Bakıda Quba meydanından keçirdim. Gördüm camaat o qədər yığılıb ki, deyəsən cəmə məsələsindən ötrü mitinq edirlər. Bir az yaxın getdim ki, görüm bu nə qiyamətdir? Lakin bir zad anlamadım. Ancaq deyənək guppultusu ilə qarışıq bağırtı səsləri eşitdim. Bu həngamədə üç-dörd gavur əcnəbi səyyahlar da mənə yaxın gəlib, mitinqin səbəbini duymaq istədilər. Bunların biri tez fotoqrafiya maşını çıxarıb mitinqin şəklini almağa başladı.

Mən daha artıq şəkləndim və fikir etdim ki, bu azğın müsəlmanlar polisəni ortaya alıb protest edirlər. Amma camaatın çoxluğundan yaxına gedə bilmədim. Axırda bir həmşəridən xəbər aldım ki, “Qardaş, bu nə xəbərdir?” Həmşəri tütün çubuğunu ağzından çıxarıb bir neçə kərə citfit etdi. Tüprüyü düz səyyahın üstə düşdü. Bir az sonra mənə böylə cavab verdi: “Zalım uşağı itlər gəlib kababçıların ətlərini yeyiblər, kababçılar da itlərdən intiqam alırlar”.

Sonra qandım ki, həmişəki müsəlman mitinqlərindəndir. İstədim ki, işimin dalınca gedəm. Gördüm ki, həmşərinin tüpürdüyünə acıqlanıb gedən səyyahın əlində ətiqə mallar və bir çox müsəlman qəzetləri var. Əcnəbilərin məmləkətlərimizdə ətiqə mallar aldıqları məlum. Lakin bu müsəlman qəzetlərini yığmaları nə üçün? Bizim təzə qəzetlər onların nəyinə lazım?

Doğrusu, bu iş mənə dərd oldu. Yanlarındakı dilmancdan soruşdum ki, bunlar bizim müsəlman qəzetlərini nədən ötrü alırlar. Dilmane hazırlaşırdı ki, cavab versin, o yandan səyyahın biri türkcə dedi: “Əfəndim, bunlar bizim üçün ətiqədir”. Bir yevropalının gözəl türkcə danışması və bizim qəzetlərə ətiqə deyib, əziz və möhtərəm tutması mənim milli hissimi oyandırdı. Mən də razılıq üçün dedim:

– Çox sevindim ki, siz bizim qəzetləri ətiqə kimi möhtərəm saxlayıb, bizim Qafqazı həmişə yada salmaq istəyirsiniz. Mənim bu razılığıma qarşı səyyah yavaşca gülüb dedi:

– Əfəndim, bizdə riyakarlıq və yalançılıq olmaz. Sizin qəzetlərin ətiqəliyi özgə cəhətlədir, nəinki Qafqaz müsəlman qəzetləri olduğu üçün. Əgər özgə qəzetlər də varsa, mərhəmət edib bizim üçün tapınız. Səyyahın bu acı və rümuzlu sözü mənim başıma su tökülən kimi oldu. Çox pozuldum və dedim:

– Taparam, lakin bizim qəzetlərə nədən ötrü ətiqə deməyinizi qanmadım.

Səyyah:

– Kömək edəcəyinizdən razıyıq. Ətiqə bəhsi uzundur. Vaxtınız varsa, buyurun bizim mənzilə gedib danışaq.

– Çox əgəb – dedim və “Yevropa” mehmanxanasına doğru getməyə başladıq, yoldakı söhbətimizdən duydum ki, mənimlə danışan ingilis Misirdə, İstanbulda 10-15 il qalıb, çox gözəl ərəbcə, türkcə bilir. Otağa girib oturandan sonra mən başladım:

– Bizim qəzetlərə sizin nədən ötrü ətiqə deməyinizi bilmək istəyirəm, bəlkə, bizim Azərbaycan şivəsi sizə ətiqə kimi gəlir?

İngilis:

– Xeyr, onlar bizə çoxdan məlum. Bizim bilmədiyimiz ancaq qəzetlərinizin məzmun və mündəricatı idi. İndi oxuyub gördük ki, doğrudan da, ətiqədirlər. Budur ki, alıb məmləkətimizə götürürük və muzeylərdə saxlayacağıq.

Mən:

– Bu söz bizim üçün həqarətdir. Nədən ötrü bizim təzə qəzetləri köhnə mallar, paslanmış paxır pulları ilə bərabər tutursunuz? Halbuki bizim qəzetlər də qonşularımızın qəzetləri kim hər şeydən yazır, hər şeydən bəhs edirlər. Bəs, nədən ötrü bizimkilər sizə köhnə görünüb, belə şeylərdə də din və millət təəssübü çəkirsiniz?

İngilis:

– Əfəndim təlaş etməyiniz. Təəccüb yeri yox. Budur, “Yeni həqiqət”in 3-cü nömrəsi, oxuyum qulaq asınız” “İdarədən: bütün üləma və sair mühərrirlərə təklif ediriz ki, “kitabi-mübin” məsələsinə müdaxilə etsinlər. Bu xüsusda yazılan məqalələrə qəzetimizin sütunları açıqdır”.

Mən:

– Çox yaxşı, bunda nə var ki?

İngilis:

Əzizim, daha nə olacaq. Qafqazlıların bu sıxıntı halətində osmanlının, İranın belə müsibətli günlərində siz hələ boş din bəhsləri ilə vaxt keçirirsiniz. Belə bəhsləri özgə millətlər 300 il əvvəl eləyirdi. Halbuki siz bu gün, o da fəlakətli günlərinizdə eləyirsiniz. Buna görə 300 il əvvəlki qəzetlər bizim üçün ətiqədir, elə də sizin bugünkü qəzetlərinizi (ingilis bu həngamədə çamadandan beş-on müsəlman qəzeti çıxarıb mənə göstərdi) oxuyursunuz, baxınız, bu təzə dediyiniz qəzetləri. Allah üçün deyiniz: bunların yazdıqları ilə 500 il əvvəlki adamların fikirləri, əqidələri və adətləri arasında nə fərq var?

Ha bir fərq var, bağışlayınız, bu fikirlər, bu əqidələr, bu bəhslər əski zamanda din kitablarında yazılırdı, amma indi müsəlman qəzetlərində…

Mən bu həqarətə dayanmayıb dedim:

– Səhviniz var, əfəndim! Bizim dinimizin qoşunları sizinki kimi boş dua, quru əxlaq, adi iman və vicdan hisslərindən ibarət deyil. Biz hər addımımızı min üç yüz il əvvəl gələn şəriətimizin öyrətdiyi kimi və hər işimizi ruhanilərimizin buyurduğu kimi tutmaq istəyirik. Eyib olmasın, bağışlayınız: döşəkdə yatıb qalxmağı, hətta ayaq yoluna getməyi də gərək şəriətdən öyrənək. Bu səbəblə din bəhsləri və nəsihətləri bizim üçün eyni nemət və böyük səadətdir.

İngilis:

– Şəriətinizə sözüm yoxdur. Lakin mən bilmirəm Quranın “kitabi-mübin” olub-olmadığında camaat üçün nə nəf və səadət var? Gözünüzü diqqətlə açıb özünüzə bir baxınız: nəsiniz, nəyiniz var? Hankı haqqa, insanlığa, müsavata maliksiniz? Qafqazı başdan-başa gəzdim. Sizdən cahil, sizdən fağır, sizdən səfil, sizdən qate, sizdən yazığ bir camaat görmədim. Qonşunuz ermənilərin, gürcülərin də dinləri var. Həm sizinkindən də köhnədir. Qəzetlərinə baxınız. Sizinki kim, boş din bəhslər ilə camaatlarını məşğul edirlərmi? Onlar sizdən iki-üç qat az olduqları halda, hüquqda, maarifdə, ticarətdə sizdən iki-üç qat yuxarıdadırlar. Bu sözlərimdən inciməyiniz. Mən bitərəf bir ingilisəm. Arxayın olunuz ki, siz yazıçıları istədiyim üçün bu sözləri söyləyirəm.

Mən:

– Bizi istəyən bizi, bizim qəzetləri pisləyərmi?

İngilis:

– Qanıram ki, sizin indiki halınız lap köhnə yəhudilərin və qədim bizans rumlularının halına oxşayır. Siz öz xeyirxahlarınızı da tanımırsınız!

Mən:

– Yaxşı tanıyırıq. Biz heç vaxt qədim yəhudilərə də oxşamırıq bağışlayınız!

İngilis:

– Tam onlar kimisiniz. Bilirsiniz ki… əski osmanlılar da İstanbulun divarlarını topla döyəndə, rumlar Aya Sofiyaya doluşub din bəhsləri ilə bir-birilərini boğurlandı. Kimsədə vətən qeydi, millət qeyrəti, insanlıq hissi qalmamışdı. O idi ki, osmanlılar bir az bir müqavimətdən sonra qoca Bizans imperatorluğunu çürük ağac kimi devirdilər. Sizin bugünkü halınız da o dağılmış millətlərin halına oxşayır, öz gününüzü, öz dərdinizi buraxıb şeytanın, lövhi-məhfuzun, zülcənahın qeydinə qalırsınız. İslam günbəgün irəli getdiyi halda siz hələ beş yüz il əvvəlki din bəhsləri ilə geri-geri qaçırsınız. İndi deyiniz: belə bir vaxtda camaatı faidəsız din bəhsləri ilə məşğul edən müsəlman qəzetləri “ətiqə” deyillər də, nədir?

Mən:

– Bir qəzetimiz necə olubsa, elə bil zad yazmış.

İngilis:

– Bir qəzetinizmi? Hamısı belədir. (Bu həngamədə çantasından bir çox qəzet çıxarıb qabağıma tökdü və başladı oxumağa:) “Burhani-tərəqqi”, nömrə 131: “Qəzetə oxuyan adamın imaməti caizmi?”

“İşıq” nömrə 1: “İstanbulda bir türk xanımı fotoqrafxanaya gedib üzüaçıq şəklini çıxartmaq istəmiş. Lakin polis döyüb fotoqrafxananı dağıtmış(?) və xanımı divani hərbiyə (?) vermiş. İdarədən: islam xanımlarının şəriəti-islamdan kənara çıxmamaları əlzəmdir”. “Bəyanül həqq”. Bizim nicat və səadətimiz təməssük edib ondan bir qıl qədər ayrılmamaqla olacaqdır…

İngilis:

– Deyiniz görək: bunlar beş yüz il əvvəlki fikirlər, yazılar deyil də, nədir? Belə yazılara bizim və sizin nəvələriniz “ətiqə” deməz də, nə deyər?

Lağlağı

“Molla Nəsrəddin” jurnalı, 1911, № 5

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Cavablar

Axısxadan:“Cənab “Molla Nəsrəddin” 1 -ci nömrə məcmuəsində 9 maddə sual edib cavab verənlərə bir il məcmuəsini pulsuz göndərməyini nəzir edibdir. Buna görə bu aşağıda dərc olunan cavablan verib təvəqqe edirəm ki, əgər qəbul olunursa əvəzində birinci nömrədə “Molla Nəsrəddin” qabağında yatan cənabları yuxudan durğuzsun.

19061 dəq
Fatma Xala

Dünyada çox arvadların başmaqları düşüb, xah at üstə gedən vaxt xah arabadan ya faytondan, xah dəmir yol ilə gedəndə. Mənim bir dostum var, nağıl edir ki, bir neçə il bundan qabaq övrətlə Xorasana gedən vaxt övrətinin başmaqları otuz dörd dəfə faytondan düşdü, iyirmi bir dəfə dəmiryolda gedən zaman pilləkanları enib-çıxanda düşdü ve yüz qırx altı dəfə İranda at yolu ilə gedəndə düşdü.İndi də haman dostum deyir ki, birisi Xorasan səfərinin adını çəkən kimi övrətimin “A kişi, qoyma, başmağım düşdü” çığırtısı düşər yadıma.

19066 dəq
Bir Arvadın Cavabı

Hörmətli Molla əmi!Yazıb sizdən təvəqqe edirəm bizim bu kağıza yer verəsiniz. Keçmişdə jurnalınızda hamamdan, tiryəkdən, molladan, falaqqadan, cadu-pitidən, üzerrikdən, ilandan, qurbağadan ve s. belə-belə şeylərdən yazırdınız. İndi yəqin ki, sözünüz qurtarıb yapışmısınız bir arvadların yaxasından. Məsələn, 23-cü nömrənizdə arvadların qaşınmağından yazırsınız. Qaşınmaq nə eyibdir? Adamın bir yeri gicişəndə qaşıyır, əgər qaşınmaq arvadlara eyibdir, pəs kişilər niyə qaşınırlar! Mollaların qaşınmaq əski peşəsidir və Bakı vağzalında dünyagörmüş bir müsəlman qardaş şəkər maşasilə boynunu qaşıdığı ve hətta qulağını qurtdadığı və dırnağını təmizlədiyi məgər sizin yadınızdan çıxıbdır?

19062 dəq
Xanpəri Bacıya Cavab

Hörmətli Molla emi! Keçən nömrənizin birisində imansız Xanpəri qarğış dilin açıb olmazın sözləri mənim haqqımda demişdi. Nə eləyim, bir orucluq olmayaydı görərdin onun cavabında nələr söyləyərdim, bir yandan oruc-namaz, bir yandan çolma-çocuqların küyü, qalmaqalı və gecələr də cəhrənin dızıltısı məni lap taqətdən salıbdır. Yoxsa indiyə kimi o həyasızın abrını ətəyinə bükərdim. Bircə bundan xəbər alasan ki, a utanmaz, söylə görək həyasızlığa kim qurşanıbdır ki, bu qədər həyadan danışasan. Arvad gərək arvadın namusunu çəksin, səndə ki heç namus yoxdur, başındakı yaylıq sənə haram olsun.Mən yamanlıq eləmədim ki, yazdım Molla əmi, arvadları bu qədər biləyinə dolama, onların olar-olmaz eyiblərini açıb lağa qoşma. İndi sən razılığın əvəzində başlayırsan mənə qarğış eləməyə və arvadların bir para gizlin sirlərin açmağa. Məsələn, deyirsən ki, Zeynəb bacı ərinin cibindən pul oğurlayıb məhəbbət duası yazdırır. Bir özün fikir elə, mənim qəzetə əhval yazmağımmı çox eyibdir, yoxsa biz arvadların sirrini açıb kişilərə bildirməkmi? Və bir də görünür ki, sən molla əminin 12-ci nömrəsində çəkilən şəklə heç baxmayıbsan?

19062 dəq

Başqa şairlərin şeirləri