Gəncənin hakimi Qızıl Arslandan aldığı məktubu böyük şair Nizamiyə göstərib dedi:

– Əlahəzrətin xahişi budur ki, xəlifə Nəsrəddinbillahın cülus gününü təbrik etmək üçün Şimali Azərbaycandan Bağdada gedən nümayəndələrin rəhbərliyini öz öhdənizə götürəsiniz.

Nizami bu dəvəti qəbul etmədi, buna da bir neçə səbəb var idi.

Əvvəla, o, Bağdada getdiyi zaman xəlifənin cülus günündə iştirak etməli, bir şair kimi xəlifəni mədh etməli idi. Şair bunun əleyhinə idi.

İkincisi də, Nizami Bağdada getdiyi zaman Atabəy Məhəmmədlə qarşı-qarşıya gəlməli idi. Gəncə hadisəsindən sonra Nizami onun üzünü görmək istəmirdi.

Üçüncü səbəb də, onun Xaqani ilə bərabər Hicaz və İrat səyahətinə hazırlanması idi.

Həmin bu səbəblərə görə Nizami Qızıl Arslana göndərdiyi məktubunda: “Çox xəstəyəm, xəlifənin cülusunda iştirak edə bilməyəcəyəm” – deyərək yaxasını qurtardı. Nümayəndələr intixab olunduğu zaman Fəxrəddin də nümayəndə heyətinin sədri seçildi.

Nizami Şimali Azərbaycandan göndəriləcək nümayəndələrin siyahısını nəzərdən keçirdiyi zaman, vaxtı ilə Şimali Azərbaycan üsyanında iştirak edənlərin hamısının adlarını siyahıda görüb şübhələndi. O, Fəxrəddini yanına çağırıb bu məsələni ona qandırıb dedi:

– Bağdada göndərilən heyət üzvlərinin hamısı Azərbaycan üsyanında iştirak edənlərin rəhbər simalarıdır. Mən qorxuram ki, Atabəy Məhəmməd bu bəhanə ilə Şimali Azərbaycandan gedənləri həbsə aldırıb edam etdirsin. Buna görə də Təbrizə Qızıl Arslana təcili çapar vasitəsi ilə məktub göndərmək lazımdır. Mən bilirəm, sən öz Dilşadını axtarmaq üçün Bağdada getməyə tələsirsən. Lakin işi etibarlı görmək lazımdır.

Çox götür-qoy etdilər. Nəhayət, məktub göndərməyi qərara aldılar. Məktub göndərildi, səkkiz gündən sonra məktubun cavabını gətirdilər. Qızıl Arslan göndərilən məktuba verdiyi cavabında yazırdı:

“Məktubda göstərdiyiniz cəhətlər barəsində düşünmək yersizdir. Atabəy Məhəmmədin göstərişinə görə cülus gününü təbrik üçün gedənlər vaxtı ilə xəlifə əleyhinə üsyan edən şəxsiyyətlərdən seçilməlidir. Atabəy Məhəmməd bununla təzə xəlifəyə göstərmək istəyir ki, ölkələrdə xəlifə əleyhinə heç bir düşmən hərəkət yoxdur, hətta vaxtı ilə üsyan təşkil edənlərin hamısı bu gün təzə xəlifənin cülus gününü təbrik etmək üçün Bağdada yığılırlar. Şimali Azərbaycandan Bağdada gedənlərə belə bir məsləhət görürəm ki, onlar Bağdada getmək üçün Həmədandan keçib getməsinlər. Onlar bu uzun yol təriqilə vaxtında Bağdada yetişə bilməzlər. Buna görə də Təbrizə gəlib Bisütun və oradan da Kirmanşah vasitəsi ilə Bağdada getməlidirlər. Gedənlər özləri ilə bərabər yaxşı atlar götürsünlər. Təzə xəlifə yaxşı atların maraqlısıdır”.

Məktub alındıqdan sonra Fəxrəddin sevindi. O, sabiq xəlifə Müstərşidbillahın sarayına göndərilən qızları Bağdadda tapa biləcəyinə və Dilşadın müqəddəratı ilə tanış olacağına inanırdı.

Heyət təcili surətdə Bağdada hərəkət etdi. Fəxrəddin gecə-gündüz aram olmadan at sürür və mümkün qədər tez Bağdada yetişməyə tələsirdi. İki mənzili bir gündə gedirdilər. Bu qərarla Təbrizdən hərəkət etdiklərinin doqquzuncu günü Dəclə çayı sahillərinə yaxınlaşdılar.

Musa ibn-Cəfərin məqbərəsini ziyarət edib Dəclə çayı kənarına düşdükləri zaman, xəlifənin istiqbala göndərdiyi nümayəndələr Azərbaycandan gələn heyəti qəbul etdi.

Azərbaycan heyətini böyük bir təntənə ilə Harunərrəşidin oğlu Əmin üçün tikdirdiyi Əmin qəsrinə gətirdilər.

Əmin qəsrində xəlifə tərəfindən təyin edilən qızıl kəmərli qulamlar, zümrüd və yaqut xalxallı cariyələr və zərinələrə bürünmüş kənizlər Azərbaycan heyətinə xidmət edirdi.

Xəlifənin cülus günü oyuncağında iştirak etmək üçün hər tərəfdən heyətlər gəlmişdi. Bağdad şəhəri arı pətəyi kimi qaynaşırdı. Cülus günündə iştirak etmək üçün xəlifə nüfuzu altında olan ölkələrin hökmdarları da öz mühafizə qoşunları ilə bərabər Bağdada gəlmişdilər. Buna görə də Bağdad şəhəri bir ordu qərargahı şəklinə girmişdi.

Lakin təzə xəlifə Bağdada gələn nümayəndələrin hamısından artıq Azərbaycan heyətinə diqqət verirdi. Onların istirahəti üçün hər nə tələb olunursa vaxtında düzəlmişdi. Təbiidir ki, xəlifə bu hörməti göstərmək üçün məcburiyyət hiss edirdi: çünki XII əsrin yarısından başlayaraq Azərbaycan atabəyləri xəlifənin siyasi nüfuzunu öz əllərinə almış və xəlifəni özlərindən asılı olan bir oyuncaq şəklinə salmışdılar.

Azərbaycan atabəyləri öz tələblərini heç bir maneə hiss etmədən xəlifəyə qəbul etdirə bilərdilər.

Azərbaycan heyəti ikinci gün səhər yeməyini yedikdən sonra, xəlifənin nümayəndəsi Asəf, Əmin qəsrinə gələrək onların kefini soruşdu və xəlifənin salamını yetirdi.

Asəf heyətin sədri Fəxrəddinə müraciət edərək:

– Xəlifənin tapşırığına görə Azərbaycan heyəti Bağdadda olduğu zaman onların xidmətində olmalıyam. Bağdadı gəzdirmək, xəlifə qəsrləri ilə tanış etmək və sairləri tamamilə mənim vəzifəmdir, – dedi.

Asəfin bu sözlərindən hamıdan artıq Fəxrəddin şadlandı. O hər şeydən əvvəl Bağdad şəhərini gəzmək, heç olmazsa, Azərbaycandan Bağdada gətirilən qızlardan birisinə təsadüf edib Dilşadı soruşmaq istəyirdi.

Azərbaycan heyəti atlı olaraq şəhəri gəzirdi. Çünki o zamankı dünyanın ən böyük paytaxtını piyada gəzmək imkan xaricində idi.

Asəf ən əvvəl onları Bağdad şəhərinin Mənsur nam hissəsinə gətirdi. Xəlifə Mənsur tərəfindən birinci olaraq bina edilən bu şəhər dəyirmi şəklində idi. Xəlifə bu şəhəri bina etdikdən sonra şəhərin ən ortasında özü üçün böyük bir saray tikdirib adını “Altun qəsr” qoydu.

Asəf heyətə müraciətlə:

– Hazırda qarşısında durduğumuz qəsr haman Altun-qəsrdir, – dedi. – İndi atlardan düşüb qəsrin içərisinə tamaşa edə bilərsiniz.

Heyət üzvləri atlardan düşüb piyada oldular. Pilləkənlərdən yuxarı qalxıb milyonlarca qızıl qiymətinə başa gəlmiş qəsrin içərisini gəzdilər. Fəxrəddin fikrin əhatə edə bilməyəcəyi bir sənətkarlıqla düzələn bu qəsri gəzdiyi zaman qiymətli daşlar, qızıl və gümüşlərlə işlənmiş müzayiqələri, mərmər sütunları, xalı-gəbələri, quş qanadlarını və s. görüncə qəlbində öz-özünə:

“Ancaq indi bildim ki, ərəblər bizə gətirdikləri dinin əvəzinə bizdən nələr alıb gətirmişlər”, – deyirdi.

Asəf, onları heyrət və təəccüb içərisində Altun-qəsrdən çıxartdı. Onlar atlanıb dəyirmi qaladan xaricə çıxdılar. Asəf başqa bir qəsrin qarşısında atının başını çəkib dedi:

– Xəlifə Mənsur öz mövqeyini möhkəm etdikdən sonra, bir az əvvəl ziyarət etdiyiniz Altun-qəsrdə yerləşə bilmədi, o, qala içərisindən xaricə çıxmağı qərara alaraq bu gördüyünüz qəsri tikdirdi. Həmin bu qəsr Bağdadda tikilən qəsrlərin hamısından böyük və hamısından da zəngindir.

Mənsur xəlifə qəsrin adını “Qəsri-Xüld”, yəni cənnət qəsri qoydu. Bəni Abbas xəlifələrinin hamısı növbətlə bu qəsrdə yaşamışlar. Hazırda olduğumuz məhəllə Bağdadın ən məşhur Rəsafə məhəlləsidir. Gördüyünüz məscid də Mənsurun bina etdirdiyi, dünyanın ən böyük və zəngin məscidlərindəndir. Həmin gördüyünüz Qəsri-Xüld, mərhum xəlifəmiz əmirəlmöminin Müstərşidbillahın yaşadığı qəsrdir. Xəlifə bu qəsrdə vəfat etdi, hazırda ailəsi də burada yaşamaqdadır.

Təəssüf edirəm ki, bu gözəl qəsrin içərisinə girmək mümkün olmayacaqdır. Hər halda qəsrin xarici görünüşü və daxili zənginliyi insan üçün böyük bir qənaət verməkdədir.

Fəxrəddin Müstərşidbillahın ailəsi yaşadığı Xüld qəsrini gördüyü zaman Dilşadı görmüş qədər sevindi. Onun fikrinə görə, Dilşadı həmin bu qəsrdə görə biləcəkdi. Fəxrəddin öz qəlbində hər olursa olsun, axşam bu qəsrin ətrafına qayıdacağını və saraya gedib-gələnləri öyrənəcəyini qərara aldı.

Atları minib saraydan ayrıldılar. Bir qədər gəzdikdən sonra Asəf atının başını çəkib durdu və dedi:

– Burada üç məşhur qəsri ziyarət edəcəksiniz. Bu gördüyünüz qəsri Harunərrəşid xəlifə öz qadını Zübeydə üçün tikdirmişdir. Qəsrin adı “Qəsr-Zübeydədir”. Bu qəsr Bağdad qəsrlərinin ən kiçiyi, lakin zinət və zənginlik cəhətcə ən böyüyüdür.

Asəf atını məhmizləyib böyük bir qəsrin qarşısında durdu və sarayı tərif etməyə başladı:

– Bu qəsr Harunərrəşidin vəziri Cəfərin qəsridir. Harunərrəşid dövrü Şərqdə Bərməki tayfasına mənsub olan bu vəzirdən hörmətli, zəngin və gözəl adam yox idi. Siz həmin qəsrdə nahar yeməyinə dəvət olunubsunuz. Burada həm tarixi yazılara və tarixi şeylərə tamaşa edər, həm də nahar yeyəndən sonra istirahət edərsiniz.

Asəf və Azərbaycan nümayəndələri atlardan piyada olub Cəfər qəsrinə çıxdılar. Onlar ipək xalçalar döşənmiş aynalı pilləkənlərdən yuxarı çıxıb, əlvan rəngli kəhrəbalarla döşənmiş və qızıl avizələrlə bəzənmiş böyük salona girdilər.

Asəf onları salondan keçirib kiçik bir otağa gətirdi, çərçivələri yaşıl zümrüdlə işlənmiş iki pəncərənin qarşısında durub danışdı:

– Dəclə çayının o biri tərəfində gördüyünüz zinətli saray Harunərrəşid xəlifənin bacısı məşhur Əbbasənin qəsridir. Hərgah maraqlanırsınızsa, bu iki qəsrin tarixi haqqında məlumat verim.

Azərbaycan heyətinin nümayəndələri bir səslə Asəfin məlumat verməsini rica etdilər. Asəf məlumat verməyə başlayaraq dedi:

– Harunərrəşid xəlifənin sevdiyi iki adam var idi. Onlardan birisi vəzir Cəfər, o birisi isə bacısı Əbbasə idi. Əbbasə öz vaxtında Şərqin ən məşhur gözəli idi. Harunərrəşid onu ərə verməyə qısqanırdı. O, günün birində Cəfəri yanına çağırıb dedi ki: “Mən istəyirəm ki, sevdiyim adamların ikisi də birlikdə mənim yanımda olsun. Buna görə də səninlə bacım Əbbasəni camal siğəsi oxutdurub evləndirmək istəyirəm. Lakin sən ona əl vurmamaq üçün mənim başıma and içməlisən”.

Cəfər Harunun təklifini qəbul edib evləndi. Evləndən sonra qəsri tikdirdi. O daima həmin durduğunuz pəncərədən baxıb Əbbasə ilə söhbət edər və görüş üçün vədələşərdilər. Nəhayət, günlərin birində Harunərrəşid xəbər tutur ki, bacısı vəzir Cəfərdən iki oğlan doğmuşdur. Buna görə də gecə qulamı Məsruru göndərib, Cəfər namaz qıldığı halda başını kəsdirib meyitini də yandırdı.

İndi də dönüb sol tərəfdə vurulan yazıları oxuyun.

Asəf bunu dedikdən sonra heyət nümayəndələri dönüb divara baxdılar, dəri üzərində bir yazı gördülər. Yazı kufi xətti idi, buna görə də Asəfin özü oxudu:

“Harunərrəşidin dəftərxanasındakı haqq-hesab dəftəri yoxlandığı zaman belə bir hesaba təsadüf edilmişdi: “Xəlifənin rəcəb ayının dördündə verdiyi fərmana görə həşəmətli vəzir Cəfərə dörd yüz min qızıl dinarlıq xələt verilmişdir. Vəzir Cəfərin meyitini yandırmaq üçün bir dinarlıq odun alınmışdır”.

Asəf Azərbaycan nümayəndələrini bu otaqdan çıxarıb başqa bir otağa apardı. Otaqda qanlı bir xalça var idi. Xalçanın üzərində canamaz açılmışdı. Asəf xalçanı heyət nümayəndələrinə göstərib divardakı yazıları oxudu:

“Cəfər şam namazı qıldığı zaman Harunərrəşidin qulamı Məsrur xəlifənin fərmanını gətirmiş və həmin xalçanın üzərində vəzirin başını kəsmişdir”.


Nahar yeməyini yedikdən sonra yenə də atları minib birlikdə Əmin qəsrinə gəlib hər kəs öz otağına çəkilib istirahətlə məşğul oldu. Lakin Fəxrəddinin gözünə yuxu girmədi. O, Dilşadı soraqlaşmaq üçün xəlifə Müstərşidbillahın ailəsinin yaşadığı Xüld qəsrinə tərəf getmək istəyirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Rəna

İlyas, çayın kənarındakı söyüd kötüyünün üstündə oturub çaya baxırdı. Çünki Xanəgah kəndindən Gəncəyə gələnlər çaydan keçib gəlməli idilər. Çayda su o qədər də çox deyildi. Lakin İlyasın nəzərində çayda bir coşqunluq var idi, dalğalar yenə də qartal kimi qanad açaraq bir-birini təqib edirdi. Çay nə qədər susuz və sakit olursa olsun, İlyas yenə də ondakı coşqunluğu heç bir zaman unuda bilmirdi, çünki o, öz sevgilisi Rənanı çayın ən coşqun bir günündə görmüş və coşqun bir ürəklə də sevmiş idi. Buna görə də o, daima çayın kənarında oturduğu zaman fikri keçmişlərə qayıdardı.Şair, neçə gündən bəri Rənanın görüşə gəlmədiyini xatırlayıb çaya baxırdı. Çayın o biri sahilində Xanəgah kəndindən şəhərə gələnlər yığın-yığın durub çaydan nə cür keçməyi fikirləşirdilər. Heyvanı olanlar, heyvanı olmayan kəndlilərin şeylərini qucaqlarına alıb sudan keçirirdilər. Suya yıxılıb qalxanlara, üst-başı islananlara gülənlər, hətta sudan öz şeylərini keçirə bilməyənlərdən ağlayanlar da var idi. Körpü çox uzaqda idi. Bazar isə çayın körpü olmayan tərəfinə yaxın idi. Buna görə də kəndlilərin hamısı şeylərini axşam bazarında satmaq üçün körpüsüz yerlərdən çayı keçməyə tələsirdilər.

13 dəq
Səba xanım

Qətibə, Səba xanımı Əbül-Ülanın qadını Cahan Banudan almaq üçün o qədər də vaxt sərf etmədi. Çünki onsuz da qoca şairin ailəsi söz gəzdirən və macəraçılığı sevən bu fitnəkar cariyənin əlindən qurtarmağa çalışırdı. Səba xanımın fitnələri səbəbinə Gəncədə yaşayan bütün ziyalı ailələr Əbül-Ülanın ailəsilə əlaqəni kəsmişdi.Səba xanımın fitnəkarlığı o dərəcəyə çatmışdı ki, hətta bir çox gənclərdən pul və hədiyyələr alıb Əbül-Ülanın kiçik qızı Mahtab xanımla onları tanış edəcəyini vədə eləmişdi.

7 dəq
Xəlifənin məktubu

“Damad-müəzzəm!Zamanın hadisələri xəlifeyi-ruyi-zəminin arzuları üzrə həll olundu. Xəlifə nüfuzu əleyhinə üsyan və qiyam edənlərin hamısı bir-birini əzib məğlub etdi. Onlar nəticədə xəlifənin himayəsini qəbul etməyə məcbur oldular. Gün çıxan məmləkətlərdə də baş verən ixtilaf Allah tərəfindən kömək olunmuş xəlifənin rəy və fərmanı ilə həll olundu.

6 dəq
Xəlifənin qasidi

Əmirin qapısında vurulan fənərlərin içindəki piy çıraqları hələlik yanırdı. Piy çıraqlarının işıqları qapıda gəzən gözətçinin kölgəsini təşkil edə bilməyəcək qədər zəif idi. İşığın əhatə edəcəyi məsafə bir neçə qədəmdən artıq deyildi. Bir-birinə rəqib kəsilən və sönük piltənin bozumtraq alovunu qucaqlamaq istəyən qısqanc pərvanələrin son dəstələri qırılır və dəli bir sevgiyə qurban verilirdi.Qarovul, çiynində nizə o tərəf bu tərəfə gəzir və bəzən nizəsinə söykənərək mürgüləyirdi. Fəxrəddin öz adamları vasitəsilə Əmirin qarovullarına hiss etdirmədən sarayı və saray bağçasını mühasirəyə aldırmışdı. Fəxrəddinin özü də bir neçə yoldaşı ilə bərabər sarayın bağça qapısını nəzarət altına almışdı, çünki gecələri sarayla olan əlaqə ancaq bağça qapısından idi. Nədənsə bu gecə Əmirin sarayından bir nəfər də olsa dışarı çıxmamışdı.

8 dəq

Başqa şairlərin şeirləri