Qəzəllər
Nizami Gəncəvi
Diləyirdim mənə sən bir gecəlik yar olasan!
Pozmayıb peymanını, əhdə vəfadar olasan!
Gözlərin yadları gördükdə gülür nərgiztək,
Bir tikandır mənə qəmzən, nola qəmxar olasan!
Dostluğundan demişəm mən, necə düşmən eşidib,
Məni əğyara xəcil etsən, özün xar olasan!
Mənə dost ol, nə zərər, düşmənim olsun aləm,
Kimsədən qorxmaram, ancaq ki, düz ilqar olasan!
Sən nə quşsan, nə sayaq mən sənə tor qurmalıyam,
Bəlkə sən gözlərə ov, qəlbə giriftar olasan?
Şəhər əhli sənin eşqində Nizami kimidir,
Nə rəva Əhsitanın qismətinə yar olasan!
Görün, önündə aşiqin şiri necə şikar edər,
Pələng kimi cavanları, bir anda biqərar edər.
Çəkib də kirpiyindən ox, o əyri yayda saxlayır,
Nə işdi ki, vurulmamış bu qəlbim ahu-zar edər?
O dilbərin üzün görüb dağıtmışam libasımı,
İçilməmiş qalan camım şirin-şirin xumar edər.
Necə vəfa tələb edim, bizim o daşürəklidən,
Mənim bu şişə könlümə deyin o daş nə kar edər?
Hər gün onun vüsalını xəyal edib can üzülür,
O hər gecə sayır nə vaxt bu könlü tarimar edər.
Nə qədər zalım olsa da, Nizami, əl götürmə sən!
Gül istəyən tikanla da cəfa çəkib qərar edər.
Afərin hüsnünə, mən bir belə dilbər istərəm!
Gecələr şəmi yanar, sən kimi gövhər istərəm!
Od ləbin, ud xalın hər biri şəkkər kimidir,
Valehəm onlara mən, bir belə mecmər istərəm!
Duzda çox ləzzət olar, amma ki, şirin olmaz,
Duzlusan həm də şirin, sən kimi şəkkər istərəm.
Müşk zülfün nə gözəl, aləm ənbər dağıdır,
Gör nə xoşdur, gözəlim, bir belə ənbər istərəm.
Bağladın zülfünə qutək bu Nizamini özün,
Söyləyir zülfün ucu bir belə çəkər istərəm!
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-qezeller
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
عمریست تا که در دل و جانم مسافر است
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
Hər zaman gul yuzunu murği-ravan eylər yadHər zaman gul yuzunu murği-ravan eylər yad,Bülbülü bismilu şuridə kimi eylər dad.
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,