Xəstə Qasımın Dağıstan səfəri
Səhifə 2 / 10 · 10%
Müşseyid məktubu alıb oxudu, amma yazılanlara əhəmiyyət vermədi. Dedi, belə şey ola bilməz, yəqin bu adam ya dəlidi, ya da şitlik eləyir. Ancaq mollalar, qazılar, alimlər əl çəkmədilər, üç yazdılar, beş yazdılar. Axır müşseyid gördü yox, hənək hənək axırı dəyənək, od olmayan yerdən tüstü çıxmaz. Xəstə Qasıma xəbər göndərdi ki, əl-ayağını yığışdırsın. Xəstə Qasım buna məhəl qoymadı, yenə öz işinə davam elədi. Üstəlik cavab qaytardı ki, bəs, onun bütün alimləri, mollaları, qazıları ilə suallaşmağa hazırdır. Əgər Xəstə Qasıma şübhəsi varsa, çağırsın cəmi başbilən alimlərini, mollalarını, qazılarını. Müşseyidin öz yanında sorğu-sual keçirilsin. Allah kimə verər verər.
Müşseyid gördü ki, balam, bu, deyəsən, yekə işə oxşayır. Qaldı təəccübdə. Dedi, əşi, mənim mollalarım, qazılarım, alimlərim neçə il oxuyublar, Adəmdən Xatəmə qədər hər şeyi bilirlər, indi necə ola bilər ki, oxumamış bir çoban özünü hamıdan çoxbilmiş hesab edə. Deməli, burda nəsə var.
O birisi tərəfdən də xəbər gedib çatdı Şah Abbasa ki, bəs deməzsənmi Tikmədaş kəndində belə bir adam var, əvvəllər çobanlıq eləyib. Sonra birdən-birə ağlı nə buyurubsa, çobanlığı atıb, başlayıb alimliyə. Şah Abbas müşseyidə xəbər göndərdi ki, aydınlaşdırsın görsün o nə məsələdi. Bu biri yandan da Mirzəli xanı yanına çağırdı, buyruq verdi ki, bir neçə atlı da götürsün getsin Tikmədaşa. Xəstə Qasımı tapsın, gətirsin müşseyidin hüzuruna. Müşseyid aydınlaşdırsın görək bu nə işdi. Əgər Xəstə Qasımın günahı varsa, layiqincə cəzasını verərik.
Bəli, Mirzəli xan başında da bir neçə atlı yolu düşdü Tikmədaş kəndinə. Neçə gün yol getdilər, axır gəlib çıxdılar kəndin kənarına. Gördülər, bir adam cütlə yer əkir. Yaxınlaşıb salam verib əleyk aldılar. Mirzəli xan dedi, yaxşı oldu, elə bundan Xəstə Qasımın yerini-yurdunu soruşaram. Əslində cütlə yer əkən Xəstə Qasım özüydü. İntəhası Mirzəli xan onu tanımırdı. Mirzəli xan soruşdu:
– Əə, cütçü qardaş, sən Xəstə Qasımı tanıyırsan?
Xəstə Qasım cavab verdi:
– Tanı mənəm, bil mənəm!
Mirzəli xan soruşdu:
– Heç görməmisən?
Xəstə Qasım gördü yox, xan onu başa düşmədi, dedi:
– Gör mənəm, bil mənəm!
– Heç eşitməmisən də?
Xəstə Qasım gördü xan yenə onu anlamadı, dedi:
– Eşit mənəm, bil mənəm!
Mirzəli xan belə başa düşdü ki, cütçü Xəstə Qasımı tanımır, nə görməyib, nə də onun haqqında eşitməyib. Fikirləşdi ki, bu nə küt adamdı, Xəstə Qasımın sədası gedib Şah Abbasa çatıb, ancaq bu cütcü burdan bura onu eşitməyib də.
Mirzəli xan Xəstə Qasımdan ayrılıb başının adamlarilə Tikmədaş kəndinə üz tutdu. Gəlib kəndə çatdılar, soruşa-soruşa Xəstə Qasımın evini tapdılar. Xəstə Qasımın bacısı evdəydi. Soruşdular ki, ay bacı, Xəstə Qasımın evi buradırmı? Dedi:
– Bəli, buradır.
– Xəstə Qasım evdədirmi?
– Yox, cütə gedib.
– Qonaq qəbul eləyirsinizmi?
– Qonaq allah qonağıdı, buyurun gəlin.
Mirzəli xan başının adamları ilə keçib oturdu. Başladılar Xəstə Qasımı gözləməyə. Bir az keçmiş Xəstə Qasım gəldi. Üz tutdu qonaqlara:
– Qonaqlar, xoş gəlibsiniz!
– Sağ ol.
Mirzəli xan baxdı ki, əyə, bu bayaqkı cütçüdü. Soruşdu:
– Xəstə Qasım sənsənmi?
– Bəli, xan sağ olsun!
– Bəs, biz bayaq soruşanda kim olduğunu niyə dandın?
– Xan sağ olsun, nə vaxt dandım?
– Dedin, tanımıram, görməmişəm, eşitməmişəm.
– Mən elə demədim, xan. Mən dedim ki, tanı mənəm, gör mənəm, eşit mənəm, bil mənəm.
Xan mətləbi başa düşdü. Ürəyində fikirləşdi ki, həə, deyəsən, səndə nəsə var axı. Dedi:
– Xəstə Qasım, hal-qəzyə belədi, məni şah göndərib. Səni aparmalıyam Şeşpərin şəhrinə, müşseyidin yanına. Orda səni mollalar, qazılar, alimlər imtahan eləməlidi. Çünki səndən şaha şikayət gedib. Yazıblar ki, heç bir təhsili olmayan, çobannıxnan məşğul olan bir adam gəlib indi alimlik eləyir, Quranın, şəriətin əleyhinə çıxır. İşdi imtahandan yaxşı çıxsan, sənə kağız-sənəd verərik. Gəlib necə qanunda var, o cür də nə istəsən elərsən. Yox, əgər imtahandan yaxşı çıxmasan, onda şah bilər, müşseyid bilər, sən bilərsən. Nə cəza istəsələr, onu da verəcəklər.
Elə ki, Xəstə Qasım məsələdən hali oldu, dedi:
– Xan sağ olsun, şah əmri allah əmri. Madam ki, şah əmr edib getməliyik.
Gecəni yatdılar, sabah açıldı. Sabah üzünüzə xeyirliyə açılsın. Xəstə Qasım fikirləşdi ki, ey dili-qafil, bu aşıq-aşıq oynamaq deyil ki. Orda alimlər var, ruhanilər var, qazılar, axundlar var. Birdən olmadı elə, oldu belə, biri məni bağladı. Şah boynumu vurdurdu. Burda mənim bacım var, nişanlım var. Qoy gedim bir kənd mollasının yanına, baxdırım görüm səfərim uğurludu, ya uğursuz. Bir neçə saatlığa Mirzəli xandan rüsxət istədi. Xan rüsxət verdi. Xəstə Qasım ordan mollanın yanına gəldi. Üz tutdu mollaya ki:
– Molla əmi.
Dedi:
– Bəli!
Dedi:
– Mənim bir səfərim var, olarmı bir o kitabı açıb baxasan, görək necə görsənir.
Molla Quranı açdı, əlini bir ayənin üstündə saxladı. Gördü, çox uğurlu gəldi. Amma mollanın Xəstə Qasımnan arası yox idi. O səbəbə ki, Xəstə Qasım mollaların ziddinə gedirdi, onlara göz verib işıq vermirdi. Bu mollanın da Xəstə Qasımı görməyə gözü yox idi. Odur ki, düzünü demədi. Dedi, qoy bəd deyim. Xəstə Qasımın ürəyinə qorxu düşsün. Başını qaldırdı ki:
– Xəstə Qasım, yaman bəd gəldi. Sənin bu səfərin çox qorxulu səfərdi, uğurun da xeyirliyə görsənmir.
Xəstə Qasımın diqqəti Qurandaydı. Molla kitabı açan kimi ayəni gözucu oxumuşdu. Bildi ki, molla yalan danışır, özü də niyə yalan danışır, dedi:
– Molla əmi, olarmı ürəyimə bir qatar söz gəlib, onu deyəm?
Molla bildi ki, Xəstə Qasımdan xeyirli söz çıxmayacaq. Ancaq əlacı yox idi. Dedi:
– De görək, nə deyəcəksən.
Xəstə Qasım sözünün əvvəlinə belə başladı:
Bu gün mən bir molla gördüm,
Kəlamullah əlindədi.
Oxuyur əzbər Quranı
Kəlmeyi-yüsəbbeh dilindədi.
Molla gördü yox, daş qayaya rast gəlib, fırıldağı baş tutmadı. Dedi:
– Dayan, bəlkə, səhv baxmışam, diqqətim başqa yerdə idi.
Bir də baxdı, məcbur olub düzünü dedi. Amma Xəstə Qasım bildirdi ki, sözü yarımçıq qoymaq olmaz, oydu ki, götürüb dalını belə dedi:
Oxuram fərzi-sünnəti,
Bir kəsə qılmam minnəti
Səkkiz irizvan cənnəti
Şahlar şahının əlindədi.
Qıl namazın şükrün eylə,
Bil haqqını, zikrin eylə,
Qasım getmək fikrin eylə,
Gəlmək allah əlindədi.
Xəstə Qasım özünü danladı ki, bu mollanın nəyinə baxdırırsan ki, sənə də yalan deyə, uğurunun üstündən bəd dillənə. Bilmirsənmi, bunlar sənə düz söz deməz.
Xəstə Qasım qayıdıb gəldi evə. Ayənin yaxşı çıxmağı onu bir qədər də ürəkləndirdi. Başladı səfər tədarükü görməyə. Elə ki, tədarükünü görüb qurtardı, atı yəhərlədi, sazı götürüb çiyninə saldı, gəldi Mirzəli xanın hüzuruna, dedi:
– Xan sağ olsun, mən hazır!
Xan adamlarına göstəriş verdi ki, qalxıb atlansınlar. Hamı qalxıb atını hazır elədi. Elə istəyirdilər «ya Allah» – deyib yola düşələr bir də Xəstə Qasım gördü ki, nişanlısı Güllü xanım yolun kənarındakı ağacın daldayında durub elə baxır, elə baxır elə bil anasını itirmiş körpə ceyrandı.
Xəstə Qasımla Güllü xanım bir xeyli vaxt idi ki, nişanlanmışdılar. Xəstə Qasım tədarük görürdü ki, beş günə-üç günə toy eləsin, Güllü xanımı gəlin gətirsin. Güllü xanımın məlul baxışlarını gördükdə elə bil Xəstə Qasımın ürəyinə xəncər soxdular. Fikirləşdi ki, şah qəzəbi əzrayıl qəzəbi, getdi, birdən şahdı, qəzəbi keçdi, onu öldürtdü, onda nişanlısı da burda ağlar qalacaq. Ürəyi qövr elədi, dedi:
– Xan, başına dönüm, ürəyimə bir qatar söz gəlib, icazə ver onu deyim sonra gedək.
Xan icazə verdi. Xəstə Qasım sazı sinəsinə basıb nişanlısı Güllü xanıma üz tutub görək nə dedi:
Nə baxırsan oğrun-oğrun,
Mənə biganələr kimi,
Durum dolanım başına,
Şama pərvanələr kimi.
Bağbanlar bəslər meyini,
Dönsün seyraqub löyünü,
Yıxıbsan könlüm öyünü
Top dəymiş qalalar kimi.
Gəl gedək Çinə, Maçına
Qurbanam siyah saçına.
Al məni qoynun içinə,
İstəkli balalar kimi.
Dost qapısında dustağam,
Tellərinə çox müştaqam
Yar əlindən düyün-dağam,
Dağdakı lalalar kimi.
Xəstə Qasım Tikmədaşlı
Könlü qəmli, gözü yaşlı,
Göldən uçdu yaşılbaşlı
Silkindi sonalar kimi.
Mirzəli xan arif adam idi, soruşdu:
– Xəstə Qasım, bu sənin nəyindi?
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-xeste-qasimin-dagistan-seferi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qorxmuram yağılardan bu qaranlıq diyarda,Könlüm günəşə həsrət bir zirzəmi kimidir.
Bakım mənimBu torpağa ibadətim,Bu dünyaya səyahətim.
Ekranda görüşOğul şəhərdədir,Anasa kənddə,
Bizdə də var, sizdə də varBir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.