I

Səni görən gündən
Dəyişdi dünyam,
Nurumu nuruna
Qata bilmirəm.
Sən parlaq Günəşsən,
Mən solğun Ayam,
İzincə gəlirəm,
Çata bilmirəm.

Şəfəqlər kainat
sinəsindədir —
İşığın məndədir,
Qəlbim səndədir!
Elə bil çıxmışam
Ömrün qışından,
Yoxsa yaz qanadlı
Qaranquşam mən?
Elə bil dünyanın
Ay aranışından,
Sənə həsrət üçün
Doğulmuşam mən!

İsti şəfəqlərlə
Gözlər güləndə,
Təbiət qoynunda
Nur unudulur.
Axı Ay Günəşə
yaxın gələndə
Günəş də deyirlər
o gün tutulur.

Sənə yanaşsam da,
Mən aram-aram,
Səni nur yolundan
Necə saxlaram?
Ürəkdə qalacaq arzu da, kam da?
Ayam, yoxsa sönmüş
Bir çırağammı?
Səni addım-addım
Mən arasam da,
haçansa mən sənə
Çatacağammı?

II

Qaranlıq gecədən
Gündüzə çıxdıq,
Məcnun səhrasından
Əsdi bir külək.

Axı, necə oldu
Üz-üzə çıxdıq,
Görüşdük bir əsr
Görüşənlər tək.
Sən elə tanışdın
Dərdi-sərimlə,
Onunçun yetişdin
Sən imdadıma!
Gəldin öz mübarək
Qədəmlərinlə,
Mənim sevgi adlı
Kainatıma!

Sanki arzulara
Sən işıq saçdın,
Şəfəqin — göylərdən
Axan çay kimi.
Kəhkəşan yoluyla
Ağ qanad açdın,
Elə bil köksümə
Qondun Ay kimi.
Gün kimi parladın
Zirvə qarımda,
Titrədim önündə
Bu möcüzənin.
Mən səni görmüşdüm
yuxularımda,
Bəlkə də çin olmuş
yuxumsan mənim?

Gözlədim dünyada
Səni nə qədər,
Bəlkə indi duydum
Təsəlli nədir?
Mən tənha deyiləm
Daha gecələr,
Ay sinəm üstündə,
Gün qəlbimdədir!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri