Alınan azadlığı nə cür saxlamalı
İran mücahidlərinə
İstibdad cəhənnəmini söndürüb yerinə azadlıq bağçası, dünya cənnəti qurmaq nə qədər çətin isə alınan azadlığı saxlayıb davam etdirmək də bir o qədər, bəlkə ondan daha artıq çətindir. Çətindir, bəli. Ondan ötrü çətindir ki, müstəbidlər öz istibdad və hökmdarlıqlarını bərqərar etmək üçün zülm və şiddətə həmişə nə cür möhtacisələr, hürriyyət mücahidləri də müstəbidlər barəsində zülm və ədalətsizlik göstərməyə eyni surətdə məcburdurlar.
Halbuki hürriyyət mücahidləri çox vaxt öz qanları bahasına aldıqları cüzi azadlıqdan sonra istibdada köməkçi olan xırda müstəbidləri özbaşlarına buraxıb onların qol-qanadlarını sındırmaq, mənsəb və dövlətlərindən məhrum etmək ədalətin təxir etdiklərindən və ya lazım bilmədiklərindən həmin müstəbidlər axırda hürriyyətin başına ən böyük bəla və dərd olurlar. Çünki idareyi-məşrutə bunların nüfuzi-hakimanələrinə, dövləti-qanunilərinə zərər vurduqlarından hürriyyət mücahidlərindən intiqam almağı bir an fikirlərindən çıxarmazlar, və hər fitnə və alçaqlıqla mücahidləri gücdən salıb köhnə idareyi-məlunanələrini qurmağa gecə-gündüz çalışırlar. Və çox vaxt məramlarına nail də olurlar. Bu barədə tarixdə misal çoxdur.
Məsələn, Roma cümhuriyyətinin axır günləri, Sultan Məcidin mücahidləri və məşrutiyyət əleyhindəki qanlı planları, Rusiyada sellərtəki axan qanların, ziddinə istibdadın daha şiddətli, amma müvəqqəti bərpa olmağı, inqilab həngamında və ya inqilabdan sonra müstəbidlər əleyhinə göstərilən mülayimanə rəftarın, adilanə, insaniyyətpərvəranə hərəkətin namünasib olduğunu çox gözəl göstərir.
Halbuki inqilabdan sonra istibdad tərəfdarlarına edilən zülm vəədalətsizlik mənafeyi-ümumiyyə naminə ən böyük ədalət, ən insaniyyətpərvəranə, ən məqbulanə tədbirdir.
Osmanlı mücahidlərindən Əhməd Müdhət, Hüseyn Öni, Əhməd və Süleyman paşalar və Xeyrəddin əfəndilər və qeyri yoldaşlar Soltan Əzizi taxtdan düşürüb idareyi-məşrutəni təsis etdiklərindən sonra əgər həmrəy olub sarayi-şahanəni hürriyyət qurdlarından təmizlə-səydilər və nüfuzlu istibdad tərəfdarlarını gücdən salsaydılar, şəkk yox ki, Soltan Həmid o tezliklə alçaq həşəratı, mənfəətpərəst vüzəranı başına yığıb idareyi-məşrutə binasını o az vaxtda yıxa bilməzdi.
Bununla bərabər, burasını da iztirab ilə təsdiq etməkdən keçməm ki, əksər sahibi-hökm və dövlətlilər kimi istibdadın təbii alətləri olan qüvvələrin çoxlu bulunduğu məmləkətlərdə qüvvətli və davamlı idareyi-məşrutə üçün əksər camaatın iştirakilə mütləq birəhmanə və qanlı inqilab lazımdır. Yoxsa Osmanlıda olduğu kimi beş-on kəsin fədakarlığı ilə alınan hürriyyət heç vaxt kamalilə davam edə bilməz, çünki hürriyyət və idareyi-məşrutənin dərəceyi-davami əfkari-ümumiyyənin dərəceyi-iştirakına bağlıdır.
Bəli, azadlıq tələb edənlər, inqilabda iştirak edənlər nə qədər çox və qüvvətli olarsa, alınan hürriyyət də nisbətən çox və qüvvətli davam edər.
Demək ki, istibdad tərəfdarlarının güclü olduğu məmləkətlərdə inqilabı meydana gətirən, azadlığı təsis edən mütləq əfkari-ümumiyyə olmalıdır.
Amma İran inqilabı, İran məşrutəsi qanlı məşrutələrdən, çətin qeydlərdən azadədir.
İranın torpağı, havası, camaatın istedadı nə cür özgə məmləkətlərdən, özgə insanlardan ayrı isələr, inqilabı da, məşrutəsi də öyləcə ayrıdır.
İranda müstəbidlərin əmrinə, keyfinə tabe öz qardaşlarını öz əllərilə kəsəcək, öz xeyirlərinə kor-koranə mane olacaq qüvvətli və xain qoşun olmadığı kimi, İran üləması da qeyri məmləkətlərin ruhanisi kimi müstəbidlərin qolu, aləti-istibdadları olmadığından İranın inqilabı və məşrutəsi üçün ümumi inqilab qayda-qanunlarını axtarmaq lazım deyildir. Bu səbəblədir ki, İranın əfkari-ümumiyyəsi və maarifi-hazirəsi məşrutiyyəti təsis və davamə müsaidə olmadıqları halda,miqdarları az olan mücahideyi-hürriyyətin və üləmayi-həqiqətin qüdrəti can süparanələri sayəsində böyük-böyük işlər, təbəddüdlər, çox asanlıqla, yəni az qan tökməklə vücudə gəlir. Və o fədakarani-ümmət öz bədqeyrət rəvan əfkar-ümumiyyəni az vaxtda öz tərəflərinə cəlb etməkdə çox o qədər zəhməti-maneəlik hiss etmədilər. İranda məşrutiyyəti-hazirəni xoşlamayanlar və o binayi-müqəddəsi yıxmağa əl altından çalışanlar olsa-olsa, bir parça cahil və mənfəətpərəst hakimlər, dövlətli cahil mollalar, müftə yeməyi öyrənən xanlardır.
İştə bunlar heç vaxt rahat oturmayıb müsavati-ədalətin özlərinə vurduğu zərərlə razı qalıb tamaşaçı olmayacaqlardır. Bunlar köhnə istiqlallarını geri almaq, məşrutiyyətin vurduğu zərərin intiqamını çıxarmaq üçün hər cür fəsad və hiylələrə müraciətdən bir an geri durmayacaqlardır. Bunlar bir-bir bəhanə edib “Ədalət” kimi qəzetləri, Təbrizin Milli Məclisi kimi ədalətxanələri yavaş-yavaş bağladıb köhnə istibdadı qayət hiyləli və politikalı vasitələr ilə bərqəar etməyə çalışacaqlardır. Hərçənd İran üləmasının fədakarlığı, onların hamiliyi İran camaatının üləmayi-həqiqiyə və mücahideyi-hürriyyətə olan meyil və məhəbbətləri və tərəqqiyə olan istedadları din, haqq və vətən düşmənlərinə pək o qədər də fürsət verməyəcəkdir. Amma bununla belə ehtiyat üçün o kimi xaini-vətənləri, düşməni-hürriyyətləri öz mənsəb və nüfuzlarından kənar edib haqlarında ədaləti-ümumiyyə naminə zülm və ədalətsizlik göstərilməlidir. Hürriyyətə mane olan ən xırda sədləri sındırmalı və gələcək fitnənin qabağını indidən almalıdır.
