Səhifə 1 / 2

Peterburqda Bahadırın otağı: yazı stolu, divan, kreslolar.... Stol üstündə kitablar. Bahadır oturub yazır və hərdənbir fikrə gedir.

ƏVVƏLİNCİ GƏLİŞ

S u l t a n (qapı döyülür). Gəlmək olarmı?
B a h a d ı r (durub qapıya tərəf). Buyurunuz. (Sultanı görüb gülümsünür.) Ah, Sultan, sənsən?
S u l t a n. Mən mane olmadım ki?
B a h a d ı r. Yox! Yox!
S u l t a n (stolun üstündə yazılmış kağızı görüb). Nə yazırsan?
B a h a d ı r. Tiflisdə mənə söylədiyin əhvalatlara dair bir neçə məqalə yazıram. İkisini yazmışam, bu da üçüncüsüdür, qurtarıram.
S u l t a n. Bunu oxumaq olarmı?
B a h a dır. Olar!
S u l t a n (götürüb oxuyur), Gözəl məqalədir! Mən də bir məqalə başlamışam.
B a h a d ı r. Nə barədə?
S u l t a n. "Müsəlman qadınlarına yol veriniz!" sərlövhəli bir məqalədir.
B a h a d ı r. Yəqin ki, açıq gəzməklərinə dair? Hə?
S u l t a n. Əlbəttə! Məncə, indidən gərəkdir bu məsələnin üstünə düşmək.
B a h a d ı r. Doğrudur, müsəlman aləmində arvadların indiki halları bütün millətin nadan və tərbiyəsiz qalmağına səbəb olur.
S u l t a n. Məncə, qadınlar hal-hazırdakı zəncirdən, yəni çarşabdan xilas olmasalar, millət ciddi surətdə tərəqqi yoluna yeriş edə bilməyəcəkdir.
B a h a d ı r. Doğru deyirsən, fəqət nə yolla çarşabı birdən-birə tullamaq?
S u l t a n. Əlbəttə, avam üçün şəri yol tapmaq gərəkdir.
B a h a d ı r. Məncə, qeyri bir yolla hərəkət etmək lazımdır. (Fikir.) Mən bir neçə gün bundan müqəddəm bir məclisdə idim. Bu məsələ həmin məclisdə ətraflıca müzakirəyə qoyuldu. Bəhs edənlər Misirdə elmlərini tamam etmiş iki alim idi. Bunlardan biri deyirdi: şəriətlə arvadların üzləri açıq ola bilər. O biri isə: arvadların üzləri mütləq örtülü olsun gərəkdir -- deyirdi. Qəribə budur ki, ikisi də sözlərini sübut etmək üçün ayələr və hədislər oxuyurdular.... Mənim fikrimcə, şəriət dairəsində bu söhbətlər yüz il də olunarsa, bu yolda milyonlarca qələmlər sınsa da, iki bir-birinə bərəks fikir öz qüvvəsində qalacaqdır. Qanımıza, beynimizə, sümüklərimizə işləmiş bir neçə qanunlar kimi bu məsələyə dair qanunları da şəriətdən kənar müzakirəyə qoymaq lazımdır. Yəni, demək istəyirəm bu məsələyə elmi nəzərlə gərək baxılsın. Belə olursa, təbii yolla hərəkət olunar, təbii yolla hərəkət olunarsa, işin aqibəti də dəhşətli görünməz.
S u l t a n. Doğru deyirsən, fəqət hal-hazırda millətin elm yolunda tərəqqisinə, ruhunun tərbiyəsinə mane olan arvadlarımızın indiki hallarıdır, zənn edirəm. Sən dediyin yolla gedilərsə, çox zaman gərəkdir.
B a h a d ı r. Şəksiz, bu məsələyə dair ayələr, hədislər bir mənada düşünülsə idi, şəri yolla tez məqsədə çatmaq olardı. Amma çifayda.... (Ayağa durur.) Bilirsənmi, Sultan! Bir nazik mətləbi düşünmək gərəkdir. Arvadlarımızın zəncirdən xilas olmaqları özlərinə bağlıdır. Arvadlar kişilərə ümid bağlayıblarsa, işləri fənadır, zəncirdən xilas olmayacaqlar.... O vaxt ki, arvadlar öz hüquqlarını düşündülər heç bir şəriət, heç bir qüvvət onların azad olmaqlarına mane ola bilməz. Təbii, canlı şeyləri maddi və mənəvi cəhətcə bir-birinə tabe edən zor və ehtiyac olubdur. Bu iki səbəb aradan götürülərsə, arvadlar məqsədlərinə nail olarlar....
S u l t a n. Hər halda, məqaləmi gərəkdir bir yerdə oxuyaq....
B a h a d ı r. Çox gözəl!

İKİNCİ GƏLİŞ

Zinolin gəlir.

