İyirmi beşinci fəsil
Səhifə 3 / 4 · 50%
Bu hadisədən sonra Səriyyə, Firuzə və Fatmanın bir dəstə qadınla gah nahar zamanı, gah səhər tezdən hələ iş başlamamış xısın-xısın nə isə pıçıldaşdıqlarını görürdü. Hətta bir dəfə Firuzə ona yaxınlaşıb daxmasına getmək icazəsi istədi.
– Xala, axşam bir saat işimiz olacaq, – dedi.
Axşam, işdən sonra beş qadın Səriyyənin daxmasında qaldı. Səriyyə xala həyətdə qazanların suyunu təmizləyib, təzə su ilə doldurdu və qayıdanda onların nə isə oxuyub qurtardıqlarını, bir şeyi gizlətdiklərini gördü. Durub gedəndə Firuzə onun üzündən öpdü:
– Sağ ol, Səriyyə xala, bizə yaxşı köməyin dəydi.
İkinci günü Firuzə səhər hamıdan tez işə gəlmişdi. O, qoltuğuna vurduğu nimdaş bir kilimi Səriyyə xalaya verdi.
– Yerə sal, otaq çox nəmdir, onsuz da öskürəyin kəsilmir.
Səriyyə xalanın qanlı öskürəyi, doğrudan da, getdikcə artırdı. İki gün sonra yenə işin axırında Firuzəgil onun daxmasına gəlib söhbət edirkən, o qazanların suyunu dəyişirdi. Bu gün səhərdən tez-tez təkrar olunan öskürək axşama doğru daha da şiddətlənmişdi. Arvad birtəhər otura-otura qazanların suyunu dəyişə bildi. Canı od içində özünü daxmaya saldı. Firuzəgil də qalxaraq getmək istəyirdilər. Qız onu pis halda görüb uzandırdı, yoldaşlarına:
– Siz gedin, mən Səriyyə xalanın yanında qalaram, – dedi.
Səriyyə xala bir ana məhəbbəti ilə onun xurmayı saçlarından, ala gözlərindən öpdü:
– Sağ ol, bala, yorulmusan, evinə get.
Qız onun təkid etdiyini görüb, bir qədər sonra gedəcəyini vəd etdi və:
– Heç bir adamın yoxdurmu, Səriyyə xala? – deyə soruşdu:
Səriyyə xala, lal və kədər dolu gözlərini ona dikdi, öz həyatını nağıl etdi:
– Gülnaz səndən iki-üç yaş kiçik olar, – dedi. Bilmirəm yazığın başına nə gəldi.
O, sözünü qurtarıb susdu. Firuzə yaşarmış gözlərini sildi:
– Bir Gülnaz deyil, bir sən deyilsən, xala. İranın bütün zəhmətkeş qadınlarının halı belədir, – dedi və fikirli-fikirli əlavə etdi:
– Yaşıma baxma, xala, elə bilirsən ki, mənim başım az müsibət çəkib? Ölümün ağzından qurtarmışam.
O öz həyatını Səriyyəyə nağıl etdi, Rəştdə doğulduğunu, yeddi yaşında olarkən atasının onları götürərək iş tapmaq məqsədilə Ehvaza, Cənub neft mədənlərinə gəlib çıxdığını danışdı.
– On beş yaşım olanda, atam cənubun istisinə dözməyib titrətməqızdırmadan vəfat etdi. Biz küçələrdə qaldıq. Anamın yaxşı əli vardı, hər şey toxuyardı. Sürünə-sürünə Kirmanşaha gəldik. Orada xalça karxanasına girdi. Bu Fatma xanıma da elə orada rast gəlmişəm. Bir dəfə karxanada iplik anbarına yanğın düşdü. Anam yandı. O zaman mən də güclə ölümdən qurtardım. Ondan sonra Kirmanda qala bilmədim. Fatma ilə bir-birimizə qoşulub, Tehrana gəldik. O yazığın da heç kəsi yoxdur. Tək-tənhadır. İndi də ki, günümüzü görürsən. İkimiz hər ay səkkiz tümən kirayəsilə beləcə bir otaqda oluruq:
Səriyyə xala öz dərdini unudub, ona təsəlli verdi:
– Eybi yoxdur, qızım, hələ cavansan, inşallah yaxşı gün görərsən.
Firuzə durub gedərkən:
– Deyirsən ki, arvadın adı Səadət xanımdır, hə? Soraqlaşaram! – dedi. Bəlkə, yerini tapdım.
– Qızım, elə bir iş görsən, qiyamətə qədər yaxşılığın yadımdan çıxmaz.
Firuzə onu huşa verib getdi.
Lakin Səriyyə bir daha qalxmadı. Mütəmadiyən canından çıxmayan istilik onu tamamilə yatağa saldı. Firuzə, qarayağız Fatma və başqa qadınlar tez-tez ona baş çəkir, hərəsi əlində bir parça şey gətirib, yastığının yanına qoyurdu. O, işə çıxa bilməsə də, səhərlər tezdən oyanır, qadınların həyətə gəlməsini, toxucu dəzgahlarının çarx-çürxunu diqqətlə dinləyir və bu səslərdə bir təskinlik tapırdı.
Yatağa düşdüyünün altıncı günü nahar zamanı Firuzə qeyri-adi bir kədərlə onun yanına gəldi.
– Səriyyə xala, – dedi, – işimiz xarabdır, ərbab sabahdan kaxananı bağlayır, deyir ki, çoxlu vergi gəlib, dolandıra bilmirəm. İşinin sabahına da arxayın deyil, deyir ruslarla dava olacaq, hamımızı tökür çölə. Bu xəbər işsizliyi, küçələrdə ac gəzdiyi günləri onun yadına saldı. Bir vahimə ilə dirsəklənib qalxdı:
– Bəs nə edəcəksiniz, qızım?.. Yenə bir tikə çörək pulu çıxırdı.
– Heç özümüz də bilmirik, görək harda bir iş taparıq...
Çölə töküləcək qadınların halına yanan Səriyyə özünə bir pənah axtardı:
– Bəs Gülnazdan bir xəbər tutmadınmı, qızım?
Firuzə onun qar kimi ağarmış açıq başına, sümüyü çıxmış əllərinə və çiyinlərinə qırış-qırış olmuş üzünə baxdı, onu sevindirmək həvəsilə gülümsədi:
– Bir adam var, sabah gələcək, deyir ki, o arvadı tapıb.
Firuzə daha bir söz deməyib getdi. Səriyyə xala Gülnazı tapacağı ümidilə işsiz qalacağı ümidsizliyinin doğurduğu qarışıq fikirlər içində gecəni səhər etdi.
Daha səhər tezdən qadınlar karxanaya gəlmədilər. Yalnız gün xeyli yayıldıqdan sonra onların səsi eşidilməyə başladı. Ərbab fabriki yığışdırıb, qazanları, dəzgahları bazara tökdürürdü. Həyətdə qeyri-adi bir səs-küy vardı. Arvadların “indi hara gedəcəyik”, “Allah baisin evini yıxsın”, “bir tikə çörək daşdan çıxır” kimi səsləri həyətdən qulağına gəlirdi.
İki gün bu qayda ilə həyətdən qarışıq səslər azalmadı. Lakin şeylər satıldıqdan sonra haqq-hesabını alan fəhlə qadınların getməsilə həyətdə ağır bir sakitlik əmələ gəldi. Üçüncü günü Səriyyənin qapısı döyüldü. O, Firuzə olduğunu bilib, hay verdi və dirsəkləndi. Lakin tanımadığı bir adam başını içəri salıb:
– Arvad, – dedi, – yığış get özünə yer tap... həyəti başqasına kirayə verirəm. Səni də üstündə heç kəs götürməz. Bir gecəlik qal, səhər çıx.
Gülnazı tapacağı fikrinin oyatdığı sevinc yanında bu xəbər ona heç göründü:
“Qızı tapım, bu xarabada bir saat da qalmaram” deyib düşündü.
Şam zamanı Fatma və Firuzə gəldi. Firuzə Səriyyə xalanın yanında oturdu:
– Dur, Səriyyə xala, gəl halallaşaq, kim bilir bir də bir-birimizi görəcəyikmi? Bəlkə, mən Rəştə, əmimin yanına getdim...
Onlar Səriyyə xalanı qucaqlayıb öpdülər. Səriyyə Firuzənin sinəsinə tökülmüş xurmayı saçlarını oxşadı, gözləri dolmuş Fatma onu sevindirmək istər kimi qapıda dayanmış on üç-on dörd yaşlı uşağı göstərdi:
– Səriyyə xala, bu oğlan sənə Səadət xanımın evini nişan verər. Onun əsil adı Qəmərbanudur. Bəlkə, Gülnazı tapdın.
Gülnaz adını eşidən Səriyyə xalanın gözünə işıq gəldi. Tez yerindən qalxdı, tələsik özünü yığışdırdı. Firuzə onun qolundan tutub, küçədən faytona oturana qədər ötürdülər. Səriyyə onlardan necə ayrıldığını bilmədi. Fayton küçələrdən keçib gedir, qaçan atların nalı ətrafına səs salırdı. Lakin o bu səsləri eşitmirdi. Tezliklə Gülnazı tapacağını və ondan sonra bütün dərdlərinə son qoyulacağını düşünürdü. Nəhayət, uşaq atları Qəmərbanunun qapısında saxlatdırdı.
– Bax, buradır, xala, – deyib faytonu yola saldı və qapının dəmir dəstəyini döydü.
Səriyyə xala bütün bədəni əsə-əsə durub gözləyirdi. Qapı açıldı, o, uşağın başından öpüb, içəri girdi. Qəmərbanu həyətdə idi:
– Ay gədə, gələn kimdir? – deyib nökərə müraciət etdi, cavab gözləmədən irəli yeriyib, əlindəki fanusu qaldırdı və Səriyyənin üzünə tutdu. Onun meyit kimi ağarmış, sümükləri çıxmış üzünə, çuxura düşmüş gözlərinə nə qədər baxdısa tanıya bilmədi. Hansı bir dilənçinin isə gəldiyini güman edərək, dodaqaltı mırıldandı:
– Niyə danışmırsan, arvad? Kimsən?
Onun səsindəki qəzəbi hiss edən Səriyyə xala tələsik qabağa keçdi, titrək səslə:
– Mənəm, bacı, – dedi, – tanımadın? Gülnazın anasıyam.
Qəmərbanu qapını çırpıb, cəftəsini saldı:
– Arvad, sən hələ ölməmisən?.. Keç içəri görək...
Onlar aynabəndin işıqlarına yaxınlaşdığı zaman o, dönüb bir də Səriyyə xalaya baxdı:
– Bu nədir belə, lap dilənçi kökündəsən?.. Üzünə də elə bil əzrail kölgə salıb. Rəngin meyit rəngidir.
Səriyyə xala Qəmərbanunun tikanlı sözlərinə zorla qulaq asırdı. Həyatını zəhərləmiş, uşaqlarını fəlakətlərin qucağına atmış adamlardan birisi olan bu arvadın üstünə atılmaq, onu boğmaq istəyirdi. Lakin Gülnazın taleyin daha da pisləşdirmək qorxusundan özünü saxlayır və susurdu. Qəmərbanu bu sükutdakı qəzəbi duymuş kimi, üzünü zirzəmiyə tutdu və etinasız bir səslə:
– Ay qız, Gülnaz, yuxarı çıx, gör bu kimdir gəlib, – dedi və eyvanına qalxıb yox oldu.
Zirzəmidən cavab gəlmədi. Gün çıxandan gün batana kimi ayaq üstə olan Gülnaz yenicə aşağı enmişdi. O, yorğun və əsəbi idi. Bütün günü paltar yumuş, xalçaları çırpmış, qab-qacaq təmizləmiş, həyəti süpürmüş və əldən düşmüşdü. Lakin cavab verməməyinə səbəb bu cismani yorğunluq deyildi. Qəmərbanuya olan nifrəti artıq dözülməz bir dərəcəyə gəlib çıxmışdı. İçərisində nə isə qaynayırdı. Arvadın səsini eşidəndə elə bil ki, fikri qaralırdı, hirs onu boğurdu, daxilində susmaq bilməyən bir qüvvə “vur öldür!” – deyə əmr edirdi. O, əlində nə varsa bu ifritənin başına çırpmaq istəyirdi. Xavərlə görüşdən sonra onda belə bir daxili vəziyyət yaranmışdı. Qəmərbanuya olan əvvəlki kor nifrəti indi yeni qüvvətli bir fikrin işığı ilə işıqlanmışdı. Xavər ona “Qəmərbanu qələt eləyir, onsuz da yaşamaq olar!” demişdi. Gülnaz birinci günlər “Olarmı” – deyə düşünmüşdü. Getdikcə bu şübhə qəti bir yəqinə çevrilmişdi:
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-besinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.
İyirmi ikinci fəsil1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.
İyirmi üçüncü fəsilAyaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?
İyirmi dördüncü fəsilAğır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”
Başqa şairlərin şeirləri
Düşdi dil şəm'i-ruxun şövqünə pərvanə kimi,Aqibət atəşi-eşqinlə sənin yana kimi
Ulusum adlı-sanlı ordumdurUlusum adlı-sanlı ordumdur,Ulu yurdumdan almışam ilham.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.