Dilənçi xəlifələr
Səhifə 1 / 2
Günorta azanı vaxtına o qədər qalmırdı. Fəxrəddin Rəsafə camesinin qapısını kəsib durmuşdu. Bağdad xalqı günorta namazına hazırlanmaq üçün Rəsafə camesinin həyətində dəstəmaz alırkən camenin qapısını korlar və dilənçilər kəsmişdi. Divarların dibi, səkilər və hovuzların kənarı korlar və dilənçilər tərəfindən işğal olunmuşdu. Korlar və dilənçilər bir-birlərini dümsükləyərək kənara atır və irəli soxulurdular. Camenin qapısına yaxın olmaq üçün dilənçilər bir-birini döyürdülər.
Fəxrəddin hər şeyi unudaraq, bu mənzərə ilə məşğul idi. Dilənçilərdən birisinin olduqca zəif bir koru vurub yerə yıxdığını görüncə o, təbii halından çıxdı, irəli gəlib koru dilənçinin əlindən xilas edib ovcuna bir qədər gümüş para tökdü. Kor barmaqlarını sürtüb paraların nə kimi para olduğunu yoxladı və sonra da dua edərək dedi:
– Get, ey mömin, sən ki, öz köhnə xəlifən Müttəqibillahı yadına saldın, xudavəndi-aləm səni gözsüz qoyub zəlil etməsin.
Fəxrəddin korun bu duasını eşidərkən bütün varlığı titrədi, kora bir daha baxaraq, öz-özünə dedi:
“Sübhanallah, bu nə deməkdir?! Necə yəni köhnə xəlifən Müttəqibillah! Əcəba, bu kor dilənçi xəlifələrin üzərinə gülürmü? Yaxud adı çəkilən xəlifə zalım olduğu üçündür ki, adını kor dilənçilərin birisinə taxıb gülürlər?
Camaat yavaş-yavaş məscidə yığışırdı. Xalq başqa dilənçilərə o qədər də əhəmiyyət vermirdi, ancaq üç nəfər kor dilənçiyə kifayət qədər ehsan verildi.
Onlar isə yenə də dua edərək:
– Get, ey mömin, sən ki, öz köhnə xəlifəni unutmadın, xudavəndi-aləm səni dünyada və axirətdə unutmasın! – deyirdilər.
Artıq Fəxrəddin hər şeyi unudub yalnız kor dilənçilər ilə məşğul idi. Korlar isə hər kəsdən pul aldığı zaman barmağı ilə pulun sikkəsini yoxlayıb gümüşü gümüş olan kisəyə, misi isə mis pullar olan kisəyə salırdı.
Fəxrəddinin qulağı tanış bir səs eşitdi:
– Mənim ağam, təəccüb etmə! Vaxtı ilə minlərcə möhtacla ehsan edən, bir zaman bütün Şərq ölkələrinin müqəddəs və müqtədir xəlifəsi olan şəxslər bu gün Rəsafə camesinin qapısında durub dilənə də bilər.
Bu səs sanki Fəxrəddinin ruhunu qıdıqladı. O, tələsik dönüb səs gələn tərəfə baxıb yanında axşam yelkəndə tanış olduğu qadını, yəni Dürrətülbağdadı gördükdə:
– Salam əleyküm, möhtərəm xanım, – deyərək təzim etdi.
Qadın onun salamını alaraq soruşdu:
– Mənim ağam, çoxdanmı buradasan?
– Günorta azanı deyilməmişdən buradayam.
– Görünür ki, səni bu bədbəxt xəlifələrin acınacaqlı vəziyyətləri məşğul etmişdir.
– Belədir, şərəfli xanım. Xəlifələrin məscid qapılarında dilənməsinə inanmaq olurmu?! Əcəba, bütün islam dünyasının sərvətini özündə cəmləşdirən Bağdad, üç nəfər kor olmuş xəlifənidəmi yaşada bilmir?! Əcəba, həyatdakı xəlifələr bu qədər cəlal və dəbdəbəyə malik olduqları halda, xəlifə namını ləkələyə biləcək bu vəziyyətin qarşısını ala bilmirmi?
Qadın bir ah çəkərək danışdı:
– Dünya belədir, mənim ağam! Sənin sağ tərəfində daşın üstündə oturan kor, xəlifə Qahirübillahdır. Ondan bir az aşağıda oturan dilənçi isə bədbəxt xəlifə Müstəkfibillahdır. Camenin qapısında oturan qoca və zəif bədbəxt isə Şərqin ən sevdiyi xəlifəsi Müttəqibillahdır.
Mənim ağam! Bağdad xalqı olduqca vəfasızdır. Onlar üç nəfər xəlifəni də yaşatmaq istəmədilər. Bu bədbəxtlər öz oğlanları, qardaşları və əmirləri tərəfindən gözlərinə mil çəkilib sarayından, malikanəsindən bayıra atılan xəlifələrdir. Başını yuxarıya qaldırıb Xüld qəsrinə və Altun qəsrə diqqətlə bax. Sənin gördüyün bu korlar, vaxtilə həmin bu qəsrlərdə yaşamış və dünya məsələlərini həll edmişlər. İndi isə camelərin qapısında durub dilənirlər.
Qadın bu sözləri dedikdən sonra şiddətlə ağladı, Fəxrəddin isə qadının bu qədər alicənablığını görüncə təəccüb etdi.
Qadın Fəxrəddindən ayrılıb məscidin səkisinə yaxın oturan Müttəqibillahın yanına getdi və onun yanında diz çökərək korun əlindən öpdü və gətirdiyi ehsanları onun qucağına buraxdı.
Kor xəlifə onu dualayıb:
– Dürrə, səni görüm həyatın acılıqlarını dadmayasan, sən ki, öz keçmiş ağanı unutmadın, Allah səni hər iki dünyada unutmasın, – deyirdi.
Qadın bir daha onun əlini öpdü və sonra da iki nəfər kor xəlifəyə də ehsan verib ağlaya-ağlaya ayrıldı və Fəxrəddinin yanına gələrək üzr istəyici bir halda dedi:
– Möhtərəm ağa məni əfv etsin. Sizi öz evimə axşam ayrıldığımız zaman qonaq çağırmalı idim, lakin bu gün cümə günü olduğu üçün xəlifə həzrətlərini ziyarət etmək üçün Rəsafə camesinin qarşısına gəlmək, sizi də bərabər götürüb qonaq aparmağı qərara almışdım. İndi isə buyurun axşamdakı tanışlığı möhkəm etmək üçün bir parça duz-çörək yeyək.
Fəxrəddin bu sözlərdən qəlbən sevinsə də, zahirdə qadından üzr istəyərək:
– Möhtərəm və əziz xanımın əziyyətinə razı ola bilmərəm, dedikdə, qadın:
– Zənn edirəm ki, məni təhqir etməzsən. Mən yoldan ötən bir qadın deyiləm, sənin şərabını içdikdən sonra unudub getmək nəzakətsizlikdir. Piyalə arkadaşilə yol yoldaşını unutmaq hər kəsin işi deyildir. Rica edirəm heç bir üzr və bəhanə gətirmədən qabağıma düşüb yola başlayın, – dedi.
Onlar birlikdə Dəclə çayı kənarına düşməyə başladılar. Fəxrəddin bu əsrarəngiz qadınla bərabər getdiyini və iqbalını onun əlinə tapşırdığını qəlbində tənqid edərək deyirdi: “Mən öz hərəkətimlə Nizaminin tapşırıqları əleyhinə hərəkət edirəm. Mənə Bağdada yola düşdüyüm zaman Bağdadın cadular və macəraçılar, hiyləgərlər Bağdadı olduğunu demişdi. Mənsə bir gün əvvəl tanış olduğum bir qadının qarşısına düşüb tanımadığım bir tərəfə gedirəm”.
Qadın Fəxrəddinin qədəmlərindəki tərəddüdləri görüncə başını qaldırıb Fəxrəddinin üzünə baxdı:
– Siz öz iqbalınızı mənim vicdanıma tapşıra bilərsiniz. Mən tanış olmağı və dost olmağı, qəriblərlə oturub-durmağı sevən bir qadınam. Mənim hər işimdə bir səmimiyyət vardır. Bu səmimiyyətə inana bilərsiniz.
Onlar danışa-danışa Dəclə çayının kənarına endilər. Qadın yelkənə oturub:
– Hərbiyyə məhəlləsinə apar! – dedi.
Qadın örtüsünü gözündən tamamilə atmışdı. Fəxrəddin öz qarşısında təbiətin bu bəzəkli gəlinini görüncə hər şeyi unutdu. O, gözlərinə inanmırdı. Bu qədər gözəl və rəna bir qadının bir görüş nəticəsində tanımadığı adamlarla əlaqəyə girməsinə heç vəchlə haqq və səlahiyyət qazandıra bilmirdi. Fəxrəddin daima göz qapaqlarını qaldırıb qadının çöhrəsinə rast gəlirdi, çünki qadın heç vəchlə gözlərini Fəxrəddinin üzündən götürə bilmirdi.
Bu vəziyyətin özü də Fəxrəddini şübhələr içərisinə atırdı; çünki Bağdadda dul qadınlar və öz ərlərindən intiqam almaq istəyən zadəgan qadınların görüb-istədikləri adamlarla tanış olaraq evlərinə dəvət etməsini Fəxrəddin hələ Gəncədə ikən eşitmişdi.
Gözəl qadınların zəngin adamları aldadaraq evinə aparması və qarət etdirib öldürməsi Bağdadda tez-tez baş verən hadisələrdən idi.
Fəxrəddin heç bir şey edə bilməzdi. Yelkəni saxlatdırıb düşə bilməzdi. O, bir təhlükə hiss etsə belə, qorxaqlığı öz qəhrəmanlığına layiq bilmirdi. O, qəlbində yenə də öz-özünə deyirdi: “Hər nə olursa olsun, həyatımda birinci dəfə təsadüf etdiyim bu möcüzəyə tamaşa edəcəyəm. Bağdad bütün islam dünyasının sərvətini özündə mərkəzləşdirmişsə, bu sərvəti mənimsəmək üçün bütün dünyanın macəraçıları bu şəhərə yığılmışça, eyni zamanda dünyanın ən məşhur gözəlləri də bu sərvətin ətrafına yığışmışdır.
Qarşımda oturan bu qadınla bir saat söhbət etmək yüzillik həyatı yaşamaqdan daha qiymətlidir. Bu bir hadisədir. Bu cürə hadisələrin zəngin xatirələri insan yaşadıqca yaşaya bilər. Hələ bu qadının munis və mütəvazə bir qadın olması da insanın məhəbbətini coşdurur. Gözlərindən bir şübhə oxunursa da, çöhrəsində heç bir xəyanətin izini görə bilmirəm”.
Fəxrəddin bu qədər qarma-qarışıq fikirlərin içərisində üzdüyü zaman qadın da onu ayağından başına və başından ayağına qədər ölçüb-biçirdi. O yenə də sanki vaxtilə bir kərə gördüyü, indi də unutduğu bir adamı görüb kimliyini təyin etməyə çalışırdı.
Namaza gələn minlərcə müsəlmanın kor edilmiş xəlifələrə əhəmiyyət vermədiyi halda, qadının onların yanında diz çökküb əllərini öpməsi də, qadının böyük bir sirrin qaynağı olduğuna dəlalət edirdi.