Z i n o l i n. Ağa, sizə kağız var.
B a h a d ı r (tez gedir kağızı alır.) Bura ver görüm. (Açıb oxumaq istəyir.)
S u l t a n. Sən kağızını oxu, mən də gedirəm.
B a h a d ı r. Nə üçün, otur. Sonra gedərsən.
S u l t a n. Çox işim var. Axşam bəlkə görüşdük. Salamat qal!
B a h a d ı r (əl verib qapıyadək ötürür). Sağ ol! (Kağızı diqqətlə oxuyur və sonra hirslə atır.) Mən güman etdim kağız Sonadandır. (Oturur, fikir edir.) Nə üçün bu vaxtadək kağızımın cavabını yazmayır? Bəlkə məndən inciyibdir.... (Fikir.) Yox, ola bilməz. Mən elə bir şey yazmamışam, nə üçün məndən incisin? Mən öz hissimi ondan gizlətmədim, yazdım.... (Fikir.) Bəlkə ağlım məhəbbətdən çaşıb naqabil bir söz yazmışam.... (Fikir. ... Yox! Sonaya naqabil söz yazmağa əlim gəlməz. (Fikir.) Hər halda, kağızın üzü məndə. (Hücrəni gəzir.) Oxuyum görüm.... (Kağızı diqqətlə oxuyur.) "Əzizim Sona xanım! Başımdakı min-min fikirlərin hansından başlamaq? Bu günədək gördüyüm adamlardanmı? Ya gəzdiyim yerlərdənmi? Və ya xeyr, ancaq öz hissiyyatımı söyləyim?.... Qəribə bir halətdir! Mən sizinlə bir yerdə, bir otaqda gün keçirərkən başımda olan min-min fikirlərimi, bütün vücudumu iztiraba salan hisslərimi əcəba, nə üçün söyləyə bilmirdim? Yox, xanım əfəndi! Səhv etdim: söyləyirdim, fəqət dilsiz, hər bir hərəkətimlə sizə olan məhəbbətimi sizə bildirirdim. Əlinizi əlimə alıb fikir edirdim. Qolumdakı minlərcə hiss damarları mənim məhəbbətimi sizə xəbər verirdilər, deyilmi? Mən sizin əlinizi tutanda bu halətdə olurdum, yəni sizin qollarınızdakı hiss damarları sizin hissiyyatınızı mənə həzin-həzin söyləyirdi. Əliniz əlimdə ikən tam fikirlərinizi, hisslərinizi oxuyurdum. Siz də mənim kimi, deyilmi? Biz bir-birimizin əlini gah sıxardıq, gah datumar edirdik.... Hər birinin ayrı bir mənası olmağını sözsüz düşünürdük.... Ah, nə gözəl halət! Nə gözəl hissiyyat! Dilə ehtiyacımız yox idi. Qələmə də həmçinin. İndi isə dilə və qələmə böyük ehtiyacımız olmağını hiss edirəm. Başımdakı min-min fikirləri nəyin vasitəsi ilə sizə bildirmək?! Əliniz əlimdə olsa idi, bir sıxmaqla hamı fikirlərimi, hissiyyatımı bildirərdim. Gözləriniz gözlərimə baxsa idi, hazır yazdığım sözləri oxuyardınız. İndi isə heç biri müyəssər deyil. Hazır bu kağızdan, mürəkkəbdən, qələmdən başqa bir əlacım yoxdur. Bunlar da gözlərimin, əllərimin əvəzini verməyəcəkdir. O bir ayrı aləm, bu bir qeyri aləm! Nə isə, ayrılığa tab gətirə bilmədiyimi hiss edirəm. Bir dəqiqə sizi fəramuş edə bilməyirəm. Hər gün, hər saat sizinlə söhbəq edirəm. Bir iş edirəmsə, dərhal sizi gözümün qabağında gerürəm. Görüb də, guya söyləyirəm, bu iş sizcə, nə tövr gərəkdir ola? Hər bir felim, qövlüm, hissiyyatım sizə bağlıdır.... Mən tam vücudumla sizə təəllüq tapmağımı düşünürəm. Bununla belə "Nə sirrdir insanlar bir-birindən təfriqə düşüblər?...." sözlərinizin mənə dəhşətli bir kölgə olmağını da hiss edirəm. Bu kölgədən mən qorxuram. Harada olsam, nə
söyləsəm bu sözlər fikrimə gəlirsə, əhvalımı büsbütün dəyişir, başımdan od parlayır. Ürəyim iztirabda döyünərkən istəyirəm tam vücudumla bu kölgəni özümdən rədd edəm. İstəyirəm açıq-açığına bağıram: bəsdir! Məni rahat qoy!.... Mən bağırmaq istərkən həmən dəhşətli kölgə daha artıq qüvvətlə mənə yaxınlaşır. Məni hər tərəfdən qara bulud alan kimi bürüyür, nəfəsimi təngləşdirir, ildırım çaxan kimi: çaxır.... "Nə sirrdir insanlar bir-birindən təfriqə düşüblər?" sözləri bir arşın boyunda qara taxtanın üstündə təbaşirlə yazılmış nəzərimə gəlir. Mən hirslə həmin yazıları taxtanın üzündən silirəm. Mən sildikcə, daha böyük, daha aşkar xətlə yazılmış görünür. Mən taxtanı var qüvvətimlə yox etməyə çalışıram, sındırıram..... "Nə sirrdir, insanlar bir-birindən təfriqə düşüblər" sözləri havada yazılmış görünür.... Nə üçün bu sözləri siz meydana gətirdiniz? Nə üçün bu sözləri əllərimiz biri-birini tutan vaxt dediniz? Qeyri bir vaxtda, qeyri bir halətdə bu sözləri desə idiniz, ola bilsin ki, belə təsiri olmaya idi. Fəqət indi ... indi sözlər deyilibdir. Bu sözlər məndən, mən bu sözlərdən ayrıla bilmirəm. Nə üçün bu sözləri deyəndə əlimi sıxdınız və gözlərinizi yumdunuz?... Sözləriniz hərəkətlərə müvafiq olub mənə guya dediniz mən tam vücudumla sevirəm.... Mən tam vücudumla sizinlə olmaq istəyirəm. Fəqət bizi bir şey bir-birimizdən təfriqə salır.... Müsəlman-xristianlıq bizim aramızda uçurum bir dərə ixtira edir.... Sözlərinizə belə məna verməkdə səhvim yoxdur, zənn edirəm və səhv də olmaz. Çünki həmin dəqiqə mən də bu fikirdə idim. Mən istəyirdim deyim: fəqət siz məndən cürətli olub məni qabaqladınız, qabaqlayıb da məni daha artıq məhəbbətə mübtəla etdiniz.... Mənim bütün vücudum: bədənim, ağlım, ruhum hamısı sizə təəllüq tapır, həyatım həyatınıza bağlıdır.... Xanım əfəndim! Mən ancaq camalınıza aşiq olsaydım, mənim üçün şübhə yeri qalardı. Yox! Camalınızı sevirəm də, ruhunuzu, ağlınızı daha artıq dərəcədə sevirəm. Mən özümü sizin bir hissəniz bilirəm. Əcəba! Necə ola bilər ki, bizi "uçurum dərələr" ayıra? Əcəba, bu "uçurum dərələri" biz insanlar düzəldibsə, onları məhv etmək bizim ixtiyarımızda deyilmi? Nə üçün mən müsəlman siz xristian, qeyrisi yəhudi, ya bütpərəst adlansınlar? Nə üçün bu insanlar sonradan düzülmüş dürlü-dürlü qanunlara sitayiş etsinlər? Təbiimi? Yox! Təbii qanun hamı insanlar üçün bir gərəkdir ola, hamı insanlar bir nöqtəyə gərəkdir yürüş etsinlər. Bu nöqtə isə hürriyyət, məhəbbət aləmidir. Mən sizi sevirəm, siz də məni. "Yox, sevmək olmaz" qanunu var isə mən tam vücudumla bu qanunu məhv etməyə çalışıram. Müsəlman, xristian, yəhudi, bütpərəst nə olacağını anlamıram və istəmirəm də anlamaq! Ah, sevgili Sona xanım! Mən millətimi sevirəm, çünki anamı sevirəm. Mən hamı dinləri və din gətirənləri sevirəm, çünki hamısının əsil məqsədləri insanları qaranlıqdan işıqlığa çıxarmaq olubdur. Hamı dinlər vaxtında insanları zəmanəyə müvafiq yaxşı yola dəvət ediblər. Yəni, ümum bir nöqtəyə yeriş
etmək üçün hazırlayıblar. Peyğəmbərlər gəliblər, fəqət deməyiblər: "Biz islam və xristianlıq düzəltmək üçün gəlmişik.... Hamı: "Biz insanları düz yola dəvət edirik" deyiblər.... İndi xanım əfəndi, məqsəd bir, əcəba! Nə üçün insanlar bir-birindən
təfriqə düşüblər? Səbəb? Səbəb ağlımızın naqisliyi. Biz əsil mətləbi əldən buraxıb cüzi qanunlara sitayiş etmişik. Bir allahı buraxıb min allaha səcdə edirik. Fəqət əsil mətləbi düşünənlər birləşirlər, danışırlar və məhəbbət nə olmağını düşünürlər. İndi biz də bu dərəcəyə çatmışıqsa, məhəbbətimiz tələb edən qanunlara sitayiş etməliyik, deyilmi?" (Bu kağızı oxuyub fikrə gedir.) Bu kağızda elə bir şey yoxdur ki, Sona ondan rəncidə ola. (Fikir.) Bəlkə Sona sözlərimə şərik deyil. Bəlkə uçurum dərələr meydana gələcəkdir! (Fikir.) Ah, nə üçün mən belə atəşli kağız yazdım? Sona millətini nəhayətdə sevən bir cavan. Sona ata və anasına artıq dərəcədə məhəbbət bağlamış bir qız.... Bu uçurum dərələri keçə biləcəkmi? Keçərsə, atasına-anasına əziyyət olmazmı? Bunlar məni öz övladları kimi sevirdilər. Mənə hər dürlüyaxşışıqlar ediblər, məni təmiz, saf ürəkli əmin adam bilib qızlarını mənə tapşırmışlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri