Səhifə 3 / 6 · 33%

Mehri xanım başladı yalvarmağa. Çox yalvardı, az yalvardı, gördü, xeyri yoxdu. Daşda insaf var, Cəlali Kürdoğluda yoxdu. Yüz yalvar, min yalvar, Kürdoğlu nə Allah tanıyır, nə Tanrı. Koroğlu deyib igiddik yüzdü, öl qutar, öldür qutar, kəs qutar, kəsil qutar, bas qutar, basıl qutar, qaç qutar, hər nə isə qutar, canın arxayın olsun. Mehri xanımın canına bir qorxu düşmüşdü, bir qorxu düşmüşdü ürəyi nanə yarpağı kimi əsirdi. Fikr elədi ki, hələ birtəhər canını Kürdoğlunun əlindən qurtarsın, sonrası da allah kərimdi. Oydu ki, dedi:

– Yaxşı, Kürdoğlu, urusxat ver gedim fikirləşim. Allah yazanı bəndə poza bilməz.

Başınızı nə ağrıdım, Mehri xanım ilan ağzından çıxmış kimi bir təhər canını qurtardı. Kürdoğlunun son sözü bu oldu ki: «Yaxşı get, amma bu gün-sabah razı oldun olmadın gəlib sənə aparacağam». Kürdoğlu ordan geri döndü. Mehri xanımın su-zad yadınnan çıxdı, birbaş Şəhrinin yanına gəldi. Şəhri baxdı ki, Mehri xanım bir haldadı, bir haldadı, elə bil, bahar bulududu, bir him gəzir boşalsın. O saat əhvalı duydu. Bildi ki, Kürdoğlu gəlib, özü də xeyirriyə gəlməyib. Elə həmən dediyi sözdən ötrü gəlib.

Şəhrini görüncə Mehri özünü saxlaya bilmədi, atdı özünü onun üstünə, elə bil, bu saat Mehrini yüz illik yola göndərəcəkdilər. Kürdoğlu dedi:

– Mehri xanım, de görüm, Kürdoğlu nə dedi, sən nə cavab verdin. Bilirəm Kürdoğlunun əlindən çıxıb gəlmisən.

Mehri xanım Kürdoğlu ilə olan əhvalatı ipdən-sapa necə var idisə o kimi də danışdı. Şəhri gördü, iş xarabdı. Kürdoğlu dinsizin, imansızın biridi. Özü də dediyini eləyəndi. Beş gün-üç gün sonra bir də gördün başının dəstəsini də yığdı, gedib Mehri xanımı zorxoş apardı. Kimin ağzı nədi cınqırını çıxara. Kürdoğlu torpağını torba ilə daşıtdırar. Ürəyi qübar elədi, ona elə gəldi ki, bu saat Kürdoğlu gəlib Mehri xanımı onun əlindən alıb aparacaq. Könlü cuşə gəldi. Mehri xanımın uzun hörüklərini saz eləyib sinəsinə sıxdı, aldı görək nə dedi. Əvəzində deyək var olasız:

Bir kimsə yox dərdə yana,
Yarım alacaq oldular.
Yanaram eşqin oduna,
Yarım alacaq oldular.

Mehri xanım sevgilisinin halını belə görüncə daha da pis oldu. Gözünün yaşı sel kimi axıb al yanaqlarınnan süzəlləndi. Amma fikirləşdi ki, heç olmasa sevgilisinə bir təsəlli versin. Oydu ki, cavabında dedi:

Gəl ağlama, cavan yarım,
Qorxma, yar, allah kərimdi.
Artırmaynan ahu-zarım,
Qorxma, yar, allah kərimdi.

Aldı Şəhri:

Otağım qaldı laləzar,
Canımdan olmuşam bezar.
Bəlkə, sənə qızıl bəzər?
Yarım alacaq oldular.

Aldı Mehri xanım:

Köməkdi mərdlər ağası,
Yarandı alma parası,
Toy olmaz, tutarıq yası,
Qorxma, yar, allah kərimdi.

Aldı Şəhri:

Mən Şəhriyəm qürbət elli,
Bağçalarım qaldı güllü
Mehrim, sənsən iki dilli,
Yarım alacaq oldular.