Qadın sanki Fəxrəddinin həmin bu mövzu üzərində düşündüyünü hiss edərək deyirdi:
– Mənim hörmətli ağam, siz olduqca haqlısınız. Rəsafə məscidinin qarşısında gördüyünüz mənzərədən heyrət etməmək qabil deyildir.
Qadın Rəsafə camesinin qarşısından Hərbiyyə məhəlləsinə qədər xəlifələrin həyatından və Bağdad xalqının vəfasızlığından danışdı.
Onlar yelkəndən körpüyə düşüb, qırmızı kərpicdən düzəlmiş geniş pilləkənlərdən Hərbiyyə məhəlləsinə çıxdılar. Onlar yüksək və təntənəli bir qəsrin qarşısında dayandılar. Qadın qapının bürünc toxmağını bir kərə bərkdən, bir kərə yavaşdan vurdu. Gözəl və gənc bir cariyə qapını açaraq başı ilə təzim etdi. Fəxrəddin və qadın pilləkənlərdən çıxıb avizələrlə bəzənmiş bir qübbənin altına daxil oldular. Bura qəsrin həyətini küçə qapısı ilə bir-birinə vəsl edən dəhlizdən ibarət idi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-dilenci-xelifeler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Osmanlıda köhnə idarəni qaytarmaq istəyən «Şəriət istəriz» adlı firqəyə daxil olanların ən ictihadlılarının biri sövdakar Əhməd imiş ki, mərhum Zakir İşanın yaxın müridlərindən olub Rusiyadan Türkiyəyə köçüb alış-veriş eləyir.«Vəqt»in yazdığına görə bu cənab Türkiyədə qabaqlarda fahişəxana sahibi imiş və Rusiyadan doqquz-on yaşında qızları alıb aparıb Osmanlıda ona-buna satarmış.
ÇarəÇarə, çarə, aman günüdür, bir çarə, İranın pulsuzluğuna bir çarə!Cavab:
DərdVallah genə sözü aşikar söyləmək lazımdır, mətləbi gizləməkdən fayda yoxdur. Qoy genə Molla Məs’um çıxsın mənbərə və qətlimə fitva versin, necə ki, bir ay bundan əvvəl mənbərdə movizə vaxtı deyib, deyib, ağzı köpüklənib və axırda huşu başından çıxandan sonra mübarək ağzından bu sözlər çıxıb:«Bu tazələr bir gün olar ki, bəlayi-nakəhanə rast gələrlər. Görürsən bir paralarının axırı necə oldu? Odu Sibiriyaya təşrif aparırlar. Ay camaat, şəriət əldən getdi, qoymayın, içinizdə olan tazələri öldürün, hər nə günahı olsa mən qəbul edirəm. Günahı yoxdur, savabı var. Qoymayın, öldürün, vurun, boğun, çırın, yırtın, parçalayın, hər nə günahı var mənim boynuma. Bir paraları güman edirlər ki, axund o gün dəli olmuşdu və hətta rəvayət edirlər ki, o gecə axundu həkimə göstərdilər və həkim deyib ki, axundun beyninə qurt düşüb.
Yeni bir qit’ə, yaxud supalar çölüAvropanın gözüaçıq çoğrafiyun və riyaziyunları Zöhrə ulduzunu mülahizə edib bilmişlər ki, hənuz kəşf olunmamış genə yer üzündə bir qit’ə qalıbdır. Buna görə qütbün hər tərəfinə gözüaçıq adamları göndərib qütbü dolandırırlar. Bu günlərdə Qütbi-cənubidən çox qəribə xəbərlər gəlir. Səyyahlar Asiyanın qərbi-cənubisində bir qit’ə tapıb «Supalar çölü» adlandırmışlar. Məzkur qit’ənin əhvali-coğrafisi böyük əhəmiyyəti haizdir: şimalən Rusiyə, Bəhri-xəzər, şərqən Əfqanıstan, Bəluçustan. Cənubən Ümman dənizi, Bəsrə körfəzi. Qərbən Osmanlı ilə həmhududdur. Bu qit’ə müxtəlif ölkələrdən ibarət olub, qalın meşələr, qorxulu çənkəllər, uçurumlu dərə-təpələrdir. İçində müxtəlifülcins heyvanlar vardır. Cənab allah bu yerləri xəlq edən gündən insan ayağı dəyməyib. Meşələrin heyvanları heç bir iş görməyib, ancaq, ot, ələf və ağacların meyvələri ilə güzəran edirlər. Bu qit’ənin supaları və qeyri heyvanları movqe’ və havasına görə doğrudan da müxtəlifülcinsdir. Astarabad, həmçinin Bəmnən, Nərməşizdən uzanıb Sistana qədər rəngləri boz və surətləri qıllı supalar vardır. Ançaq Türbət və Tus çöllərində ağbaşlı və sarıdırnaqlı, qulaqları qayət tüklü ulaxlar həddən ziyadədir. Xorasandan başlayaraq Məsqət hududuna qədər Kirman həvalisində elə ulaxlar vardır ki, üstlərində qalın və uzun çulları var. Kirman məsqətindən başlamış Bəluçustan, Küləhr, Kirmanşahdan, Bilubur, Sərdəşt, Sinən, Dəclədən Van gölü sahillərinə qədər çul-çapuqları dağılmış, palanı qarnı altına düşmüş, örkəni qırılmış, qarınaltısı yerdən sürünmüş supalar həddən ziyadədir. Bu tərəfdə Umru adlı qayət cəsim və qalın bir meşə tapılmışdır ki, içində olan canavarların cinsini bilmək əbədən mümkün deyil. Bu meşənin Van gölü sahilindən başlamış Maku xərabələrinə, oradan da Ararat dağlarının ətəklərinə qədər dağ-daş bütün-bütünə başları müdəvvər, qarınları yoğun, umuzları iri canavarlar doludur. Maku çənkəlliyindən başlayıb Aras çayını başaşağı Zənkilan, Muğan, Beləsuvar namında bir çox supa çöllərini dolaşıb, Kür çayı ilə Aras çayı Bəhri-Xəzərə tökülənə qədər elə uzunqulaqlar var ki, qulaqlarının kölgəsində on beş xırda heyvanlar daldalanar. Səyyahın verdiyi mə’lumata görə bu tərəflərdə, yə’ni sərhəddin içərisində elə bir meşə kəşf etmişlər ki, supa çöllərinin ən əhəmiyyətlisidir. Bu qit’əni də çox fikirdən sonra Azərbaycan adlandırmışlar. Çünki buranın supaları özgə çöllərin supaları kimi başlı-başına buraxılmayıb, qonşuluqda olan şimal ovçuları onları bir-bir tutub gətirib məxsusu töylələrə doldurmuşlardır. O ki, supalara layıq tərbiyədir bunlara edirmişlər. Lakin burada tərbiyəli supalar getdikcə çoxaldığından meşələrin əlafiyyatı daha kifayət verməyib şimal tərəflərdən buralara məxsus azuqə də gəlirmiş.Tazə tapılan qit’ənin Əstərabad adlı meşəsindən bu günlərdə bir heyvan peyda olmuş ki, bütün qit’ənin heyvanları onun zühurundan təşvişə düşüb qulaqlarını sallamışlardır. Bu heyvanın adına «Supaqıran» deyildiyindən bütün supalar qorxuya düşmüşlər. Səyyahın dediyinə görə, bu heyvan neçə il bundan qabaq bir də zühur etdiyindən supalar şıllaqlayıb qovmuşdular. İndi genə zühur etmişdir. Amma bu canavar Türkmənə mənsub olduğu üçün Türkmən və Mazandaran supaları bunun səsini eşidən kimi qulaqlarını şişləyib yanında quyruqlarını buluyurlar. Qərəz yer üzündə qəribə çöllər, əcayib biyabanlar və əntiqə supalar varmış.