Səhifə 1 / 13

Moskvadan bizi Türkiyəyə yola salan bir dostumuz “gələndə qərənfil gətirin”, – dedi. Dostumuzun arzusunu unutmamışdım. Biz Ankaranı tərk edib “Esen boğa” aerodromuna doğru yola düşəndə Türkiyənin qərənfilləri hələ yuxuda idi. Üfüqdən görünən ilk qızartılar şehli qərənfilləri oyatmağa gedirdi. Türklər laləyə gəlincik, yasəmənə leylak deyirlər. Asfalt yolun hər iki tərəfində yaşıl otlar və taxıllar arasından boylanan lalə-gəlinciklər bizə sanki salam göndərir, qara-qırmızı başlarını sübhün həzin nəsimi altında yırğalayırdılar. “Esen boğa” aerodromuna maşınla bizi Arif Heydərov gətirdi. Arifin nəzakətli bir diplomat və istiqanlı bir adam olduğu gözümdən qaçmamışdı. O bu səhərin, bu gözəl ayrılıq səhərinin poeziyasını duyaraq – baxın, nə gözəl səhərdir, – dedi. Doğrudan da səhərin çox təmiz gözəlliyi vardı. Belə həzin bir səhərdə dostlardan, əzizlərdən ayrılmaq çətin idi. Türk yazıçısı Rəşad Nurinin sözlərini xatırlayıram: insan yaşadığı yerlərə, bərabər bulunduğu insanlara görünməz tellərlə bağlıdır. Ayrılıq zamanı bu tellər gərilər, qopar, kaman telləri kimi sızlamağa başlarlar. Təyyarə meydanına addımladığım zaman ürəyimdə bu gərilib qopan kaman tellərinin acı sızıltısını duydum. Əlvida, Türkiyə, yaxın qonşu, sağlıqla qal! Yamacların, düzlərin həmişə lalə-gəlinciklərlə dolu olsun, leylak-yasəmənlərin həmişə ətir saçsın.

Dünyada insanın xoşbəxt yaşaması üçün əsas şərtlərdən biri də qonşu ilə münasibətdir. Səhər-səhər evdən çıxıb işə gedəndə pilləkəndə üz-üzə gəldiyiniz qonşu gülərüzlə sizə – sabahınız xeyir, deyib, hal-əhval soruşsa evdən qanıqara çıxmış olsanız belə, könlünüz açılar, dodağınıza xoş təbəssüm qonar. Əgər bu sadə həqiqəti böyük siyasət aləminə keçirsək, demək olar ki, yaxın qonşularla münasibət yaxşı olsa, xalqlar da qorxusuz və rahat yaşar, dinc bir əhval ilə qurar, yaradar.

Təyyarədə türk şairi Fazıl Hüsnü Dağlarca bizimlə bərabər uçurdu. O, Moskvaya, Puşkinə həsr olunmuş poeziya yığıncaqlarında iştirak etmək üçün gedirdi. İstanbulda yazıçı Oktay Akbal gəlib bizi Hüsnü Dağlarca ilə görüşə apardı. Fazıl Hüsnünün ağ sarayda “Kitab” adlı kitab mağazası var. Biz oraya getdik, lakin “Kitab” bağlı idi. Dağlarca Moskva səfərinə hazırlaşdığı üçün mağazanı bağlamışdı. Şair bu “Kitab”da sərgilər düzəldir, təzə şeirlər yazıb vitrinə qoyur, şairlər buraya toplaşıb şeir oxuyurlar. “Kitab” bir növ poeziya klubudur demək olar.

Hər xalqı başqa xalqdan ayıran ümumi bir cəhət olur. Məndən soruşsalar ki, türklərin bu xüsusiyyəti nədir? Nəzakətdir – deyərəm. Şirin dilli, mehriban təbiətli, xoş rəftarlı, qonaqpərəst xalq. Türkiyəyə keçənilki səfərimizi İstanbuldan başladıq. Birinci diqqətimi cəlb edən bu nəzakət oldu. Kobud bir söz, köntöy bir hərəkət, bədrəftar görmək mümkün deyildi. Otellərdə, yeməkxanalarda qadın xidmətçiyə rast gəlmək olmaz. Burada cəld və iti işləyən cavan oğlanların rəftarı xoş, üzü gülərdir. Əvvəlcə mənə elə gəldi ki, Avropa ilə təması olan, daha doğrusu, bir qolu Asiyada, bir qolu Avropada olan bu şəhərin mədəni və xoş davranışı, xoş rəftarı Avropa mədəniyyətindən gələn bir cəhətdir. Lakin sonralar ölkənin içərisinə, dərinlərinə getdikcə başa düşdüm ki, bu xasiyyət mənbəyini xalq arasından alır, kəndlərdən, qəzalardan böyük şəhərlərə gələn bir keyfiyyətdir. Oteldə işləyən cavan oğlandan xəbər aldım: – Əhməd, nerəlisən? – Erzincandanım, xanım efendi. – Yusif, sən nerəlisən? – Erzurumdanım, xanım efendi.

Axşam olanda “iyi gecələr, xeyirli gecələr”, yola çıxanda, “İyi yolçuluqlar”, ayrılanda “gülə-gülə”, “xoşça qalın”, “Allaha ismarladıq” tez-tez eşitdiyimiz sözlər idi. Şəhərlərarası yollarda “xoş gəldiniz”, “səlamətlə”, “iyi yolçuluqlar” və başqa bir çox xeyirxah sözlər iri hərflərlə yazılıb asılmışdı. Ağzı xeyir-dualı, üzügülər, xoş rəftarlı xalqın nəzakət fitri və təbii xüsusiyyətdir.

“Esen boğa” aerodromunda maşınla Ankaraya girdiyimiz zaman şəhər axşam işıqlarını yandırmışdı. “Bulvar Palas” otelində yerləşdikdən sonra, şəhərin axşam mənzərəsinə tamaşa etmək üçün şəhərə çıxdıq. Ankara təpələrlə əhatə olunmuş çox böyük vadidə yerləşir. Şəhərin işıqları vadidən qalxıb bu təpələrin üstünə dırmaşır, təpələri də aşıb keçirdi. Çankayaya qalxıb ordan şəhəri seyr elədik.

Ankarada olduğumuz ilk günlərdə bir axşam doktor Birsən xanım bizi evinə qəhvə içməyə dəvət elədi. Onun dördotaqlı mənzili sadə və incə zövqlə düzəldilmişdi. Burada lazımsız, gərəksiz şeylər, bayağı və ucuz modalı bəzək-düzək görmək mümkün deyildi. İş otağında işgüzar bir adamın özü üçün yaratdığı iş şəraiti nəzərə çarpırdı. Yazı masası, masanın arxasında kitab rəfləri, təbiətə aid ingilis, alman və türk dillərində çoxlu kitablar, yuxarı qatda insan kəlləsi. Otağın başqa guşəsində, doktorun işdən yorulanda dinlədiyi musiqi valları Bax, Bethoven, Şopen, lentə yazılmış Azərbaycan musiqisi... Birsən bizi gülər üzlə qarşıladı. Əynində qırmızı qərənfil rəngdə paltar, boynunda sədəf muncuq vardı. – Nə gözəl bəzənmisən, doktor, – dedim.

– Sizin üçün süslənmişəm, – deyə gülüb məni qucaqladı.

Qonaq otağına keçib təzəcə kresloda oturmuşduq. Telefon zəng çaldı. Birsən dəstəyi götürüb danışmağa başladı, üzü ciddi bir hal aldı. Telefonla – indi gəlirəm, – dedi, dəstəyi asıb cəld plaşını geydi, bizdən üzr istəyib sürətli addımlarla pilləkəndən aşağı qaçdı. Pəncərədən onun dalınca baxdım. Qapıda hazır dayanmış fildişi rəngli maşına mindi, ağəlcəkli əlləri ilə mənə vida işarəsi edib maşının rulundan yapışdı. Gənclik cəldliyi ilə sürüb getdi. Yuxarıda, yasəmənli yamacın başında Mustafa Kamal Atatürkün Anıt qəbri görünürdü. Qaranlıqda Birsənin ağ göyərçin kimi çırpınan əli bir daha göründü, sonra yox oldu. Birsən cərrah, həkim-onkoloq idi. Onun əri də həkim idi. O bizi məşğul etmək üçün musiqi çaldırır. – Birsən tez qayıdar – deyirdi. – Gündüz əməliyyat apardığı xəstənin halı bir az qarışıb, onsuz da keçərdi, xəstəxanada növbətçi həkim var. Birsən xəstələrinə çox diqqətlidir. Onun bu xasiyyətini bildikləri üçün gecə-gündüz, nə zaman olsa, çağırırlar, yox, deməz, gedər, – dedi.

Sonra doktor bizə türk qəhvəsi bişirib gətirdi. Biz zarafatla: indi sizi də çağırarlar, siz də gedərsiniz, – dedik. Gənc doktor gülüb – getmərəm, – dedi. Həkimlik sənəti ən humanist peşədir. Bu gənclərin insan həyatı uğrunda belə fədakarlıqla çalışmaları bizi sevindirirdi. Hər ikisi çox gənc idi, buna baxmayaraq məsuliyyət hissi, yüksək hazırlıq və həssaslıq bu gənclərə hörmət hissi oyadırdı.

Pəncərənin qabağında dayanıb Birsənin dalınca xeyli baxdım. Qarşı yamacdan güclü yasəmən ətri gəlirdi. Nədənsə keçənilki səfərimiz zamanı İzmir şəhərində gördüyüm gənc qızları xatırladım. Doktor musiqi vallarını çevirirdi. Musiqi bəzən insanı çox uzaq xatirələrə aparır, yaddan çıxmış həyat səhnələrini yeni bir qüvvətlə insanın yadına salır.

İzmirə Egey dənizinin incisi deyirlər. Bu şəhər doğrudan da incidir. Bir gün ərzindəki tanışlığımız zamanı bu şəhərin gözəlliyinə heyran olduq. Yaşadığımız “Büllur” otelinin qabağındakı şəhər parkında ümumdünya yarmarkası üçün hazırlıq gedir, pavilyonlar tikilib başa çatdırılırdı. Sovet pavilyonuna tamaşa etdik. İzmirin yüksək yerlərindən birində yerləşən cameyə getdik. Camenin qapısında ayaqqabılarımızı çıxarıb içəri girdik. Dərs otağına daxil olduq. Sıra-sıra kürsülərdə qız uşaqları oturub molla dərsi keçirdilər. Sinifdə xəritə, yer kürəsi və başqa fizika-coğrafiya elmlərinə aid cisimlər də var idi. Türkiyədə ruhani məktəblərdə əcnəbi dil də öyrədirlər.

Dərsə mane olmamaq üçün sinifdən keçib camenin içinə girdik. Burada məktəbin şagirdlərindən bir neçə qız uşağı camenin içini silib-süpürməklə məşğul idi. Onlar müasir vasitələrdən istifadə edib elektrik tozsilәhi ilə işləyirdilər. Bizi görüb yanımıza gəldilər. Başları yaylıqla bağlı olan bu qızların sir-sifətindən şeytanlıq yağırdı. Gələcəkdə bunların molla, hacı-xacə olacaqlarına adam heç inana bilmirdi. Bu sağlam, qırmızıyanaqlı kəndli qızlarına çoxuşaqlı ana olmaq, dana-buzov bəsləmək, gül yetişdirmək, bağ-bostan becərmək, canlı həyatla əlləşmək, gülmək, sevinmək, hər şey, hər şey yaraşırdı, amma bu dünya sevinclərindən əl çəkib, o dünya nemətlərinin təbliğatı ilə məşğul olmaq heç yaraşmırdı. Qızlardan birisinə:

– İsmin nə? – dedik.

– Kəzbandır, – dedi.

– Mənimki Fatimə.

– Mənimki Nurtacdır.

– Mənimki Birgül.

– Mənimki Gülsən.

– Mən Aişəyim.

– Hansımızın adı gözəldir? – deyə qızlar bir-bir qımışmağa başladılar.

– Hamınızınkı gözəldir, özünüz də gözəlsiniz, adınız da!..

Qızlar nə isə aralarında pıçıldaşıb gülüşdülər. Ürəyimdə – yaman da sizdən molla olar, – deyə düşündüm.

Birsən Norveçdən bir ay əvvəl qayıtmışdı. Bir il orda həkimlik təcrübəsi keçmişdi. Bütün öyrənib bildiklərini xalqın xeyrinə, sağlamlığına işlətməkdə canını əsirgəmirdi. Onu çox sevdim. İşgüzarlığı, həssaslığı və ciddiliyi məni valeh etdi.

Ankaradan ayrılarkən könlümdə bu Ankara qərənfilinin hərarətli və mehriban xəyalını gətirdim.

Bir gün axşam biz Ankara – “Ho” – yəni “Halk oyunları” teatrında Erol Toyun “Pir Sultan Abdal” pyesinə tamaşa elədik. Səhnədə üç aşıq oturmuşdu. İkisi səhnənin kənarında, birisi ortada. Onlar tambur çalıb oxuyur, türkülər söyləyirdilər. Sonra aşıqlar çəkilib gedir, aşıqların oxuduğu türkülər mövzusunda səhnələr göstərilirdi. Bu əsər XV əsrdə yaşamış türk şairi Pir Sultan Abdalın həyat və mübarizəsini təsvir edən bir səhnə əsəri idi. Aşıqların oxuduğu gözəl şeirlər məndə bu şairə maraq oyatdı. Pir Sultan Abdalın həyatı çoxdan bəri xalq dastanına çevrilmişdir. Bu gün də canlıdır, yaşayır və sevilir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri