Səhifə 1 / 2

Sovet ordusu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.

Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa, heç bir şey qalmamışdı.

Lakin siyasət aləmində görkəmli rol oynamaq arzusunda olanlar, istibdadın sadiq nökərləri, öz mal-mülkünü və cəmiyyətdə hakim mövqeyini saxlamaq istəyənlər çox tez lazımi mənbələrlə görüşmüş və hərbin ilk günlərində yaranan şaşqınlığı qızğın fəaliyyətlə əvəz etmişdilər. Belə bir dəstə Zərgəndə Hikmət İsfahaninin bağında toplanmışdı. Onları görən, ciddi bir məqsəd üçün deyil, yüngül bir ziyafət məclisinə yığışdıqlarını güman edərdi. Yavaş-yavaş gəzir, təsbeh çevirir, çubuq çəkir, söhbət edir, hətta zarafatyana sözlər danışıb güldürdülər də. Bununla belə hamısının simasında bir gərginlik, bir nigarançılıq vardı. İranda yaranan mürəkkəb siyasi vəziyyət, bu vaxta qədər istibdad zəncirlərinin açıq fəaliyyətə buraxmadığı inqilabi demokratik qüvvələrin hərəkətə gəlməsi, xalqın içərisində gözə çarpan canlanma onları təşvişə salmışdı. Rza xan istibdadının axırı çatmışdı. Heç bir qüvvə onu yaşada bilməyəcəkdi. Nə İran tacirləri və mülkədarları, nə ingilis-amerikan imperializmi onun ömrünü uzadacaq iqtidara malik deyildi. Lakin onlar Rza xanı qurban verməklə heç də öz ağalıqlarını, öz hakim vəziyyətlərini itirmək fikrində deyildilər. İndi onları düşündürən, gələcəkdə İran tacını başında gəzdirəcək adamın fikrinə, və iradəsinə hakim olmaq, onu öz siyasətinin ifaçısına çevirmək fikri idi. Bu məqsədlə də onlar Hikmət İsfahaninin Zərgenddəki bağında ziyafət düzəltmişdilər. Buraya İranın görkəmli siyasət xadimləri, bəzi mühərrirlər, mötəbər tacir və maliklər də dəvət olunmuşdu.

Hikmət İsfahani qonaqları özü qəbul edərək, ayaq üstə dolanır, gah bu, gah o yana dönərək, birinin halını soruşur, birisinə lütfkar bir söz deyir və qapıdan gözünü çəkmirdi. Hətta mister Tomas və mister Haroldun varlığı belə onun intizarla gözünü qapıya dikməsinə mane ola bilmirdi. O, Şahpuru gözləyirdi.

Mister Tomas trubkasını tüstülədərək özündən razı və soyuqqanlı bir əda ilə gözlərini yavaş-yavaş o tərəf-bu tərəfə gəzdirir və hərdənbir də yanında büzüşüb duran balaca Həkimülmülkə baxırdı.

– Ağayi vəzir, çox fikirlisiniz?

– Vəziyyətimiz ağırdır, mister Tomas, rus qoşunları Kirəcdə dayanıb. Azərbaycandan, Gilandan heç bir məlumatımız yoxdur...

Bu söhbəti eşidən Hikmət İsfahani tənə ilə:

– Azərbaycanın dərdini sən niyə çəkirsən, – dedi, – orada nə mülkün var, nə malın. Hamısını yığmısan Kirmanşaha, İsfahana, Şiraza. Qoy mənim ürəyim darıxsın ki, taxıl eldən getdi, meyvəcat əldən getdi. Bolşeviki yanında görən kəndçi ərbaba bir ponza da verməyəcək.

– Elə bilirsən ki, bu elə bəladır Azərbaycandan bu yana keçməyəcək! Hələ Tehrana çatmayıblar, amma bütün məmləkətdə qanun-qayda pozulub, yerindən duran gədə-güdə azadlıqdan dəm vurur... Kirmanşah kəndçisi də həmçinin. Sərhəng, Mazəndarandan nə xəbər var?

Sərhəng vəzirə rahatedici bir cavab verə bilmədi:

– Ağayi vəzir, yaman panika əmələ gəlib. Əsaslı bir xəbər verən yoxdur. Oradan-buradan aldığımız məlumat isə vəziyyətin çox pis olduğunu göstərir.

Sovet qoşunlarının İrana daxil olması ilə mister Tomasın dərdi çox artmışdı. Xalq arasında baş verən canlanma, demokratik qüvvələrin açıq fəaliyyətə başlaması, kənd və şəhər zəhmətkeşlərinin siyasi aktivliyi onu düşündürürdü. O, bütün bunların qarşısını almaq üçün yollar axtarırdı:

– Ağayi Sərhəng, – dedi, – əlahəzrət kral dövləti İranda daimi asayiş tərəfdarıdır. Naməlum və cahil ünsürlərin başıpozuqluq simasına dözmək olmaz.

– Mister Tomas, indiki vəziyyətdə onların qabağını almaq çətindir. Qoşun silahını töküb yerə, əmniyyə, ajan qoyub qaçıb. Belə bir zamanda gədə-güdənin üstümüzə ayaq alması təbiidir.

Hikmət İsfahani yanıqlı bir səslə:

– Mister Tomas, – dedi, – bu işlərin axırı necə olacaq? Bu lat-lütün ki, əl-ayağı açıldı, biz başımızda papaq saxlaya bilmərik. Həmçinin də siz.

Həkimülmülk əlini günbatan tərəfə uzatdı:

– Hələ Allaha min şükür olsun ki, başlarını alman bərk qatıb. Yoxsa, bizim öz içimizdəkilər gözümüzü açmağa qoymazdılar. Hitleri dala qaytarsalar, işimiz ağır olacaq, çünki tərəzinin bir gözü qərbdədir, o biri gözü burada, İrandadır.

Hikmət İsfahani güldü:

– Hələ ki, alman bərk qabağa yeriyir. Mister Tomas, bu işlərin axırı necə olacaq?

Mister Tomas ikinci dəfə Hikmət İsfahaninin sualını cavabsız buraxmaq istəmədi. Trubkasını sümürüb tüstülətdi.

– Dünyanın vəziyyəti bizə pis görünür. Hitler üzünü Şərqə çevirəndən sonra tarixin təkəri yenə də öz yoluna düşmüşdür. Bolşeviklərmi qalib gələcək, nazirlərmi, demək çətindir. Hər halda ikisi də bir-birini yaxşı döyür və İranın gələcəyi üçün bu balaca məsələ deyil.

Həkimülmülk:

– Əlbəttə, – dedi, – qonşu nə qədər zəif olsa, o qədər qonşuya xeyirdir. Sovetlər müharibədən yarımcan çıxsalar, bizə zaval yoxdur.

Hikmət İsfahani mister Harolda döndü:

– O da asılıdır bizim dostumuz Amerikadan. Vallah, billah, mister Harold, bax bizim ümidimiz bircə sizlərədir. Amerika və İngiltərəyə! Aman günüdür, bizi bu qarışıqlıqdan qurtarın. İran zəif məmləkət, özü də naxoş, onun təbibi sizsiniz, əlinizi üstündən çəkməyin.

Mister Harold:

– Narahat olmayın, ağalar, – dedi, bolşeviklər bu müharibədən salamat çıxmayacaqlar. Hər halda şikəst və cansız olacaqlarına söz yoxdur. Onlara öz yaralarını sağaltmaq üçün on illər lazım gələcəkdir. Ona qədər də Amerika və ingilis ittifaqı dünyanın bütün millətlərini öz himayəsi altına alar.

Hikmət İsfahani:

– Allah heç vaxt sizin sayənizi bizim başımızdan iraq eləməsin,

– deyib qapıdan içəri girən yeni qonaqları və özünə xüsusi rövnəq vermiş Şəmsiyyəni gördükdə Sərhəngin qoluna girdi:

– Sərhəng, bu qonaqlar mənim deyil, sənindir.

Sərhəng güldü:

– Yox, hamısı sizindir, – deyib Şəmsiyyənin qolundan tutdu.

Hikmət İsfahani yeni qonaqlarla geri döndükdə o hələ də göy otların arasından düşmüş cığırlarla gəzir, ağacların altına tökülən xəzəllərə baxır və daima gülümsəyən gözlərini bir qonaqdan o birisinə döndərirdi. Gözlərində bir intizar və maraq oyanan Şəmsiyyə ona fikir vermədən hey qapıya baxırdı. O da Şahpuru gözləyirdi. Südabə ilə son görüşündən sonra o, taleyi ilə razılaşmaqdan başqa bir yol tapmayıb Sərhəngə ərə getməyə razı olmuşdu. Doğulub yaşadığı zəngin evlərdən, daima onu nəvazişlərlə əhatə edən adamlardan xaricdə yaxşı bir şey təsəvvür edə bilmədiyindən dolandığı mühitə uyğunlaşmağı və xoş bir həyat sürməyi qərara almışdı. Sərhəng Səfai kölgə kimi onun yanından çəkilmir, xəfifcə qolundan tutur və gözəlliyindən məst kimi başdan-ayağa ona tamaşa etməkdən doymurdu. O, xanımının yayınıq nəzərini bir anlığa da olsa, öz tərəfinə çəkmək məqsədilə:

– Xəzan fəsli doğrudan da, gözəldir, – dedi.

Şəmsiyyə ona baxmadan dodaqlarını büzdü:

– Mən ki, bir gözəllik görmürəm. Hər şey susur, tökülür, yuxu və ətalət gətirir.

– Azca əvvəl özün tərifləyirdin. Xəzandan xoşlandığını deyirdin.

– Azca əvvəl başqa, indi başqa. Hər süxən cayi, hər nöqtə məqami darəd¹.

¹ Hər sözün öz yeri, hər nöqtənin öz məqamı var

Birdən-birə hamının ayağa qalxması onların mübahisəsinə son qoydu. Hikmət İsfahani tələsə-tələsə iki əlini qabağa uzadıb, bir neçə zabitin müşayiətilə gəlməkdə olan Şahpura tərəf gedirdi. Şəmsiyyə gözlərində oynayan bir maraq və həyəcanla:

– Ah, Şahpur! – dedi.

Nədənsə daxilində bir ağrı hiss edən Sərhəng:

– Məlikəni gətirməmişdir, – deyə söyləndi.

– O, ziyafətlərə məlikəsiz getməyi xoşlayır.

Sərhəng heç bir söz deməyib, onu qarşılayan adamlarla görüşərək, onlara tərəf gələn Şahpuru qabaqladı və təzim etdi. Şahpur ona əhəmiyyət verməyib, mütəkəbbür bir hərəkətlə yanından keçdi və Şəmsiyyəyə yaxınlaşdı, əl verib halını soruşdu. Şəmsiyyə xəfifcə baş əyib gülümsədi. Şahpur özünə yaxınlaşmaqda olan mister Tomasa və mister Harolda tərəf getdikdə Şəmsiyyə ifadəsini gizlədə bilmədiyi tamarzı gözlərlə onun dalınca baxdı. Sərhəng Səfai onun qolundan yapışdı:

– Xanım, bu tərəfə baxsanız yaxşıdır!

Şəmsiyyə ona acıqlı bir nəzər saldı:

– Siz bütün gözəl keyfiyyətlərinizdən başqa, bir də qısqancsınız, – dedi, – təbrik edirəm, onda çox iztirablar çəkməli olacaqsınız.

Sərhəng hamının Şahpurun arxasınca getməsindən istifadə edərək cürətlə danışdı:

– Şəmsiyyə, mən şahpərəst və mənsəb sevən bir adamam, gizlətmirəm. Lakin qeyrət məsələsində heç kəsə baş əymərəm. Yadında saxla. İstər Şahpur olsun, istər şah...

Şəmsiyyə qəhqəhə çəkib güldü və onun qolundan çəkdi:

– Gedək, bu sözləri öz yanında de, gedək!

Sərhəng qar kimi ağardı:

– Sus, sus, sən dəlisən, xalis dəli!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Səkkizinci fəsil

– Anacan, bir çit idi, bir çit idi, rənginə baxanda adamın ağlı gedirdi. Xırda narıncı gülləri vardı. Az qalmışdı, pulların hamısını verib, özümə paltarlıq alam – deyə bazardan yenicə qayıtmış Fəridə qoltuğuna vurduğu cəhrəni və darağı yerə qoydu. Kağıza büküb, yaxasında gizlətdiyi milləri çıxartdı.Ana kiçik gözlərini qıydı:

31 dəq
Doqquzuncu fəsil

Fridun hər gün iki saat İran ədəbiyyatından və ümumi tarixdən Şəmsiyyəyə dərs deyirdi. Qız onu şəhərdə, öz xüsusi evində qəbul edir, salonda oturaraq, Sədi və Firdovsinin hekayət və dastanlarına, yaxud Hafizin qəzəllərinə qulaq asırdı. Fridun ədəbi əsərləri böyük bir həvəslə təhlil edirdi. Şeirləri şirin bir ahənglə oxuyarkən, sanki özünü unudurdu. Oturub, mat-mat ona baxan qız, təbiətinə məxsus bir sadəliklə:– Bir qəzəl də oxuyun, – deyirdi.

34 dəq
Onuncu fəsil

Rza Qəhrəmani depoda nahar zamanı çörək almaq üçün küçəyə qaçdı. Qayıtdıqda rəisi depo işçiləri arasında gördü. Nə isə fövqəladə bir hadisə baş vermişdi. Çünki rəis adi hallarda bu vaxt fəhlələrin içinə gəlməzdi və ümumən, depoda az görünərdi. Fəhlələr onu əhatə edərək, diqqətlə dinləyirdi. Rza yaxınlaşıb, yavaşca kütləyə qarışdı və qulaq asdı. Rəis çox aramla danışırdı:– Bolşeviklər dünyanı xaraba qoymaq istəyirlər. Öz yerləri özlərinə bəs eləmir, gözlərini dikiblər Lehistana, Belçikaya, İrana. İstəyirlər gəlib bizim torpaqları da tutsunlar. İndi ingilis və firənglə pozuluşmaqlarının da səbəbi budur.

34 dəq
On birinci fəsil

Rza xan ağ mərmər sarayın pillələrini qalxanda bütün xidmətçilər əl-əl üstə qoyub ikiqat olmuş, hərbi qulluqçular ayaqlarını cütləyib, özlərini qurudaraq, nəfəslərini içəri çəkmişdilər. Sanki bütün adamlar daş kimi dilsiz və cansız idi. Hamısı qorxusundan saralmış və yerində donub qalmışdı. Əbədi qaşqabaq və qəzəbin kölgəsi pis bir qaranlıq şəklində şahın sifətinə çökmüşdü. Bu qara üzə, heç bir zaman işıqlanmayan bu kinli gözlərə baxmaq mümkün deyildi. Qaraqırışıqlar, məmləkəti bürümüş zindanlar və məhbəslər kimi, ağır və kəsif halda, onun üzündə yatıb qalmışdı. Baxışlarında hakimiyyətin hüdudunu bilməyən təşnə bir ürəyin hərisliyi duyulurdu.O, dəhşət saçan kabus kimi yerində oturduqda bütün sarayda bir məzar sükutu hakim idi. Böyük-kiçik, xidmətçilərin hamısı pəncələri üstə yeriyir, qorxa-qorxa pıçıltı ilə danışırdılar. O, azca düşünüb vəziridərbarı yanına çağırtdırdı. Beş dəqiqə keçməmiş, balacaboylu, tiryəkdən qapqara qaralmış və sümükləri çıxmış Həkimülmülk öhünü düzəldərək daxil olub təzim etdi. Onun balaca gözləri yağı qurtarmış çıraq kimi işıldayırdı. Ürəyi titrəyə-titrəyə əlahəzrət-hümayunun əmrini gözləyirdi. Şahlar və hakimlərin dəyişməsindən asılı olmayaraq, həmişə İran siyasətinin halqalarını əlində saxlayan bu adam, Pəhləvinin qarşısında yarpaq kimi əsir, başını, hər an enməyə hazır olan bir qılıncın altında hiss edərək, özünün bir varlıq, bir vücud olduğunu xatırından çıxarırdı.

30 dəq

Başqa şairlərin şeirləri