Dördüncü məclis
Səhifə 1 / 4
Vaqe olur İsfahanda, Nadirin iş otağı: bir tərəfdə stol, üstündə kitablar. Otaq xalılarla döşənmiş; Mirzə Mehdi xan oturub yazır.
M i r z ə M e h d i x a n. Görəsən belə bir vücudu İran daha görəcəkmi? Çətin! Sözü bir, ürəyi saf, şir ürəkli, aslan qüvvətli, vətənini sevən, millət yolunda can qoyan, sahibsizlərə sahib, köməksizlərə kömək edən, yetimlərə pərvəriş verən
Nadir heyfa ki, tez qocaldı. İndi düz qırx altı yaşı var. Bununla baxanda altmış sinnində qocaya oxşayır. Ay zəmanə! Kim deyərdi Nadir belə tez davadan əl çəkər? Hazır dava adı gələndə özgələrini göndərir, axırıncı Dağıstan davasından sonra
çox təğyir tapıbdır. Doğru deyirlər: "Söz qılıncdan kəskin olar"; həqiqət elədir! Nainsaf şəxslərin sözləri, biqeyrət, müftəxor xanların büxlü həsədləri Nadirə çox təsir edibdir. Heydər xan cəzasına çatdı. Çəfər xan, Rza xan, Məhəmməd xan
-- dövlətin əvvəlinci adamları şahiddirlər ki, Nadir taxtdan baş qaçırtdı, amma indi haman bu şəxslər Nadirin barəsində qeyri sözlər danışırlar. Deyirlər, guya Nadir Səfəvi nəslinin əlindən səltənəti güc ilə aldı.... Xülasə, bu axır vaxt Nadirin əhvalı xeyli pərişandır, bir boş söz ilə halətindən çıxır. Gör iş nə yerə çatıbdır ki, mənimlə də hirsli danışır, vəhalonki mənim xatirimi çox istərdi. Kim bilir, bəlkə məndən də söz düzəldib deyiblər. (Fikir. Qapıya tərəf gəlib baxır.) Heyhat! Bundan müqəddəm sübh saat beşdə, altıda işə məşğul olardı, amma indi saat ondur, bu vaxtadək
gəlməyir. (Qapıdan baxır.) Yox, gəlir. (Mirzə Mehdi kağızlarını götürür, Nadir əlində ağac şah paltarında hirsli, yavaş-yavaş daxil olur.)
ƏVVƏLİNCİ GƏLİŞ
N a d i r ş a h (ətrafına nəzər yetirir.) Mirzə, Dağıstan davasını yazıb qurtarıbsanmı?
M i r z ə M e h d i x a n. Xeyr, qibleyi-aləm, qurtarmağa az qalıbdır.
N a d i r ş a h. Neçə günə tamam olar?
M i r z ə M e h d i x a n. Qibleyi-aləm, on günün ərzində qurtararam.
N a d i r ş a h (hirsli). Yaz, yaz tez qurtar, mənə lazımsan! (Fikir.)
M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Nə barədə?
N a d i r ş a h. Bir neçə daxiliyyə işlər var, bir neçə qanunlar var. İstəyirəm yazasan. (Fikir.) Əvvəla, fikrim budur ki, iki düşməni barışdıram. (Mirzəyə diqqətlə baxır.)
M i r z ə M e h d i x a n. Qibleyi-aləm sağ olsun, anlamıram!
N a d i r ş a h (acıqlı). Hə! Hə! Əlbəttə, adam demirəm: iki düşmən, yəni iki məzhəb. (Mirzə fikrə gedir.) Nə üçün fikrə getdin, yoxsa yenə başa düşmürsən?
M i r z ə M e h d i x a n. Bəli, qibleyi-aləm! İndi başa düşdüm.
N a d i r. Doğrusu, şiə, sünni adı eşidə bilmirəm. Gərək bu iki məzhəb birləşə. Nə səbəbə, mənfəəti nədir? Onlarısonra deyərəm.
M i r z ə M e h d i x a n. Doğrudur, qibleyi-aləmin əlində. hər bir şey asandır. Amma.... Bu iki məzhəbin birləşməyi çətindir.
N a d i r ş a h. Mənim əlimdə heç bir şey çətin deyil.. İnşaallah, hərgah allah yar olursa, məqsudimə çataram. Dünən Rza xanı göndərdim Axund Molla Əli Əkbərin yanına ki, indidən başlasın xalqa nəsihət etməyə. Bu gün gərək cavab gətirə. Vaxta
ki, burada xalq hazır oldu, onda Osmanlıya yazmalıyam, tainki şərt-şürutlarını mənə məlum edələr.
M i r z ə M e h d i x a n. Allah xeyir versin!
N a d i r ş a h. İkinci fikrim budur: gərəkdir İncil bizim dilə tərcümə oluna.
M i r z ə M e h d i x a n. Qibleyi-aləm! O nə üçün?
N a d i r ş a h. Dövlətin mənfəəti üçün. Hər padşaha lazım gəlir qeyri tayfanın dinini bilsin, tainki qeyri tayfa ilə dininə müvafiq rəftar olunsun.
M i r z ə M e h d i x a n. Bəli, qibleyi-aləm! Fikriniz gözəl bir fikirdir.
N a d i r ş a h. Üçüncü fikrim: mollaların ixtiyarlarını azaltmaq.... Hesab etmişəm, bir ildə məscidlərdən yeddi milyon manat mənfəət alınır. Heç bilirsən kimlər məsrəf edirlər?
M i r z ə M e h d i x a n. Xeyr, qibleyi-aləm!
N a d i r ş a h. Mollalar və axundlar! Bu pul gərəkdir dövlətin xəzinəsinə yığılsın, zira ki, xəzinədə pul olmasa qoşun saxlamaq olmaz, qoşun olmazsa vətən saxlamaq olmaz. Vətən gedərsə məscid də olmaz və bəlkə din də əldən gedər.
M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Bəs mollalar nə ilə dolanacaq etsinlər?
N a d i r ş a h. Əvvəla, bu qanundan sonra hər bir tənbəl mollalığa qaçmaz. İkinci, mollalığa layiq olan şəxslərə, dinə rəvac verən üləmalara, islamın qeyrətini çəkən axundlara məvacib təyin edəcəyəm.... Əsil mətləb budur ki, mollanı öz
ixtiyarına qoymamaq. Bir dövlət ki, mollalar ixtiyarında yaşadı, ol dövlətdə tərəqqi olmaz.... Çünki bir neçə səbəblərə görə molla qismi həmişə çalışar ki, xalq qaranlıqda yaşasın.... Daha doğrusu, dövlətə dair qanunları bilmərrə
ruhanilərdən almaq gərəkdir.... (Fikir.) Dördüncü fikrim budur: gərəkdir mənim padşahlığımda fəqir və sail tapılmaya, məgərinki əlsiz-ayaqsızlardan başqa. Bir dövlətin ki, fəqiri, saili çox oldu, o dövlətin tez puç olmağına ehtimal var....
Xülasə, bu minval başımda çox fikirlər var.... (Fikrə gedir.) Ümidvaram ki, bunlar hamısı düzələ.... Bu gün Rza xanı gözlüyürəm axunddan cavab gətirsin, gərək ki, gələn odur. (Rza xan daxil olur.)
İKİNCİ GƏLİŞ
N a d i r ş a h. Rza xan! Necə oldu?
R z a x a n. Qibleyi-aləm, fikrinizin hamısını bəyan etdim, lakin....
N a d i r ş a h (acıqlı). Necə lakin? Hə, de görüm!
R z a x a n. Qibleyi-aləmin gözəl fikirləri axunda xoş gəlmədi....
N a d i r ş a h. Xoş gəlmədi? Mən istəmirəm özünü buraya çağırtdırım, tainki mənim yanımda qorxusundan bəli deyib, gedəndə yenə öz bildiyini edə. İndi ki, belə oldu (ağacı yerə vurur), bu saat de görüm, nə üçün xoş gəlməyir?
R z a x a n. Qibleyi-aləm! Deyir mən əvamünnasdan qorxuram, bir söz bu barədə danışsam, evimi qarət edərlər.
N a d i r ş a h. Ay biçarə, canından qorxmur, evindən qorxur. İndi ki, belə oldu (hirsli), bu saat gedib buyruq verərsən başını kəssinlər. Dinə rəxnə olan mollaların pərəstarı olan Süleyman xanı həbsə salsınlar.... (Hirslənib ayağa durur, hirsindən danışa bilmir, ağacı yerə vurur.) Durma, bu saat padşah buyuruğuna əməl et.... (Rza xan çıxır.) Mirzə, bu saat sultana kağız yaz ki, mən xahiş edirəm ümum xeyirdən ötəri iki məzhəb birləşə, eşitdin? (Ağacı yerə vurur.) Mən
göstərərəm o məlun müftəxorlara.
M i r z ə M e h d i x a n. Bəçeşm! (Nadir şah çıxır.) Bəli, az düşmən vardı, indi də mollalar. Bunların qabağında dayanmaqmı olar? Bundan müqəddəm genə məndən söz eşidərdi, amma indi artıq söz danışmaq olmayır. İnsafən, başındakı fikirlər nə gözəl fikirlərdir, nə gözəl qanunlardır! Bunlar hamısı dinpərəst və millətpərəstlik nişanəsidir, amma heyfa, anlamayırlar.
(Cəfər xan içəri daxil olur.)
ÜÇÜNCÜ GƏLİŞ
C ə f ə r x a n. Mirzə Mehdi xan! Bu nə əhvalatdır? Deyirlər şah buyruq veribdir Molla Əli Əkbərin boynunu vursunlar.
M i r z ə M e h d i x a n. Bəli, xan, doğrudur.
C ə f ə r x a n. Səbəb?
M i r z ə M e h d i x a n. Bir neçə sifariş göndərmişdi, əməl etmək istəməyir.
C ə f ə r x a n. Necə? Nə sifariş?
M i r z ə M e h d i x a n. Rza xandan sual ediniz, sizə hamısını nəql edər. Çünki işin içində odur.
C ə f ə r x a n. Bu iş yaxşı olmadı. Mollaları özünə gərək düşmən etməyə idi.... (Fikir.)
M i r z ə M e h d i x a n. Fikir edirsən, görürsən haqq deyir. Bunun sözü budur ki, dinə rəxnə salmasınlar. Bunun çalışdığı odur ki, islam qüvvətlənsin, millət ayılsın, vətən tərəqqi etsin. Nə etməli? Bu bir tərəfdən işi düzəldirsə, xanlardan bir
neçəsi pozur. Məsələn, buyruq veribdir ki, Süleyman xanı həbsə salsınlar. Çünki bir neçə müftəxorları padşahın üzünə durquzur.
C ə f ə r x a n. Allahu-əkbər! Nə yaman iş oldu. Tərs kimi də bu gün şikara çağırıbdır, gərək gedək. Bunun bu halətində şikara gedərsən, gərək hər qədəminə diqqət edəsən. Allah elə edəydi ki, şikara getməyə idi.
M i r z ə M e h d i x a n. Olsun ki, bu gün şikara getməyə, çünki ovqatı nəhayətdə təlxdir.
C ə f ə r x a n. Xeyr, necə ovqatı təlx olmuş olsa, dediyi söz fikrindən çıxmaz. Yaxşısı budur ki, mən gedim, bəlkə məni görməsə şikar fikrinə düşməyə. (İstəyir çıxsın, Nadir şah rast gəlir.)
Kitabxana.az · https://kitabxana.az/works/nerimanov-nadir-sah-dorduncu-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
ƏFRADİ-ƏHLİ-MƏCLİSY u s i f-- mədəniyyətli, qulluq edən cavan oğlan, Avropa libasında.
Birinci məclisƏVVƏLİNCİ GƏLİŞYusif otağında əyləşib kağız oxuyur. Ev, şəhər evi. Bir neçə kürsü və bir küncdə miz üstündə kitablar və kağızlar.
İkinci məclisƏVVƏLİNCİ GƏLİŞHacı İbrahimin evi. Dövlətli, Avropa qaydasında. Xədicə tək.
Üçüncü məclisƏVVƏLİNCİ GƏLİŞYusifin otağı. Şamdan bəy.
Başqa şairlərin şeirləri
Nə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,