İyirmi ikinci fəsil
Səhifə 4 / 4 · 75%
Fridun maraqlandı:
– Məgər oralarda da azərbaycanlı var?
– Harada yoxdur ki? Mən Əhvazdan tutmuş Bəndərşaha qədər İranın hər yerində olmuşam. Haraya getməmişəm iş üçün, bir tikə çörək üçün dərbədər olmuş Azərbaycan kəndlisinə, Azərbaycan yoxsuluna rast gəlmişəm. Dəmiryol fəhlələrinin yüzdə yetmişi azərbaycanlılardan desəm, səhv etmərəm. Onlara nə etibar edir, nə də insan münasibəti bəsləyirlər.
– Həbslər davam edirmi?
– Arası kəsildiyi yoxdur. Bizim adamlara tapşırmışam ki, mümkün olduqca tutulanların xilası üçün çalışsınlar, fəhlələrin özlərini bu işə cəlb etsinlər. Fridun:
– Yalnız ehtiyatla hərəkət etmək şərtilə. Hazırda bizə ən vacib olan ehtiyat və yenə ehtiyatdır. Artıq qurban verməkdən çəkinib, qüvvələri toplamaq, böyük döyüşlərə hazırlaşmaq deməkdir.
– Elə mən də bunun üçün sizə əziyyət verdim. Mazəndəran yoldaşlarımızdan çoxusu Tehranda, yaxud başqa münasib bir yerdə əyalət nümayəndələrinin iştirakı ilə ümumi bir yığıncaq keçirməyi arzu edirlər. Gələcək vəzifələrimiz, hazırkı iş üsullarımız haqqında danışmaq pis olmaz.
Fridun fikrə getdi. Belə bir yığıncağın çətinliyini və hazırda çox təhlükəli olduğunu xəyalından keçirdi:
– Bu, qorxulu nəticələrlə qurtara bilər, – dedi. – Yoldaşlarımızın bir qismi məhbəsdə ikən hər tərəfdən nümayəndələr toplamaq məsləhət deyil. Biz indi yerlərlə canlı əlaqə yaratmağa səy etməliyik. Elə etməliyik ki, istibdad tüstünün haradan çıxdığını, yanğının haradan başlayacağını bilməsin. Eyni zamanda hər yerdə, hər əyalətdə, hər şəhərdə adamlarımız olmalıdır. Əqilli, iradəli, şəraitə görə özü iş üsulu tapa biləcək adamlar. Mübarizəmizin aqibəti bundan asılıdır.
Onlar gecədən xeyli keçənə qədər danışdılar. Ümumi işlərə dair söhbəti qurtardıqdan sonra Sərxan üzünü Friduna tutdu:
– Bir şeyi də sizinlə məsləhətləşmək istəyirəm, deyirəm ki, bizim bu xanımı bir yerdə işə düzəltsək, yaxşı olar. Necə bilirsiniz. Fəhlə qadınların içində olsa məsləhətlidir, belə deyilmi, Fəridə?
Fəridə mehriban gözlə, altdan-yuxarı ərinə baxdı:
– O çoxdan mənim fikrimə gəlib. Amma sənə deməyə qorxurdum.
– Qorxma, arvad, azadlıq yolunda nə fikrin olsa, de, canımı da verməyə hazıram.
Fridun da Fəridənin işləməsi fikrini bəyəndi. Beləliklə, zəhmətkeş qadınlarla bilavasitə əlaqə yaratmaq olardı.
– Çox gözəl fikirdir, ancaq çətindir, iş tapmaq olmayacaq.
Rza Qəhrəmani:
– Hamımız soraqlaşmağı özümüzə borc bilək, – deyib yerindən qalxdı, Fridun onu saxladı:
– Mənim də bir məsləhətim var, yoldaşların fikrini bilmək istəyirəm.
Hamı sualedici nəzərlərlə ona baxdı.
– Xahiş edirəm, yoldaşlar məni düz başa düşsünlər. Mən qorxaq deyiləm, lakin ehtiyat sevən adamam.
Axşamdan bəri zarafata meyli olan Sərxan:
– Yaxşı, rəngləmə görək, birbaş mətləbə keç, sənin qoçaqlığını birinci gün görmüşəm, – deyib güldü və Fəridəyə göz vurdu. Fəridə ərinə qısıldı:
– Onun qoçaqlığı olmasaydı, sən düzəlməzdin.
Fridun, Rza Qəhrəmaniyə baxdı:
– Yoldaşlar məsləhət görsə, mən başqa bir yerdə yaşayardım.
Rza etiraz etdi:
– Heç elə söz yoxdur, buraxmayacağam. Nə olacaqsa qoy ikimizə də olsun...
Sərxan ciddiləşdi:
– Usta, bir az hövsələ elə. Fridun düz deyir. Sabah ona yer tapmaq mənim boynuma.
Durub dağılarkən, artıq Rüstəmin uşaqları divara qısılaraq yatmışdı. Bütün söhbət zamanı Fridun gözünü onlardan çəkmirdi. Onlar üçün yaratmaq istədiyi xoşbəxt gələcəyin gözəl səhnələri ilə bu günün səfalət mənzərələri xəyalında bir-birinə qarışırdı. Sanki dumanlar, tufanlar içində bir səhər doğurdu. Üfüqlər gah qaralır, gah qızarırdı.
Fridun Kürd Əhməd və doktorun oğluyla olan növbəti görüşdən qayıtdıqda dəmiryol fəhlələri arasından yenicə gəlmiş Qəhrəmani onu oturmağa qoymadı.
– Gedək, gedək, – dedi, indicə Südabə gəlmişdi. Qız çox pis haldadır, anası bərk mərizdir. Sətəlcəm olub, sayıqlayır. Nə isə bizi görmək istəyir, gedək.
Fridun etiraz etmək istədi. Qəhrəmani onun sözünü ağzında kəsdi:
– Nə danışırsan, belə gündə getməmək olarmı! – dedi.
Onları Südabə özü qarşıladı. Doğrudan da, qız çox kədərli idi. Hətta Fridun və Qəhrəmanini gördükdə gözləri yaşardı.
– İki gün əvvəl qızdırma gəldi, yatırtdım, üstünü basdırdım. Həkim çağırdım, çarə olmadı. Soyuq dəyib, sətəlcəm eləyibdir. Hər gecə sayıqlayır. Səhərə qədər yatmayıb, yastığının dibində oturmuşam. Allah eləməsin başına bir iş gələ, mən...
Qızın boğazı tutuldu. Sözünün dalını deyə bilmədi. Fridun və Qəhrəmanini birbaş anası yatan otağı apardı. Məryəm xala başını qaldırıb onlara baxdı. Gözlərində bir sevinc göründü. Onlar hal-əhval soruşdular. Arvad:
– Qocalmışam, balalarım, – dedi, – ölürəm!
Bunu eşidən Südabə başını onun yastığına qoyub ağladı. Arvad sümükləri çıxmış əli ilə onun ətir qoxusu verən qara saçlarını, başını oxşadı:
– Niyə ağlayırsan, qızım, ölüm haqdır. Bir gün hamıya var. Ağlama. Dur get, dincəl, gecəni yatmamısan.
Südabə:
– Yuxum gəlmir, getmirəm, – deyib oturdu. Arvad üzünü Friduna tərəf çevirdi. Nə isə onun gözlərində, üzündə, bütün hərəkətlərində qeyri-adi bir canlılıq vardı:
– Oğlum, Fridun, – dedi, – yəqin indi oralarda badam çiçəkləyir, hə?.. Bir azdan sonra ərik də, alma da çiçəkləyər. Söyüdün də indi yarpaqlanan vaxtıdır. Gör neçə ildir görməmişəm!.. Heç bilmirəm iyirmi ildir, otuz ildir.
İlləri saymağa başladı. Zəif hafizəsində axtardığını tapmadığı, əzab çəkdiyi aydın idi. Südabə:
– Ana can, iyirmi ildir, – dedi.
– Hə, iyirmi il olsun, gərək. O zaman sənin bir yaşın vardı. Elə onda da badam təzəcə çiçəkləyirdi...
O susub, qurumuş dodaqlarını yaladı. Üzündə bir-birinə qarışan qırışıqlardan nə isə əzablı bir şey xatırladığı bilinirdi. Yenə Friduna müraciət etdi:
– Oğlum, Fridun, niyə danışmırsan? Danış. Bir az oralardan danış. Axı necə olsa vətəndir. Eşitməmisənmi, deyərlər, vətənə gəldim, imana gəldim. Bir də, yaxşı bir bayatı var, rəhmətlik atam oxuyardı. Çoxdan ey! Lap çoxdan eşitmişəm, nə bilim, altı yaşım olardı, yeddi yaşım olardı. Rəhmətlik yaxşı bayatı deyərdi. Onunku Allah vergisi idi. Sinədəftər idi. Hə, nə deyirdim?.. Sözüm harada qaldı?
Qəhrəmani tez:
– Vətən bayatısından danışırdınız, – dedi.
– Hə, yaxşı bayatıdır ey... Görüm necə deyir.
O fikirləşdi, görünür, bayatını yadına salırdı. Yerində qımıldandı. Bayatını xatırladıqda, gözlərində bir işıq göründü:
Əzizim vətən yaxşı,
Geyməyə kətan yaxşı,
Gəzməyə qürbət ölkə,
Ölməyə vətən yaxşı!..
O sanki mahnı oxuyurdu. Bayatının sözlərini elə bir təsir, elə bir ürəklə dedi ki, Fridunun da, Qəhrəmaninin də gözləri yaşardı. Arvad son misranı təkrar etdi:
– Ölməyə vətən yaxşı!..
O, birdən-birə dartınıb dikəlmək istədi.
– Aparın, aparın məni vətənə! – dedi. – Ölüm gəlib, Əzrail qapını kəsibdir. Qızım Südabə, oğlum Fridun, götürün, aparın məni vətənə!.. bu xarabadan, bu zindandan məni qurtarın. Qoyun heç olmasa öləndə vətəndə ölüm. Qonum-qonşu dövrəmə yığışsın, gözümü özümüzünkülər bağlasınlar... Aparın!..
Qalxıb balışın üstə düşdü və özündən getdi. Südabə yaş dəsmal gətirib onun alnına qoydu. Göz yaşlarını saxlaya bilməyərək, xəstənin başına söykəndi. Bütün bunlar Friduna da, Qəhrəmaniyə də bir xəyal kimi görünür, ürək dağlayıcı bir faciə təsiri bağışlayırdı.
Onlar hər ikisi bu qadının acı taleyindən xəbərdar olsalar da, bir söz danışa bilmirdilər. Ürəyinin dərdini danışmaq istədiyini hiss edərək susurdular.
Bir az sonra o ayıldı, gözlərini açdı. Südabəyə baxdı, tutub əlindən öpdü və sinəsinə basdı:
– Get, ceyran qızım, get, öz otağına bir az dincəl. Mən də Fridungilə bir-iki kəlmə söz deyəcəyəm... Get!..
Südabə əyilib, onun alnından öpərək çəkilib getdi. Arvad onun dalınca baxdı. O görünməz olduqda başı ilə Friduna qapını örtmək işarəsi verdi. Fridun qapını örtüb yerində oturdu.
– Oğlum, Fridun, sən mənim oğlumsan, halal süd əmmiş bir adama oxşayırsan... Allaha çox şükür eləyirəm ki, mənim bircə balamın qabağına sənin kimi zatı, südü təmiz bir adam çıxarıb. O ki qaldı buna (başını Qəhrəmaniyə tərəf çevirdi), elə bu da mənim oğlumdur. Pak süd əmdiyi görünür. Qulaq asın, mənim balalarım, ürəyimə damıb ki, mən bu yastıqdan durmayacağam. Yuxumda da görmüşəm. Daha mənə qalxdı yoxdur. Qulaq asın, sizə bir sirr deyəcəyəm.
Məryəm xala dərin bir nəfəs aldı, udqundu və davam etdi:
– Südabə Həkimülmülkün qızı deyil. Bunun atası bizim öz yerlimiz, öz ellimiz idi. Uzunboylu, gülərüzlü bir igiddi. Bu tiryəki kimi (o, Həkimülmülkə işarə edirdi) kirpiyə oxşamırdı, qaşqabağından zəhirmar yağmırdı. Özü də gözünü açan gündən məni görmüş, məni tanımışdı. Bir könüldən min könülə aşiq olmuşdu. On səkkiz yaşım olanda mən də ona qoşulub qaçdım. Vurdu Südabə dünyaya gəldi. Dava zamanı idi. Dünyanın bir-birinə dəydiyi zaman idi. Onda Təbrizdə Şeyxin qiyamı baş verdi. O da gedib qiyama qoşuldu. Şeyxdən sonra birinci adam idi. Təbrizdə azadlıq yaratdılar. Gecə-gündüz silah götürüb, küçələrdən çəkilmədilər. Bu xarabadan onların üstünə qoşun göndərdilər. Həkimülmülk də onları tutmağa göndərilmişdi. O zaman bu, indiki qoca tülkü deyildi. Hələ dişləri sağ idi. Gəlib bizimkilərlə vuruşdular. Bir dəfə bu, bizim kişinin əlinə keçir. Tutub sol qulağını və bığlarını kəsib buraxır: “Get Tehrana, səni göndərənlərə müjdə apar” – deyir. Axırda hər yandan qarğa-quzğun kimi dövlətlilər tökülüb, Şeyxi yatırtdılar. Kişi də ələ keçdi. Bu qara tülkü onun başını kəsdirib, cənazəsini Şeyxin cənazəsi ilə birlikdə Təbrizin küçələrində sürütdürdü. Ürəyi soyumadı. Hərəsi bir mücahidin¹ arvadını çəkib gətirdi. O vaxtdan mən də zindana düşmüşəm, balalarım, indi də bu qoca kaftar dişlərini qıcıyıb qızımın üstünə. İtin xəyalından qaysava keçən kimi, onun da fikrindən Südabə keçir. Bunları sizə deyirəm ki, mənim Südabəmdən muğayat olasınız. Onun bu dünyada heç kəsi yoxdur.
Arvadı hıçqıraq boğdu. Lakin gözlərindən yaş gəlmədi. Fridun və Qəhrəmani böyük bir təsir içərisində susurdular. Bu sümükləri çıxmış qoca arvada onların məhəbbəti qat-qat artmışdı. Fridun heç bir söz danışa bilmirdi. Qəhrəmani:
– Arxayın ol, xala, nə qədər canımız sağdır, Südabəni gözümüz üstə saxlarıq, – dedi.
Südabə qapını açdı. Anası onu gördükdə səsləndi:
– Gəl, gəl, qızım!
O gəlib əvvəlki yerində oturdu. Yenə əlini arvadın alnına qoydu. Arvad üzünü ona tutdu:
– Daha axırıncı sözümdür! Daha sizə əziyyət verməyəcəyəm. İşdir, ölsəm, bir gün sümüklərimi də olsa çıxarıb, Azərşəhrə apararsınız. Vətən torpağında rahat yataram.
O, bir daha ağzını açıb danışmadı. Vidalaşırmış kimi, oturanları bir-bir süzərək gözlərini yumdu.
Gecədən xeyli keçmiş Fridun ayağa durdu. Qəhrəmani də qalxdı. Südabə onlara yataq hazırlandığını, bu vaxt getməyə ehtiyac olmadığını təkidlə söylədi. Qəhrəmani qalmağa razılıq verdi. Fridun isə səhər tezdən baş çəkəcəyini vəd edərək, işi olduğunu sözləyib üzr istədi və qəlbində min hiss, min duyğu bir-birinə qarışdığı halda, çıxıb getdi...
¹ Azadlıq uğrunda vuruşan döyüşçülər, fədailər
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sərtib Səlimi uzun divarının biri tamamilə pəncərələrdən ibarət olan balaca salonda oturub, “İttilaat”ın son nömrəsini oxuyurdu. Qəzet Moskva danışıqları ətrafında London və Paris mətbuatından alınmış yazılarla dolu idi. Bu yazılarda ingilis və Fransa dövləti nümayəndələrinin tərkibindən, danışıqlardan, gözlənilən nəticələrdən və sairədən danışılırdı. Bütün mühakimələrin əsasında Polşa məsələsi qoyulmuşdu. Guya ingilis və fransız dövlətləri Polşanın istiqlaliyyətini, Polşa dövlətinin mənafeyini qorumaq istəyirlər. Dünyada ən çox müstəmləkəsi olan, yüz milyonlarla insanları zülm altında saxlayan, adam alverinə yol verən bir dövlətin Polşanın “dövlət azadlığından”, “milli istiqlaliyyətdən” danışmasının mənasını sərtib yaxşı başa düşürdü. Bu gəlişigözəl sözlərdə o nə isə bir təhqir görürdü. Sanki bütün bu mühakimələr qəlbinin ən əziz hisslərini alçaldırdı. “İttilaat”ı qəzet və məcmuələr üçün salonun küncünə qoyulmuş dairəvi stolun üstünə atıb, ayağa durdu və pəncərə qabağına keçib, balkona çıxdı. Həyətə baxdı... O bu gün həmişəkindən daha dalğın və qüssəli idi. Təbriz hadisələrindən sonra hiss edirdi ki, vəzarəti kişvərdə işləməyi mümkün olmayacaq. Komisyon üzvləri əvvəlcə öz aralarında məsləhətləşib, Həmidinin hərəkətlərinin həqiqi səbəblərini yazmağı qərarlaşdırmışdılar. Doğrudan da, ərəb və maliklərin qanunsuz hərəkətləri həddini aşmışdı. Azərbaycanın iqtisadi həyatı ölmüşdü. Şəhərlər işsizlər və aclarla dolu idi. Xalqın yaşayışı dözülməz bir hala düşmüşdü. Həmidinin də istədiyi bu yolda bir tədbir görmək idi. Nəticələri yazmağa başlamışdı. Elə bu zaman, sərhəngin təklifi ilə vəzir Təbriz komisyonunun bütün üzvlərini yanına çağırıb qulaq asmış və:– Qorxuram əlahəzrət elə düşünə ki, heyətin içində Həmidinin həmfikirləri var, – demişdi. – Gedin bir də yaxşı düşünün, əlahəzrət ərbabları və malikləri ki, kəndlinin ayağına ata bilməz.
Səkkizinci fəsil– Anacan, bir çit idi, bir çit idi, rənginə baxanda adamın ağlı gedirdi. Xırda narıncı gülləri vardı. Az qalmışdı, pulların hamısını verib, özümə paltarlıq alam – deyə bazardan yenicə qayıtmış Fəridə qoltuğuna vurduğu cəhrəni və darağı yerə qoydu. Kağıza büküb, yaxasında gizlətdiyi milləri çıxartdı.Ana kiçik gözlərini qıydı:
Doqquzuncu fəsilFridun hər gün iki saat İran ədəbiyyatından və ümumi tarixdən Şəmsiyyəyə dərs deyirdi. Qız onu şəhərdə, öz xüsusi evində qəbul edir, salonda oturaraq, Sədi və Firdovsinin hekayət və dastanlarına, yaxud Hafizin qəzəllərinə qulaq asırdı. Fridun ədəbi əsərləri böyük bir həvəslə təhlil edirdi. Şeirləri şirin bir ahənglə oxuyarkən, sanki özünü unudurdu. Oturub, mat-mat ona baxan qız, təbiətinə məxsus bir sadəliklə:– Bir qəzəl də oxuyun, – deyirdi.
Onuncu fəsilRza Qəhrəmani depoda nahar zamanı çörək almaq üçün küçəyə qaçdı. Qayıtdıqda rəisi depo işçiləri arasında gördü. Nə isə fövqəladə bir hadisə baş vermişdi. Çünki rəis adi hallarda bu vaxt fəhlələrin içinə gəlməzdi və ümumən, depoda az görünərdi. Fəhlələr onu əhatə edərək, diqqətlə dinləyirdi. Rza yaxınlaşıb, yavaşca kütləyə qarışdı və qulaq asdı. Rəis çox aramla danışırdı:– Bolşeviklər dünyanı xaraba qoymaq istəyirlər. Öz yerləri özlərinə bəs eləmir, gözlərini dikiblər Lehistana, Belçikaya, İrana. İstəyirlər gəlib bizim torpaqları da tutsunlar. İndi ingilis və firənglə pozuluşmaqlarının da səbəbi budur.