Məcmuəmizin 19 və 20-ci nömrələrində “Zövci-axər” məsələsinə dair dərc olunan məqalələri biz yazanda yəqin eləmişdik ki, hər bir qeyrətli, namuslu və vicdanlı müsəlman bu məqalələri oxuyanda müsəlmanların vəhşi adətlərinə çoxluca güləcək və bizə də mərhəbalar söyləyəcək. Amma indi nə görürük? İndi görürük ki, bəzi saqqalları qırmızı və beyinləri sarı müsəlmanlar bizim sözümüzü əsla başa düşmüyüb deyirlər ki, “Molla Nəsrəddin şəriəti istehza edir”.

Dəxi hu barədə heç kəs ilə bizim işimiz yoxdur. Heç bir kəsə biz sözümüzü demək istəmirik. Bizim sözümüz məhz insaf əhlinədir. Qoy insaf sahibləri qulaq assınlar. Biz bunu demişik ki və yenə deyirik ki, övrəti üç təlaqdan sonra özgə kişiyə “bir neçə günlüyə” ərə vermək və Naxçıvanda Hacı Zeynal kimi və Nuxada Dərdimənd kimi gedib övrəti tazə ərindən yalvarıb boşatmaq və evə gətirmək vəhşi, gülməli, qeyrət və namusdan bir mərrə uzaq və şəriətdən kənar bir işdir.

Şəriət sahibi belə oyun-oyuncaq adətləri heç bir surətlə müsəlmanlara rəva görməzdi və belə qülu biyabani əməllərini şəriətə isnad vermək özü küfrdür.

Şəriətdən əbəda xəbəri olmayan ordubadlı Kərbəla və Məşədi qardaşlarımızdan xahiş edirik, qulaq verib görsünlər ki, şəriətdə “zövci-axər” məsələsinin mənası nədir.

Şəriət buyurur ki, “üç talaqdan sonra ər övrətini dəxi ala bilməz, illa gərək övrət gedə özgə ərə və aradan o qədər keçə ki, kişi övrəti öz xoşu ilə boşaya, övrət yad övrət kimi ola, sonra haman övrətə əvvəlinci əri təsadüfən rast gəlsə məhz o vədə haman övrəti ala bilər”.

Eşitsinlər bizə böhtan deyənlər, eşitsinlər bizi təkfir edənlər, qulaq versinlər Ordubadın qırmızısaqqallıları, sarıbeyinləri.

Biz Molla Nəsrəddinik. Bizim peşəmiz vəhşi adətlərə gülməkdir, bizim xidmətimiz ilan-qurbağaya sataşmaqdır. Zəmani ki, biz görürük ki, Nuxada Dərdimənd övrətini üç talaqdan sonra verir kor Hafizə, üç gündən sonra gedib yalvarır ki, “sən allah övrətimi ver özümə”, zəmanə ki, biz görürük Naxçıvanda Hacı Zeynal üç talaqdan sonra övrətini verir tulambarçasına və üç gündən sonra gedib yalvarır ki, “sən allah mənim övrətimi boşa mən alım” – biz bu biçarələri görəndə qəm və qüssə edirik ki, nə səbəbə bizim müsəlman qardaşlarımız peyğəmbərin şəriətindən bu dərəcədə kənara çıxıbdır və nə səbəbə qardaşlarımız belə ismətsiz adətlərə mürtəkıb olublar.

Biz qüssə edirik ki, nə səbəbə bizim bir parə mollalarımız Allahın yolunu binəva müsəlmanlara necə ki lazımdır göstərmirlər. Biz dərd edirik ki, nə səbəbə bizim millətimiz insaniyyətdən, mərifətdən, namus və qeyrətdən, dindən və şəriətdən bu dərəcə kənar düşüblər. Budur bizim sözümüz.

Qoy hər kəs nuxalı Dərdiməndin və naxçıvanlı Hacı Zeynalın adətlərini və məzaqlarını xoşluyur xoşlasın, qoy hər kəs bu cənablar etdikləri Gülsüm nənə əməllərini təsdiq edirsə etsin, qoy üç talaqdan sonra övrətlərini bir neçə günlüyə özgə kişiyə ərə verənlər versinlər, amma biz deyirik ki, şəriət bir müqəddəs və ali aləmdir və belə məzhəkəli işlərdən şəriətin əsla xəbəri yoxdur.

Bizim sözümüz budur. Qulaq sahibləri eşitsinlər.

Molla Nəsrəddin

“Molla Nəsrəddin” Jurnalı. 25 iyun 1907, № 23

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qayırma Hədislər

Biz keçən vaxtlarda bir dəfə bunu demişik ki, vaizlərimiz məscidlərdə süylədikləri hədisələrin yüz hissədən doxsan doqquz hissəsi qayırma hədisdir.Bizim bu sözlərimizdən ötrü çox adam deyirdi ki, Molla Nəsrəddin yoldan çıxıb.

19071 dəq
Xortdana Məktub

Hörmətli, izzətli fəxrül-cənab ağa, Xortdan ağa!Əvvəla, vücudi-zicudi-cənab şərif olsun! Saniyən, əgər bu tərəfin əhvalatını pürsiş eləsəniz əlhəmdüllah siz vücudi-bimislilərin duasının bərəkətindən zindəganlıq eləyib sizin ruhunuza duagü varıq.

19072 dəq
Məktub

Cənab Molla əmi! Vallah, sən qəribə adamsan. Kor tutduğun buraxmayan kimi sən də biz arvadların yaxasından yapışıb əldən qoymaq istəmirsən. Qəsdin budur ki, biz müsəlman arvadları da erməni arvadları kimi üzüaçıq gəzək. Yaxşı hələ qoy bunu da deyim. Daha başına adam qəhət idi, gərək elə bizi erməni harsinlərinə tay edəydin? Yaxşı mollasan, afərin sənə! Daha nə deyim?..İndi gələk mətləb üstə.

19073 dəq
Hicab Məsələsi və Cavabımız

Dünyada hər nə cür çətin və xariqüladə bir məsələ, bəsirət və insafla müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılar. Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. Şüurlu ixtilaf isə, əlbət şüurlu ittihadı meydana gətirir. Hər halda möhkəm və davamlı ittihad məhz fəhm və bəsirət yolu ilə olan ixtilafdır. Bu səbəblədir ki, “ixtilafü-ümməti rəhmətün” buyurulubdur. Amma heyif ki, zəmanəmizin biz mollaları arasındakı ixtilaf aləmin başına böyük bir bəla olubdur. Nə cür olmasın ki, əqli və şəri dəlillər ilə mübahisə edib həqiqəti axtaracağımız yerdə hər birimiz başımıza bir avam dəstəsi yığıb “təkfir” silahilə vuruşmağa başlayırız. Gözəl şəriəti əldə bəhanə edib biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edirik. Dəstə riyasətliyini, avamlıqdan gələn mənfəəti-şəxsiyyətini həmişə saxlamaq üçün araya min cür böhtan və təvil salırıq. Heç mümkün deyil ki, biz mollalar öz aramızda öz qaydası ilə müzakirə və mübahisə edib axırda bir tərəfə tabe olaq: görəcəksən ki, bir paramız əcələ bir dəstə sazlayıb qışqırırıq; filankəs, məsələn, hicabı inkar edib dindən çıxıb, onun qanı halaldır. Biçarə camaat da elə güman edir ki, bu cür mollaların qeyrət və namusları bu cür həqarətə davam gətirə bilmir; elə zənn edir ki, bir para mollalarımızda doğrudan din, millət və vətən qanı var və o qan qoymur ki, müsəlmanların haqq və etiqadına toxunsunlar. Amma vallah, yalandır: gündə yüz kərə milli və dini haqq və ixtiyarımıza toxunurlar, milli və dini hüquq və namusumuzu ayaqlar altına alırlar, lakin heç birimizdə dodaq tərpədəcək bir cürət yox: cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub öz canımızın qeydinə qalırıq. Bir saatlıq rahəti, bir qəpiklik mənfəəti heç bir şeyə dəyişmirik. Amma Allah göstərməsin ki, bir adam məhz tərəqqeyi-millət naminə, bir ixtilaflı məsələdən bəhs aça və ya “adətin” ziddinə gedə, hər deşikdən baş qaldırıb başına ildırımlar yağdırırıq. Hər birimiz guya din və millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. Halbuki bunların hamısı avam aldatmaq, “mən varam” demək, yalançı alimlik göstərmək, asanca şöhrət qazanmaqdır. Nə deyim, haqq-təala cümləni biz mollaların fəndü felindən, riyasət və mənfəət təmahından, ikiüzlülük sifətindən uzaq eləsin.Mən, Molla Nəsrəddin, keçən nömrədə yazdım ki, filan ayeyi-kərimələrə görə və bir para üləmanın rəyinə nəzərən arvadların üz örtməyini ixtilaflı bir məsələ hesab edirəm və üz açmağı caiz bilənüləmanın rəyin xoşlayıram. Mən heç vaxt damdandüşmə deməmişəm ki, haşa, hicab yoxdur. Bu söz mən Molla Nəsrəddinin barəsində sırf böhtandır. Mən demişəm və genə də deyirəm ki, arvadın üz və əllərindən savayı cəmi bədəni “övrətdir”, arvadın övrəti, yəni üz və əllərindən savayı yerlərini açmağı isə haramdır. Bunda heç bir zərrə qədər şəkk yoxdur. Amma üz və əllərin açılmağında üləma ixtilaf edib: bir qismi deyir ki, üz və əli açmaq ancaq namaz vaxtında ola bilər, özgə vaxt ola bilməz. Bir qismi də deyir ki, fitnə və fəsad olmayan təqdirdə üz və əl açmaq caizdir. Bizim sözümüz də elə bundadır ki, bu məsələ şərab və zinanın haram olmağı kimi deyildir, ixtilaflıdır.

190712 dəq

Başqa şairlərin şeirləri