Səhifə 1 / 4

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:

– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

– Bəs Həkimülmülk necə, bəlkə, onun vasitəsilə bir şey etmək mümkün oldu?

– Ohh! Sən bu tülkünü tanımırsan? O, mənsəb üçün bütün qohumlarını, oğul-uşağını ölümə verməyə hazır bir adamdır. İkinci, o da özündən qorxur. Çünki Rza xan, nədənsə, yuxusunda da onun şah olmaq istədiyini gördüyündən ondan bərk şübhəlidir, o da bunu bilir. Bütün bunlara mister Tomasın fiqurunu da əlavə etsək, məsələ tamamən aydınlaşar. Hazırda yüz Hikmət İsfahani və Həkimülmülk istəsə, bu işi yüngüllədə bilməz. Mister Toması balaca adam bilmə. İngilis... İngilis, oğlan!.. Əslinə baxsan, təkcə ingilis deyil, Amerika da var, alman da var... Hamısı birləşiblər...

– Elədir, bütün dünyada elədir!.. Onlar içəridə əsl canavarlar dəstəsi kimi bir-birini yeməyə hazırdır. Dünya bazarı üçün yorulmadan boğuşurlar. Lakin azadlıq və demokratiya qüvvələrini görən kimi birləşirlər. Əsl canavarlar dəstəsi kimi! Bir İranda deyil, Çində də, Yaponiyada da, Afrikada da, Hindistanda da, Amerikada da belədir.

– Ona görə də, sizin yolunuz düz yoldur. Şərəfli yoldur. Mən axırda bu yolu tapmaqla xoşbəxtəm. Mənə elə gəlir ki, canavarlar birləşirsə, oğrular və talançılar birləşirsə, namuslu adamlar dünyanın bütün azadixahları daha artıq bir qüvvə ilə birləşməlidir və üzünü Moskvaya tutmalıdır. Başqa yol yoxdur.


Heç bir nəticə verməyən təlaş və qayğılar Fridunu son dərəcə yormuşdu. Lakin onun enerji və qüvvətlə dolu qəlbi susmaq, həyatdan küsmək nə olduğunu bilmirdi. O, hər gün yeni bir həyacan, yeni bir ehtirasla döyünürdü. Bu günlər ağır təhlükələr qarşısında qəlbində daha artıq bir qüvvət və məhəbbət duyurdu. Ona elə gəlirdi ki, zəhməti, həyatı, insanları, dostları və tanışları heç bir zaman indiki qədər sevməmişdir. Heç bir zaman ürəyi onlar üçün indiki qədər titrəməmişdir. Bu məhəbbət o qədər incə, o qədər həssas idi ki, əl dəyincə zilə çəkilmiş tar simi kimi səslənə bilərdi. Onun sevinci də eyni dərəcədə təsirli və qüvvətli idi. Bütün varlığını qapramış bu gərgin fikirlər və hisslər, Səlimi və Şəmsiyyə ona Südabəni xatırladırdı. Bu, ona qəribə görünürdü. Çünki o, Gülnazdan sonra heç bir zaman evlənməyəcəyini, eşq üçün deyil, zəhmət üçün yaşayacağını güman edirdi. Eyni zamanda Şəmsiyyənin də, Səliminin də sözlərini bir zarafat hesab edirdi. Bu sözlərə ciddi bir şey kimi baxmaq heç ağlına da gəlmirdi. Lakin bir şey ona təəccüblü görünürdü. Bu da Südabənin ona rast gələrkən keçirdiyi həyəcanlar idi. Qız onu görəndə dəyişir, sıxılır, qızarırdı. Bir kəlmə də danışmadan, susub dururdu. Sanki ağzını açıb danışarsa, mütləq mənasız bir şey deyəcəyindən qorxur və susurdu. Bununla belə, çıxıb getmirdi də. Elə bil ki, saatlarla susaraq, onunla birlikdə oturmaqdan həzz alırdı. Belə dəqiqələr ona xoş gəlirdi. O qədər xoş gəlirdi ki, o, vəziyyət və mövqeyinə göz yumaraq, hər gün, hər iki gündən bir durub, Fridungilə gəlir, oturur, sonra da gülümsəyərək gedirdi. Belə zamanlarda o, ən çox Qəhrəmani ilə söhbət edərdi. Ümumən, kübarlar zümrəsinə qarşı bədgüman olan və pis münasibət bəsləyən Qəhrəmani belə bu qızı xoşlayırdı.

– Yox, bu onlardan deyildir, nə isə bu qızda həyata qəribə, sadə və təbii bir münasibət vardır. Hətta mən onda romantik bir xəyal belə görürəm. İnan ki, o bir çobanı sevmiş olarsa, vəzirlər, sahib-mənsəblər, saray dəbdəbə və təntənələrilə əlaqədar olan hər şeyi atar və sevdiyinə qoşulub gedər... Hətta mənə elə gəlir ki, o, elə belə bir şey də axtarır... Sən onun gözlərinə bir bax... Onlar yaşamaq, nəfəs almaq üçün təşnə olan bir adamın gözlərini xatırladır! Bu təşnəlik haradandır? Yəqindir ki, təbiətin ona verdiyi ürəklə yaşadığı mühit arasında bir uçurum var. Ürək bir şey istəyir, dolandığı şərait isə ona başqa şey verir. Bu da, onda qaçmaq, uzaqlara uçmaq arzusunu doğurur. Təşnəlik də, romantika da buradandır.

Fridun, Qəhrəmaninin fikirlərinin nə qədər dərin olub-olmadığını yoxlamaq niyyəti ilə:

– Demək, o, macəra axtarır, – dedikdə, Qəhrəmani:

– Elə deyil, – dedi, – sən məni anlamadın. Əksinə, zənnimizcə, bu qız pis bir adamın əlinə düşərsə, mütləq həyatını böyük bir faciə ilə qurtaracaq, yaxşı adama rast gələrsə, son nəfəsinə qədər sədaqət və məhəbbətlə yaşayacaqdır. Bu, Şəmsiyyənin tayı deyil, bunlar başqa-başqa adamlardır.

Bəlkə də, Qəhrəmani düz deyirdi. Bəlkə də, Südabə təmiz və uca bir həyat üçün yaranmışdı. Lakin bütün bunların Friduna dəxli yox idi. Onun həyatının nəsibi başqa şeylər idi. O, hələ də bir gün Gülnaza rast gələcəyini güman edirdi. Qəhrəmani ona bayramın yaxınlaşdığını xatırlatdı, “Gedək, Südabəyə bir hədiyyə alaq” deyib qolundan tutdu və evdən çıxartdı.

Uzun müddət “nə alaq?” deyə düşündülər. Ayaqqabı, corab, paltar?.. Belə şeylərə Südabənin ehtiyacı yox idi. Üzük, qolbaq, boyunbağı?.. Bunlardan Südabəyə layiq bir şey almaq üçün onların pulu çatmazdı, ləyaqətsizini də aparmaq mənasızdı. Bəs nə alsınlar? Uzun fikirdən sonra onun xəyalına qəribə bir fikir gəldi. Südabə də, anası da həmişə Azərşəhr deyib dururdu. Anası oranın gözəlliklərini, gözəl abhavasını, ucsuz-bucaqsız meyvə bağlarını yad edir, onların həsrətilə yaşayır. Südabə anasının təriflərinə əsasən və bir də, anasının vətəni kimi oralara xəyali bir məhəbbət bəsləyir. Ona Azərşəhrin mənzərəsini təqdim etməkdən daha gözəl bir hədiyyə ola bilməz. Çünki onları qiymətli şeylə deyil, mənalı şeylə heyran buraxmaq mümkün idi. Qəhrəmani də bu fikirlə razılaşdı. Fil sümüyündən balaca bir dairə düzəltdirmək, bir üzünə büllur ayna qoydurub, o biri üzünə yaşıl mina ilə “Azərşəhrin baharı”nı rəsm etdirməyi kəsdirdilər. Qəhrəmani “gəl aynanın altında, fil sümüyünün üstündə Südabənin şəklini yonduraq” dedi. Fridun buna etiraz etmədi. Gedib şəhərin ən yaxşı nəqqaşlarından birini gördülər. Fikirlərini ona anlatdılar. Kişi “iyirmi tümənə başa gələr” deyə razılıq verdi. Onlar da çənə-boğaz etmədilər. “Yaxşı hazırla” dedilər. Qəhrəmani: “Bax, bu yaxşı bir hədiyyə olacaqdır!” deyib sevindi. Evə qayıtdıqdan azca sonra Südabə gəldi və yenə oturub, Qəhrəmani ilə söhbət etməyə başladı. Fridun “Necəsiniz?” deyə qızın halını soruşdu və soruşmağına da peşman oldu. Çünki bir anda qızın yanaqlarını bir bahar qönçəsinin rəngini andıran qızartılar bürüdü. Heç bir zaman unudulmayan ehtiras dolu gözlərində, nə isə, munis, mehriban bir xəyal oyandı. Fridun onun yenə kinoya getməyə, yaxud gəzməyə çıxmağa gəldiyini güman etdi. Lakin qız üzünü Qəhrəmaniyə tutub:

– Gəldim sizi qonaq çağıram, – dedi, – sabah axır çərşənbədir. Anam göndərdi. Xahiş etdi gələsiniz. Siz də, ağayi Fridun da.

Fridun cavab verməmiş Qəhrəmani dilləndi:

– Mütəşəkkirik. Belə bir lütfdən imtina etmək çətindir.

Qız ona baxıb gülümsədi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Yeddinci fəsil

Sərtib Səlimi uzun divarının biri tamamilə pəncərələrdən ibarət olan balaca salonda oturub, “İttilaat”ın son nömrəsini oxuyurdu. Qəzet Moskva danışıqları ətrafında London və Paris mətbuatından alınmış yazılarla dolu idi. Bu yazılarda ingilis və Fransa dövləti nümayəndələrinin tərkibindən, danışıqlardan, gözlənilən nəticələrdən və sairədən danışılırdı. Bütün mühakimələrin əsasında Polşa məsələsi qoyulmuşdu. Guya ingilis və fransız dövlətləri Polşanın istiqlaliyyətini, Polşa dövlətinin mənafeyini qorumaq istəyirlər. Dünyada ən çox müstəmləkəsi olan, yüz milyonlarla insanları zülm altında saxlayan, adam alverinə yol verən bir dövlətin Polşanın “dövlət azadlığından”, “milli istiqlaliyyətdən” danışmasının mənasını sərtib yaxşı başa düşürdü. Bu gəlişigözəl sözlərdə o nə isə bir təhqir görürdü. Sanki bütün bu mühakimələr qəlbinin ən əziz hisslərini alçaldırdı. “İttilaat”ı qəzet və məcmuələr üçün salonun küncünə qoyulmuş dairəvi stolun üstünə atıb, ayağa durdu və pəncərə qabağına keçib, balkona çıxdı. Həyətə baxdı... O bu gün həmişəkindən daha dalğın və qüssəli idi. Təbriz hadisələrindən sonra hiss edirdi ki, vəzarəti kişvərdə işləməyi mümkün olmayacaq. Komisyon üzvləri əvvəlcə öz aralarında məsləhətləşib, Həmidinin hərəkətlərinin həqiqi səbəblərini yazmağı qərarlaşdırmışdılar. Doğrudan da, ərəb və maliklərin qanunsuz hərəkətləri həddini aşmışdı. Azərbaycanın iqtisadi həyatı ölmüşdü. Şəhərlər işsizlər və aclarla dolu idi. Xalqın yaşayışı dözülməz bir hala düşmüşdü. Həmidinin də istədiyi bu yolda bir tədbir görmək idi. Nəticələri yazmağa başlamışdı. Elə bu zaman, sərhəngin təklifi ilə vəzir Təbriz komisyonunun bütün üzvlərini yanına çağırıb qulaq asmış və:– Qorxuram əlahəzrət elə düşünə ki, heyətin içində Həmidinin həmfikirləri var, – demişdi. – Gedin bir də yaxşı düşünün, əlahəzrət ərbabları və malikləri ki, kəndlinin ayağına ata bilməz.

11 dəq
Səkkizinci fəsil

– Anacan, bir çit idi, bir çit idi, rənginə baxanda adamın ağlı gedirdi. Xırda narıncı gülləri vardı. Az qalmışdı, pulların hamısını verib, özümə paltarlıq alam – deyə bazardan yenicə qayıtmış Fəridə qoltuğuna vurduğu cəhrəni və darağı yerə qoydu. Kağıza büküb, yaxasında gizlətdiyi milləri çıxartdı.Ana kiçik gözlərini qıydı:

31 dəq
Doqquzuncu fəsil

Fridun hər gün iki saat İran ədəbiyyatından və ümumi tarixdən Şəmsiyyəyə dərs deyirdi. Qız onu şəhərdə, öz xüsusi evində qəbul edir, salonda oturaraq, Sədi və Firdovsinin hekayət və dastanlarına, yaxud Hafizin qəzəllərinə qulaq asırdı. Fridun ədəbi əsərləri böyük bir həvəslə təhlil edirdi. Şeirləri şirin bir ahənglə oxuyarkən, sanki özünü unudurdu. Oturub, mat-mat ona baxan qız, təbiətinə məxsus bir sadəliklə:– Bir qəzəl də oxuyun, – deyirdi.

34 dəq
Onuncu fəsil

Rza Qəhrəmani depoda nahar zamanı çörək almaq üçün küçəyə qaçdı. Qayıtdıqda rəisi depo işçiləri arasında gördü. Nə isə fövqəladə bir hadisə baş vermişdi. Çünki rəis adi hallarda bu vaxt fəhlələrin içinə gəlməzdi və ümumən, depoda az görünərdi. Fəhlələr onu əhatə edərək, diqqətlə dinləyirdi. Rza yaxınlaşıb, yavaşca kütləyə qarışdı və qulaq asdı. Rəis çox aramla danışırdı:– Bolşeviklər dünyanı xaraba qoymaq istəyirlər. Öz yerləri özlərinə bəs eləmir, gözlərini dikiblər Lehistana, Belçikaya, İrana. İstəyirlər gəlib bizim torpaqları da tutsunlar. İndi ingilis və firənglə pozuluşmaqlarının da səbəbi budur.

34 dəq

Başqa şairlərin şeirləri