Nemanzadə
“İrşad” qəzeti, 21 noyabr 1906, №249
Kitabxana.az · https://kitabxana.az/works/nemanzade-alinan-azadligi-ne-cur-saxlamali
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qafil camaatın içində ciddi iş görmək, xüsusilə politikaya – məmləkətin idarəsinə aid iş köçürmək çox çətindir. Həqiqət, bir çox təcrübələr ilə görülübdür ki, nadan camaat yaxşı-yamanı qanmıyan xırda uşaq kimidir. Hər kəsə məlumdur ki, uşağa üstü bəzəkli, içi zərərli konfet verəndə, o saat üstünə baxıb aldanar. Konfet sonra bunu naxoş edəcəkmiş orasını, gələcəyin əsla mülahizə etməz. Halbuki uşağın qızdırması üçün “kinə” verəndə, acılığını eşidib içməyə yaxın durmaz, ağlar, yenə konfet istər. Kinə vermək istəyəndən küsər, ürəyində düşmənlik bağlar. İştə bizim nadan, əsir camaatımızın bir qismidə tamamilə bu uşaq kimidir: səlamət və nicatı üçün, əsirlik və həqarətdən azad olmağı üçün köhnə zülmlü idarənin dəyişilməsini, milli maarifimizin tərəqqisini, hürriyyət və birliyin verilməsini yeganə əlac olmaq üzərə göstərirlər. Mümkün deyil, qəbul edilməz. Hürriyyət və ədalətin nəticəsi “erməni fəndi” zənn edilər. Rusların hürriyyət və insanlıq yolundakı duaları ermənilərin millət dualarına qarışdırılır. Bilinmək istənilməz ki, o hara, bu hara? Bunları qanmadığı üçündür ki, camaatımızın bir qismi ən ziyadə yerə zərərli olan köhnə idarəni candan (?) xahiş edirlər. Bununla bərabər biçarə nadanları çox qınamaq olmaz; insanlığı, güzəranı, məadəti o köhnə rəzalət, o alçaq və əsirlik şəklində görüblər. Dərd budur ki, Rusiyada bizdən çox döyülən, söyülən, bizdən artıq zəlil və həqir olan heç bir tayfa olmaya-olmaya yenə bizdən artıq köhnə zülmləri xahiş edən qafil bir tayfa görünməyir. Bu nə mərtəbə cəhalət! Bu nə mərtəbə cəhalət ki, o köhnə zəlilliyin, o cür əsirliyin, o xalis heyvanlıq, sənəti-rahatlıq və insanlığın ağır dərəcəsi biliniyor. Neçün bilinməsin ki, burunlar o köhnə murdar iy (qoxu) ilə dolub. Qəlblər bir eşşəyə boyun əymək duyğusu ilə bəslənib. Başlar və beyinlər zülm ve istibdadın verdiyi tərbiyə ilə böyüyüb. Arxa dəriləri köhnə idarənin vurduğu matraqlar (qamçılar) ilə qalınlaşıb. Gözlər başa döyülməkdə kor olmaq halına düşüb. Budur ki, bu səbəblədir ki, bu zamanın – bu zamanın ha! bəzi müsəlmanları yenə qədim idareyi-höküməti kor-koranə xahiş edirlər və o qədər özlərini itiriblər ki, Rusiyada “hürriyyət’in hər tayfadan artıq bizə gərək olduğunu zərrə qədər də olsa başa düşmək istəmirlər. Köhnə idarə səbəbilə qonşumuz ermənilərin, piyan rus qulluqçularının başımızda nə oyunlar oynadıqlarını, bizi nə həqarətlərə saldıqlarını birdəfəlik də olsa mülahizə etmiyorlar. Bugünkü iki çürük qəpiklik şəxsi mənfəətlərini gələcəkdəki ümumi mənfəətlə, millətin səlamətliyi ilə əsla dəyişmək istəmirlər. Doğrusu, istəmirlər ki, onlarca tək özlərinin indi iki qəpikləri getməsin, tək indi özlərinin bir xırda başları ağrımasın, gələcəkdə istərsə millətin cümlə malı yox olsun, bütün övladi-millət qırılsın! Kimin nə işinə? Öz çulunu məskincə sudan çıxaran zəmanəmizdə əqilli igid hesab edilir?!.Ey oxucu! Zənn etmə ki, “Ümidvar” bu kimi sözləri düzəldib tənbeh üçün yazır. Yox vallah! Dayana bilməyib odlanıram. Hələ bir para oxumuşlarımızın xeyir-şərini qanmayıb bəzi avama qatışıb islamın əsası olan hürriyyət və müsavata lənət oxuyub köhnə idareyi-zaliməyi arzu etdiklərini duyub parçalanıram. Bilməm nə vaxta qədər böylə kor və qatil qalacağız? Nə vaxta kimi siyasət və ticarətdə özgələrə uşaqlar təki əsir olacağız? Neçün öz politikamızı, milli xeyrimizi qanmayırıq? Nə dəlil ilə aramızda hürriyyət və müsavat istəyənlərə lənət oxuyuruq?.. Görürsünüz, ermənilər 20 ildən sonra özlərinə zərər gələcək deşikləri indidən nə tez qapayırlar. Görürsünüz, ermənilər – Rusiya rusların olmaq şərti ilə Rusiyada hürriyyət və müsavatı əsla istəmiyorlar. Neçin də istəsinlər ki, əvvəl vaxt biz də onlar ilə bərabər olarıq. Xeyr, bəlkə biz çox işlərdə onlardan artıq ixtiyar sahibi olacağız! Hər yerə, hər idarəyə kök salan ermənilərin bugünkü hiylə və təpiklərindən qurtaracağız. Buna görə gərəkdir ki, ermənilərin tərsinə öz millətimizin səlamətliyi naminə Rusiyada hürriyyət və müsavatın “doğru” vücudunu, idareyi-məşruteyi-amiyyunun həqiqi təşkilini cani-dildən arzu edək. Lakin burası var ki, idareyi-məşrutənin şirin meyvələrini dadmaq üçün bir neçə il gözləyəcəyik. Hərçəndi burası bizim xasiyyətimizə bir az ziddir, çünki biz hər şeyi əcələ görməyə, əcələ yeməyə öyrənmişik. Gələcəyi əsla mülahizəyə almarıq. Gözümüzün qabağındakına baxarıq. İstədiyimiz tez əmələ gələrsə, nə yaxşı! Olmazsa min-min yaman sözlər ilə pisləməyə, nöqsan tapmağa hazırıq. Yox, yox, əzizlər, böylə olmamalı! Böyük bir hökumətin hər tərəfə, xüsusilə avam camaatın qəlblərinə kök salan köhnə idarənin dəyişilməyi, düzəlməyi asan deyil! İndi bəlkə bir neçə il köhnə sənədən daha zəhmətlər çəkəcək, daha çox pullarımız gedəcəkdir. Amma burası bilinməlidir ki, köhnə zəhmətlərimiz, pullarımız, başımıza vurulan yumruqların qüvvətlənməsinə, özümüzün, tərsinə, zəiflənməyimizə xərc olunurdu. Lakin indi və sonrakı zəhmətlərimiz, xərclərimiz gələcəkdə millətimizin rahat və səlamətliyinə bais olacaqdır. Görürsünüz aradakı təfavütü, elm ilə cəhalət arasındakı təfavüt nə qədər böyükdür!
ÜmidvaramÇox ümidvaram ki, bəradəri-həmiyyətpərvərim Firudin bəy Köçərlinin meydana çıxardığı “Müəllimlər” məsələsi digər min bir dərdimizin cərgəsinə tullanmaz. Ümidvaram ki, ikmal etməyə çalışdığımız nöqsanların üst pərdəsinə bir az əl sürülüb yenə köhnə sayağmda buraxılmaz. Ümidvaram ki, həqiqətin meydana çıxmağına çalışan həmiyyətli yazıçılarımız qədim adətimizə uyub zorlarını, qələmləriniyalnız gücləri çatdıqlarını tapdalamağa sərf etməzlər.Bəli, etməzlər də işin kökünü; bulanan suyun mənbəyini axtararlar. Mənim qanacağıma görə darülmüəllİmindəki şagirdlərimizin türkcə bilməməklərinə, məlumati-islamiyyətdən baxəbər qalmaqlarına, ürəklərində millət və vətən məhəbbəti olmamağına, bir sözlə, “yarımçıq” qalmalarına səbəb məhz müsəlman müəllimlərinin yavaş tərpənişləri deyildir. Bəlkə bizlərə rəva görülən zülm və ədalətsizlikdir. Və bir də böyük qulluqçuların çıxardığı “sirkulyar”lardır. Padşahdan savayı hər kefi gələnin öz eqlincə çıxardığı hədsiz, saysız”qərardadsızlardır”.
Cavab“Həyat”ın 86-cı nömrəsində “Şeyxzadə” imzası ilə Axısxadan yazılmış məktubu oxuyub xeyli fikrə getdim. Fikrə getdim ki, belə bir vaxtda bəradərimiz molla Hafiz Məhəmməd Əmin Şeyxzadə kimi məlumatlı görülən mollalarımız “Hümməti-əhli-vicdan ilə sui-idarəyə “xitam” verilib, bir dövri-cədid “Həqqaniyyətipədid” elan edildi…” kimi çürük və axmaq aldadan sözləri qəzet sütunlarında təkrar-təkrar yazmaqda ayə qəsdləri nədir? Anlamadım ki min fənd və hiylələr ilə gah camaatı aldadıb, gah hökuməti çaşdırıb yüz minlərcə fədakarani-hürriyyətin qanlarını sellər təki axıtdıran qospodin Vitte və Dumovlara layiq olan sözləri bəradərim cənab Şeyxzadenin yazmağındakı dərin hikmət nədir? Cənab Şeyxzadə mənim: “Havaxt hümmət əhli vicdan ilə sui-idarəyə “xitam” verildi?” – sualıma cavab olaraq deyir “Nə əcələ edirsən? Hələ vaxt çoxdur, hər şey yavaş-yavaş olar, səbir etməli. Görmürsən yevropalılar belə məqami-bəlayi-hürriyyətə vəslət üçün ah və nalələr çəkirlər… Hələ bizə nə oldu?”Çox təəccüb, çox heyif ki, bu qədər döyülməyə, bu qədər əzilməyə səbr edib cana gələ-gələ bəradərimiz Şeyxzadə bizə yenə “səbir həblərini” uddurmaq istəyir. İnsaf, yahu insaf! Yevropalılar məqami-bəlayi-hürriyyətə ah və nalələr çəkəndə bizlər nə üçün məqami-müqəddəsi-hüriyyətə hənuz düxul üçün fəryadlar qopar-mayaq? O müqəddəs yolda mal və candan keçməyək? Eyib deyilmi ki, Rusiyənin qeyri tayfaları hürriyyət üçün mal və canlarını fəda etdikləri halda “bizlər” bıçaq ağzı qədər açılan hürriyyət qapılarına şükr və səna ilə vaxt keçirək? Hürriyyət üçün “Dəccal”ların zühu-runu, “çaqqal”ların evlərimizə qədər girmələrini gözləyək! Məgər bos deyilmi bu qədər səbir? Bəs deyilmi bu qədər döyülmək, aldanmaq, özgələrinin keflərinə heyvanlar təki xidmət etmək. Nə demək istəyirsiniz, biz yata-yata, kef çəkə-çəkəmi özgələr bizim üçün çalışıb hürriyyət loğmasını ağzımıza versinlər?! Nədər ötrü öz hürriyyətimiz, öz xeyrimiz üçün özümüz çalışmayaq? Əgər sizin dediyiniz kimi, bıçaq ağzı qədər verilən hürriyyət ilə kifayətlənib şükr-səna ilə məşğul olsaq o cür hürriyyəti tez əlimizdən alarlar, nə tövr ki, aldılar, alırlar. İstərsiniz bu barədə min bir misaldan bir-ikisini ərz edim.
Bu Günlər və bizim RəhbərlərBu günlər hər kəsin qulağı Peterburq tərəfindədir. Bu günlər zülm və cəfadan cana doyan milyonlarca məxluğun zəif nəzərləri millət məclisinin tərəfindədir. Bu günlər əsiri-istibdad olan milyonlarca acizin, minlərcə fədakarani-hürriyyatin ümidi-nicatı o qibləgahi-hürriyyət tərəfindədir. Bu günlər ürəyində bir cüzi insanlıq məhəbbəti olan hər nəfər o ümidgahı-müqəddəs tərəfindən gələn səsləri dörd qulaq ilə dinləyir, vəkillərin cəsarətlərini qüvvətləndirmək üçün Peterburqa razılıq teleqramları yağdırır. Bu günlər camaat tərəfindən Peterburqa gedən teleqramlar camaatın hürriyyət və müsavat yolunda fədaya hazır olduqlarını çox açıq bir dil ilə anladır. Bu günlər hərkəs əlindən gəldiyi qədər millət məclisinə kömək etməkdə müzafiqə etməyir: kimi teleqraf ilə, kimi qəzet sütunlarında atəşli məqalələr ilə, kimi hürriyyətamiz, bəsirətəngiz məcmuələr ilə öz insanlıq borclarını əda edirlər. Bu günlər advokatların, müəllimlərin və mühərrirlərin yazdıqlarından sərfi-nəzər, gürcü, rus rəhbərlərinin, ruhanilərinin yazdıqları odlu yazılar, sazişli sözlər insaniyyət yolunda axıdılan qanlar ilə bərabərdir. Bu günlər rus keşişi fəzilətli cənab İvan Brixniçevin on altı səhifədən ibarət həftəlik çıxardığı “Dur, ey yatmış” qəzeti oxunub ibrət götürülməli qiymətli bir əsərdi, bu günlərə məxsus rusca yazılar bir bəsirətnümadır. İştə bu günlər hər kəs öz qüvvəsincə, öz həmiyyət və qeyrətincə, öz istiqbalı nöqteyi nəzərincə Allah rizası üçün səy və hümmət göstərirlər. Əlbət, belə dar, lazımlı günlərdə bizim rəhbərlərimiz də hümmət və qeyrətdən geri durmazlar. Əlbət, “islam” hamıdan artıq hürriyyət və müsavat, ədl və mərhəmət tərəfdarıdır. Xeyr, nəinki tərəfdarı, bəlkə hürriyyət və müsavatın anası, mənbəyidir. Əlbət ki, müsəlmanların rəhbərlərində hamıdan ziyadə öz dinlərinə layiq olan yolu tutub vaxtdan, təqazadan istifadə edəcəklər, əlbət ki, əfradi-millətin indiyə qədər ruhanilər barəsində olan bədgüman ve sui-təfhəmlerini dəf üçün idareyi-ruhaniler fürsəti fövt etməyəcəkdirlər. Xüsusilə Qafqazda müsəlman dəxi insanlar cərgəsində haqq və ixtiyar sahibi bir camaat olduğunu hökümətə göstərəcəkdirlər.Həmd olsun bu ümidlər boşa çıxmadı. Bizim rəhbərlər də özlərini göstərdilər. Mayın 7-de idareyi-ruhaniyyə rəisləri, üzvləri və qeyri qulluqçuları cənab müfti əfəndinin rəyasət xanələrinə cəm oldular, bu günlər müsəlmanların hər tərəfdən sıxılıb əzilməklərinə, zülm və cövr görməklərinə, bir sözlə zəmanənin təqazasına görə fürsəti qənimət bilib müşavirəyə başladılar. Müşavirənin əvvəli idareyi-ruhanilərin qərardadlarını təğyir ve islah oldu. Mayın 24-də təyin olunan ümumi məclisin görəcəyi vəzifəni bunların qabaqca yığışıb müşavir etməklərində əlbəttə ki, böyük bir tədbir, ali bir niyyət gözlənir. Əlbət ki, ümumi məclisdən əvvəl əcəli cəm olub rahat fikirlə müşavirə etməklə böyük bir fayda, uca bir məqsəd var. Əlbət ki, ümumi məclisin bəlkə birdən qəbul edə bilməyəcəyi hürriyyət ve müsavat cəhətlərini vaxtından əvvəl müzakirə edib məclisi qəbula məcbur edəcək yollar, sözlər hazırlamaq vacibdir. Budur ki, vaxt fövtə verilməyib şiddətli xahişlər ilə müşavirə başlandı. Bəli başlandı…
Başqa şairlərin şeirləri
Döndü murad üzrə fələkDövran bizimdir bu gecə
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Yetişdi cana konul, ey nigar, rəhm eyləYetişdi cana konul, ey nigar, rəhm eylə,Qalıb yolunda gozum intizar, rəhm eylə!
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.