Birinci məclis
Səhifə 1 / 2
ƏVVƏLİNCİ GƏLİŞ
Məhəmməd ağa öz otağında, otağın bir tərəfində miz və bir neçə kürsü.
M ə h ə m m ə d a ğ a. Günlərim qəribə qəmgin keçir. İki aydır ki, gəlmişəm, bu vaxta qədər ancaq iki şagird gəlibdir. Bunlarla mən nə edəcəyəm? Güclə deyil ki, müəllimi bu ölkədə özlərinə düşmən hesab edirlər. Ah! Başım fikir etməkdən çatlayır! (Başını əli ilə tutur.)
İKİNCİ GƏLİŞ
Məhəmməd ağa və Qurbanəli .
Q u r b a n ə l i. Salaməleyküm!
M ə h ə m m ə d a ğ a. Əleyküməssalam! Xoş gəlibsiniz! (Ayağa durur.) Əyləşin.
Q u r b a n ə l i. Kefin necədir? Salamatsanmı?
M ə h ə m m ə d a ğ a. Allaha şükür! Ancaq uşaq az olmağa görə günlərim qəmgin keçir.
Q u r b a n ə l i. İndi neçə şagird var?
M ə h ə m m ə d a ğ a. Ancaq ikidir.
Q u r b a n ə l i. Genə yaxşı ki, o da var. Əvvəlki mollanın (uçitelin) heç iki şagirdi də yox idi. İndi uşaqlar ataları ilə çöl işlərindədirlər. Yarım aydan sonra çöl işlərini qurtararlar və savuq düşər, onda şagirdlərin çoxlaşar. Sən qarı gözlə: elə ki, qar yağdı, gündən-günə şagirdlər çoxlaşacaq, çünki o vaxt işləri olmayıb və evdə qalıb şuluqluq eləməsinlər deyibən, sənin yanına göndərəcəklər. Elə ki genə yaz açıldı, hamısı genə işlərinə gedəcəklər. Xülasə, başını nə ağrıdım, bu şkolda ildə üç ay qışı oxuyurlar.
M ə h ə m m ə d a ğ a. Ay kişi! Üç ayda nə oxumaq olacaq?
Q u r b a n ə l i. Ay sağ olmuş! Kimdir elə şeyləri axtaran.
M ə h ə m m ə d a ğ a. Bəs deyirdiniz "kiçik oğlumu qoyacağam oxusun", necə oldu?
Q u r b a n ə l i. Doğrudur, söz verdim, amma....
M ə h ə m m ə d a ğ a. Nə var? Xeyir ola!Q u r b a n ə l i. Nə eyləyim, deyirlər oxumaqdan bir fayda yoxdur. Oxuyan sarsaq olar, ağlını qara aparar deyirlər.
M ə h ə m m ə d a ğ a. Hə ... һә ... һә.... (Başını bulayır.) Təəccüb işdir. (Tərəfə.) Doğrudur ki, avam!
Q u r b a n ə l i. Yaxşı, mən razı oldum, görək özgələr də razıdırlarmı?
M ə h ə m m ə d a ğ a. Ay kişi, özgənin sözünə nə üçün baxırsınız? Uşaq sizindir, onun xeyrini siz görəcəksiniz, əbəs yerə heyvan uşağı bədbəxt eləməyiniz, qoyunuz gəlib oxusun.
Q u r b a n ə l i. Çox yaxşi, göndərərəm gələr. Ancaq iş buradadır ki, deyirlər, burada oxuyan ancaq sağ və solu tanımaqdan ötrüoxuyur, hərgah belə olsa, onu mən də öyrədərəm.
M ə h ə m m ə d a ğ a. Sizə mən dedimmi hər adamın sözünə qulaq verməyiniz?! Oğlunuz burada oxuyub yazı-pozu biləcəkdir və onun sizə çox köməyi dəyər.
Q u r b a n ə l i. Çox yaxşı, gedib arvadıma da deyim görüm, o nə məslahat görür.
M ə h ə m m ə d a ğ a. Özünüz biliniz, amma mən sizin yaxşılığınızı istəyib deyirəm. İndi Koxaya dəxi adam göndərmişəm. Gəlsin, bəlkə xalqa nəsihət edə ki, uşaqları versinlər. (Səs gəlir.) Gərək ki, gələn odur.
ÜÇÜNCÜ GƏLİŞ
Koxa öz yasavulu ilə içəri daxil olur.
K o x a. Məni sənmi çağırıbsan?
M ə h ə m m ə d a ğ a. Bəli, mən. Xalq görürəm, uşaqlarını oxutmaq istəmir. Ona görə lazım gəlir ki, camaata nəsihət edəsiniz, bəlkə uşaqlarını oxudalar.
K o x a. Doğru buyurursan, amma çox çətindir ki, mənim nəsihətimə qulaq asalar.
M ə h ə m m ə d a ğ a. Hər halda siz genə deyiniz, qulaqları dolsun.
K o x a. Məhəmməd ağa! Başın üçün, nəinki iki-üç və bəlkə on yol demişəm. Amma nə eyləyim ki, sözümə qulaq asmırlar. Hərgah istəyirsən bu saat ağsaqqalları çağırtdırım sənin yanına, gör nə cavab verirlər?
M ə h ə m m ə d a ğ a. Əcəb olar, çağırdınız, görək nə deyirlər.
K o x a (yasavula). Get bu saat Hacı Abdullanı, Ağakişini, Niyazəlini buraya çağır. (yasavul çıxır. Onun dalınca Koxa özü də dişqarı çıxıb deyir.) Deginən tez gəlsinlər.
Y a s a v u l. Yaxşı, baş üstə.
M ə h ə m m ə d a ğ a (tərəfə). Qəribə xalqdır. (Sonra Qurbanəliyə tərəf.) Mənim çalışdığım sizdən ötrüdür. Amma siz öz xeyrinizi əsla bilmirsiniz və ayağınıza gələn baxta daş atırsınız.
Q u r b a n ə l i. Ay sağ olmuş! Bizim adam öz xeyrini bilməz. Onunki odur ki, yazda taxıl əksin, yayda biçsin, qışda da yerini isti eləyib yatsın. Ondan masəva, doğrusunu demək, dörd-beş il bundan qabaq bizim bir neçə ağaların uşaqları oxuyub, amma axırları bir şey olmadı. İndi də dolanacaqları əkin və qoyun ilədir.
M ə h ə m m ə d a ğ a. Eybi nədir? Qoy oxusun, ondan sonra genə əksin, biçsin.
Q u r b a n ə l i. İş elə oradadır. Biz istəmirik ki, oxuyandan sonra əksin, biçsin. Biz istəyirik ki, qulluq adamı olsun,çinovnik olsun.
M ə h ə m m ə d a ğ a. Ay kişi! Hər oxuyan molla olmaz. Biri çinovnik olar, biri alış-veriş elər, o biri molla olar. İş adam olmaqdadır. Nə üçün bəs Amerika padşahlığında kənd adamları əllərində qəzetə cüt sürürlər.
Q u r b a n ə l i. Hərgah Hacının oğlu kimi olacaqsa, heç olmasın.
M ə h ə m m ə d a ğ a. Necə, Hacının oğlu Ömərimi deyirsiniz?
Q u r b a n ə l i. Bəli, bəli, Öməri deyirəm.
M ə h ə m m ə d a ğ a. Məgər pis oğlandırmı?
Q u r b a n ə l i. Elə oğlum olsa, bir saatda başını kəsərəm.
M ə h ə m m ə d a ğ a. Səbəb?
Q u r b a n ə l i. Ah! Nə deyim ... m ... m....
DÖRDÜNCÜ GƏLİŞ
Koxa, Ağakişi, Niyazəli , Hacı Abdulla içəri daxil olurlar.
H a m ı s ı. Salaməleyküm!
M ə h ə m m əd a ğ a (ayağa durur). Xoş gəlibsiniz. (yer göstərir.) Buyurun, əyləşin!
(Hər kəs özü üçün kürsü götürüb əyləşir. Ağakişi çubuq çəkir.)
K o x a. Camaat! Sizi buraya çağırmağımızın səbəbi budur ki, uşaqlarınızı qoyasınız oxusunlar, siz kəndimizin ağsaqqalısınız. Siz uşaqlarınızı oxutsanız, özgələr də baxıb oxudarlar. (Məhəmməd ağaya tərəf.) Bu kişini də bizə padşah tərəfindən göndəriblər. Yaxşı-yaman, qoyun uşaqlarınız gəlsinlər şkola, bunun da çörəyi kəsilməsin.
M ə h ə m m ə d a ğ a (tərəfə). Yaxşı nəsihət verdi! Dilin qurusun.
A ğ a k i ş i. Mənim bir oğlum var, o da kotana gedir. Bir də onun vaxtı keçibdir, on iki yaşındadır.
M ə h ə m m ə d a ğ a. On iki yaş çox deyil, elə oxumalı vaxtıdır.
N i y a z ə l i. Mənim uşaqlarım da boş deyil: kiçik oğlum buzov otarır, böyük oğlum qoyuna gedir.
M ə h ə m m ə d a ğ a. Olmazmı kiçik oğlunuzun əvəzinə ayrı adam tutasınız?
N i y a z ə l i. Ay sağ olmuş, heç insafmıdır ki, öz oğlun ola-ola, özgəyə pul verəsən? Pul məgər göydənmi tökülür?
H a c ı A b d u l l a. Ay Məhəmməd ağa! Boş yerə başını niyə ağrıdırsan! Bizim adam oxumağa uşaq verməz. Hər kəsin özünəgörə bir dərdi var: birinin uşağı qaramal otarır, o birininki qoyuna gedir, biri, yer əkir. Uşaqlarını da sənə versinlər, bəs işləri necə olsun? Ondan masəva, doğrusunu demək: "Rusca oxuyan düz yoldan çıxır".
M ə h ə m m ə d a ğ a. Ay Hacı! Görünür, siz oğlunuz Ömərdən narazısınız? Amma mən fikir eləyirdim ki, bu kənddə ancaq siz xoşbəxtsiniz. Zira ki, Ömər oxuyub elm sahibi olubdur və onun köməkliyi sizə azmı olur?
H a c ı A b d u l l a. Mənə onun nə köməkliyi olacaq? Bircə odur ki, naçalnik, pristav gələndə bizim evə düşürlər və Öməri rusca bilməyinə görə çox istəyirlər.
M ə h ə m m ə d a ğ a. Bəs belə şəxslərin sizə düşməyini azmı bilirsiniz? Ondan masəva, ərizənizimi yazmır? Divan işlərinizimi görmür? Bundan əlavə, əkində də sizə kömək edir. Kimin hünəri ilə bu il taxılınız çox oldu? ömrünüzdə bu qədər yer əkibsiniz, heç bu ilki kimi taxıl götürdüyünüz varmı?
H a c ı A b d u l l a. Ömərin əli əsla kotana da dəyməyibdir. Ancaq nökərlərin üstə durub buyruq veribdir: "Ay gədə, bunu belə elə, onu elə elə".
N i y a z ə l i. Bu da yəni bir işdirmi? (Gələ-gələ çubuğunu doldurub çəkir.)
M ə h ə m m ə d a ğ a. İş o deyil ki, əlinə kotan alsın. Onun köməkliyi bu olubdur ki, yerinizi necə ki lazımdır şumluyub, təzə çıxan kotan alıbdır. Əsil iş budur və bunların hamısını oxumaq ilə tapıbdır. Yeri elmə müvafiq şumlamaq və nə tövr kotan ilə əksən, taxıl yaxşı çıxar--bunların hamısı kitablarda yazılıbdır. Hərgah Ömər oxumasaydı, belə şeyləri bilərdimi?
K o x a. Kişi bunları doğru deyir.
(Qurbanəli kürsüdən yerə düşüb yanı üstə uzanır və bir az vaxtdan sonra yuxuya gedir, xoruldayır.)
H a c ı A b d u l l a. Ay kişi, bunlar hamısı sözdür. Adam gərək adam ola. Oğul deyəndə kiçik oğlumdur, onun başına dönüm: desəm öl, öləcək. Amma bu evi yıxılmışa iki ildir deyirəm Hacı oğlu Vəlinin qızını alsın, almır. Qızın yaxşı cehizi, mülkü və maşı var. Bilmirəm ki, dərdi nədir? Ancaq ağzını açanda kiçik qardaşını bəyənməz, onu dəli hesab edir, ondan ötəri ki, deyir: "O, vaxtsız arvad alıbdır".
N i y a z ə l i. Necə yəni vaxtsız arvad alıbdır?
H a c ı A b d u l l a. Nə bilim, ay kişi. Elə sözlər danışır ki, heç tatın kitabında yazılmayıbdır. Deyir: "Arvadın ölməyinə və şil uşaq olmağına səbəb tez evlənmək olubdur".
K o x a. Neçə yaşında arvad almışdı?H a c ı A b d u l l a. Qız on iki yaşında idi. Ondan savayı gərək ki, qızın əvvəldən azarı varmış. Ərə gedəndən sonra azarı günbəgün artır. Xülasə, nə deyim, allah nə istəsə o olacaqdır.
M ə h ə m m ə d a ğ a. Bəs görünür, onun sözünə inanmırsınız.
H a c ı A b d u l l a. Doğru deyirlər ki, rusca oxuyan özünü itirər. (Gülür.)
N i y a z ə l i (başını bulayır, tərəfə). Doğrusunu Hacı deyir.
K o x a. Ay Məhəmməd ağa! Əyri oturaq düz danışaq. Ağlasığası iş deyil ki, sən deyirsən. Heç inanmaq olmaz ki, tez arvad almaqdan həm arvad ölə və həm uşaq ölə.
A ğ a k i ş i. Ah! Allahı sevərsiniz, belə şeylər danışmayın, kafir olarsınız.
M ə h ə m m ə d a ğ a. Heyfa ki, siz oxumaq bilmirsiniz. Hərgah oxumaq bilsəydiniz, tibb kitablarını sizə göstərərdim və təəccüb edib yəqin edərdiniz ki, Ömər sizə deyən sözlər doğrudur.
H a c ı A b d u l l a. Ah! Oxumaq nəyimə lazım? Mən belə şeyləri oxumamış da bilirəm.
A ğ a k i ş i. Hərgah oxumaq bundan ötəridir, heç oxumasan yaxşıdır.
Q u r b a n ə l i (birdən asqırır və yuxudan ayılır). Söhbətiniz nə uzun çəkdi? (Gözlərini ovur.) İşi nə yerə qoydunuz? Uşaqları oxumağa qoyaq, ya yox?
N i y a z ə l i. Görmürsəimi, Hacı nələr söyləyir! Səkkiz-doqquz il zəhmət çəkib Öməri oxudubdur, amma indi deyir:"Peşiman olmuşam".
Q u r b a n ə l i. Bax a!... Gərək ki, ay Hacı, onun oxumağına xərc etdiyin pulu qoyuna versəydin, indi beş-altı sürü artıqqoyunun olardı.
H a c ı A b d u l l a. Bəs nədir! Əslinə baxsan, Ömər öz gücünə oxuyubdur. Xülasə, nə deyim, heç görmədim ki, oxuyandan biri ağıllı çıxsın. Sizi inandırıram ki, oxumaq adamı "saf dəli eyləyir". (Çubuq çəkir.)
A ğ a k i ş i (tərəfə). Yazıq Hacı bunların. Hamısını görübdür, hər nə desə doğrudur.
H a c ı A b d u l l a. A kişi, dünən deyirlər bir erməni dığası Ömərin üzünə qarşı olmayan sözləri deyibdir, hərgah o sözləri Vəlinin üzünə desəydi, Vəli onu sağmı qoyardı? İndi görəsən neçə yerdən parçalamışdı; amma Ömərinki budur ki, bir adam ilə dalaşanda ərizə yazsın, şikayət eləsin.
M ə h ə m m ə d a ğ a. Ay Hacı! Biz heyvan deyilik ki, bir-birimizi öldürək, biz insanıq. Bizdən ötəri zakon yazılıbdır, şəriətimiz vardır; biz gərək həməvaxt zakonla və şəriətlə iş görək.
H a c ı A b d u l l a. Heç elə şey olarmı ki, üzünə söyələr, sən baxasan?
Q u r b a n ə l i. Sizin söhbətiniz, görünür, çox çəkəcək. (Ayağa durub gedir.) Acımdan öldüm, salamat qalın.
A ğ a k i ş i. Yavaş, mən də gedirəm. (Durub gedir.)
H a c ı A b d u l l a (Niyazəliyə). Dur, biz də gedək, salamat qa l!
N i y a z ə l i və K o x a. Salamat qal! (Hacı Abdulla, Niyazəli və Koxa gedirlər.)
M ə h ə m m ə d a ğ a. Xoş gəldiniz! (Fikrə gedir.) Bunların işlərini əsla başa düşmək olmur. Avam da var, avam da. (Ayağa durub gəzinir.) Amma bunlar kimi avam mən görməmişəm. Nadanlıq gözlərini bir mərtəbədə kor edibdir ki, namümkündür söz, nəsihət ilə bunlara bir şey qandırasan. (Fikrə gedir.) Pərvərdigara, insan özü öz evini belə yıxarmış! Heyif, çox heyif ki, bizim millət peygəmbər buyurduğuna da əməl etməyir! Belə millətin axırı puç olmazmı?İnsan ki,oxumağa və elmə düşmən ola, onun gələcəyi nə olmalıdır? (Fikrə gedir.) Ömər nəhayətdə ağıllı və kamallı oğlandır, amma bununla belə atasının xoşuna gəlmir. Zira ki, adam öldürmür, quldurluq etmir, karvan kəsmir, hərgah belə bəlalara giriftar olsaydı, yəqin ki, atası onu da kiçik oğlu kimi sevərdi. Bu qanacaqda adama söz qandırmaqmı olar? Ah! canları çıxsın. Bir adam ki, öz xeyrini bilməyə, mənə nə düşübdür özümə bu qədər zəhmət verib qanımı xarab edəm. (Fikrə gedir və sonra əli ilə başını tutur.) Xeyr.... Mən.... Səhv etdim. (Bərkdən.) Mənə vicdanım buyurur gərək düz yoldan azmış adamı düz yola gətirim.... Lazımdır ki, bir az səbr edəm, Ömər də bu gün mənim yanıma gələcək, onunla da məsləhət edərəm. (Səs gəlir.) Gərək ki, gələn odur. (Qapıya baxır, Ömər içəri daxil olur.)
Kitabxana.az · https://kitabxana.az/works/nerimanov-nadanliq-birinci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
ƏVVƏLİNCİ GƏLİŞHacı Abdullanın evi. Hacı Abdulla döşək üstə əyləşib balışa söykənibdir, çubuq çəkir.
Dördüncü məclisƏVVƏLİNCİ GƏLİŞVəli və onun qaçaq yoldaşları hamısı yaraqlı Hacı Abdullanın evində.
Nadir şahƏHLİ-MƏCLİSŞah Sultan Huseyn xan-- 1717-ci ildə fars padşahı, padşahlığa layiq olmayan bir zat, 60 yaşında.
Birinci məclisVaqe olur İsfahan şəhərində 1717-ci ildə, Şah Hüseyn xanın otağı, qapıda iki fərraş, xanın taxtı.Ə d h ə m x a n. Tamam üç saatdır gözləyirəm, bu vaxtadək hələ cavab vermir. Kim bilir, yatır, ya balaca uşaqlar ilə oynuyur. Amma dövlətin işləri getdikcə çətinləşir, nə etməli? (Fikrə gedir. Qapı açılır, Hüseyn xan yan otaqdan daxil olur.)*
Başqa şairlərin şeirləri
Bizi yoxdan var eləyən ol şahi-dildara bax,Abı,ataş,xaki, baddan xəlq olunan insana bax,
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
Ana laylasıBalama çalsa layla bülbüllər,Balamı bəsləsə qızılgüllər,
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənEy sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.