Dördüncü məclis
Səhifə 4 / 4 · 75%
DÖRDÜNCÜ GƏLİŞ
Ələşrəf bəy, Musa bəy, Saleh bəy.
Ə l ə ş r ə f b ə y. Yaxşı, indi nə tövr etməli?
M u s a b ə y. Necə nə tövr? And içdik ki, gərək Nadiri öldürək. Gərək də elə ola.
S a l e h b ə y. Bir az yavaş danış, fərraş eşidər.
M u s a b ə y. Fərraş onsuz da gərək bilsin.
Ə l ə ş r ə f b ə y. Nə tövr edək ki, fərraşı ələ gətirək?
S a l e h b ə y. Birdən razı olmadı?
M u s a b ə y. Mən razı edərəm!
Ə l ə ş r ə f b ə y. Başla görək!
(Musa bəy fərraşı çağırır, ikisi bir tərəfdə söhbət edirlər.)
M u s a b ə y. Fərraş!
F ə r r a ş. Bəli, ağa!
M u s a b ə y (çoxlu pul göstərib). De görüm, bu pulu istəyirsən, ya xanlıq və yainki nökərçilik?
F ə r r a ş. Əlbəttə xanlıq, pul da olsa dəxi yaxşı.
M u s a b ə y. İndi ki, elədir, əzizim! Nadir şahın başına hava gəlibdir, bu gün-sabah onu taxtdan düşürəcəklər. Ondan sonra da kim bilir, sən burada qalacaqsan, ya yox? Yaxşı deyilmi ki, bir iş edəsən, həm xanlıq və həm dövlət qazanasan.
F ə r r a ş. Nə işdir, ağa?
M u s a b ə y. Lazım gəlir ki, onu öldürək. (Fərraş fikrə gedir.) Nə üçün fikrə getdin, yaxşı pul veririk və gələcəkdə xan olarsan. Çünki o adam ki, bunun yerində əyləşəcəkdir, bizlərə qohumdur.... Biz gecə vaxtı gələcəyik, sən yalandan yuxula
və qapını da açıq qoy.
F ə r r a ş (bir azdan sonra). Yaxşı, indi razı oldum.
M u s a b ə y (pul verir). Al qabaqca bunu.
S a l e h b ə y. İndi de görək, Nadir harda yatır?
F ə r r a ş. Nadir axır vaxt bu otaqda yatır. Çünki hərəmxanaya getmir ki, oğlu ilə rast gələr.
Ə l ə ş r ə f b ə y. Çox əcəb? Nə vaxt rəxtxabinə uzanır?
F ə r r a ş. Oğlunun əhvalatından sonra rəxtxab üzü görməyibdir. Gah o taxtın üstə, gah səndəlin üstə yatır və çox da yatmır, çox vaxt gecədə neçə dəfə durub öz-özü ilə danışır.
M u s a b ə y. Çox əcəb, bəs biz gedək, sən də vaxtında hazır ol.
F ə r r a ş. Rzaqulu xan buraya gəlsə nə deyim?
S a l e h b ə y. De ki, yoldaşların dedilər, özgə vaxt gələcəyik, ancaq əhvalını bilmək istəyirdik. (Hamısı çıxırlar.)
F ə r r a ş. Həqiqət, şahdan dəxi hamı əlini üzübdür, qoy özgəsi olsun. Bəlkə mən də xan olam.
BEŞİNCİ GƏLİŞ
N a d i r ş a h (yavaş-yavaş gəlir). Qonaqlar necə oldular?
F ə r r a ş. Qibleyi-aləm sağ olsun! Dedilər bir şey unudublar, getdilər gətirsinlər.
N a d i r ş a h. Görükür, biçarə oğluma bir şey bəxşiş etmək istəyirlər. Yaxşı, qapıları bağla, hərgah gəlsələr, ayrı otağa dəvət et. (Fərraş çıxır.)
N a d i r ş a h. Biçarə övrət qan ağlayır. Ağlamasın nə eləsin.... Of!! Of!! Fələk! (Taxta uzanıb yuxuya gedir. Birdən qorxub durur.) Allahu-əkbər! (Ətrafına baxır.) Kimsən? Hə? (Oturmuş.) Pərvərdigara! Nə istəyirlər məndən, bir yolluq öldürəcəklər, öldürsünlər. (Gözünə adam görünür.) Gəlmə, gəlmə, yoxsa.... (Ətrafına baxır.) Heç kəs yoxdur, allahu-əkbər! (Yenə gözünə görünür.) Gəlmə yavuq, səni and verirəm bizi yaradana! (Diqqətlə baxır.) Vay! Oğlumdur, oğlumdur, gəlibdir məndən xeyir-dua almağa. Əlləri ilə məni gəzir. Gəlmə, üzünə baxa bilmirəm.... Yox, gəlir ... gəlir.... (Üzünü əli ilə tutub taxta yıxılır. Bu vaxt Ələşrəf bəy, Musa bəy, Saleh bəy yavaş-yavaş evə daxil olurlar, istəyirlər Nadir şahı vursunlar.)
ALTINCI GƏLİŞ
M u s a b ə y. Yaxşı əlimizə düşübsən. (Nadir şah birdən ayılıb dili tutulur və sonra üstlərinə yüyürüb Musa bəyi, Ələşrəf bəyi bir yumruğa yıxır. Saleh bəy xəncərlə daldan vurur, qaçırlar. Nadir şah yıxılır.)
N a d i r ş a h (yavaş-yavaş yıxılır). Pərvərdigara! Günahım çoxdur! Yaman dərdlə ölürəm, nahaq yerə. Heç kəsə pisliketməmişəm. Hər kəsə də yamanlıq etmişəm, ümumi xeyri nəzərdə tutmuşam. Vətən salamat qalsın fikrində olarkən canımı
vətənin və millətin yolunda sərf ... etmişəm.... Oğlumun gözlərini vətənə qurban etmişəm. (Ağlayır, yavaş-yavaş yıxılır.) Biçarə anasını axirətədək gözü yaşlı qoymuşam.... Pərvərdigara! Özün kömək et bu başsız millətə! Ya rəbbim! Bir neçə
dəqiqə canımı alma, tainki oğlumu görəm....
YEDDİNCİ GƏLİŞ
Gülcahan Rzaqulu xanın əlindən tutub.
G ü l c a h a n. Oğlum! Atan səndən xəcalət çəkir. İndi yatır, bax oğlum! (Nadir şaha tərəf baxmır.) Şan-şövkətdən məhrum olan oğlum! (Ağlayır.)
N a d i r (bunları görüb dizi üstə bunlara tərəf sürünür). Ah, bədbəxt oğlum! Atan dizi üstə səndən təvəqqe edir, əfv et, oğlum! Bağışla oğlum, şah babanı bağışla! (Ölür.)
(Rzaqulu xan əlləri ilə gəzir.)
G ü l c a h a n. Ah!.... (Qəşş edib Nadirin üstə yıxılır.)
PƏRDƏ
Kitabxana.az · https://kitabxana.az/works/nerimanov-nadir-sah-dorduncu-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
ƏFRADİ-ƏHLİ-MƏCLİSY u s i f-- mədəniyyətli, qulluq edən cavan oğlan, Avropa libasında.
Birinci məclisƏVVƏLİNCİ GƏLİŞYusif otağında əyləşib kağız oxuyur. Ev, şəhər evi. Bir neçə kürsü və bir küncdə miz üstündə kitablar və kağızlar.
İkinci məclisƏVVƏLİNCİ GƏLİŞHacı İbrahimin evi. Dövlətli, Avropa qaydasında. Xədicə tək.
Üçüncü məclisƏVVƏLİNCİ GƏLİŞYusifin otağı. Şamdan bəy.
Başqa şairlərin şeirləri
Nə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,