Aldı Mehri xanım:

Mehriyəm bezar canımdan,
Dərdim uzaq dərmanımdan
Bəzənnəm qızıl qanımdan,
Qorxma, yar, allah kərimdi.

Söz tamama yetdi. Şəhri dedi:

– Mehri xanım, zalım güclü, tanrı kərəmsiz. Bizim Kürdoğluya gücümüz çatmaz. Deyəsən, fələk səni məndən ayıracaq. Gəl heç olmasa, halal-hümmət eləyək.

Bu sözə Mehri daha da kövrəldi, sözlə cavab verə bilmədi. Ona görə də sazla cavab verdi:

Sənə deyim, Şəhri yarım,
Ölüncə dönmərəm səndən.
Heç boşa getməz ilqarım,
Ölüncə dönmərəm səndən.

Səni sevərəm canımdan,
Quş keçə bilməz yanımdan,
Keçsəm də, qızıl qanımdan,
Ölüncə dönmərəm səndən.

Mehri qəsd eylər özünə,
Gəl sən inan bu sözünə,
Ox dəysin düşmən gözünə
Ölüncə dönmərəm səndən.

Mehri sazla dediyi kimi sözlə də dedi ki:

– Şəhri, eşit və bil. Mən səndən qeyri heç kəsə getmərəm. Qalsam səninəm, ölsəm, qara torpağın, vəssalam.

Şəhrinin dayəsi ki, neçə il idi bu evdə yaşayırdı və Şəhrini cəmi dünyada hər şeydən çox istəyirdi, bayaqdan pəncərədən bu iki sevgilinin halını seyr edib lap pəjmürdə olmuşdu. Hal-qəziyədən də xəbərdar idi, bayıra çıxdı. Gəlib Şəhriyə dedi:

– Bala, bəlkə, bir gedib Cəlali Kürdoğluya şirin dillə deyəsən, lap lazım gəlsə yalvarasan. Birdən adamdı insafa gəldi, sənnən nə gedəcək. Deyir, islanmışın sudan nə qorxusu.

Bu söz Şəhrinin ağlına batdı. Dedi, cəhənnəm, Kürdoğludu, gedib yalvar-yaxar edərəm, qoy lap öldürsün. Onsuz da Mehrisiz yaşamaq ölümdən betərdi.

Bəli, Mehri ilə də götür-qoy edib bir at mindi. Yola süvar olub Kürdoğlunun dalınca düşdü. Bu dağ mənim, o daş sənin, axır gəlib onu tapdı.

Kürdoğlu baxdı ki, uzaqdan bir atlı gəlir. Adamlarına əmr elədi, bir göz qırpımında Şəhrinin başının üstünü aldılar, gətirdilər Kürdoğlunun yanına. Kürdoğlu gördü ki, bu Şəhridi, dedi:

– Əə, sövdəyər oğlu, sən hara, bura hara, xeyir ola.

Şəhri üz tutdu Kürdoğluya:

Başına döndüyüm qardaş
Nazlı yarım alma mənim.
Yaradanı yəqin bilsən
Nazlı yarım alma mənim.

Şəhrinin gözü Kürdoğlunun üzündəydi, ha deyirdi, görüm söz ona təsir edəcək ya yox. Amma söz, elə bil, çibin vızıltısıydı. Kürdoğlunun bu qulağınnan uçub o qulağına gedirdi. Şəhri bir ürəyində özünü danladı ki, əşşi sən bilmirsənmi bu Kürdoğlu kimdi, gəlib ona niyə yalvarırsan, quldurda nə insaf. Ancaq sözü yarımçıq qoymadı. Aldı görək dalını necə dedi:

İgid kəsməz dostluğunu
Mərd dəyişməz yasdığını,
Güzəşt eylə basdığını,
Nazlı yarım alma mənim.

Sevmə qaşların qarasın,
Deşmə ürəymin yarasın
Keçirmə Şəhri çırasın,

Nazlı yarım alma mənim.

Söz daşa, kəsəyə təsir elədi, Kürdoğluya yox. Kürdoğlu dedi:

– Əə, sövdəyər oğlu, maşallah sənin yaxşı şairliyin də varmış, buna görə də sənə bir batman qızıl düşür. O da padşah xəzinəsində, bizdə olsa, verərdik. O ki qaldı Mehriyə, şərtimiz şərtdi. Kişi sözündən qaçmaz. Mən söz vermişəm Mehrini alım. Sən də söz vermisən özünü öldürəsən.

Şəhrinin dünyayi-aləmdə əli hər yerdən üzüldü, kor-peşiman geri qayıtdı. Nə tədbir fikirləşdisə, bir şey çıxmadı. İstədi Mehrini də götürüb yad bir yerə getsin, amma bir də götür-qoy elədi ki, xeyri yoxdu. Kürdoğlu yerin altında da olsa, üstündə də onu tapacaq, Mehrini də əlindən alacaq.

Sizə deyim Cəlali Kürdoğlundan. Bundan beş gün keçdi, üç gün keçdi, düzünü Allah bilir. Mehri xanım təzədən Kürdoğlunun yadına düşdü. Keçəl Yaradanqulunu yanına çağırdı:

– Əə, keçəl, neynirsən?

– Neyniyəsiyəm, ağa, sənin canına dua oxuyuram.

– Əə, keçəl, mənim canıma yüz dua oxumaqdansa, dərdimə əlac eləsən yaxşıdı.

– Ağa, o nə dərddi elə, bu keçəl başı onun yolunda sadağa eləyim.

– O elə dərddi ki, söznən desəm, dilim yanar, gərək saznan deyəm.

– Ağa, keçələ fərq eləməz, ya söznən de, ya saznan. Ya da istəyirsən, laldili danış, keçələ bir işarə bəsdi.

– Yaxşı, onda qulaq as:

Göydən bir cüt sona endi,
İki gölün arasına.
Yar-yardan ayrı düşəndə
Ağlar, sızlar çarası nə?

Kürdoğlu ağzını açan kimi keçəl mətləbi qandı. Bildi ki, Mehri xanım Kürdoğlunun yadına düşüb, dedi:

– Ağa, madam ki, sən saznan dedin, icazə ver, mən də saznan deyim.

– Sənin icazəni çoxdan vermişəm, saznan yox istəyirsən lap zurnaynan de.

Aldı keçəl:

Bizim yerlər yemlik olar,

Quzu otlar əmlik olar,
Qız məməsi dəmlik olar,
Qismət olsun yiyəsinə.

Kürdoğlu dedi:

– Keçəl, bu işin dərmanını tapsa, tapsa ancaq sən tapa bilərsən. Bir qulaq as:

Bağ-bağçada güllər bitir,
Güllər bitir, bülbül ötür
Təbibsən, dərmanı gətir,
Bağla sinəm arasına.

Aldı keçəl:

Bizim ellər otdu olar,
Qoyun otlar süddü olar,
Qız məməsi dadlı olar
Qismət olsun yiyəsinə.

Aldı Cəlali:

Kürdoğluyam ərzim aldım,
Canımı odlara saldım,
Könül ağlar həsrət qaldım
Qaşlarının qarasına.

Aldı keçəl:

Yaradanqulu ocağına
Qurban dolu bucağına,
Yarın aldı qucağına
Getdi dağlar arasına.

Cəlali Kürdoğlu saznan dediyi kimi söznən də dedi:

– Keçəl, Mehri üçün darıxmışam, onnan mənə bir xəbər…

– Ağa, o mənim işimdi. Keçəli göndər suya, üstəlik çörəyini də gətirsin.

Bəli, keçəl Yaradanqulu oradan birbaş yol aldı Sərsəbil şəhərinə. Elə ki, Sərsəbilə çatdı təğyiri-libas oldu, əyninə bir cırım-cındır paltar tapıb geydi, başına şeytanürküdən bir papaq qoydu, bir ayağı yalın, bir ayağında cırıq çarıq. Üzünə də bir az tozdantorpaqdan sürtdü, özünü tanınmaz hala saldı, guya ki neçə ilin dilənçisidi. Yön aldı Mehrigilin məhləsinə, məhləyə çatanda başladı o qapı sənin, bu qapı mənim dilənməyə. Axır gəlib Mehrigilin qapısını döydü:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri