Xeyri-şəri nə var pünhanü aşkar,Gah acı, gah şirin dil eylər-eylər.Pozulmaz əbədi bir mizanı var,Sanyəni böyüdər il eylər-eylər.

Gədanı şah edər, şahı bir gədə,Yaxşını, yamanı seçər cümlədə,Nəzərin əyərsə, tək bir ləhzədə,Dəstində zər olsa, gil eylər-eylər.

Aləmi laləzar, bir böyük bazar,Bir yanda gur yanar, bir yanda buzlar,Bir yanda nizamlar, bir yanda pozar,Bir yanda bəm sazı, zil eylər-eylər.

Bir yan dağa baxar, bir yan arana,Bir yan həqiqətdi, bir yan əfsana,Bir yanda şənlikdi, bir yan virana,Bir yanda dəryalar lil eylər-eylər.

Bir yandan boşalar, bir yandan dolar,Bir yandan açılar, bir yandan solar,Bir yan şadimandı, bir yan qan olar,Bir yanda şeşpəri mil eylər-eylər.

Bir mehri ülfətin məhəbbətindən,Bahar təranəsi təbiətindən,Aləmlər sərvəri öz qüdrətindən,Günəşin gücündən gül eylər-eylər.

Ey Miskinli Vəli, etmə günahı,Haqqın dərgahında doğru tut rahı,Dərdinə dərmanı şahların şahı,Qəlbindən qaranı sil eylər-eylər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar