Ürəyimdə bir həsrətin qəmi var,Elə qəmdir, heç bir qəmə bənzəməz.Ürəyimin bir pərişan dəmi var,Elə dəmdir, heç bir dəmə bənzəməz.

Sünbülünə yanğın düşmüş zəmiyəm,Qəm selində bir qərq olan gəmiyəm,Qəm üstündə köklü kaman simiyəm,Elə simdir, heç bir simə bənzəməz.

Aman Allah! Könlümdəki nə qəmdir?Bu qəm deyil, taleyimdən sitəmdir.Xəyallarım indi mənə həmdəmdir,Heç bir həmdəm bu həmdəmə bənzəməz.

Biləmmirəm bu nə aydı, nə ildi,Göz yaşlarım kirpiyimdən süzüldü,

Əlim əldən,Elim əldən üzüldü.Bu matəmim bir matəmə bənzəməz.

Hər bir günün yaxşısı var, nəsi var,Ürəyimdə bir fəryadın səsi var.Bu fəryadın həm zili, həm pəsi var,Bəmi zilə,Zili bəmə bənzəməz.

Gah gülümsər, gözüm, gah da qan ağlar,Hey dil tutub, ürək ağlar, can ağlar,Ürəyimdə bir Qarabağ qəmi var,Vətən qəmi heç bir qəmə bənzəməz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən