Vaqe olur Məngilisdə Yusifin evində. Səhnənin bir tərəfində yaxşı bəzənmiş zal, iki qapılı, qapının biri bağçaya açılır. Pilləkən bağçaya tərəf, bağçada stol və stullar.

ƏVVƏLİNCİ GƏLİŞ

Zalda Maşo və Sona.

M a ş o. Bir az tez ol, indi gələrlər, saat 12-dir.
S o n a (güzgü qabağında başını düzəldir). Bu saat, anacığım! Bu saat!
M a ş o. Bu qulluqçuya deyərsən xörəyi də tez hazır etsin.
S o n a. Yaxşı, anacığım, yaxşı! (Bu vaxt zəng vurulur.) Gəldilər!
M a ş o. Gəldilər! (Maşo və Sona tez yan otaqdan çıxırlar.)

İKİNCİ GƏLİŞ

Yusif və Bahadır.

Y u s i f. Buyurunuz, əyləşiniz! Siz bizim evə xoş gəlibsiniz!
B a h a d ı r. Təşəkkür edirəm!
Y u s i f. Təəccüb deyilmi? Sizinlə görüşməmişdən bir neçə gün müqəddəm mağazaya qeyri studentlər də mal almağa gəlirdilər. Nə üçün sizə etdiyim təklifi onlara etmədim, bilmirəm. Sizi görəndə isə deyəsən biri dedi sizdən soruşum.
B a h a d ı r. Bəli, çox təəçcüblüdür! Mən də tamam bir həftədir mahud almaq istəyirdim, fəqət bu gün-sabaha qoyurdum. Nə üçün mən dünən mahud almağa getdim, bilmirəm.

ÜÇÜNCÜ GƏLİŞ

Sona, Bahadır, Maşo, Yusif.

Y u s i f (ayağa durub Maşonun qabağına gedir). Bu mənim yoldaşım. (Sonaya tərəf.) Bu da mənim qızım. (Bahadırı göstərib.) Bu da haman studentdir ki, dünən sizə nəql etdim. Yəni Sonanın müəllimi.
B a h a d ı r (durub hamısına əl verir). Artıq dərəcədə şadlıqla bu vəzifəni qəbul edirəm. (Sonaya diqqətlə baxıb kənara.) Əcəba! Bu, meşədə gördüyüm qız deyilmi?
M a ş o. Təşəkkür edirik.
S o n a. Təşəkkür edirəm. (Diqqətlə Bahadıra baxıb.) Əcəba! Bu, meşədə gördüyüm student deyilmi?
Y u s i f. İndi siz söhbətə məşğul olun. Mən bu saat gəlirəm.

(Bağçaya gedib stol hazır etdirir və Daniel stolu hazırlayır.)

M a ş o. Həqiqət, sizinlə dost olmağımıza nəhayətdə şadıq!
S o n a. Bəli, anamın sözlərinə mən də şərikəm!
B a h a d ı r. Doğrusu, bu saatı ömrümdə gözəl saatlardan biri hesab edirəm.
M a ş o (gülə-gülə). Məngilis xoşunuza gəlirmi?
B a h a d ı r. Bəli, gözəldir. Şam ağacından meşə daha gözəl görsənir.
Y u si f. Buyurun, bağçaya gedək. (Hamı durur, pillkənlə bağçaya enir. Stol başında Yusif, bir başında Maşo, bir tərəfdə Bahadır, onunla üzbəüz Sona.) Naharımızı burada edək. Bilirsiniz, yaylağın bir yaxşılığı da budur ki, şəhərdəki kimi dürlü-dürlü qanunları gözləmirsən. Məsələn, burada bir kölgəlikdə oturub xörək yemək olar.... (Bahadıra.) Hərgah istidirsə, tucurkanızı çıxarın.
B a h a d ı r. Xeyr, xeyr!
Y u s i f. Buyurunuz, yeməklə məşğul olunuz. (Hamı yeyir.)
B a h a d ı r. Bağışlayınız, Sona xanım, sizdən bir şey soruşum?
S on a (gülümsünüb). Buyurunuz!
B a h a d ı r. Nə üçün siz farsca oxumaq fikrinə düşübsünüz?
Y u s i f (gülümsünüb). Qızım! Olarmı bu suala mən cavab verəm?
S o n a (gülümsünüb). Bilirəm nə deyəcəksən, de.
Y u s i f (yeyə-yeyə). Doğrusu, hər adamın bir naxoşluğu olar. Biri görürsünüz papiros çəkir, biri içki sevir.
S o n a. Atacığım! Bunlara insan adət edir, nəinki sevir.
Y u s i f . Yaxşı, qızım, mən səhv etdim, adət edir. Məsələn, biri tansı sevir, o birisi musiqini. (Sonaya.) Beləmi, qızım?
S o n a (gülümsünüb). Bu yarar, mətləbi belə başlasan, axırda düz gələr.
Y u s i f (Bahadıra göz vurur). Yaxşı, qızım! Sən deyən olsun. Biri musiqi sevir, biri tans, Sona da, məsələn, dil bilmək sevir, yəni dillərə aşiqdir. (Sonaya.) İndi yaxşı dedimmi, qızım?
H a m ı (gülürlər). Ah! Ah!
M a ş o. Həqiqət, Sonanın uşaqlıqdan dillərə məhəbbəti var. Tiflisdə, bizim qonşuluqda müsəlman çox olurdu. Yeddi yaşında türk dilini təmiz bilirdi. Bir çətin söz eşidəndə bir neçə dəfə onu təkrar edərdi ki, o sözü unutmasın. İndi də yadımdan çıxmaz, bir gün unutmasın deyə səhərdən-axşamadək deyirdi: "Tap tapmaca, gül yapmaca, məməli xatın, dişləri yox".
H a m ı (gülürlər). Ah! Ah!
B a h a d ı r (Sonaya). Xanım əfəndi! Bu tapmacanı unutmuyubsuz ki?
S o n a (gülümsünüb). Xeyr! Bundan savayı çox tapmacalar bilirdim. Çoxunu, əlbəttə unutmuşam; fəqət bunu çox sevdiyimdən unutmamışam. Həqiqət, çox gözəl şeydir: tap tapmaca, gül yapmaca, məməli xatın, dişləri yox!
H a m ı (gülürlər). Ah! Ah!
Y u s i f (Bahadıra). Bundan çox şeylər eşidəcəksiniz. Türkcə yaxşı şerlər bilir.... O necədir, qızım? (Sonaya tərəf.) Yarəb....
S o n a, (gülümsünüb).
"Yarəb, həmişə lütfünü et rəhnüma mənə.
Göstərmə ol təriqi ki, getməz sənə, mənə".
B a h a d ı r. Yaşayınız, afərin, xanım əfəndi! Nə təmiz, nə gözəl ləhcə ilə bu şeri buyurdunuz....
Y u s i f. Afərin, qızım!
S o n a (baş əyir). Təşəkkür edirəm. Bu mənim sevgili duamdır. Təklikdə qəm mənə üz verərsə bunu oxuyuram. Ürəyim sakit olur. Bilirsinizmi, mən ixlasla inananlardanam. Əvvəl səbəbə belə şerləri sevirəm, hər dildə olmuş olsa da.
B a h a d ı r. Necə inananlardansınız? Düşünmürəm xanım əfəndi?
S o n a. Məncə, inam məsələsində adamlar beş qism olur.
Y u s i f. Siz söhbət edin. (Çıxır.)
M a ş o. Mən də bu saat gəlirəm. (Çıxır.)
S o n a. Bəli, məncə, inam məsələsində insanlar beş qism olur.
B a h a d ı r. Buyurun.
S o n a. Bir qism avam kor-korana, hər nə deyərsən, inanar, yəni qulluq etdiyi məbudu öz əqli ilə tanımayıb qeyrilərin sözlərilə tanıyır. Bu qism adamları haraya aparsanız gedərlər, nəyə müqəddəs deyərsən inanarlar, heç bir şeyə gərək olmayan şeylərə səcdə edərlər, quru daşları öpər ki, --bununla belə uşaq kimi ürəkləri saf, dəyanətli, nəhayət dərəcədə sadiq və mehriban olub, dürüst olanı tanımaz. Yəni, onun varlığını bütün vücudla hiss etməz.

İkinci qism adamlar öz əməllərində bir şeyə inanmayıb, fəqət əvvəlinci qism adamlara həmişə yol göstərən olarlar. Ürəkləri saf avamlara həmişə deyərlər: inan, özləri inanmazlar, filan şeyə səcdə et, özləri etməzlər. Zahirdə hər bir əməli yerinə yetirərlər, fəqət batində nəinki bərəksinə hərəkət edərlər, hətta biçarə avamlara gülərlər.... Bu qism adamlar həmişə allahdan, onun ehkamından dəm vurarlar, fəqət özləri öz dediklərinə inanmazlar.... Çünki həqiqi məhəbbəti-rəbbaini bunlarda olmaz və ola da bilməz. Çünki həqiqi məhəbbət hər bir şeydən təmiz, müqəddəs bir hissdir. Bunlar isə həmin məhəbbəti hər saatda, hər dəqiqədə bazarda alma satan kimi satarlar, çünki bunu özlərinə sənət ediblər. Miz qayıran usta mizə gündə bir rəng verib satan kimi, bu qism adamlar allahın ehkamını da dürlü-dürlü məna verib, avama satarlar. Allahın varlığını bunlardan soranda yüz min dəlillər ilə təsdiq edirlər. Fəqət gizlində vicdanlarını daima satarlar....

Üçüncü qism adamlar avara bir qismdir. Bunlar nə avamdırlar, nə də alim. Bunlar bünövrəsiz yalançı pəhləvanlara bənzərlər. Onun-bunun ağzından yarımçıq məlumatları alıb, öyrənib, din məsələsinə həmişə girişərlər. Özlərini ariflər cərgəsində tutub zahirdə bir şeyə inanmazlar, batində isə hər bir müşkül işlərində tez allahı köməyə çağırarlar. Fəqət allah nə olduğunu da düşünməzlər. Dördüncü qism: müəyyən bir əqidə sahibləridirlər. Bunlar tam ömürlərini elm yolunda sərf edib, elmdən başqa bir şeyə pənah aparmazlar və inanmazlar.... Qeyriləri ancaq dəhşətli bir vaqiədə allahı köməyə çağırırlarsa, bunlar belə bir halətdə də elmdən başqa heç kimə səcdə etməzlər. O ki, qaldı beşinci qism (gülümsünüb), bu qism adamlar mənim kimi olar. (Başını aşağı salıb.) Bu qism adamlar bir allahdan başqa heç bir şeyə inanmazlar. Fəqət allaha olan məhəbbət qorxu səbəbinə olmayıb, yəni demək istəyirəm həm dəhşətli bir vaqiədə və həm də böyük bir səadətdə bulunduğum halda mən allahımı unutmuram, onu var qüvvətimlə sevirəm, onu hər zamanda, hər məkanda görürəm, hiss edirəm, düşünürəm. Gecə ulduzlu, gündüz təmiz, buludsuz göyə baxıram da allahımı düşünürəm. Bu gözəl gülün ətri, nazik zərif yarpaqları, o bülbülün nəğməsi, bu qırmızı gözəl almalar, almalarda olan toxumlar, toxumlardan əmələ gələn budaqlı, gölgəli ağaclar, bu ağacları becərən insanlar, insanlara tabe olan dəhşətli heyvanlar ... bunların hamısında, bütün həyatımızda hər saat, hər dəqiqədə allahı görürəm, hiss edirəm, düşünürəm.... Ah, inanmaq nə böyük səadətdir! Yarəb, həmişə lütfünü et, rəhnüma mənə. Göstərmə ol təriqi ki, getməz sənə, mənə! Bu sözləri həmişə təkrar edəndə sanki bir böyük dağ üstümdən götürülür. Bu mənim sevgili duamdır, bunu zikr etdikcə, guya ürəyim təmizlənir, ümidim artır. İstiqbalım böyük bir səadətdə görünür.... Ah, nə gözəl bir aləmdir! Tam həyat məhəbbətdən ibarət bir şey görünür. İnanınız. İnanmaq böyük səadətdir.
Y u s i f (pilləkəndən düşə-düşə). Bunlar şirin söhbətdədirlər. (Sonaya.) Qızım! Bahadır bəy bu üç ay leksiyalardan xilas olub rahat olmaq istəyir, sən başlayıbsan leksiya oxumağa. Ah, ah! (Bağçada gəzinir.)
B a h a d ı r. Xeyr, xeyr, çox yaxşıdır!
S on a (Bahadıra). Əfv edin, sizə başağrısı oldu, deyilmi?
B a h a d ı r (gülümsünüb). Yox, xanım əfəndi, sözlərinizə artıq dərəcədə qulaq asıram. Sizin sözləriniz məni bir qeyri aləmə dəvət edir. Doğrusu, mən özümü dördüncü qismdən hesab edirdim. Yəni elmdən başqa heç bir şeyə inanmazdım. Fəqət indi (fikirli) siz məni bir qeyri aləmə dəvət edirsiniz.... Həqiqət, görünür mən də böyük bir səadətdə olacağam. İnanacağam, allahımı sevəcəyəm, hiss edəcəyəm, düşünəcəyəm.... (Bir az fikirdən sonra.) Mən sizi dünən meşədə gördüm, siz arxanız üstə uzanıb kitab oxuyurdunuz ... və hərdənbir ətrafınıza baxırdınız....
S o n a. Mən də sizi gərək ki, gördüm, siz məni görüb nə fikir etdiniz?
B a h a d ı r. Sizinlə tanış olmağı mən dərhal fikrimdən keçirtdim....
S o n a (yerə baxıb). Mən də.... (Tez yerindən durub Yusifə tərəf gedir, qucaqlayır.) Atacığım, bilirsənmi bir qəribə iş olubdur! Dünən biz bir-birimizi meşədə görmüşük. Hər ikimizin xəyalından bir-birimizlə tanış olmaq keçibdir. İndi
bu işə heyran qalmalı deyilmi?
Y u s i f (gülümsünüb). Bundan məlum olur ki, siz ikiniz də saf ürəkli cavansınız. Siz təmiz ürəklə bir-birinizi görmək istəyibsiniz. Allah da sizi görüşdürübdü.... Mən yəqin etmişəm, daha doğrusu, inanmışam; təmiz ürəklə nə istəsən allah axırda onu verər. İndi mən çox şadam ki, Bahadır bəy sənə dərs verəcəkdir. (Sonanın başını seyqəl edir. Bahadıra.)Bahadır bəy! Əsil məqsud budur ki, Sona türk, fars dillərini doğrudur, sevir: fəqət sevməkdən savayı bu dilləri bilmək Sona üçün xeyirsiz də deyil. Sona bir çox erməni qəzetələrində yazır, erməni ədəbiyyatında məşhur olubdur. İndi İrana dair bir şey yazmaq fikrindədir, ona görə farsca bilməsi məsləhətdir. Mən sizdən təvəqqe edirəm sabahdan köçüb bizə gələsiniz. Bu üç ay yayı bizimlə bir yerdə olasınız. Həm sizin üçün və həm də Sona üçün yaxşıdır.
B a h a d ı r. Artıq dərəcədə özümü xoşbəxt bilirəm.
Y u s i f. İndi qızım, Bahadır bəyə otaq göstər, sabahdan köçüb gələr. Allah xeyir versin. (Bahadır, Sona zala gedirlər, Yusif bağçadan çıxır.)

PƏRDƏ

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri