Tiflis, 22 iyun, Sübh Saat Səkkiz
Şəhərdə hər tərəf qapalı.
Heç bir tərəfdə tüccari, şəxsi bir hərəkət yox.
Nə bir araba səsi, nə fayton gurultusu, nə qonka hərəkəti və nə də insan tərəddüdü var.
Hər kəs bir yanda durub dəhşətli bir hadisəyə müntəzir. Deyəsən, bu gün bura əzəmətli Tiflis şəhəri deyil. Türküstanın sükunətli, amma qan qoxusu, hökümət zülmü gələn bir çölü!
Bu günün gecəsində, göydən enən hürriyyət və ədalət mələkləri samai-təlqinlər ilə sabahın dəhşətli sükuniyyətini xəbər verdikləri üçün sübh tezdən bazara çıxmışdım. Şəhərin özgə yerlərindən hənuz xəbərim yoxdur. Lakin müsəlman bazarının ümumiyyətlə, qapalı olmağı, məndə hüzn içində bir sürür peyda etdi.
Müsəlmanları hürriyyət və ədalət yolunda qonşuları ilə əl-ələ vermiş görüb, nəhayət dərəcədə şad oldum.
Bildim ki, müsəlmanlar da bu gün mühakimələrinə qəti baxılacaq olan 27 fədai əsgərin asılmaqlarına “tətil” ilə kömək etmək istəyirlər.
Məmnun oldum ki, müsəlmanlar daha əvvəlki kimi məvacibxor, biqeyrət abrazovannı və ruhani müsəlmanların fitnələrinə aldanıb insanlığın məşuqi-həyatvari olan azadəlikdən kənar durmayırlar.
Ürəyimdə deyirəm: İlahi! Bu günləri də gördüm ki, müsəlmanlar öz xahişləri ilə, öz qanacaqları ilə dükanlarını bağlayıb vətənin həyati-siyasiyyəsinə, qonşuların hərakəti-hürriyyəti-pərvanələrinə qəlbdən şərik olurlar.
Mən bu xəyalda idim ki, uzaqdan qulağıma gələn hürriyyət mahnısı, marselyoza havası ortalıqdakı sükutu pozdu.
Mən belə dəhşətli sükut arasında marselyoza havasına əsla ümid etmədiyim üçün mat və heyran qaldım.
Çox çəkmədi, qorxunc silah və əsgərlər ilə mühasidə edilmiş bir dəstə yavuqlaşdı. Məyər məhkəməyə asılmaq qərarını duymağa gedən 27 vətən qurbanları, Menqrelski polkunun müttəhim əsgərləri!
Bu hürriyyət fədailəri ğayət şad və sürür içində həqiqətən millət xadimlərinə yaraşan bir igidliklə marselyoza havasını oxuya-oxuya qabağımızdan keçdilər.
Bunların bu qəhrəmananə rəftarları bəzi adamlara, xüsusilə əsgərlərə əks-təsir edib bir çox mərhəmətli gözlərin yaşardığını gördüm.
Günorta, tamam saat bir. Tiflisin ən izdihamlı – şənlikli olan Qolovinski caddəsindəyəm, guya burası şəhər caddəsi deyil, dava meydanının bir səmti.
Ortada davaya müntəzir sükunətli bir hal, küçələrdə adam çox az. Faytondan, atdan əsər yox. Qulağa gələn ancaq əsgərlərin ayaq səsləri.
Görünən yalnız tüfənglərin parıltısı. Buralarda hər yana baxsan əsgər, top, pulemyot, tüfəng gözə çarpar.
Deyəsən, tamam bir dava meydanı! Bir yanda dəhşətli toplar düzülmüş, bir tərəfdə pulemyotlar hazırlanmış.
O biri yanda kazaklar atəş açmağa müntəzir. Polkların biri bu yandan gəlir, o biri yandan gedir. Hətta əsgəri dairələrin damları üstündə əsgərlər əsgəri aynalar, durbinlər ilə ətrafı göz altında tutur. Gələni dayandırırlar, keçəni axtarırlar.
Əlimdəki müsəlman qəzetlərini intibahnamə zənn edib məni də səkkiz dəfə dayandırdılar. Əziyyət verdilər.
Bəli, toplar, pulemyotlar, vəhşi kazaklar hər tərəfə dəhşət salır, zəif qəlblərə qüvvətli görünürlərdi.
Lakin mənə qüvvətli və dəhşətli görünən əsir halətində yaşayan cahil əsgərlərin çoxluğu, topların heybəti deyildi, bəlkə, bunca camaatın, bu əziz şəhərin bir vücud kimi səmayi-hürriyyətdən gələn ilahi bir qüvvəyə tabe olub ittifaq etməkləridir.
Bu gün Tiflisdə on aciz çörəkçinin, hətta fağır suçunun “tətildə” iştirak edib hökuməti böyük bir qüvvətlə təhdid etməyi camaat qüvvətinin nə qədər əsaslı və davamlı olduğunu çox aşkar bildirirdi.
Bu kimi tətillərin zahiri mənası az kimi görünürdü, amma mənən qüvvəti çox böyükdür. Bu gün ümumi Tiflis camaatı hökumətə açıqdan-açığa bildirdi ki, hamı camaat hürriyyət və ədalət tələb edənlər ilə bərabərdir.
Bəli, bilindi ki, yüz yetmiş milyon miqdarında bir əzim camaat hökumətin hərəkəti-hazırəsini məhz zülm və vəhşilik hesab edib, bu cür idarədən narazıdır.
Bilindi ki, bundan sonra camaat razı olmayacaq ki, hökuməti-zalimə hürriyyət tərəfdarlarını bir-bir yox edib yenə idareyi-müstəbidəni davam etdirsin.
Xülasə, camaat bugünkü ümumi tətil ilə, camaat silahı ilə bildirir ki, əyər hökümət 27 vətən fədaisini bağışlamayıb boğazlayacaq olursa, camaat uzaqdan tamaşaçı olmayıb əllərindən gələn fədakarlığı sərf edəcəkdirlər.
Bu saat ki, məktubumu qurtarıb poçta verəcəyəm, axşam saat səkkizdir. Bu vaxta qədər şəhər sükutluğunda davam etdi. Bundan sonrakı əhvalı sabah yazaram.
Danışırlar ki, əsgərlərin mühakiməsi bir neçə gün davam edəcəkdir. Müttəhim əsgərlər mühakimə qurtarıncaya qədər məhkəmədə qalacaqlardır.
Ümidvar
“İrşad” qəzeti, 25 iyun 1906, № 149
Kitabxana.az · https://kitabxana.az/works/nemanzade-tiflis-22-iyun-subh-saat-sekkiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hörmətli Molla emi! Keçən nömrənizin birisində imansız Xanpəri qarğış dilin açıb olmazın sözləri mənim haqqımda demişdi. Nə eləyim, bir orucluq olmayaydı görərdin onun cavabında nələr söyləyərdim, bir yandan oruc-namaz, bir yandan çolma-çocuqların küyü, qalmaqalı və gecələr də cəhrənin dızıltısı məni lap taqətdən salıbdır. Yoxsa indiyə kimi o həyasızın abrını ətəyinə bükərdim. Bircə bundan xəbər alasan ki, a utanmaz, söylə görək həyasızlığa kim qurşanıbdır ki, bu qədər həyadan danışasan. Arvad gərək arvadın namusunu çəksin, səndə ki heç namus yoxdur, başındakı yaylıq sənə haram olsun.Mən yamanlıq eləmədim ki, yazdım Molla əmi, arvadları bu qədər biləyinə dolama, onların olar-olmaz eyiblərini açıb lağa qoşma. İndi sən razılığın əvəzində başlayırsan mənə qarğış eləməyə və arvadların bir para gizlin sirlərin açmağa. Məsələn, deyirsən ki, Zeynəb bacı ərinin cibindən pul oğurlayıb məhəbbət duası yazdırır. Bir özün fikir elə, mənim qəzetə əhval yazmağımmı çox eyibdir, yoxsa biz arvadların sirrini açıb kişilərə bildirməkmi? Və bir də görünür ki, sən molla əminin 12-ci nömrəsində çəkilən şəklə heç baxmayıbsan?
MəktəbMolla dayı! Gözümün ağı-qarası bircə oğlum var. O bir yaxşı balaydı! Od, qığılcım kimi bir yerdə oturmazdı. Küçədə bir uşaq onun qorxusundan elinə aşıq ala bilməzdi. Rüstəm kimi oğul idi! Kimin ne həddi var idi ona bir söz deyə? Gücü çatmayanı daşnan vurub yıxırdı.Molla, bir gün oğlum qonşum Məşədi Heydərin papağına bir daş vurdu, Məşədinin papağı üç aişin yol getdi. Xülasə, belə bir oğul tək düşərdi. Evə gedəndə od kimi gedib nə varsa götürüb yeyərdi, anasının ağzı nədi ona bir söz deyə, gözümüzün ağı-qarası bircə oğuldu! Molla dayı! İndi evim yıxılıb, qapım çırpılıb, gözəl, ağıllı oğlan dəli olub. Mən ağılsız baxdım onun-bunun sözünə, biçarəciyı qoydum şkolaya. Bilirsənmi necə dəli olub? Bax, gəlir dinməz-söyləməz oturur, açır kitabı, mırt-mırt deyə-deyə durur. Əgər Allahdan qorxmayıb çörək verməsən, istəməyəcək. Nə qədər deyirəm oğul, bir çıx küçəyə oyna, könlün açılsın, heç deyəsən bununla deyilsən, elə mırt, mırt, mırt…
Axır Çərşənbə“Köhnə günə gün çatmaz, çalasan günü günə”. Doğrudan belədir. Hanı o keçən günlər? Bir vaxt var idi, Allah ölənlərinizə rəhmət eləsin, axır çərşənbə günü rəhmətlik xan, torpağı sanı yaşayasınız, əlində tənbəki çubuğu, papaq əyri, çıxardı güllüyə, hamı camaat, ağsaqqal, qarasaqqal dövrhadövr əyləşərdilər, Kor Muqdusi koxa başlardı “Koroğlu”nu. Vallah, elə zurnaçı hələ dünyaya gəlməyib. Cavanlar çıxıb güləşərdilər, boğuşardılar, ta axşama kimi. Axşam olanda hamının kefi kök dağılıb gedərdik. Bax bayram belə olar.Doğrusu, bu çərşənbə menim xoşuma gəlmədi. Hərçəndi əvvəlki kimi bir çoxluca tüfəng, tapança, fişəng, taraqqa atdıqsa, amma genə əvvəlki kimi olmadı: ne qoç döyüşdürmək, ne at çapmaq, nə güləşmək. Bunlar olmadı. Deyəsən, camaat lap dinlərindən və məzhəblərindən çönüblər. Belə bayram olar? Heyif o zamanlar! Elə, aşna, xeyir-bərəkət də onlaman getdi. Genə az-çox xeyir-bərəkət varsa da, bu müsəlman övrətlərinin ucundandı. Bacılarımız heç öz dinməzhəblərin əllərindən ötürməyiblər: çərşənbə axşamı yaxşıca çərşənbə dinşemək, sübh tezdən yeddi dəyirmanın suyuna çimməyə məşğuldular, qəbiristanda köhnə rəhmətliklərin başdaşını çox qabiliyyətləri çöndərərdilər. Allah o bacıların qəlbindəki mətləbini yerinə yetirsin. Bax, bayram belə olar!
SirkəBu arvadların məkri ve hiyləsi olmasa, adam min il yaşar! Mən özüm çox yaxşı bilirdim ki, bizə sirkə qoymaq düşməz. Rəhmətlik nənəm deyərdi: bizə sirkə qoymaq düşməz.Rəhmətlik nənəmin bir ağ xoruzu var idi. Rəhmətlik sağlığında onu çox istərdi. Çünki bu xoruz xoruzların seyidi idi. Hansı evdə o olsa o evə cin gəlməz, bəla enməz, həmişə təhnə-tabaqda bərəkət olar. Bir neçə gün bundan qabaq nənəmin xoruzu ağacdan yıxılıb öldü. Gecə mən yəqin elədim ki, bir ziyan toxunacaq, çünki gecə sağ gözümün üstü elə uyuşurdu. Allaha təvəkkül deyib yatdım. Sabahdan ki, xoruzun meyitini yerdə gördüm, fikirnən bağçanı gəzirdim, bir də gördüm, bağçada bir küpə, içində sirkə. Bədbəxt arvad məndən xəlvət sirkə qoyub. Vay, evin yıxılsın, yıxdın mənim evimi! Tez gəlib “üç talaq, məndən boşan” – deyib arvadı evdən qovdum. İndi uşaqlar mələyə-mələyə qalıb. Bunların hamısı sirkənin xeyri oldu. Amandı, Molla dayı, buna bir əlac.