Səhifə 1 / 5

Fridun hər gün iki saat İran ədəbiyyatından və ümumi tarixdən Şəmsiyyəyə dərs deyirdi. Qız onu şəhərdə, öz xüsusi evində qəbul edir, salonda oturaraq, Sədi və Firdovsinin hekayət və dastanlarına, yaxud Hafizin qəzəllərinə qulaq asırdı. Fridun ədəbi əsərləri böyük bir həvəslə təhlil edirdi. Şeirləri şirin bir ahənglə oxuyarkən, sanki özünü unudurdu. Oturub, mat-mat ona baxan qız, təbiətinə məxsus bir sadəliklə:

– Bir qəzəl də oxuyun, – deyirdi.

Nəticədə getdikcə araları açıldı. Günlər keçdikcə qız ona hər dərdini və sevincini bölüşmək mümkün olan bir yoldaş kimi alışdı.

Cümə günü istirahətindən sonra Fridun Laləzara çıxmışdı. Küçənin adamla dolu vaxtı idi. Uzaqdan Şəmsiyyə gözünə dəydi.

– Xanım, salam.

Qız gülab qabı kimi ətir qoxuyurdu. Əla esyensin iyi uzaqdan Fridunu vurdu. Şəmsiyyə ona yaxınlaşaraq, yavaş addımlarla gəzməyə və danışmağa başladı. O, xüsusilə kübar ailələrdə və sarayda adət halına keçmiş olsa da, saxta və süni təsir bağışlayan incə hərəkətlərlə tərpənir, səsinə ahəngdarlıq verməyə çalışırdı. Bütün bunlar yuxarı sinif xanımlarında ürəkbulandırıcı zahiri təkəbbür şəkli almış və onları nəinki aşağı təbəqələrdən, hətta bir-birindən belə aralı saxlayan qəribə əxlaqi meyara çevirmişdi. Bu saxta qabığın altından belə Şəmsiyyənin təbiətindəki rayihə, gənclik təravəti və sadəlik özünü göstərir və qıza bir cazibədarlıq verirdi. Lakin Fridunu ona yaxınlaşdıran bu deyildi...

Təbiidir ki, Hikmət İsfahani kimi görkəmli bir ağanın evində böyüyüb yetişmiş xanım Şəmsiyyənin üzünə Tehranda bağlı olan bir qapı təsəvvür etmək çətin idi. Onun bütün vəzir ailələrinə, vəzarətxanalara və dərbara yolu açıq idi, Tehrandakı xarici səfarətxana işçilərindən tutmuş, zabitlər və dövlət qulluqçularına qədər bütün yuxarı təbəqələr içərisində onun tanışları vardı. O, firəngcəni öz ana dilindən daha təmiz danışır, öz hərəkətlərində yuxarı təbəqənin bütün adətlərinin bir romzi kimi görünürdü. Bununla belə, onun tərzi-hərəkətində nə isə onu mühitindən ayıran qəribə bir sadəlik vardı ki, bu keyfiyyətin sayəsində, o, məktəb yoldaşları arasında özündən çox-çox aşağılardan çıxmış adamlarla da ünsiyyət yarada bilmişdi. Digər tərəfdən o, aşağı təbəqələr içərisindən çıxmış adamların daha təmiz və sadə olduğunu hiss edir, onların qadına qarşı əlaqələrindəki mehribanlığı xoşlayırdı. O, nə isə qadına olan bu münasibətdə, içərisində dolandığı mühit adamlarında görmədiyi bir alicənablıq, bir ülviyyət duyur və hər bir qadın kimi, bunu yüksək dərəcədə qiymətləndirirdi. Fridunda ilk gündəcə belə bir keyfiyyət tapdığı, onun nəvaziş və hörmətindən zövq aldığı üçün onu gördükdə şad olurdu.

– Xanəvadəniz¹ necədir? Dərbara² gedib-gəlirsinizmi? Davaya necə baxırlar?

– Mersi, xanəvadəmiz yaxşıdır. Dərbarın da yolu hələ ki, üzümüzə açıqdır. Dava məsələsi uzundur. Hərə bir cür baxır. Əlahəzrət hələlik bircə möhkəm tapşırıq vermişdir: daxildə şübhə yaradan adamları aradan qaldırmaq. Özünüzü gözləyin, ağayi Fridun, ehtiyatsız söylənmiş bir söz belə fəlakət törədə bilər.

¹ Ailə

² Padşahın sarayı

– Bu nə sözdür, xanım. Biz ki, əlahəzrətin sadiq təbəələriyik. Xeyirdən başqa bir fikrimiz yoxdur. Şahpur necədir? Görüşürsünüzmü?

– Hər gün görüşürük. Şimrana bağımıza gəlmədiyi bir gün yoxdur. Sabah da böyük bir ziyafətimiz var. Gəlmək istəyirsinizmi?

Şəmsiyyə fikrə getdi. Uşaq simasını andıran üzündə ciddiyyət göründü.

– Sabah saat altıda maşını dalınızca göndərəcəyəm. Ünvanınızı verin. Lakin bircə şeyi şərtləşək: sizi bu ad altında təqdim edə bilməyəcəyəm. Əvvəla, kasıb balası olmanızı, ikinci də azərbaycanlılığınızı gizlətməliyik. Hər ikisi sizi ağır vəziyyətə sala bilər. Mən sizə təzə ad verəcəyəm. Cəmşid İsfahani, mənim İsfahandan gəlmiş xalam oğlusunuz...

– Birdən ağayi Hikmət İsfahani orada olsa, özünüz də, mən də pis vəziyyətə düşmüş olarıq.

– Ehtiyat etməyin. Ağam sabah saat altıdan başlayaraq növbə ilə ingilis, amerikan və sonra da alman səfarətxanalarında olacaqdır. Birində ziyafət, o birində ticarət, üçüncüsündə bilmirəm nə...

Fridun fikir etmədən:

– Yox, xanım, – dedi, – mən başqa ad altında yaşamaq istəmirəm. Bir də elə ziyafətlərə alışmamışam.

– Yaxşı, öz adınızla gəlin, sadəcə təbəəsiniz, vəssalam.

– Təşəkkür edirəm.

– Gəlin, sizi Tehranın seçilmiş xanımlarına təqdim edəcəyəm. Qorxuram ki, oradakı ulduzlar gözlərinizi qamaşdıra və bizə heç baxmayasınız da.

– Bizdə “hər şeyin təzəsi, dostun köhnəsi” deyərlər.

Qız vidalaşıb, “gözləyəcəyəm” deyərək getdi. Fridun Şəmsiyyənin təsadüfən söylədiyi və xəbərdarlığı andıran sözlərini xatırladı. “Görəsən, bu sözlərdə gizli bir işarə və eyham varmıdır?” deyə düşündü. Onun simasını xatirinə gətirdi. “Yox, tamamilə təsadüfi söylənmiş sözlərdir” deyə kəsdirdi...

Axşam gün batdıqdan sonra evdən çıxıb, doktorgilə getdi. Onların evi Lalazarın başında, ikimərtəbəli bir binada idi. Binanın küçəyə açılan qapısının dalında pillələrin ayağındakı meydançada hər cür qiymətli dəridən tutmuş, gümüş, qızıl, büllur qablara qədər cürbəcür şeylər satılan balaca bir dükança vardı. Doktorun evinə getmək üçün buradan keçib, ensiz pilləkənləri yuxarı çıxmaq və sol əldəki qapının zəngini basmaq lazım idi. Qapı üçkünclü balaca bir dəhlizə açılırdı. Burada da sağda, solda birər qapı vardı. Sağdakı qapı orta müstəqim şəkilli otağa açılırdı. Otağın divarlarından bir neçə qədim İran minyaturası asılmış, balaca bir divan və bir neçə yumşaq səndəl qoyulmuşdu, ortada dairəvi bir çay stolu vardı. Bu, doktorun həm qonaq, həm də xəstələri qəbul etdiyi otağı idi. Onun yanında küçəyə üstüaçıq balkonu olan başqa bir otaq vardı. Doktorun bütün tibb cihazları və ləvazimatı burada idi. O, xəstələri də burada müalicə edirdi. Üçüncü otağın bir divarında Təbrizdə toxunmuş, ilin dörd fəslini təsvir edən və kənarlarında haşiyələr içində hər fəslə aid bir beyt şeir olan “Dörd fəsil xalçası”, ikinci divarda çarpayıların üstündə yaşıl yağlı rənglə çəkilmiş yarıçılpaq bir qadın şəkli asılmışdı. Doktordan əvvəl burada yaşamış hansı bir tacirinsə çəkdirdiyi bu şəkli gizlətmək üçün üzünə Hindistandan gətirdiyi ipəkdən toxunmuş Tac-mahalı təsvir edən yaraşıqlı bir şal çəkmişdi. Bu da doktorun yataq otağı idi. Doktorun oğlunun ixtiyarında olan iki otağa dəhlizdən sola bir qapı açılırdı. Bu otaqlar müasir stildə döşənmişdi. Onların birində dolu kitab şkafları, yazı stolu, stullar və radio cihazı qoyulmuşdu.

Doktorun oğlu dostları ilə, pəncərələri dal dəhlizə açılan bu otaqda görüşərdi. İkinci otağa, taxta çarpayı qoyulmuş, baş tərəfdəki divarda müxtəlif illərdə çəkilmiş ailə şəkilləri asılmışdı. Bu, yataq otağı idi.

Doktor hələ çar zamanı Rusiyadan Təbrizə və oradan da Tehrana mühacirət etmiş azadfikirli həkim idi. O, öz sənətində çox mahir olduğundan tezliklə Tehranda ad qazanmış və böyük nüfuza malik olmuşdu. Hərəkətlərində sərbəstlik sevər və özünü heç kəsdən asılı tutmazdı. Tehranın ziyalı və əsnaflarından, tacir və ərbablarından başqa azərbaycanlı və farslar da doktora xüsusi hörmət bəsləyirdilər.

Doktorun oğlu darülfünunun son kursunda oxuyurdu. O, zəkalı, açıq fikirli və cəsarətli bir adam idi. Mütaliə etməyi çox sevərdi. Fars, ingilis və firəng dillərindən əlavə, Azərbaycan dilini də mükəmməl bilirdi. Azərbaycan dilini atasının səyilə xüsusi məşğələlər sayəsində öyrənmiş, hətta qədim kitabları da mütaliə etmişdi.

Fridunu onlarla Kürd Əhməd tanış etmişdi. Orada söhbətə yığışan bir neçə başqa adama da rast gəlmiş, tanış olmuşdu.

Zaman keçdikcə doktorun evi Kürd Əhməd və Fridunun çox görüşdüyü bir yerə çevrilirdi. Çünki bura bir həkim evi idi... hər gün onlarca müxtəlif millət və siniflərə mənsub insanların buraya gəlib-getməsi təbii idi. Bu da onların görüşü üçün əlverişli şərait yaradırdı.

Fridun qapının zəngini basdıqda doktorun oğlu özü hay verdi. Bu, evin boş olmadığını bildirirdi. Adi hallarda qapı zənginə yalnız qulluqçu gələrdi. Doktorun oğlu Fridunu görən kimi içəri buraxıb, qapını örtdü və dərhal qolundan tutub, öz otağına tərəf apardı.

– Yaxşı oldu ki, gəldin, yoldaşlar da buradadır, indicə səni arzu edirdik, – dedi.

Fridun içəri girdikdə altı gənc ayağa durub, ona əl verdi. Fridun oturduqdan sonra otaqdakılara bir də gözaltı nəzər saldı. Kürd Əhməd və Rza Qəhrəmani ilə göz-gözə sataşdıqda gülümsədi. Başını əyib, onlarla bir də salamlaşdı. Bir anlıq sükutdan sonra Kürd Əhməd üzünü yoldaşlara tutdu:

– Ağayi Fridun şimaldan gəlmişdir. O, uzun müddət kənddə işləmiş, kəndlinin ruhiyyəsini yaxşıca öyrənmişdir. Azərbaycanın və kəndlinin dərdinə aşinadır, başına gələnləri nağıl etsə, nə bəlalardan qurtardığına heyran edərsiniz!

Kürd Əhmədin yanında oturmuş, Fridunun ilk dəfə gördüyü qarayanız adam:

– İgidin başı qalda gərək, – dedi, – yarpaq yarpaqlığı ilə yenə küləyin zərbəsinə, toza-torpağa dözür. Mən insan o adama deyərəm ki, ömrü fırtınalar qucağında keçsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 dəq
İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 dəq
İyirmi üçüncü fəsil

Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?

34 dəq
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 dəq

Başqa şairlərin şeirləri