İki-üç ay əvvələ qədər hər kəsin ürəyində müfti və şeyxülislam cənablarına qarşı bir narazılıq, hətta bir hiddət vardı. Camaat deyirdi ki, 6-7 milyon böyük bir kütlənin rəisləri millətlər fəlakətinə qarşı göz yumurlar. Daha doğrusu, yalnız düşüncələrindən, qorxaqlıqlarından, ürəksizliklərindən qəsdlə görməməzlik, eşitməməzlik edirlər. Deyirlərdi ki, müfti və şeyxülislam Tatyana ianə cəmiyyətinin Tiflisdəki şöbəsinin üzvləri olub hər həftə sərdar sarayındakı məclisdə bulunduqları halda müsəlmanlara bir xeyirləri toxunmur.

Deyirlərdi ki, bu qədər böyük bir camaatın rəisləri əgər istəsələr nələr eləməzlər, nələr tapmazlar?

Camaatımı kömək etməz, qazı və mollalarımı itaət eləməz, yoxsa hökumətmi qulaq asmaz. Xeyr, xeyr, hamısı olar: təki onlar istəsinlər!

Ramazan ayı idi. Göydən rəhmət enir, yerdə nemət yayılırdı. Hər kəsin ürəyi şəfəqlə dolmuşdu. İştə böylə vəqti və şeyxülislam cənabları fürsət və qənimət bildilər. Həm camaatın minnət və şikayətindən qurtulmaq və həm də Allahı razı etmək istədilər. Qazı və mollalara xitabən uzun ayə və hədislərlə dəvətnamələr yazdılar. Builki fitrələrin onda birini də olsa dava yerlərindən gələn yetimləri saxlamaq xərci üçün yığmağı möhkəm fitvalarla əmr elədilər.

Dəvətnamələr paylandı. Hər kəs xəbərdar edildi. Ortalığa böyük sevinc düşdü. Camaatın rəisdən narazılığı azalan kimi oldu. Qəzetlərimiz rəislərin bu həmiyyətlərindən uzun-uzun bəhs etdilər. Hətta illərcə uyuşub qalan ruhani idarələrimizin belə hərəkət və cürətlərinə (?) çaşıb qaldılar. Çaşıb qaldılar ki, belə adi dəvətnaməni “tarixi vəsiqə” deyə adlandırdılar. Hətta bu “vəsiqə”ni bizim üçün, bizim istiqbal və nicatımız üçün bir şan hesab edənlər də oldu.

Doğrusu, mən bu dəvətnamələrdən o qədər böyük kəramət gözləmirdimsə də, bütün-bütün də ümidsiz deyildim. Yaxşıya yaxşı, pisə pis demək qayidəsincə bir də gözləmədiyim bu hərəkəti təqdir etdim.

Günlər keçdi. Fitrə bayramı gəldi. Qazılar, mollalar hümmət qollarını çırmadılar, işə girişdilər, çalışdılar, yığdılar, böyük fəxr ilə Tiflisə göndərdilər.

Bu qədər uzun fitvaların, qışqırıqların, çalışmaların nəticəsini hər kəs səbirsizliklə gözləyirdi. Gözləyirdi ki, altı-yeddi milyon camaat can-başnan “birər” qəpik fitrə versə, altı-yeddi min manat edər. Oh, nə gözəl mayə?!

Heyhat ki, həqiqət özgə çıxdı. Şeyxülislam və müftinin uzun fitvaları ilə Qafqazda, ən azı iyirmi-otuz min molla vasitəsilə yığılan fitrənin məcmuu dörd-beş mini keçmədi.

Qoy Qurban bayramı da gəlsin. Gəlsin onu da görək. Doğrudan yetimlər evlərini idarə edən cəmiyyətlərin işləri çox çətin.

Tiflis cəmiyyəti 20 yetimi qəbul etmişdir. İndi 50-dən artıqdır. Fitrə parəsindən iyirmi min manata qədər gözlənirdi. Bunun yarısı olmadı. Halbuki Qarsdan gələn yetimlərin ardı-arası kəsilmir. Hələ sabah daha böyük ehtiyaclar, fəlakətlər qarşısında olmayacağımız nədən məlum? Hazır əlimizdə fürsət var ikən bizə sığınan öz yetimlərimizi aclıqdan qurtarmanın yollarını düşünək!

Böyük-kiçik btr çox millətlərin haqq və hürriyyət uğrunda insanlardan milyonlarca qurbanlar verdikləri bir vaxtda biz də kəsib ətini yeyəcəyimiz heyvanların heç olmazsa “dərilərini” fəda edək. Əgər həmiyyətimiz bütün-bütün sönməmiş isə Qurban bayramı yığıncaqlarından faydalanıb dərilərdən özgə sədəqə də toplamaq olar.

Şəksiz ki, qazılarımızın, axund və əfəndilərimizin hamısı yaramaz deyillər. İçlərində bu günü deyil, sabahı, gələcəyi düşünən həmiyyətli əfəndilərimiz çoxdur. Qələmlər bu gün lal isələr, əlbəttə, bu zamanın da bir fərdası – aydınlığı var. Fərdanın, gələcəyin intiqamı isə çox şiddətlidir.

Ümidliyəm ki, Qurban bayramında həmiyyətli əfəndilər ilə möhtərəm bəy və hacılarımız, çalışqan cavanlarımız birləşib həm qurban diləklərini sədəqə yığmaqla milli və şəri borclarını əda edərlər.

Ömər Faiq

“Açıq söz”, 2 oktyabr 1915, № 1

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Pişik *

Uşaqlıqda nənəmiz bizim üçün bir nağıl deyərdi, o nağılın başı bu idi ki, bircociyi var idi, birceciyi yox İdi, bircə qan var idi. Bir gün getdi su üstə, sürüşdü düşdü buz üstə. Dedi:Ay buz, sen nə zalunsanmış?

19103 dəq
Pişik (2)

Bir gün yoldaşım Məşədi Mozalan bəylə divarın dibində əyləşib İranın indiki vəzirləri kimi dərdləşirdik. Yoldaşım başladı ki, Lağlağı, bir hekayə söylə, vaxtımız keçsin. Mən de başladım.Heç yadımdan çıxmaz, 8-9 yaşında idim. Bizim evdə bir ziyankar pişik var idi. Analığım hər ne gizlədirdisə, tapıb yeyirdi. Çox haramı idi. Lakin mən onu çox sevirdim. Bir gün atam işləməyə gedəndə analığıma tapşırdı ki, bu günə canım dolma istəyir, bişir, nahara gelərəm, yeyərik.

19114 dəq
Ey İran!

Ey müctəhid və xan mənbəyi İran! Ey din və xəyalat mühibbi insanlar! Ey bir mollanın əmri ilə neçə yüz qurban verən fədakarlar! Bəsdir köhnə adətinizi, köhnə xasiyyətinizi, köhnə xoşbəxtliyinizi məşruteye qurban etdiniz. Bəsdir Tağızadələr kimi dinsizləri çıxarıb mücahidlərinizə dil uzatdırdınız, firengmeab cavanlara yol verib, qırmızı saqqallılan dala buraxdınız. Amerika dinsizlərini gətirib beytül malı olanlara tapşırdınız. Ey min ildən bəri, fırtınalı dərya dalğa və ləpələrinə bənzəyən gözəl İran! Sənə nə oldu ki, “məclisinə” ancaq yetmiş iki əmmaməli qoydun, üç-dörd ay əvəzinə məclisdə ancaq bircə ay yas tutub baş yardın? Sərdar Əsəd əvəzinə Sinəpdara hökumət tapşırdın!Lakin ey minlərcə ildən bəri məzhər, mehdi, qiamlan köməyinə ümidvar olan səbirli İran! Heç ürəyini sıxma vaxtın bu istisində, bu qızdırmalı halətində Şimaldan, Cənubdan sənə doğru sərin və xoş yellər əsməyə başlayır… Azəbaycan havasını dalğalandırır, ləpələndirir. Daha bundan sonra arxaym ol! Arxayın ol ki, no baş çapmağına, nə mərsiyəxanalarma, nə də müctəhidlərinə heç kəs bir söz deyə bilməyəcəkdir.

19111 dəq
Təşəkkür

İndiki islam üləması arasında münaziəli, şəkli bəhslərdən biri də hicab məsələsidir. Bu eylə əhəmiyyətli bir məsələdir ki, heyati-ictimaiyyə və mədəniyyətimiz hər zaman bunun tehti-təsirində bulunmuş və elan da bulunmaqdadır. Bu məsələnin bir kərə qət olunub qurtulmasını hər sahibi-maarif kimi mən do arzu edərdim. Lakin bunun üçün “cəsarətli”, elmli, nüfuzlu bir fazilin vücudu lazımdı. Hərçəndi bir çox mollalar təklikdə “sətrin” şəri olmamağını, maarif və tərəqqimizə zərər vurduğunu söylüyürdü, amma heç kəs meydana çıxıb aşkar deməyə cəsarət eləmiyirdi. Həmd olsun ki, Qafqaz müftisi Hüseyn əfəndi həzrətləri “Seda”™nın 10, 11, 12, 13-cü nömrələrində alimane nəşriyyatı ile “sətrin” şeri olmadığım, yəni müsəlman arvadlarının üzü açıq gəzə biləcəklərini möhkəm və şeri dəlillər ilə isbat və bəyan edib məqami-fitva penahidən bu çətin məsələyə nəhayət verdi.Bu münasibətlə Müfti əfəndi həzrətlərinə tərəqqeyi-milliyəmiz naminə ərzi-təşəkkür edərim.

19111 dəq

Başqa şairlərin şeirləri