Aktrisa gözəl idi. Onun məlahətli səsi vardı. O, incə nəğmələrini oxuyanda salon dərin bir sükuta qərq olurdu. Aktrisanın məlahətli səsinə qulaq asanların üzünü daxili bir hərarət işıqlandırırdı. Tamaşaçılarını görür, hər birinin üzündəki fərəh ifadəsi ona coşqun ilham verirdi. Aktrisa oxuyurdu, onun nəğmələrində dağ havasının saflığı, sərin bulaqların zümzüməsi, hündür şəlalələrin əzəmətli duyulurdu.

Lojalardan birisində orta yaşlı bir qadın, solğun üzünü əllərinə söykəyib fikirli-fikirli aktrisanın nəğmələrini dinləyirdi. Onun üzündə heç bir sevinc ifadəsi yox idi. O, elə bil ki, pəjmürdə xəyallarının kələfini bir yerə yığa bilmirdi... O düşünürdü ki, axı sənət gərək insanları xoşbəxt eləməyə qadir olsun, yaşamağa kömək eləsin, insan iztirabını azaltmaq üçün ən yaxın həmdəm olsun. Bəs nə üçün bu nəğmələr Fəridəyə sevinc vermədi? Bu aktrisanın nəğmələri, özü, onun bütün varlığı Fəridə üçün başdan-ayağa iztirab deyildimi?

Deyirlər ki, Fəridənin əri Fuad indi də aktrisa Güləndama vurulmuşdur. Fuad indi lojada arvadının arxa tərəfində oturmuşdur. O, arvadının çiyninin üstündən Güləndamın əynindəki uzun qara məxmər paltarın balağına baxır.

Fəridə geri baxmasa da ərinin nəzərlərini görürdü. O, pərişan halda Güləndamın nəğmələrinə qulaq asırdı. O, onillik ailə həyatında belə daxili çalxıntılar çox keçirmişdi. İndi konsert salonunda bu həzin nəğmələrin ahəngi altında o, elə bil ki, həyatının varaqlarını çevirirdi.

Balaca qızı Solmaz dünyaya gələndən sonra o, xeyli müddət qızdırdı. Onu müayinə edən həkimlər pensilin iynəsi təyin etdilər. Axşam, səhər Fəridəyə pensilin iynəsi vurmaq üçün evə şəfqət bacısı gəlməyə başladı. Şəfqət bacısı qarayanız, suyuşirin bir qız idi.

Bir axşam şəfqət bacısı xəstə yatan Fəridəyə yavaşcadan belə dedi:

– Sizdən bir xahişim var, yoldaşınız məni ötürməsin, mən yaxında oluram, özüm gedə bilərəm.

Şəfqət bacısı bunu deyib Fəridənin qızdırmalı əlini sıxdı. Sonra çıxıb getdi.

Gözəl bir yaz günü idi. Fəridə kiçik qızı ilə bulvarda gəzirdi, Fəridənin uzaq tanışlarından şəhərin iki qeybətcil arvadı ona rast gəldi.

– Necəsən, Fəridə?

– Yaxşıyam, sağ olun.

– Az, o aktrisa Güləndamı tanıyırsanmı?

– Məncə, aktrisalarımızı tanımayan yoxdur!

– Niyə tanımır az, o da tanımayanda kim tanıyacaq?

– Ha.. ha... ha... ha!...

– Sağ ol, biz getdik.

– Xoş gəldiniz.

Fəridə onlardan ayrıldı. Qızının əlindən yapışıb dənizə tərəf dönən xiyabana getdi. O, elə bil ki, yıxılmamaq üçün balaca qızında bir istinad axtarırdı.

– Ana, axır bir yelləncəyin yanına gedəcəkdik. Söz vermişdin ki, məni yelləncəyə mindirəcəksən.

– Gedərik, qızım, gedərik.

Fəridə nə dediyini və hara getdiyini bilmirdi, əlləri əsirdi. O qoca aşığın sözlərini xatırlayırdı. “Yaman sözdür dələr keçər, yarası çox qanı olmaz”...

Aktrisa oxuyurdu. Onun fərəhli nəğmələri salonda coşqun alqışlara səbəb olurdu.


Fəridə yeni ili öz evlərində qarşılayırdı. Axşamdan bəri balaca qızı ilə birlikdə evi bəzəmiş, uşaqların könlü şad olsun deyə süfrəyə min bəzək vurmuşdu. Gecə saat on ikidə Fəridə plovu çəkib süfrəyə gətirdi, qonaqlar, ev sahibləri badələri qaldırıb yeni ilin şərəfinə içməyə başladılar. Fəridə də uşaqları və qonaqları ilə birlikdə sevinir, şadlıq edirdi. Harada isə ürəyinin dərinliyində qırılan bir kaman teli kimi kövrək bir hiss göynəyib ağrıyırdı. Bu yeni il gecəsi, bu əziz axşamda hamı sevinir, şadlanırdı. Başqalarının sevincinə səbəb olmaq özü də bir səadət deyildimi? Şamın dövrəsinə yığılan pərvanələr kimi Fəridəni əhatə edən bu adamlar nə qədər fərəhli, nə qədər şad idilər. Onların yeni il gecəsi gözəl keçirdi. Fəridəyə bu bəs deyildimi?! O, öz daxili ağrılarını öz içərisində saxlamağı bacaran qadınlardan idi.

Kiçik qaynı Fəridəni qolları arasına alıb gözəl bir rəqs musiqisinin ahəngi altında aram-aram rəqs edirdi. Kiçik bacısı tez-tez qollarını Fəridənin boynuna dolayıb onu qucaqlayır və öpürdü. Fəridə özündən kiçik bacısına da analıq eləmişdi. Hərdən öz uşaqları paltarının balağından yapışıb “ana, bizlə də oyna” deyə bağırırdılar.

Fəridə ondan ana və bacı nəvazişi istəyən bu sevimli adamların arasında bilmirdi canını neçə yerə bölsün. Fəridənin qəlbindəki şəfqət, mehribanlıq, qayğıkeşlik hissi o qədər dərin və böyük idi ki, o hamıya çatırdı.

Saat birə on beş dəqiqə işləmiş Fuad paltosunu çiyninə atıb qapıdan çıxanda Fəridə onu gördü.

– Hara gedirsən?

– Aşağıdan papiros alıb gəlirəm.

– Uşaqlardan birini göndərsənə...

Telefon zəngi onların sözünü yarımçıq qoydu. Fəridə telefonun dəstəyini götürdü. Bu vaxt Fuad qapıdan çıxıb getmişdi.

– Allo!

– Bura Fuad Yusifovun evidirmi?

– Bəli.

– Fəridə xanımı telefona çağırmaq olarmı?

– Fəridəni xəbər alan kimdir?

– Aktrisa Güləndamdır.

– Fuadı istəyirsiniz?

– Xeyr, mən Fəridə xanımı istəyirəm.

– Danışan Fəridədir.

– Xoş gördük, Fəridə xanım, sizi yeni il münasibəti ilə təbrik edirəm. Uşaqlarınıza və özünüzə can sağlığı və səadət arzu edirəm. Arzu edirəm ki, qəlbiniz mənim nəğmələrimi dinlərkən fərəhlə, şadlıqla dolsun. Aktrisa üçün bundan böyük səadət ola bilməz. İnsanlara sevinc bəxş edərək, onların kefini açmaq, könül şadlığı vermək böyük səadətdir. Siz konsertlərdə mənim çıxışlarıma pərişan halda qulaq asırsınız.

– Siz bir belə camaatın içində məni hardan gördünüz?

– Mən görürəm, Fəridə xanım, tamaşaçılar aktrisanı gördükləri kimi, aktrisa da öz tamaşaçılarını görür, onların ürəyinə yollar axtarır. Əgər bizim sənətimiz öz dinləyicilərinə könül şadlığı vermirsə, biz öz zəhmətimizi puç hesab edirik.

– Mən sizə söz verirəm ki, bundan sonra yalnız radio ilə sizi dinlərkən pərişan fikirlərə dalaram.

– Yox, əzizim, mən sizi ağıllı bir qadın və nəcib bir ana kimi sevirəm. Sizi inandırıram ki, heç bir vicdanlı qadın sizin səadətinizin yollarına çıxmaz. Balaca qızınızı bağrıma basıb öpürəm. Sizin də gözlərinizdən öpür və onları həmişə fərəhli görmək istəyirəm... Sağ olun, xoşbəxt olun, əzizim.

Avtomat telefonun köşkündə paltosunu çiyninə salmış bir kişi əsəbi barmaqları ilə aktrisa Güləndamın telefon nömrəsini dalbadal çəkirdi.

Güləndamın telefonu isə dalbadal məşğulam, məşğulam, məşğulam qudokları verirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri