Kardioloq, prof. Fuad Əliyevə

Ölçüb təzyiqimi keçirsən belə,bir dünya qan ağlar içimdə, həkim.Sən hansı təzyiqi ölçürsən belə? –təzyiqə təzyiq var içimdə, həkim.

Əbədi yuxudan məni oyadıb,təzədən dünyaya gətirdin, həkim.

Məndə yaşamağa inam yaradıb,özün inamını itirdin, həkim.

Yəqin, ölüm quşu tanıyır səni,hansı yastığa ki, sən baş çəkirsən, –kölgələr içində seçir kölgəni,o da o yastığa qonmur deyəsən.

Məni xəstəxana qapılarından,evə yola saldın əlində Quran.Səndəki o həkim mənəviyyatı,səssiz musiqiydi, sözsüz bayatı.

Gördüm o dünyanı iki gün qabaq,orda da İşıq var, Gün yoxdur ancaq.Duman qarışıqdı gümüşü dünya,günorta üstündən keçmir o yana.

Bağ-bağat salınıb, al-yaşıl çəmən,amma nə əkən var, nə də becərən.Adamlar danışır, səsləri yoxdu,çiçək var, çiçəyin bir ətri yoxdu.

Təzə ölənləri çeşidləyirlər,bir karvan gördüm mən, bir çiyin yolu.Nə ad xəbər alır, nə söz deyirlər,keçirsən bəşərin keçdiyi yolu.

Bir şikəst var idi, gördüm sappasağ,piyada gəzirdi tabutda gedən.Qonşumuz ölmüşdü otuz il qabaq,qabağıma çıxdı orda qəfildən.

Ölülər içində diri mən idim,qalmışdım “hə” ilə, “yox” arasında.Amma ölənlərin biri mən idim,infarktdan gedənlər siyahısında.

Əflatun deyib ki, bizim dünyamız,o biri dünyanın əksidi yalnız.Burda gördüyümüz yalançı dünya,ordakı dünyanın şəklidi guya.

O da bizimkidi, bu da bizimdi,yoxdu bu dünyanın bənzəri ancaq.Bu Ulu qurğunun ustası kimdi?! –bundan doymaq olmur, ondan baş açmaq.

(Nə qədər acgözsən ey insan oğlu,görmürsən gəldiyin, getdiyin yolu.Burda enə-enə siyahılardan,sən o siyahıya yaxınlaşırsan.Dünyanın əvvəli, axırı budur,Yuxarı boylanma, “yuxarı” budur.)

Dünyanın üzü toy, astarı yasdı,sizin əvəziniz yoxdu, həkimlər.Heyif, maaşınız nə qədər azdı,çəkiniz o qədər çoxdu, həkimlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri