Bakı Dəryası
Nə gözəlsən, ey Bakı dəryası! Və nə xoşbəxtsən, ey Bakı dəryası! Ey Bakı dəryası, ey dəryaların seçilmişi! Ey göllərin padşahı! Nə göl kimi gölsən, ey Bakı dəryası, çünki yer üzündə sənin kimi böyük göl yoxdur, nə dərya kimi dəryasan, ey Bakı dəryası, çünki çəkilib şir kimi durmusan kənarda və heç bir özgə dəryalara qarışmırsan, heç kəs ilə işin yoxdur!
Nə gözəlsən, ey Bakı dəryası!
Nə qəşəngsən, ey Bakı dəryası! Heç bir vaxt olmayıb ki, sən yadıma düşəsən və mənim ürəyim qana dönməyə! Həmişə səni yadıma salanda ürəyim tab eləmir, hövsələm daralır, ovqatım təlx olur və dəli-divanə kimi düşürəm yola və Tiflisdən birbaşa gəlirəm sənin tamaşana. Nə səfalısan, ey Bakı dəryası! Ey bivəfa Bakı dəryası, mən gəlirəm sənin ziyarətinə, amma mən bir tikə səndə etina görmürəm: lodkaların bir yana üzür, paraxodların bir yana çapır, ləpələrin bir yana çırpır, amma məndən heç bir xəbərin olmur! Xəbərin olmur ki, Məcnun kimi gəlib durmuşam astanada və sənə tamaşa edirəm. Ey bivəfa Bakı dəryası, heç xəbərin olmur ki, gəlib durmuşam “Goburnat” bağında və İran qəribləri kimi boynumu burub mat və heyran gözümü sənə dikib zövq və şövq ilə tamaşa edirəm!
Ey Bakı dəryası, dəryaların padşahı Bakı dəryası. Mən dururam“Goburnat” bağında, sənə tamaşa eləyirəm, amma məndən savayı da “Daş körpü”nün üstündə çox adam durur. Bunların çoxu əlli-altmış yaşında qırmızısaqqal kərbəlayı və hacılardır.
Ey dəryaların seçilmişi Bakı dəryası, mən də “Goburnat” bağından tamaşa edirəm və həmin hacı-məşədilər də “Daş körpü”dən tamaşa edirlər.
Nə gözəlsən, ey Bakı dəryası! Mən də tamaşa edirəm, həmin məşədi və hacılar da tamaşa edirlər.
Amma tək mənəm sənə aşiq, Ey Bakı dəryası, tək mən sənə tamaşa edirəm, sənə tamaşa edən tək mən oluram.
Ey gözəl Bakı dəryası, elə xəyal eləmə ki, həmin hacı və məşədilər də sənə tamaşa eləyirlər! Xeyr, xeyr, xeyr, elə xəyal eləmə. Tək bircə mənəm pərvanə kimi sənin başına dolanan!
Xeyr, xeyr, Hacı və məşədilər sənə tamaşa eləmirlər. Tək bircə mənəm sənə tamaşa edən, ey səfalı Bakı dəryası.
Bəs nəyə tamaşa edirlər hacılar, kərbəlayılar və məşədilər?
Dəryanın kənarında urus balaları çimir!..
Nə səfalısan, ey Bakı dəryası! Nə gözəlsən, ey dəryaların padşahı…
Dəli
“Molla Nəsrəddin”, 29 iyul 1907, № 28
Kitabxana.az · https://kitabxana.az/works/nemanzade-baki-deryasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünyada hər nə cür çətin və xariqüladə bir məsələ, bəsirət və insafla müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılar. Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. Şüurlu ixtilaf isə, əlbət şüurlu ittihadı meydana gətirir. Hər halda möhkəm və davamlı ittihad məhz fəhm və bəsirət yolu ilə olan ixtilafdır. Bu səbəblədir ki, “ixtilafü-ümməti rəhmətün” buyurulubdur. Amma heyif ki, zəmanəmizin biz mollaları arasındakı ixtilaf aləmin başına böyük bir bəla olubdur. Nə cür olmasın ki, əqli və şəri dəlillər ilə mübahisə edib həqiqəti axtaracağımız yerdə hər birimiz başımıza bir avam dəstəsi yığıb “təkfir” silahilə vuruşmağa başlayırız. Gözəl şəriəti əldə bəhanə edib biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edirik. Dəstə riyasətliyini, avamlıqdan gələn mənfəəti-şəxsiyyətini həmişə saxlamaq üçün araya min cür böhtan və təvil salırıq. Heç mümkün deyil ki, biz mollalar öz aramızda öz qaydası ilə müzakirə və mübahisə edib axırda bir tərəfə tabe olaq: görəcəksən ki, bir paramız əcələ bir dəstə sazlayıb qışqırırıq; filankəs, məsələn, hicabı inkar edib dindən çıxıb, onun qanı halaldır. Biçarə camaat da elə güman edir ki, bu cür mollaların qeyrət və namusları bu cür həqarətə davam gətirə bilmir; elə zənn edir ki, bir para mollalarımızda doğrudan din, millət və vətən qanı var və o qan qoymur ki, müsəlmanların haqq və etiqadına toxunsunlar. Amma vallah, yalandır: gündə yüz kərə milli və dini haqq və ixtiyarımıza toxunurlar, milli və dini hüquq və namusumuzu ayaqlar altına alırlar, lakin heç birimizdə dodaq tərpədəcək bir cürət yox: cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub öz canımızın qeydinə qalırıq. Bir saatlıq rahəti, bir qəpiklik mənfəəti heç bir şeyə dəyişmirik. Amma Allah göstərməsin ki, bir adam məhz tərəqqeyi-millət naminə, bir ixtilaflı məsələdən bəhs aça və ya “adətin” ziddinə gedə, hər deşikdən baş qaldırıb başına ildırımlar yağdırırıq. Hər birimiz guya din və millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. Halbuki bunların hamısı avam aldatmaq, “mən varam” demək, yalançı alimlik göstərmək, asanca şöhrət qazanmaqdır. Nə deyim, haqq-təala cümləni biz mollaların fəndü felindən, riyasət və mənfəət təmahından, ikiüzlülük sifətindən uzaq eləsin.Mən, Molla Nəsrəddin, keçən nömrədə yazdım ki, filan ayeyi-kərimələrə görə və bir para üləmanın rəyinə nəzərən arvadların üz örtməyini ixtilaflı bir məsələ hesab edirəm və üz açmağı caiz bilənüləmanın rəyin xoşlayıram. Mən heç vaxt damdandüşmə deməmişəm ki, haşa, hicab yoxdur. Bu söz mən Molla Nəsrəddinin barəsində sırf böhtandır. Mən demişəm və genə də deyirəm ki, arvadın üz və əllərindən savayı cəmi bədəni “övrətdir”, arvadın övrəti, yəni üz və əllərindən savayı yerlərini açmağı isə haramdır. Bunda heç bir zərrə qədər şəkk yoxdur. Amma üz və əllərin açılmağında üləma ixtilaf edib: bir qismi deyir ki, üz və əli açmaq ancaq namaz vaxtında ola bilər, özgə vaxt ola bilməz. Bir qismi də deyir ki, fitnə və fəsad olmayan təqdirdə üz və əl açmaq caizdir. Bizim sözümüz də elə bundadır ki, bu məsələ şərab və zinanın haram olmağı kimi deyildir, ixtilaflıdır.
Bir Nəçə Günlüyə( Zövci-axər məsələsi)Məcmuəmizin 19 və 20-ci nömrələrində “Zövci-axər” məsələsinə dair dərc olunan məqalələri biz yazanda yəqin eləmişdik ki, hər bir qeyrətli, namuslu və vicdanlı müsəlman bu məqalələri oxuyanda müsəlmanların vəhşi adətlərinə çoxluca güləcək və bizə də mərhəbalar söyləyəcək. Amma indi nə görürük? İndi görürük ki, bəzi saqqalları qırmızı və beyinləri sarı müsəlmanlar bizim sözümüzü əsla başa düşmüyüb deyirlər ki, “Molla Nəsrəddin şəriəti istehza edir”.Dəxi hu barədə heç kəs ilə bizim işimiz yoxdur. Heç bir kəsə biz sözümüzü demək istəmirik. Bizim sözümüz məhz insaf əhlinədir. Qoy insaf sahibləri qulaq assınlar. Biz bunu demişik ki və yenə deyirik ki, övrəti üç təlaqdan sonra özgə kişiyə “bir neçə günlüyə” ərə vermək və Naxçıvanda Hacı Zeynal kimi və Nuxada Dərdimənd kimi gedib övrəti tazə ərindən yalvarıb boşatmaq və evə gətirmək vəhşi, gülməli, qeyrət və namusdan bir mərrə uzaq və şəriətdən kənar bir işdir.
BədnəzərMolla dayı!Sənin təzədən zühurun biz fəqirləri xeyli xoşnud və xoşhal elədi! Amandı, Molla dayı, bundan sonra elə dolan ki, qarğış və bəd dua sahibi olma, özünə də yazığın gəlsin və bizə də. Dünən yuxarıbaşlı falabaxan Zeynəbə baxdırdım. Zeynəb bacı dedi ki, bu saat Molla dayıya yaz ki, evinin qapısının qabağında bir köhnə at nalı basdırsın və boynundan bir dəvə gözü muncuğu assın ki, ona bədnəzər kar eləməsin. Bədnəzər yalan deyil, bədnəzər yıxmayan evlər min il tikili qalıb.
Nuxada Axund Fərəculla cənablarınaCənab axund, mən ölüm, dinc dur! Bax, mən ölüm, deyirəm. Bağışlayınız, bir az rəncidə olacaqsınız məndən, amma mən ölüm, dinc dur. Bağışlayınız, amma deyəsən bir az xarab olubsunuz. Axır vaxtlar sizdən elə şey baş verir ki, o cür şeyləri mən axundlardan gözləyə bilməzdim: məsələn, elə bunu götürək ki, bu axır vaxtlarda başlayıbsınız nuxalılara dəlil-nəsihət eləməyə ki, çaxır içib keflənməsinlər, qumar oynamasınlar və palas-paltarlarını satıb xeyrat verməsinlər Doğrusu belə sözləri mən heç bir molladan gözləməzdim. Bəli, çaxır içmə, qumar oynama, dəxi bir yolluq de ki, yıxıl öl.Cənab axund, Nuxada bu qədər böyük-böyük əfəndilər var, mollalar var, nə olub ki, bunlar heç biri dinmir, danışmır, dəxi sənə nə olub ki, özünü atıbsan ortalığa!