Milli məsələlərimizin vaxtımı?
Səhifə 2 / 2 · 50%
Halbuki bizim kimi sədaqətli, bizim kimi böyük bir millətin müqəddəratı böylə olmamalıdır. Böylə olmamızda günah yalnız bizimmi?
Vaxtdır ki, özümüzü tanıyalım. Vaxtdır ki, həqqi-ədalətsizliyin üzündən millətimiz “varlığının təhlükəyə düşməkdə olduğunu” qanalım! Qanalım da, hazır fürsət ikən bir tərəfdən namestnikimiz fəxamətli veliki knyaz həzrətlərinə, digər tərəfdən də Dumaya müraciət edəlim. Bizə də böyük və çoxluğumuza görə haqq və ixtiyar verilməsini tələb edəlim.
IV
Bir neçə gün qabaq namestnik dəftərxanasının müdiri Tiflisdəki qəzetə baş mühərrirlərini çağırıb onlarla müsahibədə bulundu. Müsahibdən məqsəd fəxarətli veliki knyaz Nikolay Nikolayeviç həzrətlərinin Qafqaz xüsusundakı fikir və arzularını və idarəsindəki məsləki-üsulunun təməlini yada salmaq və anlatmaqdır. Bu anladışa görə namestnikimiz üsuli-idarəsinin əsası “ədalət və müsavat” imiş. Və bu əsas cəhəti ilə hamı millətlərə bir gözlə baxmaq və onların arasında nəinki ziddiyyət, bəlkə dostluq və yaxınlıq vücuda gəlməsini şiddətlə arzu buyururmuş.
Doğrusu, bu xəbəri-müjdə müdir cənabları tərəfindən verilməmiş olsaydı belə, bizə bir dərəcə məlum idi, çünki böyük idarə adamına məlum olmalıdır ki, müsavat olmayan yerdə, xüsusilə müxtəlif millətlər arasında, nə dostluq ola bilər, nə də rahatlıq. Doğrudan da, Qafqaza, o millətlər sərgisinin intizamına ən ziyadə lazım olan müsavat, hüquq, həqqi-ixtiyar bərabərliyi ilə bir müsavat ki, dostluq, dinclik, tərəqqi, ittihadi-şövkət və əzəmət, müvəffəqiyyət və qalibiyyətin ən birinci vəsiləsi olmaqla ən son da çarəsidir.
Bizə bu ümidi yalnız dəftərxana müdirinin “sözü” deyil, bizzat veliki knyazın özü də göstərir.
Şübhə yox ki, öylə böyük zat şeyxülislam cənablarına “ruhani ehtiyaclarınızı bildiriniz” cümləsini “söz olsun” üçün söyləməmişdir. Ruhani ehtiyacımızdan sonra ən böyük ehtiyacımız maarifdə olduğunu bilən veliki knyaz həzrətləri vaxt keçirməkliyin Qafqaz maarifi-müdiri-ümumisinə buyurmuşlar ki, müsəlmanların maarif ehtiyaclarını bilib ərz eləsin.
Maarif müdirinin yapacağı da, şəxsiz, tək-tək şəxslərə müraciət edib rəy toplamaq və bu yol ilə ehtiyacımızı yarım-yapalaq durub işə bir tövr əncam verməkdir. Lakin böylə böyük və məsuliyyətli işləri – nə qədər bilikli olsalar da, tək-tək şəxslərin görmələrindən artıq, əlbəttə, müəllimlərdən — mütəxəssislərdən, millət xadimlərindən ibarət bir məclisin görməsi daha ziyada münasib, daha çox xeyirlidir. Burasını bizə, təbii, maarif müdiri, ya qeyri bir məmur öyrətmiyəcəkdir. Bu bizim öz milli vəzifəmizdir. Burasını biz gərək özümüz qanıb veliki knyaz həzrətlərindən xahiş edək.
Maarif məsələsi bizim üçün ölüm-dirim məsələsidir. Milli məsələmizin ən münasib və qət olduğu zaman, hali-vəziyyət xüsusilə bu gün başımızda olan bir idarə arzu yalnız arzu deyil, bəlkə tələb belə edir. Həm bir surətdə ki, bəzi ehtiyaclarımız xəyal və təsəvvürlərdə deyil, bu gün “iş” olaraq başlanmaq üzrədir. Daha düşünməyin, ehtiyatın yeri olmasın gərək.
Deyiləcək ki, ehtiyac və dərdlərimizi müzakirə edib nəticəsini hökumətə bildirmək böylə bir məclisi kim yığmağa çarə qılacaq?
Mən sanıram ki, hər şeydə olduğu kimi, bunun da çarəsi qolay. Ancaq çarəni axtarmaq lazım. İnanmam böylə can alacaq bir çarəni axtaran həmiyyətlərimiz içimizdə əskik olsun. Əl verir ki, iş bilənlərimizdən bir neçəsi bir az vaxtlığa öz xüsusi işlərini buraxıb ürəkdən çalışalar. Mənə öylə gəlir ki, əgər bir neçə həmiyyətlimiz söz bir edib bizim rəsmi milli idarəmiz olan “İdareyi-ruhaniyyələr”ə ciddi yolda müraciət edərlərsə, iş həm rəsmi, həm də öz yolu ilə tezliklə görülür.
Doğru, bizim qeyri-rəsmi milli cəmiyyətlərimiz də var. Onlar da bu vəzifəni görə bilərlər. Lakin rəsmi bir milli idarəmizə özümüz də çalışıb “yardım” edərsək, müvəffəqiyyət daha artıq, daha sağlam olur, sanıram.
Mənim bu fikrimə etiraz edənlər çoxlu olsa da, mən yenə fikrimdə dururam. Hər kəs bilir ki, biz idareyi ruhaniyyələrə həqarət gözü ilə baxmağa alışmışız. Daha açığı, idareyi-ruhaniyyələrin bacarıqsız, nüfüzsuz əhvalı bizi böylə alışdırmış. Boynuma alıram ki, biz istəsək, o həqarətlə baxdığımız idarələr vasitəsilə xeyli işlər görə biliriz. Çünki o idarələr bizim “ruhani” idarələrimiz olmaqla bərabər, həm də siyasi milli idarəmizdir.
Milli məsələlərimizi bir tərəfdən qeyri-rəsmi cəmiyyətlərimiz vasitəsilə Duma vəkillərinə bildirməklə bərabər, o biri tərəfdən də rəsmi idarəmiz vasitəsilə yerli hökumətə, lazım gəlsə, daha da yuxarıya bildirməliyiz. Burası var ki, böylə böyük işləri yalnız imdiki rəisi-ruhaniyyələrdən gözləməməliyiz. Camaat işinə, el xeyrinə ən ziyada camaat xadimləri, el başçıları can yandırmalıdır. Bunlar əgər rəisi-ruhanilərə müraciətlə məsləhət edib yardım eləsələr öylə bilirəm ki, məsləhətləri həm qəbul olunur, həm də müvəffəqiyyət görünür. Ancaq lazımdır ki, fürsət itirmiyələr. İdareyi-ruhanilərimiz vasitəsilə fəxamətli velıki knyaz həzrətlərinə müraciət edib ruhani və maarif ehtiyaclarımızın müzakirəsi üçün lazım gələn məclisə rüsxət alalım. Yoxsa, tək-tək şəxslərin, xüsusilə hökumət məmurlarının rəyi və əlacları bizim yaralarımızı sağaltmaqdan ziyada bərbad eləyəcəyi aşkardır.
Ömər Faiq
“Açıq söz” qəzeti, 10, 11, 25 noyabr,
6 dekabr 1915, № 31, 32, 44, 54
Kitabxana.az · https://kitabxana.az/works/nemanzade-milli-meselelerimizin-vaxtimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“Yeni irşad”ın 20-ci nömrəsində Gəncə şəhərindən H.Naseh imzalı bir məktub çap olunmuşdu. Cənab Nasehin orada yazdığı sözlərin hamısını başa düşmədim, çünki o dili mən oxumamışam. Ancaq zehnnən bunu anladım ki, Gəncədə müsəlman cavanlan rus dilində bir qəzet çıxartmaq istəyirlərmiş, Nasehin də xoşuna gəlmir ki, oxumuşlarımız öz müsəlman dilimizi qoyub rusca qəzet yazmaq istəyirlər. Çünki həqiqət, rus dilini baqqal Kərbelayi Əsədmi, əllaf Hacı Göyüşmü, yoxsa bəzzaz Səməb başa düşəcək Naseh belə yazır və belə başa düşür. Amma “Molla Nəsrəddin” özgə cür xəyal edir və özgə cür yazır, qulaq as, gör nə deyir?“Molla Nəsrəddin” deyir ki, əgər dünyada heç bir qəzet olmaya, ancaq yer üzündə bircə Naseh yazdığı dildə çap olunan qəzet ilə bir də Gəncədə rus dilində bir qəzet qala və bəzzaz Səmədimiz oxumaq üçün qəzet axtara və axırda gedib bu iki qəzetəni ala ki oxusun – o vədə and olsun Allaha, imama, peyğəmbərə, Kərbəlayı Sadığın canına ki, Naseh yazan qəzeti bəzzaz Səməd açıb üzüm büküb aparacaq evinə, amma rus dilində yazılan qəzeti yenə qənimət bilib ehtiyat üçün qoyacaq cibinə ve bəzzaz dükanında çitlərin üstündə yazılan açıq və aşkar rus hərflərinə aşina olmağı kifayət verəcək ki, bir qədər səy edib rus qəzetindən bir mətləb çıxartsın.
Mən kiməmHə, ey türk! İstər darıx, istərsə qarıx, yaxandan əl çəkən deyiləm. Sən hər şeyi öyrənmək istədiyin halda niyə bircə zadı – yəni özünü bilmək istəmirsən, niyə öz varlığından, öz vücudundan, öz soy və nəslindən xəbərin yox? Niyə sənə “Kimsən?” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki,mən türkəm. Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən türk idin. İndi də türk-sən və bundan sonra da türk qalacaqsan?Zamanamızda, yəni din və əbudiyyətdən, cins və millətlərin hökm sürdüyü belə bir çağda insan öz soy və millətini tanımamaq, daha doğrusu, özünü bilməmək ən böyük günahlardan, silinməz ləkələrdən biridir. Lakin bu ləkə tezliklə gedən ləkəyə də bənzəmir. Bu ləkə yaman ləkədir. Bu ləkə surətində elə yılancıq (qanqrena) yarasıdır ki, millətimizin vücudunu, türklük varlığını yavaş-yavaş gəmirir, yox edir.Bu gün həm də kiçik millətlərin, xüsusilə məhkum millətlərin öz varlıqlarını, öz hüquqlarını saxlamaq iddiası ilə bu qədər qan tökülən bir vaxtda bizim özümüzü tanımamazlıq bəlası,dərin düşünülürsə, qarayaradan da, taun çibanından da daha acılı və daha zəhərlidir. Hər kəs öz millətini tanıyıb onun yolunda ağladığı, onun yolunda gözünü kor etdiyi böylə bir həngamədə biz öz millətimizi sevmək deyil, onun hətta quru adını da bilməyib ortada şaşıb qalmışız. Çoxdan çürümüş əqidələr, təriqətlər tiryəkisinin beynimizə verdiyi sərsəmliklə hərlənib durururuz.
Dərdimiz və DərmanımızŞükür Xudaya! Qədim cəhalət dövrlərində deyiliz. Adətən qeyri, lakin ümumi istiqbala xeyirli olan fikirlər, təşəbbüslər qədimdə olduğu kimi birdən-birə söndürülmür. Bunlara daha günahkar fikir, şeytan işi deyilmir. Bİr çox vaxt zəhmətlərlə meydana gətirilən ali təşəbbüslər, işlər boş, quru sözlər ilə rədd edilmir. “Şöleyi heqiqet müsalimeyi-əfkardan zühur edər” qaydası ortaya qoyulur. Arzuyi maarif, fikri üxuvət ve insaniyyət dairələri yavaş-yavaş irəli gedir. Bu dairələr durğun suya atılan bir daşın ətrafında peyda olan dairələr kimi bir-birlərindən getdikcə artıq böyüyür. Yenə şükür xudaya ki, ən birinci bəxşeyişi-ilahi olan (əql) sayəsində əzəmət və qüdrəti-ilahiyyeyi-fikri bəşərinyetdiyi dərəcədə anlamaq və übudiyyətə insanca layiq olmaq üçün keyfiyyəti-xilqət, əsrari-təbiyyat tədqiq və təmin olunur.Ən həqir bir otan, nəbatin surəti-təkəvvünündən cənabı heqqınəzəmət və səmadaniyyəti təqdir olunur. “Hər vərəqəş dəftər ist mərifeti-gerdikar ilə “olsa istedad arifi-qabil idraki-vəhy… həqq irsalma hər zərrədir bir Cəbrayıl hikmətlərinin boş yerə söylənilmədiyi anlaşılır, zühura gələn hər məxluqat və mövcudun mütləq bir səbəb ve hikməti-ilahiyyəyə müvafiq bir surətdə xəlq buyurulduğu sirri bilinir, heqq-təala təbiətin təsir ve ıqtizasını bir səbəbi-xilqət olaraq bəxş buyurduğu fəhm edilir.
ŞəkidənBəzi şəhərlərdə üsuli-cədid məktəblərindəki şagirdanın əksəri məktəbdən çıxdıqdan sonra daha böyük məktəblərə, ya ki mədrəsələrə girməyib, ya ki girəməyib babalarının əski sənəti ile iktifa edirlər. Məlumati-elmiyyə və fənniyyələri az olduğundan nə baba sənətlərini tərəqqi etdirə bilirlər, ne de yeni ve müfid bir iş tuta bilirlər. Bu hallar mülahizə olunub qeyrilerə bir nümunə olmaq üzərə Şəki məktəbində bu ildən etibarən senaet şöbəsi təsis olunacaqdır. İbtidai halda şagirdlərə ipək qurdu, ya ki böcəyi xüsusda əməli və nəzəri dərs veriləcəkdir. İşbu təşəbbüs cənab qazının və camaatın hümmətindən meydana gəldiyi irəlidə məktəbimizdə səbilərə bir qaç dürlü iş gösteriləcəyinə kafidir.Müəllim Nemanzadə
Başqa şairlərin şeirləri
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
CananımınFələk rəğminə bir nəzərGörsəm üzün cananımın,
Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəlEyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl,Alma əlimdən mənim tabü təvan, ey gözəl,
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,