Dəlilər evi. Səhnənin bir tərəfində ev, qabağında bağça, bağça ətrafında hasar. Dəlilərin paltarları: başlarında ağ dəsmal, üstlərində uzun ağ xələt, don, ayaqlarında ağ corab.

Ə v v ə l i n c i d ə l i. (Səhnədən dəli deyil, fəqət anadanolma ağıldan kəm bir vücud səhnənin sol tərəfində oturub gözlərini bir nöqtəyə dirəyir, əlindəki kağızları çeynəyir).
İ k i n c i d ə l i. (Səhnənin sağ tərəfindən iki addım qabağa gedir, iki addım dala. Bir yerdə gəzir).
Ü ç ü n c ü d ə l i. (Səhnənin ortasında gəzinir, əlləri ilə hərəkətlər edir və hərdənbir coşa gəlir, hirslənir, danışır, fəqət danışdığı sözlərdən bir şey anlaşılmayır).
D ö r d ü n c ü d ə l i. (Yavaş-yavaş gəzinir, tez-tez ətrafına baxıb qorxur, guya bunu vururlar, başını tutub ağlayır).
B e ş i n c i d ə l i. (Yerdə oturub fikrə gedir, sonra dəmbədəm üzünə xaç edir, səcdəyə gedir).
A l t ı n c ı d ə l i. (Sona başının yaylığı boynunda, saçları tökülmüş gəzir və hərdənbir məzlum əllərini yuxarı qaldırır.) Allah bir.... Qanun bir.... Məqsəd bir.... Yol bir.... (İki dəfə.) "Bir allahı buraxıb min allaha səcdə etdik. Müsəlman, xristian, yəhudi və bütpərəst nə olmağını anlamıram və istəmirəm də anlamaq". "Ah, sevgili Sona xanım! Mənim bütün vücudum, bədənim, ağlım, ruhum hamısı sizə təəllüq tapır, həyatım həyatınıza bağlıdır. Mən özümü sizin bir hissəniz bilirəm, əcəba! Necə ola bilər ki, bizi uçurum dərələr ayıra? Əcəba, bu uçurum dərələri biz insanlar düzəldib də onları məhv etmək bizim ixtiyarımızda deyilmi? (Halı dəyişilir.)

Odur, qara taxtanın üstə yazılıbdır. (Gedir, ətəyi ilə guya taxtanın üstündəki yazını silir.) Odur, yenə yazıldı. (Yenə silir. Guya taxtanı qırır, başını tutub guya baxmaq istəmir. Havada yazılmış görür). Odur, indi havada yazılır! (İstəyir havada yazılan sözləri silsin, lakin hər tərəfə dönürsə, gözünə yazı görünür, yazını tutub baxmaq istəyir.) Hanı bəs məhəbbət,hürriyyət sözləri? Hanı mənim məhəbbətim?!

ƏVVƏLİNCİ GƏLİŞ

Əvvəlkilər. Yusif, Maşo və dəlixananın nazirəsi. Maşo qara yaslı paltarda, əlində ağ dəsmal gözlərini silə-silə, Yusif onun qolundan tutub, nazirə qabaqda Sonanı göstərir.
S o n a (bunları görüb bərkdən). O nə sirrdir, insanlar bir-birindən təfriqə düşüblər?!
M a ş o (qəşş edib yıxılır). Ah, qızım, Sona!

(Sona qəhqəhə çəkib bərkdən gülür.)

PƏRDƏ

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri