Olma var-dövlətə müştaq,Tamah səni edər dustaq,Nə var dünyada qalacaqGetmək üçün gəlmişik biz.

Dünya şirin, biz gözü ac,Başlardan düşdü neçə tac,Ölümə kim tapmış əlac,Getmək üçün gəlmişik biz.

Düşün, aclar, yoxsullar var,Həm ağalar, həm qullar var,Başdan-başa keçdi taclar,Getmək üçün gəlmişik biz.

Böl aclarla çörəyini,Yığıb, sıxma ürəyini,Yer gözləyir kürəyiniGetmək üçün gəlmişik biz.

Yığırsan dözüb zillətə,Nəyin varsa ver millətə.Etibar yox var-dövlətə,Getmək üçün gəlmişik biz.

Dünyaya dedilər: “Gidi”Kim qazandı, kimlər yedi?Bu yığhayığ görən nədi?Getmək üçün gəlmişik biz.

Kim ki o varı yeyəcək,Yığana “əbləh” deyəcək.Sonra goruna söyəcək,Getmək üçün gəlmişik biz.

Çörəyinə haram qatma,Gecə səksəkəli yatma,Uzun ömrünü qısaltma,Getmək üçün gəlmişik biz.

Nə yığsaq burda qalacaq,Kim bilir kimin olacaq?Bir evdə çox qalmaz qonaq,Getmək üçün gəlmişik biz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri