Səhifə 13 / 13 · 92%

Səhər tezdən İstanbuldan Ankaraya gedən avtobusların stansiyasına gəldiyimiz zaman uşaqlar hamısı orada idilər. Nigarın rəngi qaçmışdı. Çox qəmli görünürdü. Üşüyən adamlar kimi əsir, mənim böyrümə qısılırdı.

– Bu tezdən niyə durub gəlmisən, Nigar?

– Gəlməyə bilərmiydim, xala...

– Bakıya nə zaman gələcəksən, qızlar səni gözləyirlər.

– Anam tək buraxmıyor.

– Ananı da gətir gəl.

Uşaqlarla öpüşüb ayrıldıq. “Varan” ekspresinə mindik. Nigarın solğun üzündən gilə-gilə yaş axırdı. Günseli və Bertan bizi qucaqlayıb görüşdülər. Aydın hələ avtobusa da çıxdı. “Varan” yerindən tərpəndi. Nigarın həzin və sevimli xəyalı İstanbulun səhər dumanları arasında gözdən itib getdi. Biz bu ayrılıq səhərinin ağır hissləri ilə avtobusda oturmuş, bir kəlmə də danışmırdıq. “Varan” Təpəbaşı məhəlləsindən keçib Bəyoğluna gəldi, sonra taksi meydanına çıxdı. Atatürk abidəsi yanından, “Kültür sarayı” yanından keçdi. Sirkeçiyə endi, araba vaporu ilə qarşı sahilə çıxdı. “Varan” duracaqlarda dayanıb Ankaraya gələn sərnişinləri götürürdü. Son dayanacaqda əyləndi, axırıncı sərnişinlər avtobusa mindilər. İçəri girən yolçular arasında Aydını görüb çox sevindim. Elə bil onu yenicə görmüşdüm. O, maşını avtobusun marşrutu ilə qovub son duracaqda özünü bizə çatdırmışdı. Bir də görüşmək, bir də vidalaşmaq istəyirdi.

– Bəlkə bir şey yadınızdan çıxıb, bir söz demək istəyirsiniz, – dedi.

Atası ilə, Rəsul ilə bir də görüşdü. Mən ayağa qalxıb onun boynunu qucaqladım. – Sənə qurban olum, Aydın, – dedim. – İstanbulda səndən gözəl oğlan görmədim. Bir də gözlərindən öpüb ayrıldım. Aydın aşağı düşdü. “Varan” bu ayrılıq qəminin ağır yükü ilə baş götürüb Ankaraya tərəf yol aldı.

Biz Ankaraya çatanda bərk dolu yağırdı. “Varan”dan düşüb maşına mindik. Qızıl Ay meydanından keçib Atatürk bulvarına yollandıq. “Bulvar Palas” otelinə düşdük. Gecəni oteldə qaldıq. Səhər tezdən hələ qaranlıq ikən qalxdıq. Bütün gecəni yata bilməmişdim. Rəsul üzümə baxıb:

– Sənə nə olub, xəstələnmisən? – dedi.

– Yox, bütün gecəni yatmamışam.

Tez hazırlaşıb yola çıxdıq. Ankara hələ yatırdı. Küçələrdə səs-səmir yox idi. Gecəki yağışdan və doludan sonra hava tərtəmiz idi. Cökə ağaclarının ətri hər yanı bürümüşdü.

Əlvida, Türkiyə, sağlıqla qal, yaxın qonşu!..

Əlvida, Ulu dağ! Əlvida, qarlı zirvələrində qış, ətəklərində bahar olan Bursa şəhəri!

Buz kimi sərin havası, buz kimi bulaq suları ilə Şuşama bənzəyən dağ şəhəri... Turistlər üçün yalnız Bursa, vətənin böyük bir şairi üçün zindan olan şəhər... Camelərin minarələrinin çoxluğu ilə İstanbuldan sonra ikinci yeri tutursan... Mövhumatçı, fanatik Bursa şəhəri, məktəblərin, mədəniyyət sarayların çoxalsın, xalqın firavan yaşasın, yoxsulluğun, ehtiyacın özü yox, adı qalsın.

Gecələri işıq gölünə bənzəyən nurlu, gözəl İzmir şəhəri, əlvida, sənin inci sahillərin uzun zaman yuxularıma girəcək, bilirəm. Bizim Qaraca qıza bənzəyən kəzbanların, aişələrinlə salamat qal, gecələr çilçıraq kimi yanan işıqların bu balaca qızların sevincsiz həyatına nur saça bilsin...

Türklər “yaxın qonşu uzaq qohumdan yaxşıdır” deyirlər. Yaxın qonşumuza tərəqqi və inkişaf yollarında uğurlu gələcək, xeyirli və parlaq istiqbal arzu edirəm. İstanbulun açıq və geniş göylərini heç bir qara bulud çuğlamasın. Zəhmətkeş türk xalqı əkib-becərdiyini cansağlığı ilə, qulağı dinc yeyib yaşaya bilsin. Qoyunoğlu səyi ilə topladığı qiymətli sənət əsərlərini binaya köçürə bilsin.

Müjgan xanımın ilhamla söhbət açdığı böyük millət kitabxanası tikilib başa çatdırılsın. Türkiyənin bütün şəhərlərində “Kültür sarayları” ucalsın.

Bu yaxınlarda Bosfor üzərində tikiləcək körpünün təməl daşı qoyulduğunu eşitdim. Bosforun Avropa sahili ilə Asiya sahilini birləşdirəcək bir kilometrlik bu körpü Avropada ən uzun körpü olacaq. İki qitəni birləşdirəcək bu körpünün rəmzi mənası xeyirli və uğurlu olsun. Bu körpü Bosforu keçmək üçün saatlarla sal növbəsi gözləyən İstanbul əhalisinin vaxtına xeyli qənaət edəcək, şəhərin nəqliyyat işini nizama salacaq, iqtisadi və mədəni həyatında böyük əhəmiyyəti olacaq bir hadisədir. Ölkənin maddi tərəqqi və inkişaf yollarında mühüm bir amil olan bu körpü qitələr arasında, xalqlar arasında salınan dostluq, qardaşlıq, sülh və əmin-amanlıq körpüsü olsun.

Yaxın qonşu uzaq qohumdan yaxşıdır. Gözəl və müdrik xalq sözü. Sovet mütəxəssislərinin layihəsi ilə İstanbulda metro tikiləcəyi sevindirici bir təşəbbüsdür. Şəhərin həyatında metronun böyük əhəmiyyəti olacağı şübhəsizdir. Əminəm ki, İstanbul əhalisinin ehtiyac və tələbinə uyğun olaraq tikiləcək metro qonşu Türkiyəyə nəcib töhfələrdən biri olacaq.

Əlvida Türkiyə, Birsənli, Kəzbanlı, Bursalı, İzmirli Türkiyə, dağlarının başında qış, ətəklərində bahar olan məmləkət.

Çəmənlərin, yamacların həmişə lalə-gəlinciklərlə dolu olsun, leylaq-yasəmənlərin həmişə ətir saçsın.

Sağlıqla qal, yaxın qonşu!

15-25 may 1969-cu il.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri