Cənab Molla əmi! Vallah, sən qəribə adamsan. Kor tutduğun buraxmayan kimi sən də biz arvadların yaxasından yapışıb əldən qoymaq istəmirsən. Qəsdin budur ki, biz müsəlman arvadları da erməni arvadları kimi üzüaçıq gəzək. Yaxşı hələ qoy bunu da deyim. Daha başına adam qəhət idi, gərək elə bizi erməni harsinlərinə tay edəydin? Yaxşı mollasan, afərin sənə! Daha nə deyim?..

İndi gələk mətləb üstə.

Sən deyirsən ki, biz müsəlman arvadları da gərək üzüaçıq gəzəkvə bu iş guya xilafi-şər deyil. Sözünü qüvvətləndirmək üçün Qurandan da ayələr gətirib deyirsən ki, hansı alim üz açmağı Quranın hökmü ilə haram bilirsə buyursun, cavab verməyə hazırıq, amma orada bir quyruq qoyursan ki, “qayırma hədislər ilə işim yoxdur”. Mən bilmirəm qayırma hədis nəyə deyirsən? Hədisin də qayırması olarmı? Mollalar həmişə bizə söylədiyi hədislərdir və o hədislərdə də yazılıbdır ki, naməhrəmə görünən və üzüaçıq gəzən arvadlar o dünyada cəhənnəm oduna yanacaqlar və üzlərinə cəhənnəm damğası basılacaqdır. Amma molla qismi məhrəmdir. Sən yazdığın ayələri mənəvvəlinci dəfədir ki, eşidirəm. Kim bilir, bəlkə o ayələri sən özündən qayırıbsan!

Tutaq ki, arvadların üzüaçıq gəzməyinə şəriət yol verir və sən yazdığın ayələr lap Quranın ortasındandır. Amma söz budur ki, sən işin bir tərəfini bilirsən, o biri tərəfini bilmirsən. Sən bilmirsən ki, bizim üzüaçıq gəzməyimizə şəriət yol versə də kişilər yol vermir.

Mən tək öz ərlərimizi demirəm, hamı müsəlmanları deyirəm. Dad müsəlman kişilərin əlindən! Vallah, onlardan bizə gün-dirilik yoxdur. Vay odur ki, evdən çölə çıxaq. Hər yerdə ki, müsəlmana rast gəldik – bazarda, küçədə, yolda – gərək bərk-bərk gizlənək. Çünki gözlərini zilləyib bizə bir sayaq baxırlar ki, az qalırlar çadranın altından gözləri ilə bizi yeyələr.

Amma erməni, urus belə deyil: onlar bizə heç məhəl-güzar olmurlar və başlarını aşağı salıb öz yolları ilə gedirlər və o səbəbə biz də onlardan çəkinmirik, amma müsəlmanlardan bizə aman yoxdur. İndi işdi bir erməni dükanına girərsən ki, üç-dörd arşın çit alasan, o saat görürsən ki, dalınca haman dükana şey almaq bəhanəsilə bir müsəlman girdi ki, baxıb sənin üzünü görsün, sən də kor-peşiman oradan çıxıb gedirsən.

A kişi, hələ sənin xəbərin yoxdur ki, dəmiryol ilə gedəndə bizim başımıza nələr gəlir və nə zəhmətlər çəkirik: hərgah sən oturduğun vaqonda bir müsəlman olsa, işin bitibdir. Saatda yüz dəfə laziməsız, sən oturduğun yerdən gəlib o tərəfə gedəcək, bu tərəfə keçəcək, qoymayacaqdır ki, bir dəqiqə rahat nəfəs alasan. Və bundan eləcə Tiflisdən tutdun Bakıya kimi bir stansiyada akoşkanı açıb nəfəs ala bilmirik, o saat müsəlman əclafları bizi görən kimi papaqlarını dikəlib gəldib akoşkanın ağzını kəsdirirlər. İşdi göy-çəksifətli arvad görəndə də başlayırlar duzsuz və çirkin sözlər atmağa. Mənim kimi qarının sifətini görəndə imanına söyüb tüpürüb gedirlər.

Vallah, az qalıbdır ki, bu ağbirçək halımda başıma rus şlyapası qoyam, ta ki məni tanımayıb farağat qoyalar.

Əlbəttə, kişilərimiz də yoldaşlarının belə pis işlərini görüb bizə bərk qadağan edirlər çadrasız qonşuya cəhrə-daraq almağa da getməyək.

Sən elə şəriətdən danışırsan, şəriət deyil bizi bu günə salan, avam müsəlmanlardır. Nə olar ki, molla kişisən, bu müsəlman qardaşlara bir öyüd-nəsihət verəsən ki, bizləri rahat qoysunlar!..

Cəhrəçi xala

“Molla Nəsrəddin”, 26 may 1907, №21

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bir Arvadın Cavabı

Hörmətli Molla əmi!Yazıb sizdən təvəqqe edirəm bizim bu kağıza yer verəsiniz. Keçmişdə jurnalınızda hamamdan, tiryəkdən, molladan, falaqqadan, cadu-pitidən, üzerrikdən, ilandan, qurbağadan ve s. belə-belə şeylərdən yazırdınız. İndi yəqin ki, sözünüz qurtarıb yapışmısınız bir arvadların yaxasından. Məsələn, 23-cü nömrənizdə arvadların qaşınmağından yazırsınız. Qaşınmaq nə eyibdir? Adamın bir yeri gicişəndə qaşıyır, əgər qaşınmaq arvadlara eyibdir, pəs kişilər niyə qaşınırlar! Mollaların qaşınmaq əski peşəsidir və Bakı vağzalında dünyagörmüş bir müsəlman qardaş şəkər maşasilə boynunu qaşıdığı ve hətta qulağını qurtdadığı və dırnağını təmizlədiyi məgər sizin yadınızdan çıxıbdır?

19062 dəq
Xanpəri Bacıya Cavab

Hörmətli Molla emi! Keçən nömrənizin birisində imansız Xanpəri qarğış dilin açıb olmazın sözləri mənim haqqımda demişdi. Nə eləyim, bir orucluq olmayaydı görərdin onun cavabında nələr söyləyərdim, bir yandan oruc-namaz, bir yandan çolma-çocuqların küyü, qalmaqalı və gecələr də cəhrənin dızıltısı məni lap taqətdən salıbdır. Yoxsa indiyə kimi o həyasızın abrını ətəyinə bükərdim. Bircə bundan xəbər alasan ki, a utanmaz, söylə görək həyasızlığa kim qurşanıbdır ki, bu qədər həyadan danışasan. Arvad gərək arvadın namusunu çəksin, səndə ki heç namus yoxdur, başındakı yaylıq sənə haram olsun.Mən yamanlıq eləmədim ki, yazdım Molla əmi, arvadları bu qədər biləyinə dolama, onların olar-olmaz eyiblərini açıb lağa qoşma. İndi sən razılığın əvəzində başlayırsan mənə qarğış eləməyə və arvadların bir para gizlin sirlərin açmağa. Məsələn, deyirsən ki, Zeynəb bacı ərinin cibindən pul oğurlayıb məhəbbət duası yazdırır. Bir özün fikir elə, mənim qəzetə əhval yazmağımmı çox eyibdir, yoxsa biz arvadların sirrini açıb kişilərə bildirməkmi? Və bir də görünür ki, sən molla əminin 12-ci nömrəsində çəkilən şəklə heç baxmayıbsan?

19062 dəq
Məktəb

Molla dayı! Gözümün ağı-qarası bircə oğlum var. O bir yaxşı balaydı! Od, qığılcım kimi bir yerdə oturmazdı. Küçədə bir uşaq onun qorxusundan elinə aşıq ala bilməzdi. Rüstəm kimi oğul idi! Kimin ne həddi var idi ona bir söz deyə? Gücü çatmayanı daşnan vurub yıxırdı.Molla, bir gün oğlum qonşum Məşədi Heydərin papağına bir daş vurdu, Məşədinin papağı üç aişin yol getdi. Xülasə, belə bir oğul tək düşərdi. Evə gedəndə od kimi gedib nə varsa götürüb yeyərdi, anasının ağzı nədi ona bir söz deyə, gözümüzün ağı-qarası bircə oğuldu! Molla dayı! İndi evim yıxılıb, qapım çırpılıb, gözəl, ağıllı oğlan dəli olub. Mən ağılsız baxdım onun-bunun sözünə, biçarəciyı qoydum şkolaya. Bilirsənmi necə dəli olub? Bax, gəlir dinməz-söyləməz oturur, açır kitabı, mırt-mırt deyə-deyə durur. Əgər Allahdan qorxmayıb çörək verməsən, istəməyəcək. Nə qədər deyirəm oğul, bir çıx küçəyə oyna, könlün açılsın, heç deyəsən bununla deyilsən, elə mırt, mırt, mırt…

19071 dəq
Axır Çərşənbə

“Köhnə günə gün çatmaz, çalasan günü günə”. Doğrudan belədir. Hanı o keçən günlər? Bir vaxt var idi, Allah ölənlərinizə rəhmət eləsin, axır çərşənbə günü rəhmətlik xan, torpağı sanı yaşayasınız, əlində tənbəki çubuğu, papaq əyri, çıxardı güllüyə, hamı camaat, ağsaqqal, qarasaqqal dövrhadövr əyləşərdilər, Kor Muqdusi koxa başlardı “Koroğlu”nu. Vallah, elə zurnaçı hələ dünyaya gəlməyib. Cavanlar çıxıb güləşərdilər, boğuşardılar, ta axşama kimi. Axşam olanda hamının kefi kök dağılıb gedərdik. Bax bayram belə olar.Doğrusu, bu çərşənbə menim xoşuma gəlmədi. Hərçəndi əvvəlki kimi bir çoxluca tüfəng, tapança, fişəng, taraqqa atdıqsa, amma genə əvvəlki kimi olmadı: ne qoç döyüşdürmək, ne at çapmaq, nə güləşmək. Bunlar olmadı. Deyəsən, camaat lap dinlərindən və məzhəblərindən çönüblər. Belə bayram olar? Heyif o zamanlar! Elə, aşna, xeyir-bərəkət də onlaman getdi. Genə az-çox xeyir-bərəkət varsa da, bu müsəlman övrətlərinin ucundandı. Bacılarımız heç öz dinməzhəblərin əllərindən ötürməyiblər: çərşənbə axşamı yaxşıca çərşənbə dinşemək, sübh tezdən yeddi dəyirmanın suyuna çimməyə məşğuldular, qəbiristanda köhnə rəhmətliklərin başdaşını çox qabiliyyətləri çöndərərdilər. Allah o bacıların qəlbindəki mətləbini yerinə yetirsin. Bax, bayram belə olar!

19071 dəq

Başqa şairlərin şeirləri