Ziya Bünyadovun xatirəsi

Tarix deyə-deyə tarixə döndü,başında başının havası getdi.Çıxardın lüğətdən “vəfa” sözünü,insanın insana vəfası getdi.

Əzbərçi natiqlər “namus” dedilər,götürüb ölkəni casus dedilər,Ağzından vurdular və sus! – dedilər,ağzında yarımçıq loxması getdi.

Millətə qəsd oldu millət içində,bəsdi, nitq elədik bu dərd içində.Mərdiydi bu qədər namərd içində,arxasız mərdlərin arxası getdi.

İranda vurdular, qayıtdı gəldi,yatan şüurları oyatdı gəldi.Gözündə bir nisgil sovqatı gəldi,Gözün ağı qaldı, qarası getdi.

Mərd dur Azərbaycan, başın sağ olsun,o yerdə yatır ki, yer oyaq olsun.Səndən iraq olsun, dərd iraq olsun,o sənin dərdindən narazı getdi,biz ona, o bizə tamarzı getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən