünürdü...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri