Səhifə 2 / 2 · 50%

BEŞİNCİ GƏLİŞ

Ömər və Məhəmməd ağa.

Ö m ə r. Salaməleyküm!
M ə hə m m ə d a ğ a. Xoş gəlibsiniz. Mən sizi gözləyirdim.
Ö m ə r. Xeyir ola, nə var?
M ə h ə m m ə d a ğ a. Bir şey yoxdur, ancaq bir az fikir-xəyal məni götürmüşdü. Ona görə istəyirdim sizinlə söhbət edəm.
Ö m ə r. Bağışlayınız, işim çox olmağa görə sizin yanınıza tez-tez gələ bilməyirdim. Bir aydır naçalnikin yanına getməkdən bezar olmuşam.
M ə h ə m m ə d a ğ a. Allaha şükür, nə olubdur ki, naçalnikin yanına gedirsiniz?
Ö m ə r. Bir ay bundan müqəddəm mənim balaca qardaşım Vəli guya bir neçə adam ilə poçt yolunda karvan soyublar. Bunun üstündə Vəlini naçalnik həbsə salmışdı. Mən möhlət alıb bir az zamana qədər həbsdən qurtarmışam. İndi dəxi çalışıram ki, təmiz qurtarsın və naçalnik mənə söz veribdir.
M ə h ə m m ə d a ğ a. Karvan soyubdur? M ... m ... (Fikrə gedir.)
Ö m ə r. Nə üçün təəccüb edib fikrə getdiniz? (Məhəmməd ağaya yavuqlaşır.)
M ə h ə m m ə d a ğ a. Heç. (yerə baxır)
Ö m ə r. Nə üçün təəccüb etdiniz, deyiniz.
M ə h ə m m ə d a ğ a. Bir neçə dəqiqə bundan müqəddəm atanız və qeyriləri burada idilər; oxumaqdan söz düşmüşdü və Hacının sözündən görünür ki, sizdən nəhayətdə narazıdır, amma Vəlini çox istəyir. Sözlərindən belə görünür, guya sizi oxutmaqdan çox peşimançılıq çəkir.
Ö m ə r (əlini əlinə vurur). Ah! Ah! Görürsən? Allahu-əkbər, avamlığa bax! Siz özünüz yaxşı bilirsiniz ki, mənim ona nə qədər xeyrim dəyir, bununla belə məndən narazıdır. (Fikrə gedir.) Nə edim, nə çarə qılım? Hərgah üzünə ağ olarsan, deyərlər ki, Ömər dəli olubdur. Olmazsan, qalarsan yana-yana. Doğrusu ki, Məhəmməd ağa, mənimki bunlar ilə düz gəlməyir, mənim nəzərim məişətə ayrı, onlarınkı ayrı.
M ə h ə m m ə d a ğ a. Atanızın deməyinə görə, görünür siz onun sözünə baxmırsınız və fikir edir ki, guya bu tövr hərəkət oxumağın əsəridir.
Ö m ə p. Harr deyir. Bir neçə işdə onun sözünə baxmıram. Ondan ötəri ki, mənim də qanacağım var, özümü bilə-bilə oda salmaram. Məsəla, yarım ay bundan müqəddəm mənim yanıma adam göndəribdir ki, gərək mən bir dövlətli var, onun qızını alam. Əvvəla, qızı görməmişəm və ondan savayı qız on və ya on bir yaşında! Məgər bu sinnində qızı almaqmı olar? Məgər mən insan deyiləm? Xülasə, buna razı olmamışam. Bundan əlavə, mənə buyruq verir ki, hər kəs ki məni, ya bizdən birimizi incitdi, o saat onu öldürmək! Görürsüz, nə tövr təkliflər edir!
M ə h ə m m ə d a ğ a (əyləşir). Bəli, çox çətindir, gərəkdir ki, səbir edəsiniz.
Ö m ə r. Snzin canınız üçün, hərgah mənim yerimə özgə oğul olsaydı, indi çoxdan qaçıb getmişdi. Ancaq mənim istədiyim bunları nadanlıqdan qurtarmaqdır. Bu da görürəm, nəhayətdə çətin işdir.
M ə h ə m m ə d a ğ a. Bəli, çox çətindir. Amma genə səbir etməli, çünki səbirlə hər şeyi görmək olar.

ALTINCI GƏLİŞ

Namaz, Məhəmməd ağa və Ömər.

N a m a z. Ağa! Bir iki adam gəlib, istəyirlər sizi görələr.
Ö m ə r. Genə ola ki, ərizə yazdırmaga gəlirlər.
M ə h ə m m ə d a ğ a. Elə olacaqdır. (Namaza.) De, gəlsinlər.

YEDDİNCİ GƏLİŞ

İki tərəkəmə kürkdə, əllərində ağac içəri daxil olurlar.

Ə v v ə l i n c i. Başına dönüm, ay Məhəmməd ağa! Mənə bircə ərizə yaz.
İ k i n c i. Mənə də birini yazacaqsan.
M ə h ə m m ə d a ğ a (başını bulayır və əlinə kağız alır. Əvvəlinciyə). Sən nə barədə yazdırırsan? (Ömər papiros yandırıb, tərəkəmələrə diqqət ilə baxır.)
Ə v v ə l i n c i (əvvəl yoldaşına baxır və sonra Məhəmməd ağaya). Bu nə deyir? Barə nədir? Ərizə yazacaqsan, dana!
M ə h ə m m ə d a ğ a. Bilirəm, amma gərəkdir biləm nədən ötrü yazdırırsan?
Ə v v ə l i n c i. Hə ... һә! İndi başa düşdüm. yazarsan Tarıverdi Pirverdi oğlunun tərəfindən nəçəlniyə ərizədi.
M ə h ə m m ə d a ğ a. Ay kişi, onu mən özüm bilirəm. De görüm, axı nə olubdur ki, ərizə yazdırırsan? (Kəndçi qanmayır, yoldaşına baxır.)
İ k i n c i. Ay evin yıxılsın, desən! Nə oldu, kim kimi öldürübdür?
Ə v v ə l i n c i. Adam-zad öldürməmişəm!
Ö m ə r. Bəs nə olubdur?
Ə v v ə l i n c i. Heç bir şey olmuyubdur, boş işdir. Dünən mən şəhərdən gəlirdim, yolda iki mal rastıma düşüb gətirmişəm. İndi mal yiyəsi şikayət eləyibdi ki, guya mən onun mallarını oğurlamışam. Malların əgər nişanları lazımdısa deyim: birinin buynuzu qaradır, özü də arıq, qulağı kəsikdir, o biri.... (Fikrə gedir.)
M ə h ə m m ə d a ğ a. Nişanları mənim nəyimə lazımdır, deyirsən?
Ə v v ə l i n c i. Hə.... Birinin qulaqları kəsikdir, özü də qoca, arıq şeyin biridir.
M ə h ə m m ə d a ğ a. Allahı sevirsən, dayan. Sən görürəm axşamadək qurtarmayacaqsan, qoy görək bu nə deyir. (İkinciyə baxır.)
İ k i n c i. Mənim işim lap nahaq yerədir! Mənim oğlum özgənin nişanlısını götürüb qaçıbdır, indi atası şikayət başlayıb.
Ö m ə r. Qız razıdırmı?
İ k i n c i (fikrə gedir). Nə deyim ... m ... m .... (Bərkdən.) Əlbəttə, razı olacaq. Allaha şükür, malımız var, yerimiz var. Mənim oğlumdan yaxşısınamı gedəcəkdir?
M ə h ə m m ə d a ğ a. Qızın atası da razıdırmı?
İ k i n c i s i. Atası boynu qırılmış razı deyil. Ondan ötəri ki, qız beş aydı özgəyə nişanlıdı. Kəbini də kəsilibdir. Amma nişanlısının pulu olmadığına görə bu vaxtadək toy eləyə bilmir.
M ə h ə m m ə d a ğ a. Ay kişi! Kəbini kəsilmiş olsa, sənin cürətin nədir ki, özgənin arvadını aparasan? Elə də şəriətcə düz olmaz.
İ k i n c i. Bu iş mollanın əlində deyilmi? Bir az pul basaram, iş düzələr.
Ö m ə p. Ay kişi! Nə üçün başa düşmürsən? Hərgah kəbini kəsilmiş olsa, molla heç şey eyləyə bilməz.
İ k i n c i. Qanıram, ancaq bircə sən nəçəlniyə yaz görək.... (Bu vaxt üç, ya dörd adam genə içəri daxil olurlar ki, ərizə yazdırsınlar.)

SƏKKİZİNCİ GƏLİŞ

H a m ı s ı. Məhəmməd ağa! Bircə bizə ərizə yaz!
B i r i s i. Dünən mənim oğlum bir erməni dığası öldürübdür, indi onu nahaq yerdən tutublar.
İ k i n c i. Mənim qardaşım özgənin tayasına od vurubdur, ondan ötəri ki, dörd gün bundan qabaq bizim tayaya da od vurmuşdular.
Ü ç ü n c ü. Bircə qoyun, biz da sözümüzü deyək. (Bu vaxt beş-altı nəfər genə daxil olurlar. Biri deyir: "Mənə yaz". O biri deyir: "Olmaz, mən tez gəlmişəm, mənə yaz".)
M ə h ə m m ə d a ğ a. Allahı sevərsiniz, açılın başımdan, mən ərizə yazan deyiləm! (Kağızı və qələmi əlindən atıb hirslənir və ayağa durur.)

PƏRDƏ

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri