Səhifə 1 / 10

Ustadlar həmişə dastana başlamazdan əvvəl ustadnamə deyiblər. Biz də deyək bir olsun:

Könül qulluq eylə kamil ustada,
Ustad görməyənin işi xam qaldı.
Neçə danəndələr köçdü yurdunnan
Yurdunda bir neçə ağlı kəm qaldı.

Təkəbbur məclisə salam eyləməz
Baş əyib, endirib ənam eyləməz,
Heç kəs bu dünyanı tamam eyləməz!
Tamama yetmədi natamam qaldı.

Ərəb at üstündə durdum deyənlər,
Bu dünya mülkünə yurdum deyənlər,
Asdım, kəsdim, yıxdım, qurdum deyənlər
Onlar da köçdülər quru dam qaldı.

Nanəcibə dedim: – Dur, məndən üzül
Müxənnəsə baxma, gözlərim, süzül
Nuh ömür eylədi min doqquz yüz il,
Elə bildi, bir gün bir axşam qaldı.

Qul Allahquluyam ay nəsib elə,
Şəcərdən baş verdi ay nəsib elə
İskəndər atlandı ay nəsib elə,
Nə Cəmşid əyləşib, nə də cam qaldı.

Ustadlar ustadnaməni bir deməyib iki deyib, biz də deyək iki olsun, könlünüz şad olsun:

Bir oğul ki, ata sözün tutmasın,
Yüz il damsa, ondan axar çay olmaz.
Göz açanda doğru yolla getməsə,
Dövlət tapıb axırında bay olmaz.

Bəd övlad göz açıb düşmən qazanı
Özünə dost tapar yoldan azanı.
Dərs oxuyub bu sözlərmi yazanı,

Yadigardı heç əməyi zay olmaz.

Bu bir sözdü ustadların yanında
Bir gün lazım gələr hax divanında.
Axtarsan, taparsan dürr məkanında
Yüz il saxla bir misqalı zay olmaz.

Bir insan ki, doğru yolla yerisə,
Bəla tutmaz onu çovğun bürüsə.
O kimsənin əsli, zatı var isə,
Yanlış olar, yol azana tay olmaz.

Şair Cavad bu sözlərin baməzə,
Əsl ariflər baxar əyriyə, düzə.
Haqq özü gündərib doğru yol bizə
Əyri yoldan bizə haqqı-say olmaz.

Ustadlar ustadnaməni iki deməyib üç deyib, biz də deyək üç olsun, namərdin ömrü puç olsun:

Yazda, yayda ağ geyinən dağlara,
Payız qəhr edəndə boran gülərmiş.
El köçəndə solan bir çəmənzara
Yaylaq boş qalanda aran gülərmiş.

Xoryat sözü mərd ürəyin dağlayar,
Təbib görcək dərdə dərman bağlayar.
Aşıq eldən ayrı düşsə, ağlayar.
Bayqular tapanda viran gülərmiş.

Tərəqqi çarxında insan ucalar
Tənəzzül gərdişi ayağa salar,
Yoxsul qatarından üzülər, qalar,
Vara fəxr eyləyən hər an gülərmiş.

Göydəki laçınlar baş əyməz sara,
Sınmasa qanadı, düşməsə dara,
Zülmün kəməndində ağlayanlara
Zülmət qılıncını vuran gülərmiş.

Hərə bir söz deyər bəxti yatana,
Fələk öz əliylə daşın atana,
Adamsız arada itib batana
Arxasında kömək duran gülərmiş.

Miskinli Vəliyəm haqqına naçar,
Biri bağlayanda birisi açar,
Birisi qovduqca birisi qaçar

Qaçan ağladıqca qovan gülərmiş.

Ustadlar dilindən sizə hardan deyim, kimdən deyim, Tikmədaşda Xəstə Qasımdan. Zaman o zamanıydı ki, Qasım hələ Xəstə Qasım deyildi, eləcə Qasım adlı kasıb, cavan bir oğlanıydı. Yenicə həddi-büluğa çatırdı.

Qasımın uşaqlığında həm atası, həm də anası vəfat eləmiş, Qasım və bir bacısı yetim qalmışdılar. Yoxsulluqnan, çətinliknən bir təhər gün keçirib böyümüşdülər. Qasım çobanıydı, kəndin qoyunlarını otarıb hərədən beş-on şahı alar, bacısı ilə bir təhər gün keçirərdi.

Günlərin birində Qasım qəbristanlığın kənarında qoyun otarırdı. Kənddə ölü düşmüşdü. Ölünü basdırmaq üçün qəbristanlığa gətirirdilər. Adətə görə ölü düşəndə ehsan üçün halva çalar, lavaşa büküb camaata paylardılar.

Nə isə, ölünü gətirdilər qəbristanlığa, camaat yığışdı ölünü basdırdılar qurtardılar. Başladılar halva paylamağa. Qasım səhərdən çörək yeməmişdi, bərk ac idi. Gördü, halva paylayırlar, sevindi. Fikirləşdi ki, bir tikə yeyərəm gözüm işığa gələr. Soruşdu ki, bəs, bu halvanın əvəzində nə vermək lazımdı. Dedilər:

– Bu halvanın əvəzi bir həmdi-surədir. Kim halvadan yesə, gərək həmdi-surə oxuya.

Qasım çoban adam idi, nə bilirdi həmdi-surə nədi, filan nədi. Soruşdu ki, bəs, həmdi-surə nədi. Bunu başa saldılar. Dedi:

– Yaxşı, əgər halvadan yeyib həmdi-surə oxumasan nə olar?

Cavab verdilər ki, onda Allah günaha yazar, cəhənnəmlik olarsan.

Qasım qaldı naçar. Dedi:

– Onda nə halvadan yeyərəm, nə də cəhənnəmlik olaram.

Amma Qasımın ürəyində özünə bərk acığı tutdu. Fikirləşdi ki, gör mən nə qədər axmağam ki, bir həmdi-surəni də söyrənməmişəm.

Nə isə, müxtəsəri Qasım halvadan yemədi, qaldı yenə ac. Camaat qəbristanlıqdan dağılışıb getdi. Bir az keçdi, bir yağış başladı ki, ucundan tut göyə çıx. Qasım qaçıb qəbristanlıqdakı künbəzlərdən birinin içinə girdi. Künbəzin bir küncündə oturub fikrə qərq oldu. Elə bu cür də onu şirin yuxu tutdu. Bir vaxt ayıldı, baxıb gördü ki, sən ölməyəsən künbəzin bir tərəfində daşın üstündə bir kömbə buğlanır, gözlərinə inanmadı. Dedi, ac ağacı sünbül görər. Yəqin gözüm alacalanır. Bir də diqqətlə baxdı, gördü yox, zarafat-zarafat bu elə həqiqətən kömbədi ki, var. Dedi:

– Allah, kərəminə şükür, acın ruzisini bacadan salırsan.

Amma bir də fikirləşdi ki, görəsən, bu kömbə üçün də həmdi-surə oxumaq lazımdı ya yox? O yan-bu yan, götür-qoydan sonra dedi:

– Vallah, bu kömbə mənim qismətimə ki çıxıb, Allah qəzəb eləsə də, bunu yeyəcəyəm.

Yaxınlaşıb kömbəni əlinə götürdü, baxdı ki, bu bir möcüzə şeydi, üstü tamam dolu yazıdı. Qasım yazı-pozu bilmirdi, kömbənin üstünü oxuya bilmədi, başladı yeməyə. Təxminən üçdə iki payını yedi, qarnı doydu. Dedi, eybi yoxdu, qoy bu da qalsın, acanda yeyərəm.

Elə ki, Qasım kömbədən yedi, baxdı ki, ey dili-qafil, bütün yer, göy, dağ, daş, gül, çiçək dil olub onunla danışır. Yerin altını da bilir, üstünü də. Qasımın beyninə gəldi ki, daha çobanlığın daşını atsın. Qoyun-quzunu qabağına yığdı ki, gətirib hərəninkini özünə təhvil versin. Bir də baxdı gördü, yolla üç adam gedir. İkisi nisbətən yaşlıdı, amma biri yeniyetmə oğlandı, bığ yeri təzəcə tərləyib. Yaşlı adamlar qabaqdadılar, cavan oğlan isə arxadan gəlir, yeridikcə də yolun altına üstünə çıxır, az qalır ayaqları bir-birinə dolaşsın. Yaxınlaşıb bunlara salam verdi. Hal-əhval tutdu. Məlum oldu ki, bunlar ustadılar, arxalarınca gələn də şagirdləridir. Adına da Ləzgi Əhməd deyirlər. Soruşdu ki, bəs, o, niyə geridə qalıb? Dedilər, acdı. Elə bu əsnada Ləzgi Əhməd gəlib çatdı. Qasım soruşdu:

– Əə, can qardaş, bu nə haldı düşübsən?

Ləzgi Əhməd cavab verdi:

– Təsəddüqün olum, qardaş, bir sutkadır dilimin arasından su da keçməyib, acından ölürəm, bir şeyin varsa, ver yeyim.

Kömbənin üçdə bir payı Qasımın cibindəydi. Fikirləşdi ki, əgər bunu dansa, yalançılıq olar, Allah günaha yazar, yox əgər kömbəni versə, sonra Ləzgi Əhməd qayıdıb bunun üzünə ağ olar. Bir az götür-qoydan sonra qərara gəldi ki, Allahın verdiyi paydı, yəqin bu da bunun qisməti imiş, qismətdən qaçmaq olmaz. Dedi:

– Əə, ləzgi, de görüm əgər sənə çörək versəm, üzümə ağ olmazsan ki?..

Ləzgi Əhməd cavab verdi:

– Can qardaş, elə də şey olarmı, mənim bu günümdə mənə çörək verəsən, mən də sənin üzünə ağ olam?

Sözün qısası, Qasım kömbənin qalanını da verdi Ləzgi Əhmədə. Ləzgi Əhməd kömbəni yedikcə gözünə işıq gəldi, baxdı ki, əşşi, bu kömbə o kömbələrdən deyil, indi o, ərşin-gürşün hamısının sirrini bilir, yerin altından desələr altından, üstündən desələr, üstündən xəbər verir. Sinəsində şairlik təbi qaynayır. Birdən yadına gəldi ki, bu cür min bir əziyyətlə yaşamaqdansa gedib şairlikdən, aşıxlıxdan zaddan eliyər. Qayıtdı ustalara ki, daha mən sizinlə getmirəm, bu gündən şagirdliyi atdım. Ustalar qaldı mati-məəttəl. Dedilər, buna birdən-birə nə oldu, başına havamı gəldi.

Üz tutdular ki:

– Ay uşaq, sən dəli-zad olmamısan ki? Deyəsən, başına cin yığılıb.

Ləzgi Əhməd dedi:

– Mən nə dəli olmuşam, nə də başıma cin yığılıb. Amma sizinlə də getmirəm. Qayıdıb aşıqlıqla, şairliklə məşğul olacağam.

Ustalar çox dedi, Əhməd az eşitdi. Oradan bir baş qayıtdı Dağıstan vilayətinə.

İndi sizə deyim Qasımdan. Qasım da o gündən çobanlığın daşını atdı, oldu Xəstə Qasım. «Xəstə» ləqəbini ona görə götürmüşdü ki, istəsə bir adamın canına vahimə salar, onu xəstəhal eləyərdi.

Daha bu işıqlı dünyada Xəstə Qasımın bilmədiyi, bacarmadığı şey yox idi. Həm aşıqlıq edərdi, həm şairlik, həm mollalıq, həm qazılıq, həm alimlik. Gah kəbin kəsərdi, gah ölü götürərdi, gah ərşdən-gürşdən danışardı. Mollalara, qazılara, alimlərə göz verib işıq verməzdi. Bir məclisdə biri yalan söz söyləsə, ağzına vurardı. Lazım olanda şər kəsərdi.

Mollalar, qazılar, alimlər gördülər, yox balam, iş belə gedəsi deyil. Xəstə Qasım onları camaat arasında bihörmət eləyir, daha bunun əlindən zinhara gəliblər. Yığışıb tədbir tökdülər. Çox götür-qoydan sonra belə qərara gəldilər ki, Xəstə Qasımdan müşseyidə şikayət yazsınlar. Əlqərəz, elə də elədilər. Götürüb müşseyidə yazdılar ki, bəs, belə-belə, Xəstə Qasım adında bir adam peyda olub, nə bir məktəb oxuyub, nə bir təhsil görüb, nə də bir sənədi filanı var, amma min cür günah işlə məşğul olur. Həm ölü götürür, həm şər kəsir, həm alimlik eləyir. Bizim də dediklərimizin hamısını yalan çıxardır. Allah buyurub peyğəmbər xəbər verənin ziddinə çıxır. Öhdəsindən gəlmək mümkün deyil. Xahiş elədilər ki, müşseyid tədbir görsün. Məktubu göndərdilər müşseyidə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri