Dürrətülbağdad
Səhifə 1 / 2
Fəxrəddin Xüld qəsrinin yanına getmək üçün Əmin qəsrindən aşağı düşdü. Axşam qaranlığı idi. Hansı tərəfə gedəcəyini bilmirdi. Bağdadda yaşadığının ikinci gecəsi idi. Heç yeri tanımırdı. Qəsrin qərb tərəfindəki meydançada yüzlərcə ağ uzunqulaqların durduğunu görürdü. Uzunqulaqların hər birisinin yanında bir nəfər qara qul durmuşdu. Hər kəs hansı tərəfə getmək istəyirsə, onlardan birisini kirayə edib minib gedirdi.
Fəxrəddin qara qullardan birisinə yanaşaraq soruşdu:
– Oğlan, məni Xüld qəsrinin yanına apara bilərsənmi?
Gənc qara qul ərəbcə bəzi sözlər fırlatdı isə də, Fəxrəddin bir şey anlamadı. Durub fikirli-fikirli baxırdı. Nəhayət, qara qul sərnişinin ərəbcə anlamadığını hiss edərək farsca danışıb dedi:
– Hərgah cənab ağa Bağdadın küçələrini gəzmək istəyirsə, uzunqulaq isə getməsi lazımdır; çünki buradan Qəsr-Xüldün yanına getmək üçün Rəsafə, Məxrəm və Şəmasiyyə məhəllələrini dolanıb getməlidir. Bu həm ağa üçün uzaq olar, həm də baha oturar. Ağam hərgah Xüld qəsrinə getmək istəyirsə, haman buradan şərqə tərəf dönüb düzdoğru daş döşəmə ilə Dəclə çayının kənarına düşməlidir. Orada kiçik səyahət yelkənləri vardır. Onlarda oturarsınız. Həm Dəclənin gecə səyahətini keçirər, həm də ki, Dəclənin sol sahilindəki Xüld qəsrinin qabağında düşərsiniz.
Fəxrəddin qaraqula təşəkkür edib, çayın kənarına düşməyə başladı. Dəclə sahilinə düşüb çayın üzərindəki minlərcə səyahət yelkənlərini görüb heyrətə düşdü və özünün daima təkrar etdiyi şeri bir daha oxudu:
Ələssəbahü Nişabur, xüftənü Bağdad,
Nəmazü digəri Mərv, namazü şamü Herat.
Qabaqda duran gəmiçi yelkəni irəli sürdü, taxtanı götürüb qoydu və Fəxrəddini yelkənin içərisinə aldı. Yelkən xurma yarpaqlarından toxunmuş və qır ilə möhkəmlənmiş dəyirmi bir yelkən idi. Yelkənin dörd tərəfində vurulan nazik dirəklərdən işıqlı fanarlar asılmışdı. Dəyirmi yelkənin ortasında bir dəyirmi miz də qoyulmuşdu. Mizin ətrafında yeddi-səkkiz nəfər gənc və bir neçə də oxuyub-çalan qız oturmuşdu. Mizin üstündə hər cürə şərab və şərabın özünə məxsus əlvan məzələr və yemək qoyulmuşdu.
Fəxrəddin ətrafında gedən yelkənlərə nəzər saldığı zaman onların hamısında özünün oturduğu yelkəndə gördüklərini gördü.
Yelkəndə oturanlardan bəziləri ərəb, bəziləri də fars dilində danışırdılar. Onlardan birisi piyaləsini doldurub Fəxrəddinə müraciət edərək dedi:
– Bəradəri-əziz, həmrahi kon.
Sərnişin bu sözləri dedikdən sonra bir piyalə şərab doldurub Fəxrəddinin qarşısına qoydu. Oxuyub-çalan qızlar da qarşılarında qoyulan piyalələri götürüb Fəxrəddinin gözü qarşısında fırladıb içdikdə, Fəxrəddin də piyaləni dodaqlarına aparıb mizin üstünə qoydu. Yelkəndə oturanlardan birisi oxuyan qıza müraciət edərək farsca:
– Həyat xanım, şərab məclisi nəğmə və musiqi tələb edir, – deyərək bu şeri oxudu:
Əsbi ki, səfaraş nə dahi minəxurəd ab,
Adəm nə kəm əz əsb, nə mey kəmtər əz abəst.
Həyat xanım gah farsca, gah da ərəbcə oxuyurdu, çünki yelkəndə ərəblər olduğu kimi farslar da var idi. Yelkən çay yuxarı o qədər də böyük sürətlə getmirdi, çünki İraq gecəsinin xəfif ruzigarları badvanın müqavimətini sındıra bilmirdi. Çayın hər iki tərəfində böyük binalar, uca saraylar, möhtəşəm qəsrlər salındığı üçün bunların arası ilə gedən yekən sanki bir xiyabanda gedirdi. Sarayların, qəsrlərin pəncərələrindən Dəclə çayına düşən işıqlar Şərqin şəvədən tünd rəngli qaranlığının köynəyini cıra bilmirdi.
Çay yuxarı baxıldığı zaman suyun üzərində heyrətverici bir mənzərə açılırdı. İraq gecəsinin zülmətinə bürünmüş mavi sularda ulduzların işığını gören hər bir kəs suyun üzərinə ağ güllərlə toxunmuş bir xalça sərildiyini zənn edirdi.
Yelkən yuxarı tərəfə üzdükcə Fəxrəddin də oradakılardan soruşurdu:
– Burası haradır? Xüld qəsrinə yaxındırmı?
– Xeyr, əziz qardaşım, yaxın deyil. Ən azı bir-iki saat yol getmək lazımdır, – deyə cavab verirdilər.
Yelkəndə oturanlardan birisi xanəndə qıza müraciətlə:
– Həyatım Həyat, ərəbcə oxuduğun şeirlərdən aldığım nəşələr olduqca böyükdür. Rica edirəm, məni şadlandırmaq üçün bir az Bağdadı bir-birinə vuran Dilşaddan oxu!
Fəxrəddin bu sözü eşidərkən qulaqlarına inana bilmədi. O özünü yuxu aləmində hiss etdi. O diksindi və öz-özünə: – “Bəlkə də Dilşad yolunu azmış, bəlkə də şəhvətlər dünyası olan xəlifələr Bağdadı onun əxlaqını pozmuş, bunun üçün də onun adı şərab süfrələrinin başında çəkilir” – deyə düşündü. Sonra da o: – “Bəlkə də bunlar mənim Azərbaycandan Dilşadın dalınca gəldiyimi hiss edərək, mənə gülürlər. Bəlkə də bunlar xəlifənin xəfiyyələridir, bəlkə də bunlar məni Əmin qəsrindən bura qədər təqib edirmişlər”, – deyirdi.
Fəxrəddin bu qədər əzici fikirlərin təsirində qıvrıldığı zaman oxuyan qız da Dilşada yazılmış qəzəlləri oxumağa başladı:
Asiman gər zi giriban qəmər avürdə birun,
Əz giribanü tü, xurşid sər avürdə birun.
Bə təmaşayi xətü-dilbəri-Dilşad künun,
Diləm öz rövzənəyi-didə sər avürdə birun.
Oxuyub çaldılar. Yenə də şərab piyalələri dolduruldu. Bu dəfə Fəxrəddin heç bir təklif almadan piyaləsini əlinə alıb yelkəndəkilərə tərəf döndü.
– Sizin şərəfinizə içirəm, – dedi və piyaləni dövr etdirdi, yelkəndəkilər də içdilər.
Söhbətlər geniş şəkil aldığı zaman Fəxrəddin oxuyan qıza sual verdi:
– Şerinizdə adını çəkdiyiniz Dilşad kimdir?
– Dilşad qırx nəfər gözəl qızların birincisidir. Onu Azərbaycandan xəlifəyə hədiyyə göndərmişdilər. O, Bağdada gəldiyi vaxt xəlifə xəstə idi, onu öz oğluna bağışladı.
– Hazırda Dilşad diridirmi?
– Allahın gözəl mələikəsinə ölü isnadı vermək cayizdirmi? – dedi.
Bir qədər yol gedəndən sonra, yelkən bir körpünün qabağında dayandı, yelkən sahibi hörmətlə:
– Bizim ağamız burada büşməlidir. Bu pilləkənlərdən qalxıb Xüld qəsrinin qabağına çıxacaqsınız, – dedikdə Fəxrəddin ondan soruşdu:
– Yelkənin kirayəsi neçədir?
– Qırx dinardır.
– Şərabın qiyməti neçədir?
– Şərab da, oxuyanların haqqı da bura daxildir.
– Siz məni burada gözləyə bilərsinizmi?
– İki saata kimi gözləyə bilərəm.
– Bəlkə mən tez qayıtdım. Başqasını götürməyin.
Fəxrəddin bunu deyib, yelkəndən düşüb pilləkənlərdən yuxarı qalxdı. O tərəf bu tərəfi gözdən keçirəndən sonra Xüld qəsrinin qabağındakı meydanı tanıdı və o tərəf bu tərəfində iki nəfər silahlı qara qul duran qapının Qəsr-Xüldün qapısı olduğunu təyin etdi.
Fəxrəddin qapıya yanaşmaq üçün heç bir bəhanə əldə edə bilmirdi. O, qəlbində düşünür və qara qullardan Dilşadın burada olub-olmadığını soruşmaq istəyirdi. Lakin buna cəsarət etmirdi, çünki burası xəlifə qapısıdır, qara qullara yanaşmaq və Dilşadı xəbər almaq bəzi şübhələrə səbəb ola bilərdi. Buna görə də Fəxrəddin gözlərini qəsrin qapısına zilləyib durmuşdu, oradan kimlərin çıxdığını təqib edirdi.
Vaxt keçirdi, yelkənin də onu gözləməyərək getməsindən qorxurdu; çünki yelkən getdiyi zaman o, Əmin qəsrinə qayıda bilməyəcəkdi. Xüsusən Fəxrəddin, yubandığı təqdirdə Azərbaycan nümayəndələrinin də nigaran qalacaqlarını və bəzi lazımi yerlərə müraciət edəcəklərini xəyalına gətirib rahatsız olurdu.
Gözünü sarayın qapısından çəkmirdi. Nəhayət, qapıda duran qara qulların şübhəsini qazandırmamaq üçün, o tərəf bu tərəfə dolanırdı. Onun fikrincə, Dilşad qapıdan meydana çıxacaq, yaxud bir tərəfə getmişsə, qayıdıb saraya gələcək, heç olmazsa sarayın meydana baxan geniş pəncərələrindən baxıb Fəxrəddini görərkən özünü pəncərədən tullayıb onun qucağına düşəcəkdi. Lakin gecə çox qaranlıq idi. Dilşad pəncərədən baxsa belə, onu tanıya bilməyəcəkdi; çünki İraq gecəsi irq fərqi olmadan hər bir kəsə qara qulların donunu geydirmiş kimi idi.
Lakin Fəxrəddin yenə də qəlbində saraydan hər kəs dışarı çıxarsa-çıxsın, onu təqib etməyi və Dilşad haqqında məlumat soruşmağı qərara almışdı.
Hər ehtimala qarşı ehtiyat edərək, qapıdan çox uzaqda durmuşdu.
Çox sonra sarayın qapısı açıldı, oradan iki nəfər qadın dışarı çıxıb, üçüncü qadını yola saldılar, sonra yenə də qapıları bağlayıb getdilər.
Üçüncü qadın Fəxrəddinin bütün varlığını titrətdi və o, qəlbində: “Əcəba, bu mənim sevgilim Dilşaddırmı?!” – deyərək özünə sual verdi. Sualın cavabını yenə də özü verib qəlbində dedi: – “Yox, o deyil, mənim sevgilimin boyu daha ucadır, vücudu daha böyük tənasübə malikdir”.
Qadın saray meydanında döşənmiş qırmızı daşların üzərində getdiyi zaman, topuqlarına bağladığı xalxalların altun və kiçik zəngləri səslənirdi. Fəxrəddin onu təqib edərək hansı tərəfə getmək istədiyinə baxırdı. Nəhayət, qadın birdən-birə istiqamətini dəyişib, üzü aşağı, Dəclə sahilinə tərəf getməyə başladı. Fəxrəddin buna həddindən artıq sevindi.
Qadın olduqca vüqarlı və etinasız bir surətdə gedir və Fəxrəddinin onu təqib edib-etməməsinə diqqət vermirdi.
Qadın çayın kənarındakı körpüyə düşdü, orada bir yelkən durduğunu görüb gəmiçiyə müraciət etdi:
– Məni Hərbiyyə məhəlləsinə apara bilərsənmi? – dedikdə, yelkənçi:
– Xeyr, başqa adamı gözləyirəm, – dedi.
Qadın yenə də:
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-durretulbagdad
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Leyla xanım doktor Araratyanın qızı Esteri təqib etməyə başlamışdı. Onun daşnaq rəhbərləri Hamazasb və Avetisovla əlaqəsi Leylanı şübhələndirmişdi.Buna görədir ki, Leyla Esterin stolu üzərindəki şeyləri, jaketinin cibini və redikulunu araşdırmaqdan heç də geri durmazdı.
V. «Ərdəhan» gəmisində«Ərdəhan» hərbi gəmisində dəniz səyahəti, saat altıya təyin edilmiş iclasdan sonra baş tutacaqdı.Raya gəmiyə gəldikdə, saat doqquz idi, iclas yenicə qurtarmışdı. Rozenblyum, Nəccarov, Kriçenko və sairləri gəminin göyərtəsində dolaşarkən, eser, menşevik, daşnaq rəhbərlərinin qara fikirləri qaranlığa qarışıb şəhərin üzərinə çökürdü. İvanov Rayanın qolundan tutub üç düyməli topun kölgəsində əyləşdirdi, günəşin şəfəqləri isə Xəzərin ilıq axşam sularında çimərək ağ buludların yumşaq qətifəsinə bürünürdü. Ay, Qara şəhərin yüksək bacalarından baxaraq, Nargin adasına işıq salmaq istərkən, yelkənlər də ruzigarda çırpınan bir kəpənəyin qanadı kimi titrəyirdi.
VI. Neft sənayesi milliləşirNeft sənayesinin milliləşdirilməsi haqqında iyunun 2-də verilən dekret Bakıda mühüm bir hadisə kimi qarşılandı. Bu məsələ ətrafında saysız-hesabsız dedi-qodular başlandı.Mədən sahibləri neftin milliləşdirilməsi məsələsinin əsasən həll olunduğuna və Moskvada təsdiq edilməsinə baxmayaraq, məsələni uzatmaq və bunun həyata keçirilməsini çətinləşdirmək üçün əldən gələni əsirgəmirdilər.
VII. Rayanın romanıRaya bolşeviklərin lehinə işləmək istəyirdi, lakin ona işləmək imkanı verilmirdi; onu bir tərəfdən Leyla, o biri tərəfdən də İvanov təqib edirdi. Bunlardan əvvəlincisi Rayadan şübhələndiyi, ikincisi isə Rayanı sevdiyi üçün onu gözdən qoymurdu. Son günlər, Leylanın Raya haqqındakı şübhəsi daha da artmışdı. O, yəqin etmişdi ki, itirdiyi məktubları Raya götürmüşdür. Leyla məktubları Rayanın mənzilindən təkrar götürmüşdü.Bütün bu məsələlər Rayanı düşündürürdü. O, İvanovun portfelindən götürdüyü vəsiqələri iki gün idi ki, Şaumyana yetirə bilməmişdi, çünki onu bir saat da sərbəst buraxmırdılar.
Başqa şairlərin şeirləri
Nəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
NövhəYenə fitnə alıb meydan,Müftinlər sürür dövran.
Min bir bəlaya düşdü, budur əhli-ruzigarMin bir bəlaya düşdü, budur əhli-ruzigar,Bir saqidir edən məni dünyada payidar.
Ay əsər indiSəhər-səhər bir gözələ uğradım,Ondan dəydi mənə ay əsər indi.